Xəbər lenti

  

Ermənistandakı 102 saylı rus hərbi bazası kəşfiyyatçılarının hərbi-taktiki təlim keçirməsi bizdə də müəyyən nigaranlığa səbəb olub. Bu, nigaranlığın səbəbi isə iki il əvvəl həmin hərbi hissə ilə bağlı rus rəsmilərinin verdiyi bəyanatlardır.

Ovqat.com xatırladır ki, 2017-ci ilin payızında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistandakı 102-ci hərbi bazanın İŞİD-lə mübarizə aparmaq üçün hazırlaşdığını bəyan etmişdi. Bunun ardınca Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin faktiki olaraq öz nazirini təkzib edən açıqlama ilə ortalığı qarışdırmışdı. Volikin açıqlamasında nazirin səfirdən çox bildiyini etiraf etsə də, 102-ci hərbi hissənin təyinatı ilə bağlı sensasion məlumat verərək demişdi:

"Hərbi baza Ermənistanın təhlükəsizliyini təmin etmək, həmçinin digər məsələlərin həlli üçün burada mövcuddur. Yəqin ki, hər hansı qarşılıqlı razılaşma əsasında hərbi baza genişləndirilə bilər”.

Onu da xatırladaq ki, səfirin bu sözlərindən əvvəl Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan bildirmişdi ki, rəhbərlik etdiyi hərbi birləşmə Dağlıq Qarabağdakı əməliyyatlara da qoşula bilər: “Hətta bunu Putinin göstərişi olmadan belə, həyata keçirmək iqtidarındayıq”.

2 il əvvəl verilən bu bəyanatlardan sonra bu gün 102-ci hərbi hissənin 500-dən artıq hərbi qulluqçu, 100-dən çox hərbi texnika ilə təlimlərə başlaması istər-istəməz ağıllara müxtəlif suallar gətirir. Üstəlik, bütün bunların Paşinyanın Xankəndindəki məlum çıxışından sonra baş verməsi də təsadüfə bənzəmir.

Olmaya, Rusiya bizə hansısa mesajlar vermək istəyir?

 

Sualımızı cavablandıran AMİP sədri Arzuxan Əlizadə son zamanlar Ermənistan rəhbərliyinin məsuliyyətsiz çıxışları və Azərbaycan rəsmilərinin buna adekvat reaksiya verməməsi həqiqətən də vətəndaşlarda ciddi suallar yaradır:

“Belə təəssürat yaranır ki,  Azərbaycan zorla II Qarabağ savaşına sürüklənir. Rəsmi Bakının bütün ehtiyatlı davranışlarına baxmayaraq, erməni həyasızlığının artması gözlənilməz nəticələrə yol aça bilər”.

ABŞ-ın basqıları ilə son zamanlar ağır iqtisadi vəziyyətə düşən Rusiyanın yeni konfliktlər yaratmağa və ya əvvəlki konfliktləri yenidən alovlandırmağa ehtiyac hiss edə biləcəyini bildirən partiya rəhbəri fikrini belə əsaslandırdı:

“Adətən güclü dövlətlər yaşadıqları iqtisadi böhrandan çıxmaq üçün süni problemlər yaradır, bir çox hallarda isə özündən zəif bildikləri dövlətlərə hərbi müdaxilə edirlər. Bununla da qəzəblənmiş vətəndaşlarının başını yalançı vətənpərvər şüarlarla qatmağa və təhdid etdikləri ölkəni soymaqla iqtisadi vəziyyətlərini qismən düzəltməyə çalışırlar. Bu gün ağır iqtisadi durumda olan Rusiya da bu cür təxribata gedə bilər”.

Azərbaycanın Qərb üçün strateji əhəmiyyət daşıdığını bildirən A.Əlizadə xüsusilə ölkəmizdən çəkilən trans-milli enerji xətlərinin Rusiyanın maraqlarına xidmət etmədiyinə inanır:

“Qərbin enerji strateqləri bu kəmərlərin Rusiyanın qlobal neft-qaz strategiyasına qarşı olduğunu gizlətməyiblər. TANAP, TAP, Cənub Qaz Dəhlizi, Bakı-Ceyhan xətti kimi trans-milli layihələrin başlıca məqsədlərdən biri də Avropanı rus enerji monopoliyasından azad etməyə yönəlib. Mümkündür ki, Rusiyaya bu layihələrin işini dayandırmaq  üçün bəhanəyə ehtiyacı olsun. Məhz bu baxımdan həm Ermənistan, həm də İvanişvili ilə öz orbitinə daxil etdiyi Gürcüstan vasitəsilə Azərbaycanın əsəblərinə toxunan addımlar atılır. Rəsmi Bakının indiyə qədərki təmkinli siyasəti də bu təxribata getməmək ola bilər”.

Bütün bunlara baxmayaraq, rəsmi Bakının Azərbaycanın suverenlik haqlarına təcavüz etməyə çalışan qüvvələrə laqeyd qalmasıyla barışmayan Arzuxan Əlizadə ölkə rəhbərliyini düşünülmüş və adekvat addım atmağa çağırır.

 

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Ermənistandakı 102 saylı rus hərbi hissəsinin bizi hədəfə aldığına və ya hansısa mesaj verdiyinə inanmır:

“Ola bilsin ki, bu təlimlər İran və ya Suriya ətrafında baş verən hadisələrə hazırlıq məqsədilə keçirilir”.




Ana səhifəyə qayıt        Baxış: 1 309          Tarix: 9-08-2019, 15:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma