Xəbər lenti

   

Ölümünə savaş

“Mən sizə hücum yox, ölənədək döyüşmək əmri verirəm. Biz ölüncə yerimizi başqa əsgər və komandirlər tutacaq, beləcə, mübarizəmiz qələbəyə qədər davam edəcək”.

Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün Çanaqqala döyüşünə hazırlıq zamanı əsgərləri qarşısında söylədiyi bu sözlər I Dünya müharibəsində ağır itkilər verməsinə rəğmən, dünyanın hardasa bütün silahlı qüvvələrinə qarşı döyüşən bir ordunun qazandığı inanılmaz qələbələrinin də sirridir. 1915-16-cı illərdə Osmanlı ordusu düşmən donanmalarının İstanbula girişinin qarşısını məhz bu inamla ala bilmişdi. Çanaqqala döyüşlərində onminlərlə (bəzi qaynaqlara görə, 250-dən artıq) şəhid verən türk əsgəri Atatürkün bu əmrinin mənəvi təsiri altında hərbi qüdrət baxımından qat-qat üstün olan Antanta hərbi ittifaqının 100-dən artıq gəmisinin, yarım milyona yaxın əsgərinin önünə çıxmış, misilsiz qəhrəmanlıqları ilə onların hücumunu dəf etmiş, düşmənə xeyli sayda canlı və texnika itkisi verdirmişdi.

Türkün döyüş əzminin ən gözəl ifadəsi olan bu sözlər hazırda bəziləri tərəfindən xor görülən Azərbaycan xalqının da ruhuna yad deyil. Bəzən özümüzü nə qədər bəyənməsək belə, 1980-ci illərin sonu 1990-cı ilin əvvəllərində Dağlıq Qarabağ və Naxçıvan cəbhəsində Azərbaycan əsgəri əliyalın şəkildə düşmən qarşısına çıxmağı, döyüşməyi, hətta qeyri-bərabər döyüşlərdə öz mövqelərini saxlamağı bacarmışdır. Nə yazıq ki, müstəqillik illərimizin ilk dövrlərində yaşanan o qanlı çarpışmalarda istənilən nəticəni almadığımızdan, torpaqlarımızın 20%-ni itirmiş, buna görə də hazırda daha çox məğlubiyyətimizdən danışmağa məhkum olunmuşuq. Halbuki, məğlubiyyətimizin əsas səbəbi heç də Azərbaycan əsgərinin mənəvi-psixoloji zəifliyindən və ya döyüş qabiliyyətinin aşağı olmasından qaynaqlanmırdı. Müstəmləkə illərində milli dövlətimizin yoxluğu, Moskvanın yaratdığı əngəllər, ordu quruculuğunun vaxtında və yetərli qaydada aparılmaması mərd oğullarımızın əzmkarlığını, qəhrəmanlığını heçə çevirmiş və indiki xoşagəlməz vəziyyətin yaranmasıyla nəticələnmişdir.

Fərdi igidliklərlə dolu ümumi məğlubiyyət

Cəbhədəki bütün çatışmazlıqlara baxmayaraq, Azərbaycan oğullarının fərdi və müştərək qəhrəmanlıqları da az deyildi. Vətənin igid övladlarının bu mübarizəsinin araşdırılması, onların şücaətindən bəhs edən məqalələrin yazılması həm tarixi yaddaşımızın üzərinə hopmuş tozu təmizləmək, həm də indi səngərlərdə düşmənlə üz-üzə dayanan əsgərlərimizin hərbi vətənpərvərlik ruhunu  gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır. 1990-cı illərdə Naxçıvan Muxtar Respublikasını düşmən hücumlarından qorunmasında əvəzsiz rol oynayan Milli Ordunun Xüsusitəyinatlı bölməsi (el arasındakı adıyla "Sportrota") igidlik salnamələrimizin hələ də açılmamış səhifələrindəndir.

 

Pərakəndə döyüşdən nizami orduya

1990-cı ildə Azərbaycana qayıdan və bir il sonra Naxçıvan Ali Məclisinin (o zaman Ali Sovet) sədri seçilən Heydər Əliyevin xeyir-duası ilə ərsəyə gətirilən Naxçıvan Dövlət Müdafiə Komitəsinin ilk hissələrindən olan Xüsusitəyinatlı bölmə Naxçıvanın müdafiəsində ön sıralarda yer tutmuş, bir çox ağır döyüş əməliyyatları keçirmişdir. O zamanadək AXC-nin Naxçıvan MR şöbəsinin və şəxsi təşəbbüsü ilə apardığı pərakəndə döyüşlər məhz bundan sonra Naxçıvan Dövlət Müdafiə Komitəsinə tapşırılmış, komitənin ilk rəhbəri Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşmış, müdafiə gücümüz nizami ordu halını almışdı. Sözsüz ki, bu işdə  xüsusitəyinatlıların  üzərinə böyük məsuliyyətlər düşmüşdü. Şahidlərin bildirdiyinə görə, mərhum Elman Abbasov Naxçıvanın müdafiəsində “Sportrota”ya böyük ümidlər bağlayır, hətta bu bölümün komandirləri ilə birbaşa əlaqə saxlayırdı.

 Rəhbər və sıravi kadrları əsasən idmançılardan təşəkkül tapdığı üçün “Sportrota” adlanan xüsusitəyinatlılarımıza Əfqanıstanda və digər xarici dövlətlərdə hərbi təcrübələr qazanmış keçmiş əsgər və hərbi qulluqçular cəlb olunmuşdu. Onların döyüş təcrübələrini gənclərə öyrətməsiylə qısa zamanda formalaşan “Sportrota” Naxçıvanın cəbhə xəttində ermənilərin qarşısında əsl sipərə çevrilmişdir.

“Sportrota”nın komandirləri

 

Bu hərbi hissənin ilk komandiri olan Səfər Əliyev uzun illər Macarıstanda hərbi xidmət göstərmiş, peşəkar hərbi qulluqçu kimi yetişmişdi. Azərbaycan-Ermənistan arasında qanlı müharibələrin getdiyini eşidən Səfər Əliyev o illərdə könüllü olaraq hərbi vəzifəsindən ayrılaraq ölkəmizə qayıtmışdı. Yeganə məqsədi erməni təcavüzünə qarşı mübarizədə yer almaq və öz hərbi təcrübəsini Vətənin müdafiəsinə həsr etməkdi.

Onun döyüş əməliyyatları üzrə müavini İbrahim Əliyev isə SSRİ qoşunları tərkibində Əfqanıstanda real və ağır döyüş yolu keçmiş, səngərlərdə, üz-üzə hərbi döyüşlərdə mübarizənin sirlərinə vaqif olmuşdu. Sovet ordusunda müsəlman xalqların irəli çəkilməsinin və mükafatlandırılmasının mümkün olmadığı bir dövrdə İbrahim Əliyev 2 illik həqiqi hərbi xidmətindən xeyli mükafat və yüksək rütbə ilə evə qayıtmışdı. O, bir əsgərin yüksələ biləcəyi ən yüksək rütbəyə - baş serjantlığa və döyüşlərdə göstərdiyi şücaətə görə igidlik medalına layiq görülmüşdü. Sovet ordusu sıralarında qazandığı bu təltiflər “Sportrota”nın döyüş əməliyyatlarına rəhbərlik edən şəxsin hərbi təcrübəsindən xəbər verir. İbrahim bəy rotanın gənc əsgərlərinin yetişməsində xüsusi rol oynayır, onlarla bərabər səngərlərdə əlində silah Vətən qoruyurdu.

Bölümün digər komandirləri - starşina Ələddin Əliyev də, “zampolit” Aydın Həsənov da, hərbi əlbəyaxa döyüşü üzrə müəllim Fəxrəddin Quliyev də igidlikləri ilə silahdaşlarından geri qalmırdılar.

 

Hərb tariximizdən miras alınmış döyüş taktikası: “İrəli” yox, “Arxamca!”

   “Sportrota” komandirlərinin döyüş xəttində əsgərlərlə eyni səngərdə çiyin-çiyinə savaşması isə səbəbsiz deyildi. Bölümün döyüş əməliyyatları üzrə komandiri İbrahim Əliyevin bildirdiyinə görə, bu, əsgərlərin mübarizə ruhunu artırmaq üçün onların əsas hərbi taktikası idi və Azərbaycanın milli hərbi mentalitetindən irəli gəlirdi:

“Tarixdən bəllidir ki, Azərbaycanın ən böyük sərkərdələri döyüş meydanlarında əsgərlərin önündə dayanırdı. Onların bu igidlikləri sıravi əsgərlərə ruh verir və döyüşçüləri daha əzmli mübarizəyə təşviq edirdi. Vaxtilə Şah İsmayıl Xətainin öz əsgərlərinin önündə getməsi və keçilməz sanılan çaya doğru ilk at sürməsi, əsgərlərini də bu şəkildə arxasınca aparması tarixin bizə öyrətdiyi həqiqətlərdəndir. Şah İsmayıl Xətai məhz bu şəxsi igidlikləri sayəsində inanılması çətin qələbələrə imza atmış və 14 ildə 14 ölkə alması ilə özündən 300 il sonra yaşamış Karl Marksı təəccübləndirmişdi. Bu böyük sərkərdəmizin digər türk imperiyası Osmanlılarla Çaldıran döyüşündə təmas xəttinin ən qaynar nöqtəsində yer alması barədə də tarixi məlumatlar var. Hətta tarixi sənədlərə görə, həmin döyüşdə Osmanlı toplarının xeyli can aldığını görən Şah İsmayıl atını düşmən topçularına sarı sürmüş və bir qılınc zərbəsi ilə topun lüləsini parçalamışdır. Komandir və ya sərgərdələrinin bu qəhrəmanlığını görən əsgərlər son qanına qədər döyüşməkdən çəkinmir, qəhrəmanlıqları ilə düşməni şoka salırlar. Biz də döyüşlərdə bu taktikaya xüsusi diqqət yetirirdik”.

Əsgərlər də İbrahim Əliyevin bu sözlərini təsdiqləyirlər. Söhbətləşdiyimiz keçmiş xüsusitəyinatçıların dedyinə görə, bütün döyüş əməliyatlarına birbaşa rəhbərlik edən İbrahim Əliyev heç vaxt əsgərə “irəli” əmri verməyib: “Həmişə “arxamca” komandası ilə hücuma keçir, bizi də arxasınca aparırdı”.

Başdaşı üçün şəkil çəkdirən əsgərlər

“Sportrota” komandirlərinin bu taktikası həqiqətən də işə yarayırdı. Əsgərlərin bildirdiyinə görə, onlar ən ağır döyüşlərdə belə heç nədən çəkinmir, ölümü heçə sayırdılar. Maraqlıdır ki, müdafiə xəttinin ən ön cərgəsində döyüşən bu əsgərlər hətta postlarına çıxmamışdan əvvəl ən yaxşı paltarlarını geyinib, gülərüz şəkillər çəkdirirdilər. Əksəriyyəti bu şəkillərin şəhidlik zirvəsinə ucalarlarsa, qəbir daşlarının üzərinə həkk olunmasını vəsiyyət edirdilər.

 Başdaşları üçün çəkilmiş həmin şəkilləri indiyə qədər saxlayanlar da var. Sizə təqdim etdiyimiz bu şəkil Nəsimi Cəfərova aiddir. 

Həmin vaxt 18 yaşını yenicə doldurmuş N.Cəfərov çəkdirdiyi şəkilin tarixçəsini belə xatırlayır:

“Bəzən döyüşdə göstərdiyimiz igidliyə görə bir neçə günlüyə evə buraxılırdıq. Biz də əlimizə düşən fürsətdən istifadə edərək Naxçıvan şəhərinin ən tanınmış foto otelyelərinə gedib əsgər uniformasında portretimizi çəkdirirdik. Əsgər yoldaşlarımızla danışmışdıq ki, bu şəkilləri başdaşımızın üstünə həkk etdirək”.

Naxçıvanın “300 spartalısı”

Nəsimi bəyin bu sözlərini eşidərkən qədim yunan tarxiçisi Heredotun qələmə aldığı “300 Spartalı” adlı hekayəsi yada düşür. Tarixçinin bildirdiyinə görə, o dövrün super gücü sayılan Pers imperatorluğunun yüzminlərlə döyüşçüsünü Termofale adlı dar keçiddə 7 gün geçikdirməyi bacaran 300 xüsusitəyinatlı Sparta əsgəri sonuncu döyüşlərinə girərkən saçlarını daramış, parad libaslarını geyinmişdilər. Məqsədləri öldürüləcəkləri təqdirdə, düşmən qarşısındakı cəsədlərindən məğrurluq yağmasını təmin etmək idi. Naxçıvanı ön cəbhədə qoruyan 18-20 yaşlı xüsusitəyinatlılar da təminən eyni məntiqlə ən yaxşı paltarlarını geyinib başdaşları üçün məğrur əsgər portretləri çəkdirirdilər. Qəribədir ki, onların el arasındakı adları da “Spartalı”larla həmahəng səslənirdi – “Sportrota.”

Əlbəttə ki, Vətən torpağını bu cür əzm və mətanətlə qoruyan hərbi hissənin itkiləri də vardı. İndiyədək təsbit edə bildiyimiz şəhid sayı 5-dir: Tagiyev Rüstəm Rəşid oğlu (1973), Məmmədov Sürəddin Oruc oğlu (1973), Səfərov Müşfiq Qasım oğlu; Məmmədov Muxtar İsa oğlu (1973), Əliyev Kamran Yaqub oğlu (1971)

 

 Həmin şəhidlərdən biri Sürəddin Məmmədovun şəhadətinin dünən ildönümü idi. 1992-ci ilin 17 uyil tarixində Sədərək rayonunun “Qanlı səngər” adlanan səngərində erməni snayperinə tuş gələn Sürəddin “Sportrota”nın ən cəsur əsgərlərindən sayılırdı. Jurnalist Məhəmməd İsrafiloğlunun araşdırmasına görə, 13 aprel 1973-cü ildə Babək rayonunun Sus kəndində anadan olan və daha sonra ailəsi ilə birlikdə Böyükdüzə köçən Sürəddin 1991-ci ilin may ayında Sovet Ordusu sıralarında hərbi xidmətə göndərilir. Bir neçə ay Estoniyada qulluq edəndən sonra Azərbaycanda vəziyyətin gərginləşdiyini, ermənilərin Naxçıvana qarşı təcavüzünün gücləndiyini eşidib Naxçıvana qayıdır: “Müdafiə Komitəsinə gedib hardan gəlməsini və məqsədini deyir. Onu Milli Ordunun Xüsusitəyinatlı bölməsinə daxil edir, birbaşa Sədərəyə göndərirlər. 1992-ci il may-iyun aylarında Qaraburun və Mil uğrunda gedən döyüşlərdə bir neçə erməni quldurunu məhv edərək yüksək döyüş şücaəti göstərən Sürəddin Məmmədov 1992-ci 17 iyun tarixində Sədərəkdə Mil təpəsində snayper gülləsinə tuş gəlib şəhidlik zirvəsinə ucalmışdır.

Böyükdüz Kənd qəbiristanlığında dəfn edilmişdir. Bir xüsusu da qeyd etmək lazımdır ki, 14 İyul 2016-cı ildə cəbhənin Ağdam rayon istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan Məmmədov Toğrul Səyyad oğlu Sürəddinin doğmaca əmisi oğludur. Bu şərəfli nəslin hər iki övladı nur içində yatsın, ruhları şad olsun”.

 

“Qanlı səngər”

Əsgər yoldaşları Sürəddinin mərd, qorxmaz, düşmənlə döyüşlərdə fərqlənən əsgər kimi xarakterizə edirlər. O, ömrünün son günündə belə, bir düşmən əsgərini sıradan çıxardıqdan sonra intensiv atəş arasında qalır. 20 dəqiqə sürən atışma sonunda Sürəddinin vurulması ilə nəticələnir. Gəlin, jurnalist Məhəmməd İsrafiloğlunun şahidliyi ilə “Sportrota”nın cəsur döyüşçülərindən Hikmət Qocayevi dinləyək:
“Həmin gün biz posta çıxdıq. Gecə səhərə qədər olduqca şiddətli atışma oldu, səngərlər də dağınıq vəziyyətdə idi. Atəş dayanmaq bilmirdi. Səhər yeməyindən sonra erməni tərəf bizi olduqca güclü minamyot atəşinə tutmağa başladılar, göz açmağa imkan vermirdilər. Mildən bizi 3-cü postu, “ Qanlı səngəri” snayperlə vururdular, başımızı qaldıra bilmirdik. Hardasa günortadan əvvəl, on ikinin yarısı olardı. Sürəddin düşmən postunda bir ermənini vurdu, biz də orada üçüncü postda Kobrayla baxırdıq, Sürəddinin vurduğu erməni arxaya deyil, qurşaqdan yuxarı düz səngərin ön tərəfinə düşdü. Ermənilər meyidi səngərə doğru çəkərək götürdülər. Bundan hiddətlənən ermənilər düz iyirmi dəqiqə daynmadan, fasiləsiz bizim postu atəşə tutmağa başladılar...

Rəhmətlik Sürrəddin öndəydi, çox qısa fasilərlə postdan düşmən tərəfə atəş açıb səngərə otururdu. “Qanlı səngər”də olanlar bilir; olduqca dar idi, üç nəfər bəzən zorla sığışırdı oraya, qayanın üstündə daşlarla qurulmuşdu, torpaq deyilən şey yox idi. Bir saat sonra Sürəddini snayperlə vurdular, güllə daşların arasından keçərək düz sağ gözünün altından dəymişdi...
Komandirlərdən İbrahim Bəyin xatirələrindən:

-Postdan enmişdim, bitkin, yorğun bir vəziyyətdə idim. Bir daş parçasının üstündə oturmuşdum. “Ştab”dan zabitlər var idi, gördüm, mənə baxıb nəysə danışırlar. Bir müddət yaxınlaşa bilmədilər mənə, sən demə, yaxınlaşmağa cəsarət etmirlərmiş. Axırda biri yaxınlaşdı və dedi ki, Sürəddini vurublar. Onun formalaşmasında çox əziyyət çəkmişdim, o tamamilə başqa cür idi, başqalarından fərqlənirdi”.

İbrahim bəy həmin fikirləri bizimlə söhbətimizdə də təsdiqlədi. Əlavə olaraq onu da bildirdi ki, Sürəddin çox əxlaqlı və cəsur biri idi: “Özündən böyüklə danışanda utandığından üzə baxmırdı. Ermənilərə qarşı döyüşlərdə isə o, qorxu bilməyən xarakter nümayiş etdirirdi. Bəzən çəkinmədən ayağa qalxıb düşmənlə üz-üzə atışırdı. Mən və digər komandirlər dəfələrlə bu həddindən artıq cəsarətinə görə onu danlayır, ehtiyatını əldən verməməyi məsləhət görürdük. Bu çılğınlığı və igidliyi ilə digər əsgərlərdən seçilən Sürəddin ona verilən bütün tapşırıqları canü - könüldən yerinə yetirirdi”.

  

“Sportrota”nın 27 ildir dəyişilməyən postları

Həmsöhbətlərimiz onu da qeyd etdilər ki, “Sportrota”nın qurduğu bütün postlar indiyədək qalır və Milli ordumuzun əsas istehkamı kimi istifadə olunur. Naxçıvanın müdafiəsində indiyə kimi qalıcı iz buraxan bu hərbi bölümün əsgərlərinə layiq olduqları diqqətin göstərildiyini söyləmək isə çətindir. Adları heç yerdə çəkilməmələri azmış ki, bu döyüşçülərə veteranlıq vəsiqəsi belə verilməyib. Onların arasında xəsarət alanlar və dövlət yardımına ehtiyacı olanlar da var. Buna baxmayaraq, Naxçıvanın “300 spartalısı” isə yaddan tamamilə çıxarıldıqlarının bir gün mütləq sona çatacağına, haqqın-ədalətin zəfər çalacağına inanırlar. Biz də  bu inama qatılmaq istərdik.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 393          Tarix: 18-07-2019, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma