Xəbər lenti
7-03-2019, 22:48

  

Fəlsəfə elmləri doktoru, professor

Əbülhəsən Abbasov

 

Xalq, siyasət və idarəetmə

(Milləti xoşbəxt etmək istəyənlərə müraciət)

Ağır tarixi sınaqlar xalqları yetişdirmək üçündür. Şaxtalı-çovğunlu qış fəsli ağacları necə döyəcləyib-şaqqalayırsa,  xalqların yaşadıqları sərt tarixi dönəmlər də eləcə! Ölüb-silinən, gedən də olur, qalıb yenidən pərvazlanan da. Fəlakətlərə dözüm göstərib, sinə gərənlər, qeyri-adi cəsarət və fədəkarlıq, nizam-intizam nümayiş etdirənlər qalır, yeni şanslar və keyfiyyətlər qazanır və yeni bir zəmində varlıqlarını davam etdirirlər. Burada “həlledici rolu kimlər və nələr oynayır, səbəblər kompleksi nədən ibarətdir?” sualını cavablandırmaq da çətindir. Daha çox tarix fəlsəfəsinin predmeti olan bu mürəkkəb məsələ indiyə qədər birmənalı və son cavabını tapmayıb. Fikrimcə, heç tapmayacaq da, belə ki, bu məsələdə invariant axtarmaq, vahid etalon quraşdırmaq mənasız bir işdir, çünki əvvəlindən qeyri-rasional yanaşmadır. Xalqların yaşamalı olduğu tarixi sınaqların standart “metrə”si və “lekal”ı olmur. Burada, mexaniki-fiziki proseslərdən fərqli olaraq, tam başqa mənzərə və dialektika var. Hətta ilkin və başlanğıc şərtlər bilinərsə belə, gediş prosesini və yekun nəticələri dəqiqliklə hesablamaq, prinsipcə, qeyri-mümkündür; yalnız ehtimallar şəbəkəsi qurmaq və onun daxilində mülahizələr yürütmək olar.

Bəli, tarixi burulğanlardan üzüağ, sönmədən-sınmadan çıxmaq üçün əməlli-başlı amillər toplusu gərəkdir. Burada, xarici amillərlə yanaşı, ideologiya və liderin də, təbii və sosial resursların da, xalqın xarakter və dəyərlərinin də, onun xilas və qurtuluş naminə birləşmək, strukturlaşmaq və riskə getmək bacarığının da, haqqa və ədalətə vurğunluğunun da öz yeri, öz rolu var. Bütün bu zərurətlər kompleksinin mümkünlüyü isə, düşünürəm ki, İlahi Qüvvənin, Hegelin təbirincə desək, Mütləq Ruhun hökmündən asılıdır. Kimin qalıb, kimin getməsi hökmünü o Qüdrət Sahibi verir – xalqın və onun liderlərinin ortaya qoyduqları fəzilətli keyfiyyətlərə, ağıl və şücaətə görə! Və şübhəsiz, mövcud olub yaşamaq, həyatı davam etdirmək şansı ilk növbədə daxilən ədalətsevənlərə, haqqa vurğunlara, fikir və əməldə pak olanlara, fədakarlıqla çalışanlara, əzmkarlıqla mübarizə aparanlara verilir. O xalqa ki, mənəviyyatını, insani keyfiyyətlərini sonacan itirməyib və onun ruhu sönməyib.

Ruh sönən yerdə maddiyyat, təbii resurslar bir fiksiyadır, lazımsız və ziyanlı yükdür. Ruhu sönük və yaxud bərbad olan xalqın zəka qüdrəti, möhtəşəm fəlsəfəsi, böyük ədəbiyyatı və incəsənəti, yaradıcı elmi, yeniliklər ortaya qoymaq qabiliyyəti, nümunəvi siyasi mədəniyyəti və idarəetməsi olmur. Ruh sönükdürsə, insanları ədəbli-rasional düşüncəyə vadar edən ilahiləşmiş güc-qüvvə də olmur! Ədəbli-rasional düşünə bilmirsənsə, deməli, ali mərtəbəyə yüksəlmiş insan yox, ölümə və ya ömürlik asılılığa, boyunduruğa məhkum adi canlısan. Sənin fəaliyyətin heç vaxt şüurlu ola bilməz, kortəbii surətdə həyata keçər, deməli, həqiqi əmək və fədakarlıqdan, yəni, özündən xaric müstəvidə başqaları naminə, ümumi fenomenlər uğrunda çalışmalardan söhbət gedə bilməz.

Kortəbii yaşayanların “cəmiyyəti”, daha doğrusu – toplum-konqlomeratı, hətta mövcudluğunu saxlayarsa, özünü idarə edə bilməz, onu idarə edərlər, heyvan sürüsü kimi – qamçılaya-qamçılaya, “oho-oho” deyib döyəcləyərək. Bu sürünün yaxşı, kef çəkməli günləri və bombey gecələri kökəltmə məntəqəsinə  (bordamaq üçün) doldurulanda olur. Yem-su, qulluq bol, yatmaq-gövşəmək bol, ağnamaq-ləngərlənmək bol, qalır ki, ət-piy yığasan, qarın-peysər artırasan. Başını bədənindən üzənə kimi. Cəmdəyini gönündən çıxarana kimi.

Hamılıqca kökəltmə məntəqəsinə can atan məxluqlar sürüsünün monarxı-oliqarxı, vəzir-vəkili, aristokratı-plebeyi, tiranı-demokratı olmur. Hər birində hamısı bir yerdə, qatmaqarışıq halda, konqlomerat vəziyyətində olur – situasiyadan, imkan-şəraitdən asılı surətdə üzə çıxır – ağa-qul, senyor-vassal sintezində! Cüzi azlığı çıxmaqla, hamı xislətcə, kefiyyətcə bir-birinə oxşayır – müxtəlif fərdlər, “aristokrat”ı da, plebeyi də, eyni mahiyyəti ifadə edirlər.

Hansısa hiylə-fırıldaq hesabına yuxarı başa keçmiş “demokrat”, “islahatçı” tezliklə dönüb müstəbid, despot olur və ibtidai xislətinə uyğun olaraq məxluqlar sürüsünü ət maşınından keçirməyə başlayır. Ona bu qanunauyğunluğu qədər də təbii olan işi həyata keçirmək üçün hansısa ideologiya, siyasi fəlsəfə lazım olmur, zira plebeylər toplusunun idarə olunması nəzəriyyə üzrə aparılmır. Ümumiyyətlə, qaragüruh, kütlə adlanan nəsnə nəzəriyyə, elmi konsepsiya sevmir, onun ilhamvericisi hisslər, instinktlər, emosiyalar, sadomozaxizm olur. Kütləni elmi fikir, düşünən beyin cəlb edə bilməz, o, sadistlikdən, üstəgəl, mazoxistlikdən alovlanır, riqqətə gəlir. Dağıtmaq, öldürmək, işgəncə vermək, fürsət yaranan kimi qisas almaq, sərvət qamarlamaq, doymadan sümürmək, “Anamdır!” dediyi torpağı, dövləti canının qorxusu və xırda hisslər ucbatından dünən asanlıqla və utanmadan satıb, bu gün vətənşüvənliyi ilə hamıdan qabağa düşmək  – kütlənin, plebeylər sürüsünün, lümpen-proletarların şakəridir.

Kütlənin lderi də, adi nüsxəsi də zəka və mənəviyyat cəhətdən şikəst, qüsurlu olur. Onlar, yeri gəldi-gəlmədi, namusa-qeyrətə and icərlər, xalq-millət sevgisindən dəm vurarlar, ancaq heç vaxt sadiqlik, etibarlılıq, məsuliyyətlilik, dərin ağıl və cəsarətlilik nümunəsi ola bilməzlər. Onlar üçün çətin, əslində isə özlərinin sərsəm fəaliyyətləri nəticəsində yaranmış adi bir mürəkkəb situsiyada qorxudan başlarını itirər, guya rəhbər tutduqları məramnamə-nizamnamə tələblərini də unudarlar. Xalqın etibar etdiyi dövləti rəhmətlik Aloysar kişinin sökük-salxaq koması səviyyəsində də qorumazlar. 93-cü ilin iyununda olduğu kimi: biri dövləti açıqca satdı, biri gizlincə satdı, o birisi laqeydliyi və passivliyi ilə, digəri isə tam qabiliyyətsizliyi və korafəhimliyi ilə satdı. Hamılıqca satdılar – “uf” demədən, parakəndə və optom satdılar, üstəlik, əlavə yeddi rayonu da düşmənə ərməğan etdilər. Ölmüşdü erməni ki, müstəqillik aşiqlərinin belə dövlətsevərliyinin nəticələrindən bəhrələnməsin!

Gənc polkovnikin Gəncədən gələn hədəsi yenicə qurulmuş bəylərbəyliyin fəxarət ediləsi məsul bəylərini bir anın içində vəhiməyə saldı. “Ananı vaxtaşırı, kefin istəyəndə yox, həmişə sevmək, zərurət varsa, uğrunda ölmək lazımdır!” düsturu, habelə, cəbhəçilik-müsavatçılıq imperativləri də, əgər bunlar var idisə də, tez unuduldu. “Bəladan sovuşaq, yenidən Anamızı sevərik!” – görünür, beləcə düşünürmüşlər “SSRİ-ni biz dağıtmışıq!” söyləyən rəşadətli bəylər. Əksəriyyəti, vuruşmaq, ölüm savaşına qalxmaq əvəzinə “can şirindi” deyib, dəlmə-deşik, gizlənc yeri axtarmağa başladı. Məsuliyyətini daşımalı olduqları dövlət də, xalq da, guya, analarından artıq sevdikləri Vətən də tezliklə sahibsiz-yiyəsiz, himayəsiz qaldı. Böyük siyasətdən, müstəqillik və azadlıqdan dəm vuranlar bütün dünya xalqları qarşısında Azərbaycanı rüsvay etdilər, xacələt içində qoydular. Millət, tarix kitabına düşəsi bir rəşadət, qəhrəmanlıq nümunəsini, yüksək vəzifə daşıyıcılarının ağıllı-səriştəli hərəkətini görmədi. Onun ruhu, özünəinam və azadlıq ovqatı, mübarizlik alovu elə o vaxtlar sön(dürül)məyə başladı. Xarici və daxili qara qüvvələrin əlində, faktiki, bir alət  olan kütlə liderləri, əlbəttə ki, bu cür hərəkət etməli idilər. Müxtəlif xarici rezidentlərin və pərdəarxası fəaliyyətdə olan yerli teneviklərin instruksiyası əsasında pafoslu sözlərlə, yalan-palanla, xırda-iri bicliklərlə “üç günə” liderə çevrilmişlər heç vaxt xalqın, millətin lideri ola bilməzdilər.

Əfsuslar ki, otuz il keçməsinə baxmayaraq, kütlə liderləri bunu anlamaq iqtidarında olmadılar və heç istəmədilər də. Anlamaq üçün insanın özünütəftiş qabiliyyəti, dərin ağılı, zəngin biliyi və ən əsası – vicdanı, məsuliyyəti, ictimai borc hissi olmalıdır. Bunlar yoxdursa, deməli, xalqı impulslarla, primitiv hisslərlə, nifrət dolu emosiyalarla var-gəl edən kütləyə çevirmək, ölkəni qarğa-quzğunlara yem etmək cəhdi davam edəcək. Və mən bunu aydınca görürəm. Elə ona görə də laqeyd qala bilməyib, mənim üçün indiyə qədər yazdıqlarım içərisində ən ağrılı olan bu yazını qələmə aldım. Ad, soyad çəkmədim, konkret faktlara müraciət etmədim, qısaca ümumi mənzərədən danışdım – adi insani etika naminə və mürəkkəb situasiyanı bir daha tündləşdirməmək üçün.

İndi, cənablar, özünüz fikirləşin, gücünüz catmayan işin altına girməyin. Xalq üçün siyasət yürütmək və ona layiq idarəetmə həyata keçirmək sizlik deyil. Onsuz da bu millət sizi bağışlayıb, siyasi meydandan çəkilin, sakitləşin, gedin – qoy, ölkə yeni bir mütərəqqi inkişaf səviyyəsinə yüksələ bilsin. Millətə Ata-Ananı, Dövləti, Vətəni sevmək, Müstəqilliyi və Azadlığı qorumaq dərsi keçməyin. Bu işə sizin təbiətiniz, insani-intellektual potensialınız, əldə etdiyiniz təcrübə və bilik, habelə, tərcümeyi-halınız uyğun deyil, cavab vermir. Cavab versəydi, heç olmasa, bu 30 ildə tərəfinizdən hazırlanmış bir samballı nəzəriyyə, problem və çağırışların həllinə hesablanmış dəftər-kitabınız olardı, nəyi və necə etməyi, ən azından, özünüz bilərdiniz.

Bilərdiniz ki, “ictimai meqatrend” deyilən məfhum, yəni, cəmiyyətin inkişaf vektorunu, simasını və mahiyyətini, fəaliyyət dinamikasını və dayanıqlığını müəyyənləşdirən əsas hərəkət paradiqması olur ki, adekvat fəlsəfi refleksiyanı təcəssüm etdirir və özündə  ideya-siyasi, sosial-iqtisadi, hüquqi-əxlaqi, mənəvi-psixoloji ünsür və parametrlərin sintezləşmiş cəmini daşıyır. Bilərdiniz ki, xoşbəxt etmək istədiyiniz xalqın müqəddəratını bu taleyüklü, mühüm məfhum-fenomen müəyyənləşdirir və determinə edir. Xalqın xoşbəxtliyi məsələsi – dövlətin necə, hansı keyfiyyətdə olması məsələsidir. Yararlı dövlət isə, andiçmələr və populizm, yersiz ambisiyalar və hay-küy, qaragüruh stixiyası hesabına yox, ilk növbədə, möhtəşəm meqatrend, belə deyək, müfəssəl layihə əsasında qurulur. Bəyənmədiyiniz Lenin-Stalin, Mao Tsedun-Den Syaopin, Sibusava Eydzi və Tszən Tszinqo, başqa nadir şəxsiyyətlər onilliklər əvvəl bunu gözəl bilirdilər, çünki onlar həqiqi siyasətçi, idarəetmə ustaları idilər, siz isə artıq XXI əsrdə, siyasət yapıb, xalqı idarə etmək istədiyiniz halda, müvafiq əməli iş görmədiyiniz bir yana, heç bu zərurəti anlamaq da istəmirsiniz. Bəlkə, adından sui-istifadə etdiyiniz Atatürk yeni Türkiyəni layihəsiz-plansız, nəzəriyyəsiz-konsepsiyasız qurmuşdur?! Allahın, bağışlayın, Şeytanın bəlası Adolf Hitler qədər də düşüncə qabiliyyətiniz, məsuliyyət hissiniz yoxdur? O nasional-sosialist, ən azından, “Mənim savaşım” kitabını yazmışdır. Əyri-düz, ancaq yazmışdır. İddianızı doğruldan sizin hansı kitabınız, möhtəşəm nəzəriyyəniz, Biləcəridən o tərəfə keçə bilən təliminiz var? Yavaşıyın, cənablar, artıq yetər! Azərbaycan siyasətbazların eksperimen-təcrübə bostanı deyil, ölkəni dünya xalqlarının gözündə biabır etməyin! Yaxşı olar ki, tövsiyə edirəm, bəzi vacib mətləbləri dərindən və ətraflı bilmək üçün mənim növbəti, yenicə çapdan çıxmış “Yeni dünya nizamı: siyasət və idarəetmə” adlı kitabımı oxuyasınız. Bu, sizin özünüz və xalqımız üçün də daha faydalı olar.




Ana səhifəyə qayıt        Baxış: 205          Tarix: 14-03-2019, 08:35      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent