Xəbər lenti

  

Bu gün İslam dünyasında yüz illər boyu davam edən və hazırda da bitib-tükənmək bilməyən qan davasının əsası qoyulub. Bu təkcə Yezid-İmam mübarizəsinin deyil, həm də Haqq-Batil hesablaşmasının qan davasıdır.

680-ci ildə Əməvi xilafətinin qurucusu Müaviyənin ölümündən sonra onun oğlu Yezid özünü xəlifə elan etmişdir. Heç bir mənəvi keyfiyyəti ilə zəbt etdiyi vəzifəyə uyğun gəlməyən Yezidə biət etmək asan deyildi və islam dünyasında ciddi parçalanmalara səbəb olmuşdu. Yezid bin Müaviyənin legitimliyini tanımayanlardan biri də  Məhəmməd peyğəmbərin nəvəsi, sonradan şiə müsəlmanlarının 3-cü imamı kimi qəbul ediləcək olan Həzrət Hüseyn idi.

Qeyri-qanuni xəlifə elanı sırasında Məkkədə bulunan İmam Hüseyn Yezidə qarşı üsyana rəhbərlik etmək və məşru hakimiyyət qurmaq üçün Küfə müsəlmanları tərəfindən bu şəhərə dəvət olunur. Özünün azsaylı tərəfdarları və ailəsi ilə Məkkədən ayrılan İmam Küfə yaxınlığındakı Kərbəla çölündə Yezid ordusu tərəfindən mühasirəyə alınır. Yezid tərəfdarları İslam dünyasında böyük nüfuza sahib olan İmam Hüseyni ən zəif anında sıradan çıxarmamağa çalışırlar. Əks halda, İmamın digər müsəlmanlara qovuşması Əməvi xənədanlığını çətin vəziyyətə sala və süqutu ilə nəticələnə bilərdi.

Beləcə, 680-ci ilin 10 oktyabrında İslam dünyasında dərin yaralar açmış Kərbəla döyüşü baş verir. Yezid ordusuna qarşı müqavimət  göstərə bilməyən İmam və 72 tərəfdarı amansızcasına qətlə yetirilir, ailəsi əsir alınaraq Əməvilərin köləsinə çevrilir.

İmam Hüseynin bu qətiyyəti islam dünyasında zülmə qarşı dirənişin də simvoluna çevrilir. Həmin hadisədən sonra Yezid hakimiyyətinə qarşı üsyanların ardı-arası kəsilmir və hamısı qanla yatırılır. Amansız metodlarla öz hakimiyyətlərini daha 70 il uzada bilən Əməvi xəlafəti 750-ci ildə Əbu Müslimin qiyamı nəticəsində tarix səhnəsindən silinir və 1300 ildir lənətlə yad edilir.

Şair-publisist Heydər Oğuzun Kərbəla faciəsinə həsr etdiyi  “Gəldi Aşura, Hüseynim” şeirində İmam Hüseyn üsyanının ictimai-siyasi mesajlarından bəhs edilir.

“Bizə səndən qalan iman yolu, məfkurə yolu-

Haqqa üsyan edənə Haqq üçün üsyan yoludur.

Qəlbin imanı ilə qərq edərək nura yolu

Yeri gəldikdə yola canı da qurban yoludur”,-deyən şair Kərbəla hadisəsinin məhz bu məfkurəvi tərəfinə baxılmasından yanadır.

Aşura hikmətinə işıq tutmağa çalışan şeiri təqdim edirik:

 

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Gəldi aşura, Hüseynim, yenə matəm günüdür,

Bizə rəhbərlik edənlər bizi zindana yığır.

Əhli möminlər üçün qüssə günü, qəm günüdür,

Bir tərəfdən də bizi rəhbərimiz cana yığır.

 

Döyərək sinəyə uğrunda fəqan eyləyirik,

Qanayan könlümüzü dərdə məkan eyləyirik.

 

Sən Yezid üstünə getdin, edərək zülmə qiyam

Bizə zülm etmədədir indi tamam başqa biri.

Susuruq, baxma ki, etməkdə Yezid zülmü davam

Biz diriykən ölüyük, sənsə şəhid, həm də diri.

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Kimimiz baş yarırıq, vurmada zəncir kimimiz,

Kimimiz qan veririk, xəstəyə dərmandı- deyə

Sanki Nuh dövrüdü, dəryada batıbdır gəmimiz

Qaçırıq haqq savaşından sonu al qandı-deyə.

 

Fərqimiz varmı bizim səncə dönük Kufəlidən?

Nəfsinə tabe olan qəlbi sönük Kufəlidən?

 

Adımız əhli-müsəlman, özümüz şahsevənik,

Elimin şah dizi üstündə kəsilmiş göbəyi.

Kimə qulluq edərik, gah söyənik, gah sevənik

Tanrı min fikrə düşən şəxsin olurmu köməyi?

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.

 

Bizə səndən qalan iman yolu, məfkurə yolu-

Haqqa üsyan edənə Haqq üçün üsyan yoludur.

Qəlbin imanı ilə qərq edərək nura yolu

Yeri gəldikdə yola canı da qurban yoludur.

 

Bizsə nahaqqı görüb Haqqı da inkar edərik.

Satıb imanımızı beş quruşa kar edərik.

 

Edərək il boyu təzim əyərik zülmə boyun

İldə bir yol olarıq əhli şiə, qan tökərik.

Sənin ismiylə çəkib ah, çıxarıb min bir oyun

Harda məzlum görərik, tez başına turp əkərik.

 

Bizə sən ağlamalıykən, sənə biz yas tuturuq,

Yası da, matəmi də əqlimizə xas tururuq.




Ana səhifəyə qayıt        Baxış: 294          Tarix: 10-09-2019, 06:57      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent