Xəbər lenti

  

“Azərbaycan əsgərinin Gürcüstanla sərhəddə aşağılanaraq tərk-silah olunmasını ürək yanğısıyla izlədim. Əsgərə qarşı bu sayqısızlıq təkcə onun şəxsinə deyil, Azərbaycan dövlətinə qarşı yönəlmişdi və bu aşağılayıcı tövrdə ölkə rəhbərliyinə daha çox pay düşür”.

Ədalət partiyasının sədri hüquq elmləri doktoru İlyas İsmayılov Ovqat.com-a açıqlamasında belə deyib.

Keşikçidağ Məbəd Kompleksində dünən baş verən insidenti şərh edən partiya sədrinin fikrincə, Azərbaycan əsgərinin bu cür rəzil duruma düşürülməsinin ən böyük günahı və məsuliyyəti hakimiyyətə aiddir:

“Bilirsiniz ki, məlum məbəd ətrafında gərginlik uzun zamandır davam edir. Bir neçə ay bundan əvvəl Gürcüstan siyasiləri və prezidenti tərəfindən başlayan informasiya savaşına rəsmi Bakı layiqli cavab vermədi, gürcülərin aqressivliyi qarşısında geri çəkilmə mövqeyi sərgilədi. Bu da dövlətimizin xarici çəkindircilik gücünün itirilməsi ilə nəticələndi. Həmin vaxt müxalif siyasi liderlərin sərt təpkiləri belə, hakimiyyətin nəzarətində olan mətbu orqanların səhifələrindən çıxarıldı. Halbuki, hakimiyyət özü bunu bacarmırdısa, müxaliflərin mövqeyini mediada işıqlandırmaqla gürcülərə Azərbaycan ictimaiyyətinin məsələyə baxışını çatdıra, “torpaqdan pay olmaz” mesajını verə bilərdi. Bizimkilər isə nə özləri adekvat cavab verdilər, nə də digər siyasi və ictimai qurumların fikirlərinin ictimailəşməsinə şərait yaratdılar. Nəticədə gürcülərdə basqılarını davam etdirəcəkləri təqdirdə məbədgahı bizdən ala biləcəklərina dair qənaət formalaşdı”.

Azərbaycan Konstitusiyasının 11-ci maddəsinin III bəndinə görə, torpağımızın heç kimə verilə bilməyəcəyini xatırladan İlyas İsmayılov dedi:

“Bu həqiqət gürcülərə ən yüksək kürsülərdən deyilməli və açıq mövqe ortaya qoyulmalıdır. Rəsmi Bakı isə nədənsə, indiyədək bunu etməyib”.

Qeyd edək ki, partiya sədrinin istinad etdiyi həmin maddədə deyilir:

“Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər”.

Azərbaycan əsgərinin rahatlıqla tərk-silah olunmasından çox narahat olduğunu deyən İlyas İsmayılovun fikrincə, bunun günahı 18-20 yaşlı gənc sərhədçidə yox, hakimiyyətin mahiyyətindən irəli gəlir:

“Əsgərə qarşı tərəfin təxribatına adekvat cavab əmri verilsəydi, o, ən azından öz can güvənliyi üçün silahından göyə xəbərdarlıq atəşi açardı. O isə nəinki bunu etmir, silahı uğrunda müqavimət göstərməyi belə, ağılına gətirmir. Halbuki, Azərbaycan xalqının milli mentalitetində silah, at, arvad kişinin namusu kimi qəbul edilib və yüzillər boyu bu təsəvvür özünü qoruyub. Tərk-silah olunan əsgər də məsələyə belə yanaşsaydı, bu cür rəzil duruma düşməzdi. Bu fakt onu göstərir ki, bizim orduda milli-mənəvi dəyərlər layiqincə öyrədilmir, əsgərlər gözü qırpıq yetişdirilir. Bir çox hallarda əsgərlikdə zabitlərin təhqirlərinə, işgəncələrinə boyun əymək zorunda qalan gənclərimizin mənəvi hazırlığı da yetərsiz olur.

Digər tərəfdən, hər əsgər mənsub olduğu xalqın bir fərdidir. Xalq necədirsə, onun əsgəri də o cürdür. Nə yazıq ki, Azərbaycan hakimiyyəti öz kreslosunu qorumaq üçün xalqın mübarizə əzmini qırır, ona igidlik, qəhrəmanlıq dəyərləri əvəzinə, qorxaqlıq, yaltaqlıq, ən yaxın insanlarını satmaq kimi əxlaqsızlıqlar təlqin olunur. Müxalif qüvvələrə qarşı öz qohumlarının çıxarılması, valideynin övladdan, övladın valideyndən imtinaya məcbur edilməsi yeni Morozovlar nəslinin yaranmasına yol açır. Bu cür psixologiya ilə əsgərə gedən gənclər isə, sözsüz ki, xarici basqılara qarşı müqavimət göstərmək duyğularını itirir, qorxu instinktləri ilə yaşayır”.

Demokratik dəyərlərin əsgərlərin mənəvi hərbi hazırlıqları baxımından böyük əhəmiyyət kəsb etdiyinə inanan İlyas İsmayılovun fikrincə, bizim kimi diktatura rejimlərinin hərbi qulluqçularından böyük qəhrəmanlıq gözləməyə dəyməz: “Çünki rejim özünü qorumaq naminə insanlarımızın bu yüksək dəyərlərini əlindən alıb. Bu da öz nəticəsini sərhəd postlarında göstərir. Keşikçidağ Kompleksində baş verən son insident də bunun bariz nümunəsidir. Görürsünüzmü, demokratik dəyərlərə sahib gürcülər hətta yad torpaqda özü də əli yalın olduğu halda necə cəsarət nümayiş etdirir. Bizim əsgərimiz isə öz vəzifə borcunu doğma torpağında və əli silahlı olduğu halda yerinə yetirə bilmir. Bütün bunlar 30 ilə yaxındır davam edən qorxu rejiminin Azərbaycan xalqına yoluxdurduğu sosial bəladır”.

Hakimiyyəti bütün bunlardan nəticə çıxarmağa çağıran İlyas İsmayılov heç olmasa bundan sonra öz siyasətini dəyişdirməyi, siyasi islahatlar aparmağı məsləhət görür: “Əks halda biz bütün sərhədlərimiz boyu bu cür aqressivliyə məruz qala və dost-düşmən arasında rəzil ola bilərik. Hakimiyyət anlamalıdır ki, insan azadlıqları təkcə siyasi məsələ deyil, həm də hərbi təhlükəsizliyimizin qarantıdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 361          Tarix: 16-07-2019, 10:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma