Xəbər lenti

 

Dəmir monopoliyası ilə bağlı araşdırma silsiləsində “Baku Steel Company”nin qurbanlarını danışdırmağa qərar verdik. İlk həmsöhbətimiz isə “Atahan Dəmir Sənaye”  şirkətinin təsisçilərindən biri, sabiq millət vəkili Nazim Bəydəmirli oldu.

Nazim Bəydəmirlinin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik:

 

-Salam, Nazim bəy. Son zamanlar metal monopoliyası ilə bağlı araşdırma yazılarıma “Baku Steel Company”nin mətbuat sözçüləri qəribə bir cavab verdilər. Yazımızda iddia olunurdu ki, mərhum prezident Heydər Əliyevin Azərbaycana dəvət etdiyi iş adamları onun vəfatından sonra pərən-pərən salınıb. Qarşı tərəf isə bunu inkar etmir və təxminən belə cavab  verirdi ki, nə olsun, onları Heydər Əliyev dəvət edəndə? O vaxt Azərbaycanın iş adamlarına ehtiyacı vardı və Heydər Əliyev də kimlərisə dəvət etmişdi. Bu, kiməsə toxunulmazlıq qazandırmır. Pərviz Paolonun təbirilə desək, Heydər Əliyevin ilk “ekonomik əsgərləri”ndən biri də siz idiniz. Necə xatırlayırsınız o günləri?

-Mənim Azərbaycana gəlişim 1999-cu ilə təsadüf edir. Mən Azərbaycanda metal biznesi ilə məşğul olana qədər “Novolipetsk  mettallurgiya kombinatı”-nın səhmdarlarından biri olmuşdum. Metal sənayesi üzrə ixtisaslaşmış bu kombinat dünyanın dəmir vərəq istehsal edən ən böyük zavodudur.

-İndi də elədir?

-Bəli, indi də elədir. Bizim işlədiyimiz vaxt zavodun fəhlə sayı 42-45 min ətrafında idi. İllik istehsal gücü 10 milyon tondan artıqdı. Ümumilikdə isə zavodun birbaşa istehsal prosessi ilə bağlı 60 mindən çox fəhlə, mühəndis, menecer və s. iştirak edirdi. Zavodun səhmdarı olaraq mən həm iş adamı idim və həm də metal satışı ilə məşğul idim. Metal sahəsinə gəlişim universitetin 3-cü kursundan başlayıb - 1987-ci ildən. SSRİ onda dağılmamışdı və Qorbaçov “yenidənqurma” islahatlarına yenicə start verilmişdi. Yeni kooperativlər açılır, xüsusi mülkiyyətə keçid başlayırdı. Mən də “setka rabitsa” deyilən, yəni kəndlərdə çəpərlərə çəkilən dəmir torların istehsalı ilə məşğul olurdum. Bir neçə il bu işlə məşğul olduqdan sonra Azərbaycanda Qarabağ münaqişəsi başladı və SSRİ-də milli münasibətlər gərginləşdi. Mən aktiv tələbə olduğuma görə getdikcə gərginləşən siyasi proseslərə qoşuldum. SSRİ-nin dağılma prosesi sürətləndikcə mənim kimi fəal şəxslər Rusiyada ikinci “sort” insan durumuna düşdülər. Artıq peşəkar olaraq dövlət idarəçiliyində irəliləmək qeyri-ruslar, əsasən də qafqazlılar üçün imkansız hala gəldi. Təbii ki, biz bir az da məcburiyyətdən biznesimizi genişləndirmək imkanı əldə etdik. Mən həm də 1993-cü ilə qədər Voronej Dövlət Aqrar Universitetinin müəllimi olmuşam...

-Hansı fənni öyrədirdiniz?

-3 il yer quruluşunun iqtisadi əsasları fənnini tədris etmişəm. Aspiranturanı siyasi iqtisadiyyat sahəsi üzrə tamamlamışam. Elmi rəhbərim siyasi iqtisad kafedrasının məşhur professoru İsaak Zaqaytov  idi. Hazırda İsraildə yaşayır, əlaqələrimiz davam edir. Onun rəhbərliyi altında elmi fəaliyyətim 1985-ci ildən başlayır; mən tələbə olanda təsərrüfat hesablı müqavilələrdə iştirak edirdim və iqtisadi tədqiqatlarla məşğul idim. Həmin vaxtlar və sonralar, tələbə və müəllimlərin maddi təminatı az olduğundan biznes sahəsinə atılmış və biznes fəaliyyətimi genişləndirmişdim. 1990-cı illərdə Rusiyada özəlləşdirmə başlayan vaxt mən NLMK-nın səhmlərindən almağa və dəmir ticarəti ilə məşğul olmağa başladım.

-Bəs, mərhum Heydər Əliyevlə görüşünüz necə baş verdi?

Heydər Əliyev Azərbaycanda ikinci dəfə prezident seçildikdən sonra 1999-cu ildə Moskvada diaspora fəalları ilə görüşü təşkil olundu, mən də həmin görüşə dəvət edilmişdim. Mərhum prezident görüşdə bizi Azərbaycana investisiya yatırmağa dəvət etdi və mən də bu çağırışa qoşuldum. Çünki o zaman həqiqətən Azərbaycanda siyasi sabitlik bərpa olunmuş və iş adamlarının fəaliyyəti üçün münbit şərait yaradılması haqqında prezident səviyyəsində zəmanətlər verilirdi. Ölkə rəsmiləri də bu yöndə siyasi bəyanat verir, prezident səviyyəsində xarici və yerli iş adamları ilə hətta böyük Qurultaylar, toplantılar keçirilirdi və hər kəsi Azərbaycana dəvət edirdilər. Eyni zamanda Avropa Şurası ilə danışıqlar intensivləşmişdi, Mülki Məcəllə yenidən işlənmişdi, hüquq-mühafizə orqanlarının sahibkarlara müdaxiləsi qanunla qadağan edilmişdi. Siz özünüz də o illəri yaxşı xatırlamalısınız ki, yeni milli burjuaziyanın sürətlə formalaşmasına start verilmişdi. Qeyd edim ki, o vaxtlar Azərbaycanın xarici neft şirkətləri ilə bağladığı kontraktlar tam gücü ilə işləmirdi, neft gəlirləri indiki qədər yox idi.

Azərbaycana qayıdışımın digər səbəbi mənim ailə vəziyyətimlə bağlı idi. 1997-ci ildə artıq ailə həyatı qurmuşdum və başqa bir millətin içərisində ailə saxlamaq istəmirdim.

-Aydındır, deməli, ailə münasibətlərində mühafizəkarsınız.

-Düzdür, millətçilik bizim qanımızda var. Amma bizim millətçiliyimiz ölkəmizə, vətənimizə bağlılıqla məhdudlaşır. Bir az da biz dağ adamlarında mühafizəkarlıq hissi güclü olur. Mən başqa millətin içərisində təxminən 18 il yaşamışam, bu illər ərzində soydaşlarımızın qurduğu çox sayda həm qarışıq ailələr, həm də iki valideyni də azərbaycanlı olan ailələrdə böyüyən uşaqları görmüşəm. Adətən, uşaq ailədən daha çox getdiyi uşaq baxçasında, məktəbdə, oynadığı məhəllədə formalaşır, o baxımdan mən də istəyərdim ki, gələcək övladlarım ölkəmizdə formalaşmış əsrlərlə davam edən davranış tərzlərimizi, mental xüsusiyyətlərimizi, ümumiyyətlə mədəniyyətimizi götürsün, Azərbaycan insanı kimi formalaşsın. Bu o anlama gəlmir ki, biz özümüzü hansı millətdənsə yüksək tutmalıyıq, əsla belə deyil, sadəcə mənim bir övlad olaraq atadan, babadan aldıqlarımı, qavradıqlarımı növbəti nəsilə olduğu kimi də olmasa, aşılanmamış formada çatdırmaq borcumdur. Ona görə mən ailəmin də fikrini nəzərə alaraq, Azərbaycana qayıtmağa qərar verdim. 1999-cu ildə Azərbaycana gəlmişəm, ilk işim burda dəmir istehsalı, satışı ilə məşğul olan şirkətlərlə əməkdaşlığa başlamaq, sonralar isə “Atahan Dəmir Sənaye” müəssisəsini inkişaf etdirmək olub.

-Doğrusu, müəssisənizin adı mənə çox qəribə gəldi. Adətən, iş adamları müəssisələrinə əcnəbi adlar seçirlər. Siz niyə “Atahan Dəmir Sənaye” adına üstünlük verdiniz?

-Müəssisənin ilk təsisçisi və əsas ideya müəllifi Əhməd Atahan adlı bir türk iş adamıdır. Onun “Atahan Dəmir Sanaye” adlı MMC-si qeydiyyata alındıqdan bir neçə ay sonra məni də ortaqlığa o dəvət edib. Mən də bu şəriklik təklifini əsaslı düşünərək, müzakirə edərək qəbul etdim.

-Əhməd Atahan indi hardadır?

-Azərbaycandadır. O, Azərbaycana gəlmiş ilk türk iş adamlarından biridir. Mən onu Zülfüqarlı qardaşlarının Keşlədə olan zavodlarından tanıyıram. 2000-ci illərin əvvəllərində Zülfüqarlı qardaşlarının istehsal etdikləri malların xaricə satılan əsas hissəsini mən alırdım və onlar mənim müştərilərimə eksport edirdilər.

-Deməli, ilk işə ticarətlə başlayıbsınız.

-Azərbaycanda, təbii ki. Ümumiyyətlə, iqtisadi nəzəriyyədə biznes nöqteyi-nəzərindən ən tez dövriyyə ticarətdə olduğuna görə mən pul vəsaitlərimi dəmir alqı-satqısına qoymuşdum və Rusiyadan tanıdığım, əməkdaşlıq etdiyim iranlı iş adamlarına Zülfüqarlı qardaşlarının məhsullarını satırdım. O zaman Əhməd Atahan Zülfüqarlı qardaşları ilə 25% şərik idi. Mənə məlum olan o idi ki, onlar arasında 2002-ci ilin sonunda müəyyən mübahisələr yaranıb və Əhməd Atahan onlardan ayrılıb öz müəssisəsini qurub. Əhməd Atahanın vəsait çatışmazlığı vardı və məni ortaqlığa, qurduğu müəssisəyə investisiya yatırmağa dəvət etdi. Onun müəssisəsi indiki “Elit” ticarət mərkəzinin yanındakı 3 saylı Evtikmə Kombinatında fəaliyyət göstərirdi. Mən bu təklifi qəbul edib müəssisəyə şərik oldum.  Səhmlərinin 50%-ni aldım. Bir neçə müddətdən sonra istehsala başladıq və həmin məhsulları biz 2010-a qədər İrana, Əfqanıstana, İraqa, Gürcüstana və Türkiyəyə satdıq. İlk ixracatımız başladığı andan etibarən ilk təzyiqlərlə üzləşdik. Hətta İrana mal ixracımıza mane olmaq təşəbbüsləri də olmuşdu. Bakı gömrüyü tərəfindən qeyri-rəsmi şəkildə qoyulan qadağanı onunla əsaslandırırdılar ki, ixracda monopoliya yaratmışıq. Xatırlayıram ki, mən o zaman Bakı gömrüyünün rəhbəri Etibar Mirzəyevə çıxdım və hər hansı bir qanunsuz əməllə məşğul olmadığımızı və gömrüyün bizə qarşı yaratdığı süni əngəlləri aradan qaldırmağı xahiş etdim. Birbaşa deməsələr də, mənə  bu sifarişdə bəzi yerli istehsalçıların maraqlı olduğunu anladım, o cümlədən Zülfüqarlı qardaşlarına məxsus olan müəssisələrin də birbaşa iştirakı da sübut olundu. Bizim Zülfüqarlı qardaşları ilə aramızda bu mənada kiçik bir konfliktimiz də oldu, bunu açıq etiraf etmək lazımdır. Sonradan mən öz kanallarımı işə salaraq, bu qadağanı qismən aradan qaldırmağa nail oldum.

-Maraqlı faktlar açıqlayırsınız. Dəmir monopoliyasının çətin vəziyyətə düşürdüyü Azərbaycan indi xarici dövlətlərdən dəmir məmulatları alır. Siz isə ixrac edirdiniz. Niyə sizin bu başarınız bu cür qısqanclıqla qarşılanırdı? Üstəlik, ixracda monopoliya nə deməkdir?

-Bax, görürsünüz, bu gün monopoliyadan şikayət edən adamlar vaxtında özləri monopoliya da yaratmışdılar...

-Nazim bəy, idxalda bəlkə monopoliya yaratmaq mümkündür. Hər hansı iri məmur öz riçaqlarını işə salıb ölkəyə hər hansı məhsulun gətirilməsini məhdudlaşdıra bilər. İxracda monopoliya necə yaradılır? Gedib xarici alıcıya “onun malını alma” demək mümkündürmü?

-Heç kəs bazarda öz müştərisini itirmək istəməz. Bu normaldır. Amma çalışmaq lazımdır ki, bütün bu rəqabətlər keyfiyyətli və optimal qiymətli mal istehsalı ilə aparılsın. Çox təəssüf edirəm ki, biz Zülfüqarlı qardaşları ilə əməkdaşlığı dayandırandan sonra onların menecerləri (ola bilər ki, bunlardan qardaşların xəbəri yox idi) bizim alıcılara zəng edib malları bizdən almamağa çağırırdılar...

-Üzr istəyirəm, sizin alıcıların telefon nömrəsi Zülfüqarlı qardaşlarında necə ola bilərdi? 

-Alıcıların kontakt məlumatları, o cümlədən əlaqə nömrələri həm kontraktlarda, həm də qaimə-fakturalarda, gömrük bəyannamələrində və digər sənədləşmələrdə göstərilir. Hətta mənim bəzi tanışlarım sonradan bildirdilər ki, Zülfüqarlı qardaşlarına aid olan zavoddan onlara  “niyə kiminsə vasitəsilə mal alırsınız, elə birbaşa bizdən daha ucuz mal ala bilərsiniz” deyə təkliflər veriblər. Bu, ticarətdə tez-tez qarşılaşdığımız davranış tərzidir, mən özümə şamil etməsəm də, bunu edənlərə normal baxıram, satıcının arzusu birbaşa alıcıya mal satması ticarət prosesini daha səmərəli edə bilər. Baxmayaraq ki, bu, biznes etiketindən kənardır, ancaq nə edəsən, sivil təmsilçilik, distryubutorluq müqaviləsi əvvəlcədən həll olunmayıbsa, reallıq budur ki, bir gün müştərini verdiyin şirkət səni aradan çıxarmağa çalışacaq.

O ki qaldı “ixracda monopoliya necə olur” sualına, bu, müştərini özündən asılı vəziyyətə salmaq cəhdidir. Halbuki, biz o zaman xırda istehsalçı idik və nə ixracda, nə də daxili bazarda monopoliya yaratmaq imkanımız yox idi. Biz öz kiçik imkanlarımızla xaricə mal satıb ölkəyə valyuta gətirirdik, gömrük orqanları isə buna mane olurdular.

-Təxminən, nə qədər mal ixrac edirdiniz, biznes sirri deyilsə?

-Bizim müəssisəmiz çox böyük deyildi. Yeni başlayanda aylıq istehsalımız min tonu keçmirdi. Biz heç də mətbuatda deyildiyi kimi, köhnə borulardan və ya metal qırıntılarından məhsul istehsal etmirdik. Əsla belə deyildi. Biz müxtəlif metaləritmə sexlərindən o cümlədən “Baku Steel”-in dəmir pəstdahlarını (kvadrat külçə) alıb, onlardan isti dəmiryayma yoluyla müxtəlif dəmir məmulatları istehsal edirdik. Əsas istehsalımız isə dəmir künclüklər, kvadratlar idi.

-Armatur istehsal etmirdiniz?

-Yox, biz armatur istehsalına 2010-cu ildən sonra başlamışıq. Onun da hər çeşidini istehsal etmirdik. Onu da xatırladım ki, hələ 2004-cü ildə istehsalımızı daha da rentabelli və keyfiyyətli etdirmək üçün, həm də digər əritmə sexlərindən asılı qalmamaq üçün Əli-Bayramlıda bir metaləritmə sexini dövlətdən icarəyə götürmüşdüm. Bu sexə, təqribən, 200 min dollardan çox investisiya yatırmışdım. Sexdəki bütün sobaları yeniləmişdim. İlk istehsala başladıqdan sonra müəyyən mənada Əhməd Əhmədzadənin iş qarışması və zavod rəhbərliyi ilə arasındakı konflikti ucbatından biz burda da fəaliyyətimizi dondurmalı olduq. İndiyədək də mənim avadanlıqlarım ordadır. Biz onları məhkəməyə verdik. Məhkəmə çox əcaib bir qərar qəbul etdi. Bizim ora qoyduğumuz vəsaitin təqribən 15%-ni tanıdı, digərlərini isə bizə söküb aparmağı təklif etdi.

-Əhməd Əhmədzadə, səhv etmirəmsə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədridir. Meliorasiyanın metallurgiya ilə nə əlaqəsi var?

-Əhməd Əhmədzadənin bizimlə yox, Əli-Bayramlı şəhərində yerləşən zavodun əritmə sexini icarəyə götürdüyümüz müəssisənin rəhbəri ilə problemi vardı. Sadəcə qurunun oduna yaş da yanır.

-Maraqlıdır. Azərbaycan hökuməti üzünü xarici iş adamlarına tutub ölkəyə investisiya qoymağa çağırır. Amma meliorasiya idarəsinin sədri belə, metallurgiya müəssisəsinin işini iflic edə bilir. Məhkəmə, dediyiniz kimi, əcaib qərarlar qəbul edir. Bu şəraitdə hansı ağıllı Azərbaycana investisiya qoyar?

-Hesab edirəm ki, bu sualın ünvanlanacağı ünvan mən deyiləm. Mən sadəcə sizə başımıza gələnləri danışıram.

-Aydındır, davam edin.

-Biz məhkəmənin bu qərarı ilə bağlı apellyasiya şikayəti verdik. Görünür, Əhməd Əhmədzadənin sifarişi əsasında Apellyasiya Məhkəməsi də qərəzli qərar çıxartdı. Sonra mən 2005-ci ildə deputat seçildim və məcburən bu işin arxasınca düşə bilmədim. Çünki biznes fəaliyyəti ilə birbaşa məşğul olmurdum. Təbii ki, mülkiyyət hüququm yenə də qalırdı, amma təsisçilik hüququmu belə öz ailəmə və bəzi yaxınlarıma dövr etmişdim. Bir dəfə də olsun, deputat seçildikdən sonra mənə məxsus olan şirkətlərə getmədim.

-Niyə getmirdiniz? Nə qədər qanunsuz olsa da, Azərbaycanda nəinki deputatın, hətta nazirlərin, komitə sədrlərinin, digər dövlət adamlarının bizneslə məşğul olması adi hala çevrilib. Siz niyə, loru dillə desək, palaza bürünüb, ellə sürünmədiniz?

-Mən hesab edirəm ki, millət vəkili adını daşıyan insan həqiqətən də nümunəvi bir şəxs olmalıdır. Baxmayaraq ki, Mülki Məcəllə mənə təsisçi kimi sahibi olduğum müəssisələrdə gedib oturmaq hüququ verirdi, belə deyək, onları qeyri-rəsmi idarə edim, mən hətta bunu həyata keçirməmişəm. Məqsəd, dediyim kimi, nümunə göstərmək idi. Mən sahibi olduğum müəssisələrdən heç bir maaş almamışam. Sadəcə ilin yekununa görə mənə verilən rəsmi dividendlər olub.

-Amma həmin müəssisə yenə sizin mülkiyyətinizdə idi?

-Təbii ki. Mülki Məcəllə bunu qadağan etmir. Deputat statusu haqqında Qanun da buna imkan verir. Mülki Məcəllə ilə mülkiyyət hüququ daşımağı heç kim məhdudlaşdıra bilməz. Ancaq deputat biznes və ödənişli fəaliyyətlərlə məşğul olmamalıdır. Bəziləri elmi-pedaqoji fəaliyyəti də bu qadağa ilə qarışdırırlar. Qanuna görə isə, hətta dekanlar, rektorlar, prorektorlar, elmi müəssisələrin direktorları və s. inzibatı vəzifələrdir, bu vəzifələr elmi-pedaqoji fəaliyyətlə məşğulluq kateqoriyasına daxil deyil. Hesab edirəm ki,  bu fəaliyyətlə paralel həm də  deputat statusu daşıyanlar ya rəhbərlik etdikləri idarələrindəki vəzifələrdən, ya da deputatlıqdan vaz keçməlidirlər. Eyni şəkildə digər dövlət idarələrinin rəhbərləri də bu seçimi etməlidirlər. Hazırda isə Milli Məclisin 30-40 deputatı qanunvericiliyə zidd olaraq, həm də hansısa müəssisənin rəhbərləridir.

-Sözünüzə qüvvət, Azərbaycanın ən böyük iqtisadi qurumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev həm də deputatdır. Belə çıxır ki, özü istədiyi kimi Qanun qəbul edib, rəhbərliyində olduğu şirkəti o cür idarə etmək səlahiyyətinə malikdir.

-Təbii. Qanunla bu cür vəzifə daşıyıcılarının heç biri deputat ola bilməz. Bu, Konstitusiyanın hakimiyyət bölgüsü prinsipinə zidddir. Həm icraedici, həm də qanunverici hakimiyyət qanadında təmsilçilik Konstitusiya pozuntusudur. Mən deputat fəaliyyətim boyunca bu prinsipləri pozmamağa çalışmışam. Azərbaycanın bir çox dövlət şirkətlərinin rəhbərləri isə bu qanunlara əməl etmək istəmirlər. İstər SOCAR rəhbəri olsun, istər Azərbaycan Dəmiryolları, istərsə də dövlət mülkiyyətində olan təşkilat-hüquqi forması müxtəlif olan (ASC, QSC, MMC, SC və s.) digərləri olsun. Ali məktəblərin rektorları, prorektorları da buna aiddir. Düzdür, bu problemi qismən bir neçə il əvvəl ictimailəşdirdilər, rektorların deputatlığına son qoyuldu. Amma qanunun bu tələbi digər rəsmi şəxslərə də şamil olunmalıdır.

-Belə başa düşdüm ki, 2010-cu ildə armatur istehsalına keçdikdən sonra fitvanız verildi. Maraqlıdır ki, “Baku Steel” və onun arxasındakı güc xüsusilə armatura həssaslıqla yanaşır. Armatur istehsalı çox çətindir ki, həm siz ona gec başlayıbsınız, həm də hansısa siyasi iradə bunu hər kəsə rəva görmür?

-Sizə onu deyim ki, İngiltərədə ilk dəfə manufakturalar yaranan zamandan indiyə qədər isti dəmiryayma istehsalında prinsipial olaraq dəyişilən heç nə yoxdur. Yenə də əvvəlki kimi dəmir əridilir, sonra qəliblərə tökülür. Məhsulun armatur, künclük və şveller olmasını onun töküldüyü qəlib müəyyənləşdirir. Yəni isti metalyayma prosessində valsların, dəzgahların, yolluqların forması necədirsə, həmin məhsul da o cür çıxır. Armatura gəlincə, əslində bu, daha rahat istehsal olunan məhsul sayılır. Məhsulun xammalı doğru-dürüstdürsə, onun formasının məsələyə qətiyyən dəxli yoxdur. Mexaniki xüsusiyyətlər soyutma mərhələsində normal texnoloji proseslər ardıcıllıqla həyata keçirilirsə, onun ya böyük müəssisəsində, ya da xırda sexlərdə istehsalı arasında fərq yoxdur.

-O zaman armatur istehsalına niyə ən axırda başladınız?

-Bunun bir neçə səbəbi vardı. Əvvəla, alıcı bütün malları eyni yerdən aldığından, armatur istehsalı böyük vəsait tələb edirdi. Bilirsiniz ki, artmaturun 8-dən 32-yə qədər çeşidi var və alıcı səndən bir çeşiddə armatur almır. Bütün çeşiddə armatur istehsalına başlamaq üçün isə vəsaitimiz yox idi. Bəzi çeşidlərin istehsalı ilə kifayətlənmək isə bazarda yer tutmağı çətinləşdirir. Məcburən böyük həcmdə istehsalla işə başlamalısan. Bizim də son hədəfimiz bu idi. Tədricən böyümək və bir çox çeşidlərdə armatur istehsalına keçmək. Çox təəssüf edirəm ki, armatur istehsalına başladığımız ilyarım ərzində “Baku Steel”-in təzyiqi ilə üzləşdik. Halbuki, əlimizdə Dövlət Standart Komitəsinin, FHN-nin, Ekologiya nazirliyinin və digər dövlət strukturlarının verdiyi sertifikatlar, icazələr var idi. Öz müəssisəmizdə spektral analiz labaratoriyamız fəaliyyət göstərirdi və bütün məhsullarımız analizdən keçirilirdi. Bizim mallarımızın “Baku Steel”in məhsulları ilə heç bir fərqi yox idi. Yeri gəlmişkən, biz bağlanana qədər bizim istehsal etdiyimiz iki növ armatur olub – 8-lik və 10-luq. Hansı ki, “Baku Steel” bazarda monopoliya yaradana qədər onu istehsal etmirdi. Azərbaycana bu cür armaturlar ya idxal, ya da başqa müəssisələrdə istehsal olunurdu. Yəni bizim istehsal etdiyimiz armaturlar “Baku Steel”-in nomeklaturasında olan məhsul deyildi. Buna baxmayaraq, 20-yə yaxın müəssisəyə, o cümlədən bizə reyder hücumları təşkil edir və zorla müəssisələri bağlatdırırdı. Bu müəssisələr ayda heç 15 min ton məhsul istehsal etmirdilər, amma həmin müəssisələrdə minlərlə insan çalışır, dövlətə vergi verir, ölkəyə xarici valyuta gətirirdilər. Şəxsən bizim vergilərlə, Sosial Müdafiə Fondu ilə bağlı hər hansı problemimiz olmayıb. Bütün öhdəliklərimizə əməl  edilib, vaxtlı vaxtında vergilərimiz ödənilib, məhsullarımızın böyük qismi ixrac olunub.

-Sizə hücumlarını nə ilə əsaslandırırdılar?

-Hücumlar zamanı mənim Rasim Məmmədovla telefonla danışığım oldu. Bu barədə mənim açıqlamalarım var, amma Rasim Məmmədov mənim dediklərimi indiyədək təkzib etməyib. O, həmin telefon danışığında mənə, belə demək mümkünsə, hətta Prezident İlham Əliyevin adından danışmağa cəhd etdi.

-Nə dedi ki?

-Dedi ki, bu, İlham Əliyevin tapşırığıdır və “Baku steel”-dən bağqa armatur istehsal edən bütün müəssisələr bağlanmalıdır. O, öz fikrini bununla əsaslandırırdı ki, guya, bir neçə il əvvəl baş verən bir bina uçqunu araşdırılıb və həmin inşaatda istifadə edilən dəmir məhsullarının keyfiyyətsiz olduğu müəyyənləşdirilib. O da müəyyənləşdirilib ki, bəzi sexlər “Baku Steel”-in adından həmin məhsulları istehsal ediblər və Bakı şəhər İsra Hakimiyyətində keçirilən müşavirədə Prezident bu cür saxtakarlığın qarşısını almaq üçün bütün sexlərin dayandırılmasına göstəriş verib.

(ardı var)

Söhbətləşdi: Heydər Oğuz

“Hürriyyət”




Ana səhifəyə qayıt        Baxış: 1 134          Tarix: 6-03-2019, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma