Xəbər lenti

  

Novruz Məmmədovun Baş nazirliyi uzun sürmədi. Son prezident seçkilərindən sonra Nazirlər Kabinetində ən yüksək vəzifəyə gətirilən artıq sabiq Baş nazirimizin bu təyinatı hər kəsi, “Space” telekanalına verdiyi müsahibəsində dilə gətirdiyi etiraflarından da anlaşıldığı kimi onun özünü də təəccübləndirdi. İnsafən, indiyə qədərki Baş nazirlər içərisində ən təmiz dövlət adamı kimi tarixə düşən N.Məmmədovun bir çoxlarımızın bilmədiyi başqa xüsusiyyətləri də varmış. Və bu xüsusiyyət onu dünyanın qədərini dəyişən ABŞ prezidenti Ronald Reyqan ilə eyniləşdirir. Təəccübləndinizmi? Yox, qətiyyən təəccüblənməyin. Bunun əvəzinə, ötən ay qələmə aldığımız yazını sona qədər oxuyun!

***

Bu ilin aprel ayında Vladimir Zelinskinin Ukrayna prezidenti seçilməsi bir çoxlarını təəccübləndirdi. Çünki Zelinski siyasi səhnədən çox, kino səhnəsində tanınırdı. O, seçkidən əvvəl "Kvartal 95" və "Xalqın xidmətçisi" seriallarında rol almış, dolayısıyla öz gələcək obrazını ilk əvvəl kinoda yaratmış bir aktyordur. Xüsusilə "Xalqın xidmətçisi" serialında Ukrayna prezidenti roluna çəkilmiş və qısa müddətdən sonra prezident seçkilərinə qatılmışdı. Ukrayna xalqı da ona səs vermiş və başarılı bir aktyoru prezidentlik kürsüsünə oturtmuşdu. Odur ki, Zelinski hakimiyyətə gələndə hər kəsi ən çox bir sual maraqlandırırdı: Əcəba, o, prezident kimi də başarılı ola biləcəkmi? Yaxud, klassik Azərbaycan təfəkkür tərzi ilə desək, aktyordan da heç prezident olar?

 

Maraqlıdır ki, V.Zelinskinin aktyorluqdan siyasi liderə yüksəlməsi bu sahədə ilk nümunə də deyil. Ondan hardasa 47 il qabaq dünyanın ən qüdrətli ölkəsində - ABŞ-da prezidentlik kürsüsünə yüksələn də elə aktyor olmuşdu. 1981-ci ildə ABŞ prezidenti seçilən Ronald Reyqan 1989-cu ilə qədər bu vəzifəsini qoruya bilmişdi. İki dəfə dalbadal eyni vəzifəyə seçilməsi, sözsüz ki, onun başarısından xəbər verirdi. Üstəlik, aktyor olduğu üçün rəqibləri tərəfindən aşağılanan, prezidentlik kürsüsündə də özünü teatr səhnəsindəki kimi aparmaqda ittiham olunan Ronald Reyqan ABŞ-ın ən uğurlu siyasi lideri kimi adını tarixə yazdırmağı da bacarmışdı. Onun hakimiyyəti dövründə ABŞ-ın ən qorxulu düşməni SSRİ ağ bayraq qaldırmış və dağılma prosesinə qədəm qoymuşdu. Xalqlar həbsxanasına çevrilən bu nəhəng imperiyanın çöküşü barədə müqavilə kimi tarixə düşən və 1985-ci ildə Cenevrədə imzalanan “Silahsızlandırma” sazişində iki nəfərin imzası vardı – Ronald Reyqanın və Mixail Qarbaçovun.

 

Ən qəribəsi odur ki, Zelinskinin siyasi başarısı barədə qəti fikir söyləmək hələlik tez olsa da, aktyorluq qabiliyyətinə görə o, Ronald Reyqandan nəinki geri qalmır, əksinə sələfini üstələyir. Hər halda indiki vəzifəsinə seçilməmişdən əvvəl Zelinskinin “Xalqın xidmətçisi” teleserialında Ukrayna prezidenti rolunu olduqca uğurlu şəkildə canlandıra bildiyini bütün incəsənət adamları etiraf edirlər. ABŞ-ın ən uğurlu prezidentlərindən biri kimi tarixə düşən Ronald Reyqan barədə isə eyni sözləri demək çətindir. Məlumata görə, “United Artists” film şirkətinin 1964-ci ildə çəkdiyi  “Ən yaxşı kişi”  ("The Best Man”) adlı filminə ABŞ prezidenti rolu oynayacaq aktyor seçilərkən, namizədlərdən biri də dövrün məşhur aktyoru Ronald Reyqan idi. Ancaq film şirkəti sınaqlardan sonra bu rolu Reyqana layiq görmür. Arqumentinə isə, yəqin ki, təəccüblənəcəksiniz: "Reyqanda prezident rolu oynayacaq tip və qabiliyyət yoxdur”.

 

“United Artists”-in sınaqlarından çıxmağı bacarmayan Reyqan iki ildən sonra – 1966-cı ildə Kaliforniyada bələdiyyə seçkilərinə qatılır və əyalət sakinlərinin rəğbətini qazanaraq vali seçilir. 1970-ci il seçkilərində də rəqiblərini geridə buraxaraq, yenidən eyni vəzifəsini davam etdirir. 10 ildən sonra isə ABŞ xalqının sınağından uğurla çıxarır və prezident seçilir.

Yeri gəlmişkən, Kaliforniya ştatı 2003-cü ildə də başqa bir aktyoru özünün valisi edir. Söhbət məşhur “Terminator” filminin baş qəhrəmanı rolunu oynayan Arnold Şvarseneggerdən gedir. Bir zamanlar Oskar tərəfindən ən pis aktyor adına layiq görülən Şvarsenegger də iki dəfə ard-arda vali seçilərək Kaliforniyanı 2011-ci ilə qədər idarə edir. Onu sələfi Ronald Reyqanın uğurlarını təkrarlamaqdan sadəcə bir xüsusiyyəti məhrum edir: Avstarliyada doğulması. ABŞ qanunvericiliyi prezident seçilmək üçün bu ölkədə doğulmaq şərti qoymasaydı, yəqin ki, Şvarsenegger də bu yüksək vəzifəyə yüksələ bilərdi. Bunu onun özü də etiraf edib və siyasi hüquqlarını məhdudlaşdırdığına görə, ABŞ qanunvericiliyindən narazı qalmadığını da gizlətməyib: “Bütün bunlara baxmayaraq, mən qazandığım hər şeyi ABŞ-a borcluyam”.

 

Dünyanın digər aktyor siyasi liderlərinə daha artıq yer ayrımadan sözümüzün mustafasına gəlmək istəyirik. Siz bilirsinizmi ki, Ukrayna prezidenti Vladimir Zelinskinin öncüllərindən bir də azərbaycanlıdır? Daha doğru ifadə ilə desək, Ukraynadan qabaq Azərbaycanın da bir aktyor tərəfindən idarə olunduğundan xəbəriniz varmı?

Yox, yox, qətiyyən ağlınıza başqa fikirlər gəlməsin. İddiamızla nəyəsə eyham vurmur və sözün müstəqim mənasını nəzərdə tuturuq. Burada söhbət Azərbaycanın Baş nazirindən gedir - bəli, Novruz Məmmədovdan.

 

Bu yaxınlarda “Space” telekanalına verdiyi müsahibəsində cənab N.Məmmədov dünyaya şanslı adam kimi gəldiyini və bəxtinin xüsusilə müstəqillik dövründən sonra açıldığını etiraf etmişdi. Doğrudan da Azərbaycan müstəqillik qazanandan sonra Cənab Novruz Məmmədovun da siyasi karyerində böyük bir dönüş yaranır: onun bir çox keyfiyyətləri üzə çıxır və bacardığı bütün sahələrdə iri addımlarla irəliləyir. Adi tərcüməçidən dekana, daha sonra isə Prezident yardımçısına çevrilən Novruz Məmmədov 2017-ci ildə Baş nazir postuna gətirilir. Konstitusiyaya görə, hökumət kabinetinin rəhbəri Baş nazir olduğunu nəzərə alsaq, bu, Novruz müəllimin 41 yaşlı Zelinskidən ən azı iki il əvvəl  ölkəsini idarə edən əsas şəxs olduğu mənasına gəlir.

Sual edə bilərsiniz: Novruz Məmmədovun siyasi idarəçilik təcrübəsindən başqa Zelinskiylə daha hansı ortaq tərəfləri var?

Qulağınıza inanmayacaqsınız: əlbəttə aktyorluğu. Bilirsinizmi ki, müstəqillik illərində lentə alınmış ilk kino nümunələrimizdən olan “Fransız” bədii filmində aktyor kimi iştirak edənlərdən biri də Novruz Məmmədovdur? Cənab Baş nazir filmdə təkcə aktyor kimi yer almayıb, həm də onun məsləhətçisi olub. İnanmırsınızsa, yazıda təqdim olunan filmin 1.20-ci və 7.17-ci dəqiqəsinə baxa bilərsiniz.

 

Filmdə Novruz Məmmədov Fransa səfirinin nümayəndəsi rolunda iştirak edir və epizodik olaraq görünür. Buna baxmayaraq, onun bu rolu filmdəki digər aktyorlar qədər, hətta daha uğurla oynadığını söyləməmək də haqsızlıq olardı. Rolun epizodik olması da sanki ilahi əlamətin göstəricisidir. Zira Baş nazir Novruz Məmmədov da öz siyasi vəzifəsini digər həmkarlarından fərqli olaraq epizodik yerinə yetirir.

Baş nazirimizin məsləhətçisi və aktyoru olduğu filmin məzmunu ilə bugünkü Azərbaycan reallığı arasındakı bənzərliyə gəlincə... Gəlin, qəti fikir bildirmədən əvvəl filmin məzmununa, sonra isə Novruz Məmmədovun idarəçiliyində yer aldığı Azərbaycanımızın bu gününə nəzər salaq. Subyektivizmə yuvarlanmamaq üçün filmin məzmunu barədə özümüz nəsə söyləmədən, əsər müəlliflərinin rəsmi tanıtımını təqdim edirik:

Film Avropadan qayıdandan sonra öz milli adət-ənənələrimizə yuxarıdan aşağıya baxan həmvətənlərimiz haqqındadır.

Əlibala (Fərman Şəkili) azərbaycanlı olduğunu danır, fransızca danışmağa başlayır. Onu yola gətirmək üçün hər yola müraciət edirlər, bir xeyri olmur. Sonradan məlum olur ki, Əlibala hələ sünnət olunmayıb. Məcburi sünnət elədikdən sonra Əlibala çevrilib olur müsəlman, azərbaycanlı”.

(Qaynaq: https://az.wikipedia.org/wiki/"Fransız"_(film,_1995))

 

Nə yazıq ki, Novruz Məmmədovun idarə etdiyi Azərbaycan da bu gün öz milli adət və ənənələrimizə yuxarıdan aşağı baxmaq sindromu ilə üz-üzədir. Yağışdan sonra artan rus dilli məktəblər reytinq baxımından öz ana dilli məktəblərimizi xeyli geridə qoyur. Özgələşmə prosesi hətta uşaq baxçalarımıza qədər siraət edib. Körpə uşaqlarımız belə, evlərində anaları ilə də ya rus, ya da ingilis dilində danışırlar. Musiqi sənətimiz, ədəbiyyat nümunələrimiz və digər milli mədəni irslərimiz tədricən sıradan çıxarılır. Gənclərimizdən işə qəbul sırasında tələb olunan ən mühüm özəllik rus və ingilis dillərini bilmələridir. Onların doğma dilində danışa bilməməsi isə ümumiyyətlə problem kimi görülmür.

Bir sözlə, Novruz Məmmədovun idarəçiliyi altında Azərbaycan getdikcə “fransızlaşır”. Əlbəttə ki, söhbət məcazi mənada “fransızlaşmaq”dan gedir. Sözün müstəqim mənasında isə Azərbaycanda fransız dilində bilən bəlkə də Novruz Məmmədovdan başqa ikinci şəxs yoxdur.

Belə çıxır ki, Baş nazirmizin özü də 1995-ci ildə çəkilişində iştirak edərək Azərbaycan xalqına müəyyən mesajlar verməyə çalışdığı “Fransız” filminə, türklər demiş, fransız qalıb.

Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında çəkilmiş “Fransız” filmini təqdim edirik:

P.S. Ötən ay yazımızı qələmə alarkən bizim də unutduğumuz bir məqam vardı. Söhbət ondan gedir ki, Novruz müəllim təkcə “Fransız” filmində epizodik rol almayıbmış. Bu yazı müəllifinin “Ağcaqanad” klipində rol alan aktyorlarından biri də elə sabiq Baş nazir imiş. Özü də baş rollardan birində.

Video-klipi təqdim edirik:

 Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 450          Tarix: 8-10-2019, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma