Xəbər lenti
7-03-2019, 22:48

  

Son zamanlar İran-Azərbaycan arasında gərginlik durmadan artır. Paşinyanın İrana səfərindən sonra ictimaiyyətimizin təpkiləri rəsmi Tehranı bəzi azərbaycanlı din xadimlərini önə çıxarıb təxribatçı təbliğat aparmasıyla nəticələndi. İdeoloji savaş “legioner”lərinin üzərində dayandıqları arqumentlər isə bunlardan ibarətdir: “Xamneyi ağa bilir, nə edir”, “Paşinyanın səfərindən islam düşmənləri istifadə edərək iki müsəlman ölkə arasında fintə toxumu səpirlər” və s.

İrəli sürülən arqumentlərin nə dərəcədə haqlı olub-olmadığını Azərbaycan Auditorlar Palatasının Hüquq və Qanunvericilik Komitəsinin sədri Elçin Qurbanovdan soruşduq.

Elçin Qurbanovun Ovqat.com-a müsahibəsini təqdim edirik:

-Elçin bəy, İranın Azərbaycan “legioner”lərinin arqumentləri nə qədər doğrudur?

-Əvvəla, onu deyim ki, hər bir böyük yalanda hansısa həqiqət payı olduğu kimi, sizin təbirinizlə desək, “legioner”lərin də sözlərində hansısa məntiqli məqamlar var. Amma bu məntiqli məqamlar arqumentlərin tamamının yanlış olması həqiqətini dəyişmir. “Legioner”lərin arqumentində ən təhlükəli məqam İran dini liderinin hər bir sözünün ehkam kimi qəbul edilməsi barədə irəli sürdükləri fikirdir. Ona görə ki, bu düşüncə tərzi həm islami, həm demokratik, həm də siyasi-hüquqi çərçivələrə sığmır. 

Bilirsiniz ki, İslam dini öz tərəfdarlarına düşünməyi, hər bir iddialara təftişçi yanaşmağı tələb edir. Qurani-Kərimin endirildiyi sıralarda bəzi cahillər də “dədə-babalarımızın inanc ənənələrini davam etdirik və onların mirasları müzakirə oluna bilməz” düşüncəsinə qapıldıqları üçün müşrik sayıldılar. İndi İran mollalarının “dini liderin fikirləri qeyd-şərtsiz qəbul edilməlidir”,  “Ağanın hərəkətləri və fikirləri müzakirə edilə bilməz” tezisləri də mahiyyət etibarilə cahilləri müşrikə çevirən məntiqlə üst-üstə düşür. Eyni düşüncə, yanaşma tərzi cahiliyyə dövründəki ərəbi müşrik, bugünkü azərbaycanlını mömin edə bilməz. İslami fəlsəfə istənilən düşüncəni müzakirə edərək qəbul olunmasını şərtləndirir. Bu baxımdam özünü şeyx elan edənlərin irəli sürdükləri arqument İslamın ruhuna ziddir.

Demokratik dəyərlər də istənilən fikrin müzakirə edilməsini, haqlılığın yanlız polemikalarla ortaya çıxmasını tələb edir. Demokratik dəyərlərin kökündə alternativ fikirlilik dayanır. Alternativliyin rədd edildiyi bir düşüncə tərzi demokratik olmadığına görə, bizim milli dövlətçilik dəyərlərimizlə də ziddiyyət təşkil edir.

Üstəlik, İran dini lideri yanlız mənəvi rəhbər xarakteri daşımır. İranın siyasi idarəetmə ənənələrinə görə, o, həm də siyasi liderdir. Deməli, “legioner”lərin “ağa” dedikləri bu adamın çıxartdığı fitvalar, söylədiyi fikirlər ən yaxşı halda siyasi lideri olduğu İran sərhədlərində keçərlidir. Onun düşüncəsinin Azərbaycandakı dindarlar tərəfindən qeyd-şərtsiz qəbul olunmasını iddia etmək başqa ölkənin suverenliyinə qarşı, yumşaq desək, hörmətsizlikdir. İran rəsmiləri beynəlxalq hüquq normalarını nəzərə almalı və “legioner”lərini yerlərində oturtmalıdırlar. Əks halda, Azərbaycan da İrandakı yumşaq gücünü aktivləşdirmək məcburiyyətində qala, bu da cənub qonşumuzda ciddi baş ağrısına çevrilə bilər.

-Sizcə, İran son zamanlar Azərbaycanın dövlət suverenliyinə qarşı siyasətini niyə aktivləşdirir?

-Açığı, hesab etmirəm ki, İran bunu xüsusilə son zamanlar aktivləşdirib. Biz müstəqilliyimizi elan etdiyimiz ilk gündən indiyədək İran bu mövqeyi sərgiləməkdədir. Çünki Azərbaycanın mövcudluğunu hər zaman özü üçün böyük təhlükə kimi qəbul edib və etməkdədir. Bilirsiniz ki, İranda 30 milyon civarında azərbaycanlı yaşayır. Bizim dövlətimizin milli və dünyəvi dəyərlərə söykənməsi İrandakı soydaşlarımızın milli davalarını diri tutmağa həvəsləndirir, onlara impuls verir. Bu da istər-istəməz İslam kimliyi altında gizlənən fars şovinistlərinin maraqlarına cavab vermir.

İranın Azərbaycan və Qafqazla bağlı siyasətinin bir də iqtisadi ayağı var. Məlumdur ki, İran Qərbə enerji satışını Türkiyə üzərindən reallaşdırır. Türkiyə və İran isə İslam dininin iki fərqli məzhəbinə sahibdir. Baxmayaraq ki, Türkiyə dünyəvi, sekulyarist bir dövlət siyasəti yürüdür, İranın məzhəbçi yanaşmaları nəticəsində o da zaman-zaman buna qarşı çıxmalı olur. Beləcə, onsuz da kövrək olan əlaqələrin uzun zaman davam edəcəyini gözləmək yersizdir. İran da perspektiv planda özünə yeni enerji güzargahları tapmalıdır. Bu ölkədən Qərbə ən yaxın və təhlükəsiz alternativ marşrut isə Azərbaycandan və Cənubi Qafqazdan keçir. Məhz bu səbəbdən də İran Cənubi Qafqazı özünün təsir dairəsi altına almaqda maraqlıdır.

Sözsüz ki, İranın Azərbaycana basqıları arasında dini, tarixi, mədəni amillərin də böyük rolu var. Azərbaycanla İran uzun əsrlər boyu eyni dövlətin tərkib hissəsi olublar. Hər iki dövlətdə şiələr çoxluqdadır və bu da Yaxın Şərqdə “Şiə hilalı” strategiyası yürüdən, bu strategiya ilə regional və dünya gücünə çevrilməyə can atan İranı həm də Cənubi Qafqazda mövqelərini gücləndirməyə təhrik edir. 

-Amma gəlin, razılaşaq ki, İranın Azərbaycanda güclənməsi düşünüldüyü qədər də asan deyil. Çünki ölkəmiz bir çox qlobal güclərin maraq dairəsindədir. Bir tərəfdən Rusiyanın, digər tərəfdən isə Türkiyə və Qərb dövlətlərinin Azərbaycanda geopolitik maraqları var. İran bu güclərin iradəsinə rəğmən, bölgədə öz mövqelərini necə gücləndirə bilər?

-Əvvəla, İranın “Şiə hilalı” strategiyasının tələblərinə uyğun olaraq mövqelərini gücləndirdiyi digər bölgələr də eyni qüvvələrin maraq dairəsindədir. Həm Suriya, həm İraq, həm də Yəmən kimi coğrafiyalarda Azərbaycandakında daha çox qüvvələrin maraqları birləşir və ya toqquşur. Amma bu, İranı öz geopoitik maraqlarından geri çəkilməyə vadar etmir. Dünya sənayesinin qəlbinin Yaxın Şərqdə döyündüyünü nəzərə alsaq, İranın bu bölgələrdəki fəallıqdan geri çəkilməməsi göstərir ki, Azərbaycanda da kimlərləsə kəllə-kəlləyə gəlməkdən çəkinəyəcək. Yəni biz kimlərəsə arxayın olub İranın ideoloji basqılarına qarşı siyasətlərdən imtina etməməliyik.

İkincisi, sizin dediyiniz həmin qüvvələrin başı hazırda Yaxın Şərqdə qarışıb. İran isə Azərbaycanda altdan-altdan öz böyümə siyasətini davam etdirir. Bir tərəfdən, Azərbaycanlı gəncləri öz ali məktəblərində oxudaraq dini xadimlər yetişdirir və onlar ölkəizdə İranın təbliğatını aparırlar.

Digər tərəfdən, ciddi iqtisadi əlaqələr quraraq, bir çox vətəndaşımızı iqtisadi tellərlə özünə bağlayır. Bu ölkədə daha ucuz və keyfiyyətli tibb müəssisələrinin mövcudluğu xüsusilə kasıb əhalimizin İrana pənah aparmasına şərait yaradır. Bir çox dini mərasimlər və ziyarətlər də dindar insanlarımızın İranın cazibə dairəsinə girməsinə yol açır və s.

Təbii ki, bu zəifliyimizin ortaya çıxmasında Azərbaycanın yanlış yürüdülən siyasətləri də mühüm rol oynayıb. Məncə, İran qarşısında ən gözəl müdafiə sistemimiz bütün sahələrdə demokratik islahatların aparılmasından asılıdır.

Onu da vurğulamaq yerinə düşər ki, İranın bizim qarşımızda gücsüz olduğu sahələr daha çoxdur. Bunlardan biri həmin ölkədəki soydaşlarımız və artıq İran əhalisinin ən böyük nostalgiyasına çevrilən sekulyar dövlət sistemimizdir.

-Yəni hesab edirsiniz ki, Azərbaycan müxtəlif beynəlxalq və regional platformalarda soydaşlarımızın milli hüquqlarını gündəmə gətirərək, bundan cənub qonşumuza qarşı strateji silah kimi istifadə etməlidir?

-Qətiyyən, elə düşünmürəm. Cənubi Azərbaycandakı soydaşlarımıdan təsir aləti kimi istifadə etmək nə insani dəyərlərlə nə də milli maraqlarımızla bir araya sığır. Biz Azərbaycan xalqı olaraq İrandakı bütün etnik azlıqların, o cümlədən soydaşlarımızın milli hüquqlarının bərpasında maraqlıyıq, amma bunun reallaşması tamamilə İranın daxili işidir. Hesab edirik ki, İran rəsmiləri gec və ya tez milli hüquqların tanınmasını ölkənin bütünlüyünün və stabilliyinin yeganə qarantı olduğunu anlayacaq. Azərbaycan türkləri əsrlər boyu İranın əsl sahibləri, hakim milləti olublar. Onlar öz tarixi vətənlərinin hansısa milli  azlıqlar arasında bölünməsində ən az maraqlı olan tərəfdirlər. Ümid edirəm ki, rəsmi Tehran da bunun fərqindədir. Sadəcə indiki kritik zamanda bu cür islahatlara getməyi dövlətin davamlılığı üçün təhlükə olaraq görür və təhlükəni Azərbaycan türklərindən yox, digər etnik qruplardan gözləyir. Həqiqətən də indiki anda belə bir tələbin dilə gətirilməsi zəruri olduğu qədər də təhlükəlidir. Zəruridir, ona ğörə ki, İranda çoxmilyonlu Azərbaycan toplumu və qonşuda eyni adlı dövlət var . Bu da siyasi hakimiyyətin anidən toplum tərəfindən dəyişə biləcəyini mümkün edir. Qorxuludur, ona ğörə ki, ideoloji dövlət kimi özünü  təqdim edən və idarəçilik sistemini, ictimai təfəkkürü İslamla tənzimləyən hakimiyyət erməni katolikosluğunu və Paşinyanı dəstəkləməklə həm Azəriləri , həm də diğər milli mənsubiyyətə məxsus müsəlman toplumunu hiddətləndirə bilər. Əğər İranda bu münasibətlər siyasi cəhətdən anti-İslami səpkidə  toxum kimi səpilərsə, o zaman İran hakimiyyətinin sonunu gətirilə bilər.  Ona görə də ölkə rəhbərliyi çox diqqətli olmalıdır . Anlamalıdır ki, Azərbaycana qarşı yürütdüyü siyasət onun özünü daxildən parçalaya bilər.

-Paşinyanla görüşündə İran dini lideri Qarabağ məsələsinin həllində vasitəçi kimi çıxış etmək təklifi irəli sürdü. Sizcə, ATƏT-in Minsk qrupu kimi 3 böyük dövlətin vasitəçilik edib bir nəticəyə vara bilmədiyi mövzuda İranın bu missiyanı öhdəsinə götürməsi nəyisə dəyişə bilərmi?

-Açığını desəm, İranın vasitəçiliyinin hər hansı nəticə verəcəyinə inanmıram. Dağlıq Qarabağ bəzi region dövlətlərinin Cənubi Qafqazı nəzarət altında saxlamaq üçün yaratdıqları problemdir. Münaqişənin açarı Rusiyanın əlindədir və Moskva problemin İan vasitəsilə həllinə razı olmaz, istənilən təxribatları törədə bilər. Necə ki, 1992-ci ilin 8 may tarixində buna bənzər hadisə yaşandı. Azərbaycan və Ermənistan rəhbərliyi İranın vasitəçiliyi ilə həmin vaxt Qarabağ problemini çözməyə çalışırdı. Azərbaycanın rəhbəri Yaqub Məmmədovla Ermənistan prezidenti Ter-Petrosyan həmin gün Tehranda Qarabağla əlaqədar müzakirələr aparırdı.   Müzakirələrin qızğın çağında Azərbaycanın alınmaz qalası sayılan Şuşa ermənilər tərəfindən ələ keçirildi. İran isə ermənilərə heç bir cavab vermədi.Tehranın abrı olsa, vasitəçilik sözünü bir daha dilə gətirməz.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 394          Tarix: 11-03-2019, 19:32      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent