Xəbər lenti

 

 

“Mövcud hakimiyyət Azərbaycanın torpaq bütülüyü və suverenliyi sahəsində yürütdüyü təslimiyyətçi mövqeyi ilə ölkənin idarə olunmasındakı bütün mənəvi və siyasi hüququnu itirib”.

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov Paşinyanın Xankəndindəki çıxışını şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Ermənsitan Baş nazirinin sülh danışıqları ilə bağlı fikirləri rəsmi Bakının indiyədək yürütdüyü Dağlıq Qarabağ siyasətinin ifşasından başqa bir şey deyildi:

“Paşinyan açıq şəkildə bəyan edib ki, Yerevanın Dağlıq Qarabağ danışıqlarında yürütdüyü diplomatiyanın yekun məqsədi “miatsumdur”. Yəni Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi. Bu isə indiki hakimiyyətin iqtidara gəldiyi gündən yürütdüyü siyasətin iflasıdır və xalqın şirin vədlərlə aldadıldığını sübuta yetirir. Belə çıxır ki, Azərbaycan hakimiyyəti 27 ildir öz “sülhpərvər” mövqeyi ilə ermənilərin Dağlıq Qarabağı özününküləşdirmək və işğalı legitimləşdirmək siyasətinə qulluq edib. Halbuki, AXC-Müsavat hakimiyyətini devirib iqtidarı ələ keçirəndə xalqa sülh yoluyla Dağlıq Qarabağın işğaldan azad olunması vədi verilmişdi. Əliyev rejimi təbii sərvətlərimizi sataraq hərbi cəhətdən güclənəcəyini və bundan sonra torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarına başlayacağını bildirirdi. Adına “Əsrin müqaviləsi” dedikləri neft müqavilələri bağlandı, Azərbaycan xalqının gələcək nəsillərinin də haqqı olduğu sərvətlərimiz dəyər-dəyməzinə xaricə satıldı. Əvəzində isə nə xalqımızın günü-güzaranı dəyişdi, nə də işğal altında olan topaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlar keçirildi”.

Yalançı vətənpərvərlik təbliğatı məqsədilə göstərilən təkəm-seyrək əzələ nümayişlərinin isə kasıb ailələrinin gənc övladlarını itirməkdən başqa heç nəyə yaramadığını bildirən partiya sədri bildirib ki, Paşınyanın məlum çıxışından sonra zərrə qədər vicdanı olan istənilən hakimiyyət ən sərt tədbirlərə əl atardı: “Çünki bu çıxış Azərbaycana qarşı açıq müharibə elanı idi. Kim olsa, bu təcavüzkar çıxışa adekvat cavab verərdi. Bizimkilər isə təcavüzə sükutla cavab verməyə çalışır, erməni rəhbərlərini şou göstərməkdə ittiham edirlər. Ataların bir sözü var: “Adam yağmasa da, heç olmasa guruldayar”. Bunlar düşmən qarşısında heç guruldamaq əzmi də göstərə bilmirlər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik şurasının katibinin Xocalıda anadan olduğunu xatırladan İlyas İsmayılovu ən çox təəccübləndirən isə hörmətli Ramil Usubovun bu məsələlərə laqeydliyidir: “Onun yerinə olsam, bir an belə sakit dayanmaz və şəxsi nüfuzumdan istifadə edib Azərbaycanın hərbi qüdrətini Dağlıq Qarabağın işğaldan azad olunmasına yönəldərdim. Ümidvaram ki, Ramil Usubov da bununla uğraşır və yaxın günlərdə Azərbaycan siyasi iradəsi özündə hərbi əməliyyatlara başlamağa güc tapacaqdır”.




Ana səhifəyə qayıt        Baxış: 1 774          Tarix: 7-08-2019, 11:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma