Xəbər lenti

 

Cəmiyyətin inkişafı onun qarşısında dayanan problemlərin, gələcəyə yönəlik hədəflərin müzakirəsindən keçir. Belə müzakirələri apara bilən demokratik toplumlar öz əyər-əskiklərini görüb, səhv addımlarını zamanında düzəldə bilib və tərəqqi yoluna qədəm qoyublar. Bütün tənqidlərə qapılarını bağlayan diktatura rejimləri isə özlərindən müştəbehliklərinin ucbatından yerində sayıb, zamanla ayaqlaşa bilməyib və tədricən geriləyərək tamamilə iflasa məhkum olublar. Bu baxımdan sağlam düşüncəli adamlar tənqiddən çəkinməz, əksinə öz çatışmazlıqları barədə fikirlərə qulaq asar və səhvlərini düzəltməyə çalışarlar.

Üstəlik, bəzən acı sözlər dost ağzından çıxdığından insan üçün əsl məlhəm xarakteri daşıyır. İş adamı Mürvət Həsənlinin mənə ünvanladığı tənqidi məktubunu bu məntiqlə dost iradı kimi qəbul etdim və onu cavabsız qoymamaq qərarına gəldim.

Bəri başdan qeyd edim ki, məktubda razılaşdığım fikirlər də oldu, razılaşmadığım iddialar da. Razılaşdığım fikirlər əsasən innovativ tədbirlərin iqtisadi inkişafdakı rolları ilə bağlıdır. Mən də innovasiyalara qarşı çıxmır, iqtisadiyyatımızın yeniləşməsi üçün bunu hava və su qədər vacib sayıram. Bu mənada Mürvət Həsənli ilə aramızda heç bir fikir ayrılığı yoxdur.

Razılaşmadığım fikirlər isə KTN-nin apardığını elan etdiyi, öz təbirlərilə desək, “görülmüş sistemli tədbirlər”in innovasiya kimi təqdim olunmasıdır. Hörmətli Mürvət bəyə xatırlatmaq istəyirəm ki, hətta Kənd təsərrüfatı naziri İnam Kərimovun özü belə, Prezidentin qarşısındakı çıxışında kombayna GPS cihazı taxılmasını innovativ tədbir kimi təqdim etməkdən çəkinir, sadəcə müxtəlif yozumlara açıq olan ifadə ilə, “sistemli tədbirlər”in tərkib hissəsi olaraq göstərir. Siz isə nazirə qahmar çıxaraq bu işləri qeyri-adi innovativ tədbir adlandırırsınız. Əslində sizi başa düşürəm, görünür, kənd təsərrüfatı mütəxəssisi kimi naziri vəziyyətdən çıxarmaq üçün məntiqin bu qədər zorlanmasına ehtiyac hiss edirsiniz.

Halbuki, İnam Kərimovun Prezidentin qarşısındakı çıxışında sadaladığı faktların innovativ tədbirlər olmadığı gün kimi aydındır. İstəsəniz, gəlin bərabər, çıxardığım bu qənaətin əsaslarına nəzər salaq.

Bildiyimiz kimi, innovativ oldu olmadı, bütün tədbirlərin hansısa bir hədəfi olur. Həyata keçirilən tədbirlər müəyyənləşdirilmiş hədəfin reallaşmasına xidmət edirsə, onu uğurlu adlandırmaq mümkündür. Azərbaycanın taxılçılıq sektorunda isə əsas hədəfi ölkə başçısı Cənab İlham Əliyev  bu cür müəyyənləşdirib: “Biz özümüzü 100 faiz taxılla təmin etməliyik, 100 faiz. Qarşıya belə vəzifə qoyulur” (Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda İlham Əliyevin yekun nitqi).

Ölkə başçısının bu sözlərindən də göründüyü kimi dövlətimizin taxılçılıqda əsas hədəfi özümüzün ərzaq buğdasına tələbatını daxili resurslarımız hesabına 100% təmin etməkdir. O fikrinizlə razılaşıram ki, bu nihai hədəfdir və onu İnam Kərimovun nazir olduğu qısa zaman ərzində reallaşdırmaq mümkün deyil. Bunun üçün bəlkə də illər lazım olacaq. Amma gəlin, bununla da razılaşaq ki, nihai hədəfə çatmaq üçün qət edəcəyimiz yol düzgün seçilməsə, bizi müəyyənləşdirdiyimiz mənzilə apara bilməz. O halda sual meydana çıxır: İnam Kərimovun innovativ tədbirlər adlandırdığınız kombaynlara GPS taxmaq metodları ilə nə zamansa bu hədəfə çatmağımız mümkünmü?

Fikrimizcə, bu suala ən doğru cavabı taxıl idxalımızla bağlı rəsmi statistik məlumatlar verir. Ötən yazımızda da qeyd etdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycana 117,08 mln. ABŞ dolları dəyərində 518,704 min ton buğda idxal edilib və bu ötən illə müqayisədə həcmdə 27.5% (111,862 min ton), məbləğdə isə 65% (46,109 mln. Dollar) artım deməkdir. Deməli, İnam bəyin kombaynlara taxdığı GPS-lər bizi nəinki Prezidentin müəyyənləşdirdiyi hədəfə yaxınlaşdırmayıb, əksinə daha da uzaqlaşdırıb. Elədirsə, kombaynlara GPS deyil, təyyarə mühərriki taxsan belə, bu, həqiqi innovativ tədbir sayıla bilməz. Bunu anlamaq üçün iqtisadi ekspert olmağa belə gərək yoxdur. Nəinki mənim kimi ədəbiyyatşünas, hətta orta səviyyəli məktəb şagirdi də bu həqiqəti anlamaq təfəkkürünə malikdir.

Kənd təsərrüfatı naziri həmin çıxışında kombaynlara GPS taxmaqla Prezidentin müəyyənləşdirdiyi hədəfdən yayındığını özü də bilmədən etiraf edib. Zira o, sözügedən “innovativ tədbirlər”in iki məqsədə qulluq etdiyini deyib. Bunlardan biri biçini 20 gün əvvəl bitirmək, digəri isə məhsuldarlığı 2 s/ha artırmaqdır. Halbuki, Prezidentin müəyyənləşdirdiyi hədəfə çatmaq üçün taxılın həcmi yox, ərzaq buğdasına yararlı məhsul artırılmalı idi. Əks halda, dəyirmanlarının qəbul etmədiyi buğdanın məhsuldarlığını artırmaq itkilərin həcmini böyükməkdən başqa heç bir işə yaramaz. Necə ki, 2017-ci ildə istehsal edilən taxılın 274 min tonunun itkiyə getdiyini rəsmi statistik məlumatlar da təsdiqləyir. Bu isə Azərbaycanın ərzaq buğdası ehtiyacının hardasa 22-23%-i qədərdir. Keyfiyyət əvəzinə kəmiyyəti artırmaq, sözsüz ki, bu itkilərin həcmini də yüksəldə bilər.

Açığı, İnam Kərimovun bütün bunları nəzərə almadan aparmağa çalışdığı innovasiya siyasətləri adamda bəzi şübhələrə yol açır: Uzun illər Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsində işləmiş bu adam ya innovasiyanın nə olduğundan bixəbərdir, ya da yürütdüyü siyasətin hədəfə qulluq etmədiyini bilə-bilə Prezidenti və ictimaiyyəti aldadır. Üçüncü seçənəyin olmadığı bu ikivariantlı tənlikdə hansı cavabın cənab nazir üçün sərfəli olduğunu müyənləşdirməyi onun özünə və dostu Mürvət Həsənliyə buraxıram. Buyurun, özünüz qərar verin.

O ki qaldı hər kəsin öz bacardığı işlə məşğul olması barədə mənə tutulan irada, doğrusu, bu ittiham da məndən çox KTN-nin əməkdaşlarına yapışır. Ən azı ona görə ki, mənim doğru və ya yanlış iddialarımın aqrar sektorun inkişafına o qədər böyük zərəri dəyməz. Amma İnam Kərimovun Kənd təsərrüfatı naziri təyin olunduqdan sonra bu qurumda çalışanların böyük qismini ixtisaslarının aqrar sektorla yaxından-uzaqdan əlaqəsi olmayan şəxslərdən seçməsi aqrar sektorda ciddi narazılıqlar yaradır. Hər gün redaksiyamıza gələn məktublarda bu narazılıqlar açıq şəkildə dilə gətirilir, fermerlərə satılan toxumdan tutmuş, gübrələrə qədər bütün xidmətlərdən şikayətlər edilir. Kənd təsərrüfatı ilə məşğul olan insanlarımızın üz tutmağa, şikayətlərini bildirməyə ünvanları da yoxdur.

Bütün bunların hamısı isə  KTN-nin kadr siyasətindən qaynaqlanır. Böyük əksəriyyəti hüquqşünasdan, maliyyəçidən ibarət olan bu komandanın fermerlərin işini asanlaşdırmaq adı altında gündə bir idarə yaratmaqdan və onlara maraqlı adlar qoymaqdan başqa əlindən bir iş gəlmir. Yerində olmayan kadrlar içərisində ən diqqəti çəkən şəxs isə "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədri Anar Hüseynovdur. İlahiyyat fakültəsi məzunu olan bu adam barəsində Prezidentə yazdığım açıq məktubda uzun-uzadı bəhs etdiyindən bir daha deyilənləri təkrarlamaq fikrində deyiləm. Sadəcə onu bildirmək istəyirəm ki, Harvard kimi dünyanın ən məşhur universitetini bitirən İnam Kərimov özünü qətiyyən demokratik mühitdə yetişmiş şəxs kimi aparmır, hətta əlindəki imkanlardan faydalanaraq, onu tənqid edənləri susdurmağa çalışır. Daxili aləmindəki bu diktatorluğa meylliliklə onun hansısa sahəyə innovasiyalar gətirməsi də mümkün deyil. Çünki innovasiya ilk növbədə yenilik, müasirlik deməkdir. Köhnə təfəkkürlə yenilik qavramı isə bir araya sığmır.

Yeri gəlmişkən, onu da qeyd edim ki, dünyada qəbul edilən bütün innovativ tədbirlərin başlıca hədəflərindən biri də yoxsulluğu azaltmaq, kənd təsərrüfatı ilə məşğul olan insanların gəlir səviyyəsi artırmaq və aqrar sektorun  inkişafını təmin etməkdir. İnam Kərimovun hələ nazir təyin olunduğu dövrdə həyata keçirdiyi ilk tədbir aqrar sahədə ixtisaslaşmış böyük şirkətlərin iştirakı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurası yaratmaq oldu. “Azərsun Holding”, “Pasha Holding”, “Gilan Holding”, “CTC Holding”, “AS Group İnvestment”, “Modern Group”, “Agrarco”, “AzProtein Foods Group”, “Səba Qrup” şirkətlərinin təmsil olunduğu bu qurumla faktiki aqrar sektorda monopolist fəaliyyətlər legitimləşdirildi. Bu isə aqro-innovasiyaların əsas hədəflərindən (yoxsulluğu azaltmaq, kənd təsərrüfatı ilə məşğul olan insanların gəlir səviyyəsi artırmaq və aqrar sektorun  inkişafı) yayınmaq deməkdir.

Sonda Mürvət Həsənliyə bir məsləhət vermək istərdim. Sizin qahmar çıxmağa çalışdığınız bu adam göstərdiyiniz fədakarlığa dəyməz. Bu, həmin adamdır ki, bir zamanlar ona təhsil verdirən Əli İnsanova indi ən ağır ifadələrlə qarşı çıxır. Onu boğazına kəndir salıb intihar etməyə çağırır. Bu həmin adamdır ki, öz yaxın dostunu mənimlə bir neçə dəfə çay içdiyi üçün işdən çıxardır. Bununla da kifayətlənməyib, onun cəmi bir neçə aylıq fəaliyyətini yoxlatmaq üçün komissiya təşkil etdirir. Halbuki, həmin şəxs məni onun barəsində tənqidi yazı yazmaqdan ən azı 3 ay ləngitmişdi. Sonunda içimdə yığılmış etirazım onunla birlikdə içdiyimiz bir stəkan çayın 40 illik xətrinə üstün gəldi və mən Prezidentə məşhur məktubumu yazdım. Bədəlini isə mənimlə çay içən  dostuna ödətdirdi. Bitə əsəbiləşib yorğanı yandırmaq məntiqindən doğan bu anlayışa heç Stalin represiyaları dövründə də rast gəlmək mümkün deyildi. 

İnam Kərimovun öz dostuna etdiyi bu haqsızlığını heç doğma əmisini vəhşi balıqlara yem edən Şimali Koreya diktatoru  Kim Çen İnin davranışları ilə də müqayisə etmək olmur. Ən azı ona görə ki, həmin əminin hansısa kiçik səhvi, xəyanəti vardı. Kənd Təsərrüfatı nazirinin bir jurnalistlə çay içdiyi üçün cəzalandırdığı dostunun günahı isə hansısa məqalənin qələmə alınmasının qarşısını ala bilməməsi idi. Yəni “suç” dostundan yox, özgədən qaynaqlanırdı.

Bir sözlə, Siz də öz nazirinizdən ehtiyatlı olsanız, məsləhətdir.  

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 113          Tarix: 7-08-2019, 01:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma