Xəbər lenti

 

Müasir çağımızda ən ciddi mesajlar ən gözlənilməz ünvanların diliylə verilir. Məsələn, Rusiyada bu missiyanı həyata keçirən şəxs Jirnovskidir. Kreml əksər hallarda onun diliylə rəqiblərinə çox önəmli xəbərdarlıqlar edir, kimlərəsə yaşana biləcəkləri xatırladır. Daha konkret desək, Jirnovskinin diliylə biriləri özlərini ağıllı aparmağa dəvət edilir, əks halda Moskvanın sərt üzünün necə olacağı barədə lazımı mesajlar öz ünvanına çatdırılır.

Bəlkə də Rusiyanın bu mövqeyinə cavab olaraq, ABŞ-ın söz sahibləri isə öz Jirnovskilərini hakimiyyətə gətirib, “siz sadəcə kimlərisə şantaj etmək hüququna, biz isə öz sərt siyasətimizi həyata keçirmək imkanına malikik” mesajını verir, təkcə hansısa dövlətə deyil, bütünlüklə, dünyaya barmaq silkiləmək gücündə olduqlarını sübut etməyə çalışır. Söhbət, təbii ki, Donald Trampın hakimiyyətə gətirilməsindən gedir.

Azərbaycanın da öz Jirnovskisi var. Zaman-zaman media orqanlarında görünüb müxtəlif ünvanlara barmaq silkələyən Hafiz Hacıyev də ilk baxışdan qeyri-ciddi söz xırdalayan şəxs təsiri bağışlayır. Onun səsləndirdiyi fikirlərin dərinliyinə varanda isə kimlərinsə kimlərəsə çatdırmaq istədiyi mesajı bütün cizgiləri ilə oxumaq mümkündür. Bu baxımdan Hafiz Hacıyev xeyli ciddi adamların “Kefli İsgəndər”sayağı ritorikasından başqa bir şey deyil.

Kiçik dövlət olduğumuzdan bizim Jirnovskinin qarşısında adətən kiçik hədəflər dayanır. Bunlar ya hansısa müxalifət liderləri, ya da qələmi qırılmağa hazırlanan nazirlər, komitə sədrləri olurlar. Hafiz Hacıyevin bu kiçik hədəflərə hücumu isə adətən uğurlu alınır, qurbanlar ifşaedici  məlumatlarla sıradan çıxarılırlar.

***

Müasir Müsavat partiyasının sədri yenə coşmağa başlayıb. Amma bu dəfə onun hədəfləri heç də “kiçikbuynuzlular” deyil. Partiya sədrinin Kanal 13-ə verdiyi müsahibəyə diqqətlə nəzər salanda növbəti hədəfin iki şəxs olduğu aydınlaşır. Hədəflərdən biri Sərhəd Qoşunları komandanı Elçin Quliyev, digəri isə Kənd Təsərrüfatı naziri İnam Kərimlidir.

 

Hafiz Hacıyevin Elçin Quliyevə iradı Gürcüstan sərhəddində son zamanlar yaşanan hadisələrə görədir. Keşikçidağ Məbəd Kompleksinə ziyarətə gələn gürcü zəvvarların Azərbaycan sərhədçisini aşağılaması Hafiz Hacıyevin də haqlı tənqid hədəfinə çevrilib və o, öz müsahibəsində Elçin Quliyevi istefaya çağırıb. Bununla da kifayətlənməyən Hafiz Hacıyev ona kiminsə qohumu olduğunu xatırladaraq, özünə çox arxayın olmamağı məsləhət görüb.

Onun Kənd Təsərrüfatı naziri İnam Kərimovla bağlı dedikləri isə daha sərtdir. İnam Kərimova nazir təyin olunduğu 1 ildən artıq dövr ərzində kənd təsərrüfatı sahəsində hər hansı müsbət dəyişikliklərin olmadığını xatırladan Müasir Müsavat partiyasının sədri bunun  səbəbini çox maraqlı arqumentlə əsaslandırır:

“Bu gün vəziyyət o həddə gəlib çatıb ki, yayın bu istisində alıcı 2 manat 50 qəpiyə pomidor alır, o da yarasız və keyfiyyətsiz bir şeydir. Bəs, ora yığılanlar?... Ora yığılanların hamısı qızlardır... Mən dəfələrlə zəng etmişəm hörmətli Kənd Təsərrüfatı nazirinə. Özü də bir az simsarlığımız var. Sən niyə mənim telefonuma cavab vermirsən? Mən 4 dəfə prezidentliyə namizəd olmuşam. Sən kimsən? Sən Harvard universitetinə qurtara bilərsən. İngilis dilini  bilə bilərsən. Amma sən qoyunla quzunu tamırsan. Özünü yığışdır, ha. Səndən qabaqkıları danaboyun eləmişik. Sən elə düşünmə ki, sənin kimiləri Prezident Aparatında kimsə müdafiə edir və bu axıra qədər belə olacaqdır”.

(Videoda 28.29-29.05 dəqiqələr arasında)

Müasir Müsavat partiyası sədrindən sitat gətirdiyimiz bu cümlələr İnam Kərimova edilən hücumda əsl hədəfin kim olduğuna dair yetirincə informasiya verir. Söhbət burada PA-da işləyən və İnam Kərimov kimiləri qanadı altına alan bir şəxsdən gedir. Bu şəxsin Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov olduğu isə şübhə doğurmur. Zira müxtəlif siyasi külislərdə gedən söhbətlərdə İnam Kərimovun məhz Fuad Ələsgərov tərəfindən himayə olunduğu söyləntiləri dolaşmaqdadır və bu da əsassız deyil.

 

Prezident İlham Əliyevin son kadr dəyişikliyinə qədər bütün hüquq-mühafizə və kəşfiyyat orqanları həqiqətən də Fuad Ələsgərovun tam nəzarəti altında idi. Onun sahəsinə aid olmasa da, Kənd Təsərrüfatı Nazirliyi barədə yazılan ən adi informasiyalar belə, bu orqanlar, xüsusilə DTX tərəfindən ciddi nəzarətə götürülür, hətta jurnalistlər həmin orqanların mərkəzi aparatına çağırılıb əməlli-başlı təhdid olunurdular. Bu yazının müəllifi sözügedən münasibətlə şəxsən qarşılanmış, bəzi fermerlərin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin sədri Anar Hüseynovdan şikayətlərini ictimailəşdirdiyi üçün istintaq adı altında DTX-yə dəvət olunmuşdu. Bu barədə hər hansı rəsmi çağırış vərəqəsi almamağıma  baxmayaraq, bir dövlət qurumunun dəvətini yerə salmamış, həyatımın ən kritik anını yaşamağıma rəğmən, DTX-ya getmişdim. Orda isə açıq şəkildə mənəvi basqılara məruz qalmışdım. DTX-da sorğulanmağımın daha geniş təfsilatı barədə ölkə başçısına yazmağı planlaşdırdığım açıq məktubda dayanacağımdan sadəcə bir detalla bu mövzunu bitirmək istəyirəm. Məlum sorğulamamın üzərindən 3 aya yaxın vaxt keçməsinə baxmayaraq, DTX-nın apardığı həmin istintaqdan xəbər-ətər yoxdur. Görünür, istintaqçılara nəyisə araşdırmaq yox, sadəcə mənə təzyiq göstərmək lazım imiş.

 

Məlum kadr dəyişikliyindən əvvəl, keçmiş təbirlərlə desək, hətta sovxoz sədrinin qorunmasının dövlət təhlükəsizlik strategiyasının başlıca hədəfi halına gətirilməsi Hafiz Haciyevin haqsız olmadığını təsdiqləyir. Amma bunun günahı Hafiz Hacıyevin “danaboyun” etməklə qorxutduğu İnam Kərimovda yox, öz səlahiyyətindən faydalanaraq dövlət gücünü qrup maraqlarının müdafiəsinə yönəldən şəxsdədir. Nə yazıq ki, Hafiz Hacıyev hələ də “çömçə balıqlar”la əlləşir.

Bununla belə, Hafiz Hacıyevin xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin xanımların at oynatdığı məkana çevrilməsi barədə fikirlərilə razılaşmamaq olmur. Müxtəlif fermerlərin bizə etdiyi şikayətlərdə də bu məqam üzərində dayanılır, biz isə sırf etik səbəblər üzərindən bunu qələmə almırdıq. Fəqət aqrar sektorun adətən kişi sənəti olduğunu nəzərə alsaq, KTN-də gender bərabərliyinin qadınların xeyrinə pozulması faktını anlamaqda çətinlik çəkirik.

Nədən ki, əldə etdiyimiz bəzi məlumatlara görə, Nazirlikdə 3 mühüm idarəyə eyni anda rəhbərlik edən xanımlar var. Və o xanımlar hətta bir malın həm alıcısı, həm də satıcısı qismində çıxış edirlər. Açıq şəkildə koorrupsiyaya, sui-istifadəyə imkan tanıyan bu kadr siyasətinin ictimaiyyətin böyük inam bəslədiyi bir nazir tərəfindən yürüdülməsi yeni hökumətin islahatçı imicinə böyük zərbə vurur. Qeyd edək ki, bu barədə əlimizdə inkarı mümkün olmayan sənədlər var və yaxın günlərdə həmin məlumatları ictimailəşdirməyə çalışacağıq. Təbii ki, Fuad Ələsgərovun nəzarətində olan qurumlar imkan verərsə...

 

Hafiz Hacıyevin müsahibəsində üzərində dayandığı mövzulardan biri də Etibar Məmmədovla bağlıdır. Son zamanlar müxtəlif səbəblərlə gündəmə gələn AMİP liderini aktivləşməyə çağıran Hafiz Hacıyevin bu fikirləri səsləndirməsi zamanlama baxımından da təsadüfə oxşamır. Bildiyimiz kimi, artıq uzun müddətdir, xaricdəki radikal müxalif qüvvələr növbəti payızda ölkəmizdə inqilabi proseslərin başlayacağı anonsu verirlər. Onların ictimaiyyəti açıq şəkildə inqilaba çağırışları daxildə də birmənalı deyil, məmur özbaşınalığından zinhara gələn geniş xalq kütləsi tərəfindən müsbət qarşılanır. Belə bir vəziyyətdə islahat vədiylə nazir postuna əyləşdirilmiş şəxslərin bacarıqsızlıqları ucbatından sosial vəziyyətin də getdikcə pisləşməsi, payıza doğru strateji qida məhsullarının bahalaşması ölkəni ciddi çaxnaşmalara sürükləyə bilər.

Dövlət idarəçiləri bu inqilabi dəyişikliklərin qarşısını almaq üçün ümid verən yeni kadrları önə sürməli və narazı kütləni onların ətrafında birləşdirməlidirlər. Açığını desək, Etibar Məmmədov “payız inqilabı”na qarşı ortaya çıxarılan ən ümidverici alternativlərdən biri ola bilər. Üstəlik, AMİP lideri Qərbi Azərbaycanlıları öz ətrafında birləşdirmək potensialı daşıyan Əli İnsanova da qarşı ən yaxşı alternativdir.

Bəs, görəsən, AMİP lideri payızda yaşanacağı güman olunan proseslərdə alternativ şəxs kimi çıxış etməklə kifayətlənəcəkmi?  Yoxsa, o, digər iddialılarla bir araya gəlib artıq nimdaş paltar kimi yamaq götürməyən Azərbaycan hakimiyyətinin dəyişikliyində maraqlı olacaq?

Nəzərə alsaq ki, Etibar Məmmədov hakimiyyətdəki bəzi önəmli kadrlarla çox yaxın münasibətdədir, bu suallara birmənalı cavab vermək çətindir. Bütün hallarda AMİP liderinin hansı mövqeyi tutacağını zaman göstərəcək. Hələlik isə Hafiz Hacıyevin, zənnimizcə, ciddi mesajlar içərən video-müsahibəsini təqdim edirik:

[media=https://www.youtube.com/watch?v=HF6dXiCjc-o&feature=youtu.be]

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 757          Tarix: 21-07-2019, 14:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma