Xəbər lenti
17-08-2019, 16:20

  

Aqroinkişafın «tarix öncəsi»

 

2015-ci ildə dünya bazarında neftin qiymətlərinin kəskin düşməsinin ardından qısamüddətli şok yaşayan Azərbaycan hökuməti radikal addımlar atmağa qərar verdi. Bu qərar Prezident İlham Əliyevin dilindən rəsmən səsləndirildi. 12 Fevral 2016-cı ildə Almaniyada işgüzar səfərdə olan Prezident Azərbaycan üçün artıq neft erasının bitdiyini və postneft dövrünün başladığını elan etdi.

Ölkə başçısının bu bəyanatından sonra iqtisadiyyatımızda yenidənqurma fəaliyyətlərinə start verildi. Yeni iqtisadi prioritetlərin rəsmən elan olunduğu Almaniya səfərindən cəmi bir ay sonra — 2016-cı il 16 mart tarixində  «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri» adlı sənəd hazırlandı. Sənəddə iqtisadiyyatımızın on bir əsas sektoru üzrə Strateji yol xəritələrinin layihələrinin hazırlanması nəzərdə tutulurdu. Yerli və xarici mütəxəssislərin hazırladığı Strateji yol xəritələrində əsas diqqətin yönəldiyi sahələrdən biri isə kənd təsərrüfatı sektoru oldu.

 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən «Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi»ndə qarşıya qoyulan 9 strateji hədəfin reallaşması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 190 milyon manat vəsait ayrıldı ki, bunun da böyük bir hissəsi fermer təsərrüfatlarına verildi. İqtisadi böhran keçirdiyimiz bir zamanda Azərbaycan hökumətinin aqrar sektorun inkişafına yüz milyonlarla manat vəsait ayırması bu sahəyə nə qədər önəm verildiyinin göstəricisidir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Strateji Yol Xəritələrində hədəf kimi qarşıya qoyulan inkişaf mərhələləri 3 dövrə bölünür. İqtisadi sektorların formalaşması və fəaliyyətə başlamasını əhatə edən ilk mərhələ 2016-2020-ci illəri əhatə edir. İndi isə 2019-cu ilin ikinci yarısıdır. Deməli, qeyri-neft sektorunun fundamental quruculuğunun tamamlanması üçün nəzərdə tutulan son müddətə o qədər də çox zaman qalmayıb.

Bəs, kənd təsərrüfatı sahəsində qarşıya qoyulan hədəflər nə dərəcədə uğurla həyata keçirilib?

 

İxrac «çempionu„muz — ‚Qırmızı qızıl‘

Fikrimizcə, bu suala ən yaxşı cavab idxal-ixracımızla bağlı rəsmi statistik məlumatlarda gizlidir. Statistik məlumatlar isə  aqrar sektorun bir sıra sahələrinin qeyri-neft ixracımızda ön plana çıxdığını göstərir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı„na əsasən, bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı  (74,9 milyon ABŞ dolları) isə ikinci olub. İxracatımızda ilk iki sıranın kənd kənd təsərrüfatı məhsullarının tutması qarşıya qoyulan hədəfə addım-addım yaxınlaşdığımızdan xəbər verir. Əsas gəlir mənbəyimiz isə pomidor istehsalıdır. İxrac “çempionu„muzun bu yarışda ikinci yeri tutan pambıqçılığı 2 dəfəyə yaxın geridə qoymasının nəticəsidir ki, bəzi mütəxəssislər onu Azərbaycan iqtisadiyyatının ‚qırmızı qızılı‘ adlandırırlar.

Bu ilin ixrac “çempionu» olan pomidor istehsalçıları ötən illərdə də işgüzarlıqları ilə seçilib və Prezident İlham Əliyevin təqdirini qazanıblar. Strateji Yol Xəritələrinin elan olunduğu 2016-cı ildən cəmi bir il sonra keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının səsləndirdiyi bu sözlər də fikrimizi təsdiqləyir:

«Bu gün qeyri-neft sektorunun ən çox gəlir gətirən sahəsi pomidor ixracıdır. Səkkiz ayda bu sektor ölkəyə 128 milyon dollar gətirib və 59 faiz artım var».

2018-ci ildə pomidor istehsalçılarının uğurları daha böyük olub. Statistik məlumatlara görə, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycan 144 mln. 672 min dəyərində 141 min 204 ton pomidor ixrac edib.  Bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə miqdarda 6,9%, dəyərdə isə 12,3% artım deməkdir. 2019-cu ilin məhsul mövsümünün yekunları barədə rəsmi statistik rəqəmlər açıqlanmadığından «qırmızı qızılçı„larımızın cari mövsümdə nə qədər irəlilədikləri barədə qəti fikir bildirə bilmirik. Hələ ki, 138 milyon dollarlıq ixrac gücüylə ötən ilin göstəricilərinə böyük ölçüdə yaxınlaşan fermerlərimizin bu ili də iqtisadi artımla başa vuracağına isə şübhə olunmur.

Bəs pomidor istehsalçılarımızın bu uğurlarının sirri nədədir və onların böyük zəhmət hesabına gördükləri işlərdən Azərbaycan kəndləri necə faydalanır?

 

Kürdəmiri Kürün "qırmızı qızılı"na çevirən müəssisə

Bu suala cavab axtarmaq üçün Kürdəmirdə fəaliyyət göstərən ‚Kurdemir Agro‘ MMC-ni ziyarət etdik.

Rayonun Muradxan kəndi ərazisində fəaliyyət göstərən ‚Kurdemir Agro‘ müəssisəsi 5 hektar ərazidə pomidor istixanası qurub. Müasir texnologiyalarla qurulan istixana ötən il ərsəyə gətirilib. Türkiyəli işadamları İsmayıl Çağlayan  və Səlçuk Çağlayanla həmyerlimiz Zaur Əmirovun birlikdə yaratdıqları istixananın 70-dən çox işçisi var. Gələcəkdə yeni sektorlara da investisiya qoymağı düşünən sahibkarlar işçilərin sayını bir neçə dəfə artırmağı planlaşdırırlar.

 

 Hər gün səhər tezdən xüsusi servis avtobusları ilə işə gətirilən işçilər 8 saatlıq iş rejimdən sonra yenə avtobuslarla evlərinə aparılır. İşçilər istixanda səhər və günorta yeməklə təmin olunurlar və maaşlarından da narazı deyillər. 300 manatdan 1500 manata qədər dəyişilən əmək haqları vaxtı-vaxtında bankomat kartı ilə verilir. Hər il yığım sezonu bitdikdən sonra bir ay məzuniyyətə göndərilirlər. Məzuniyyət zamanı da aylıq maaşlarını alırlar.

İstixananın işçilərinin bir çox sosial qayğıları da idarə rəhbərliyi tərəfindən qarşılanır. Xeyir-şər zamanı işçilər əlavə müavinətlər alır, bəziləri yaşayış yerləri ilə təmin olunurlar. Ölkənin müxtəlif istixanalarda iş təcrübəsi qazanmış işçilərdən bəziləri müəssisənin hesabına Kürdəmirdə evlə təmin olunublar. Müəssisə qonaqpərvərliyi də seçilir. Kürdəmirin mərkəzində ikimərtəbəli ev kirayəyə götürərək, işgüzar səfərə gələn qonaqlarını bu evdə ağırlayır.

 

Şəkildə: Müsəssisənin təsisçisi Zaur Əmirov iş başında

 

İlan mələşən torpaqlarda cənnət vahəsi

‚Kurdemir Agro‘-nun rayon əhalisinin işlə təminatında mühüm rol oynadığı işçilərin etirafından da aydın olurdu. İşsizliyin getdikcə artdığı indiki zamanda Kürdəmirdə 70-dən çox ailənin ən müasir avadanlıqlarla təchiz olunmuş bir müəssisədə çörək pulu qazana bilməsi, sözsüz ki, iqtisadiyyatımızla yanaşı, rayonun sosial həyatına da böyük töhfələr verir. Müəssisə rəhbərlərinin bildirdiyinə görə, rayondakı fəaliyyətləri yalnız istixana ilə bitmir. 500 hektara yaxın torpaq ərazisində müxtəlif işlər qurmağa çalışan  ‚Kurdemir Agro‘ ötən yığım mövsümündə taxılçılıqla da məşğul olub. Gələcəkdə isə kahı istehsalına və heyvandarlığa yönəlməyi planlaşdırır.

 

Şəkildə: ‚Kürdemir Agro"nun «qırmızı qızıl» qızları

Müəssisəni ziyarət etdiyimiz vaxt yığım mövzümünün sonuna təsadüf etdiyindən işçilərin əksəriyyəti məzuniyyətdə idilər. İstixanada hələ də işləyən işçilər bizi gülərüzlə qarşılayıb fəaliyyətləri ilə tanış etdilər. Açığını desəm, hər il yay aylarına günəşin qovurduğu Kürdəmirdə bu qədər səliqəli, müasir avadanlıqlarla təchiz olunmuş istixana ilə qarşılaşacağımı təxmin etmirdim. «Kurdemir Agro»-nun bu istixanası qızmar günəş altında qovrulan rayonun cənnət vahəsi təsiri bağışlayırdı. Bizim bir çox dövlət müəssisələrinin mərkəzi ofisindən təmiz olan bu gözəlliyə təəccüblənsəm də, işçilər səliqə-sahmanın sirrini açıqladılar:

«Müasir texnologiya ilə pomidor istehsalı təmizkarlığı sevir. Xarici mühitdən istixanaya gətirilən yad maddələr müxtəlif bakteriyaların yayılmasına səbəb ola bilər. Odur ki, istixananı bacardığımız qədər təmiz tutmalıyıq».

  

Aranın ən təmiz suyu

Məni ən çox təəccübləndirən isə istixananın girişində qurulan sutəmizləmə sistemləri oldu. İstixananın operatoru Turqut Əliyevin bildirdiyinə görə, müəssisədə məhsullar 3 dəfə təmizləmiş su ilə yetişdirilir:

«Suyu Kürdən ayrılan Sabir kanalından alırıq. Əvvəl onu bir hovuzda saxlayır və içərisindəki qumun çökməsini təmin edirik. Daha sonra bu su digər hovuza vurulur. Burada da bir az saxladıqdan sonra Osmos sutəmizləmə sisteminə nəql olunur. Beləcə istidafə edəcəyimiz sudakı üzvi maddələrin 90%, qeyri-üzvi duzların isə 98-99%-i aradan qaldırılır».

 

Turqut bəy nəinki pomidorların, hətta özlərinin də bu sudan içdiklərini bildirdi.  

Növbəti iş mövsümünün sentyabrda başlayacağını bildirən operator bizi istixana ilə daha yaxından tanış etmək üçün müəssisəni gəzdirdi. İstixananın ortasından yanlara doğru uzanan, eni və hündürlüyü böyük kibrit qutusuna bənzəyən və üzərində yumru deşiklər olan ağ  qutular torpağı əvəz edir. Bu «torpaq» Şri-lankadan gətirilir. İçərisinə pomidor toxumu basdırıldıqdan sonra istixana boyu düzülür. Osmos sutəmizləmə cihazında arınmış suyla cücərdilən məhsullar çiçəklənmə dövründə xüsusi arılarla tozlandılır. Bu arılar Türkiyədən gətirilir. Tozlandıqdan 3 aydan sonra məhsul yetişir. Mövsüm boyu hər kol 17 ədəd pomidor verir.

 

5 hektarlıq ərazidən nə qədər məhsul aldıqları ilə maraqlandım. Turğut bəyin bildirdiyinə görə, ötən məhsul mövsümündə 5 hektarın hamısında pomidor yetişdirməyiblər. Ərazinin 1 hektarını çiyələyə ayırıblar. Dolayısıyla, pomidora düşən 4 hektarda 1200 ton məhsul almaq mümkün olub. Növbəti mövsümdə isə bütün sahədə pomidor əkməyi planlaşdıran müəssisə məhsulu 1500 tona çatdırmağı planlaşdırır. Məhsullarını isə Rusiyaya satırlar.

 

Nəzərə alsaq ki, ölkəmiz 2018-ci ilin 9 ayı ərzində 144 mln. 672 min dollar dəyərində pomidor ixrac edib, «Kurdemir Agro»-nun qarşıya qoyduğu bu hədəf cari ildə ümumi ixracımızın 1%-nə bərabər olacaq. Sadəcə 5 hektardan bu qədər məhsul götürmək mümkündürsə, Azərbaycanda bu cür istixanaların sayı niyə artırılmır? Axı, necə olsa, qarşımızda Rusiya kimi böyük tələbat potensialına malik bazar var və Qərbin sanksiyalarına məruz qaldığından bu bazarda böyük rəqabət də mövcud deyil.

 

Bu sualımı çiynini çəkməklə cavablandıran Turqut bəyin köməyinə müəssisənin təsisçilərindən olan Zaur Əmirov yetişir:

-Əvvəla, sizin «Rusiya bazarında ciddi rəqabət yoxdur» fikrinizlə razılaşmıram. Rusiya da artıq 2015-ci ildəki ölkə deyil. İqtisadi sanksiyalara məruz qaldıqdan sonra bu ölkə də öz aqrar potensialını fəaliyyətə keçirməyə başladı. Son zamanlar Dağıstan, Krasnodar və digər cənub vilayətlərində böyük istixanalar salınıb. Yəni Rusiya bazarında rəqabət aparmaq, dediyiniz kimi, o qədər də asan məsələ deyil.

İkincisi, Azərbaycanda ərazi olaraq bizdən dəfələrlə böyük  istixanalar var. Amma onların hamısının məhsuldarlığı və məhsul keyfiyyəti eyni deyil. Bizdən daha əvvəl yaranan bəzi istixanalar Rusiya bazarındakı rəqabətə duruş gətirə bilmirlər. Biz isə, şükür Allaha, Prezidentimizin fermerlərə bəslədiyi bu etimadı az-çox doğrultduq«.

Qarşımızda başarısından qürurla danışan həmsöhbətimizə ikinci sualı yönəldirik:

-„Kurdemir Agro“ bu nailiyyətini kimə və nəyə borcludur?

(ardı var)

Məmməd Tahir

Şair-publisist, AYB üzvü

Moderator.az




Ana səhifəyə qayıt        Baxış: 453          Tarix: 13-08-2019, 23:05      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent