Xəbər lenti

 

 Bir milləti məhv etmək üçün onun təhsilini əlindən almaq yetərlidir

Nazilə Nəriman

Ovqat.com

Fransız psixoloqu Lebon Qustavın "Xalqlar və kütlə psixologiyası" əsərini oxudum və gözləmədiyim nəticələr əldə etdim. Uzun zamandır məni narahat edən çox suallara cavab tapdım. Böyük fanat ordusu toplamış Üzeyir Mehdizadənin anlamsız “mahnı”sını Üzeyir Hacıbəyovun “sənsiz” romansından üstün tutan kütlənin bu qəribə zövqunün haradan qaynaqlandığını anladım. Xarici aktyor və müğənnilər qarşısında gənclərin, əsasən qızların kütləvi psixoza məruz qalmasının, ( ağlamaq, bağırmaq, saçını yolmaq, özündən getmək, heyranı olduqları məşhurun ayaqqabısını yalamaq və s.) efirlərdə ucuz şoulara hərisliyin, mənasız seriallara kütləvi bağlılığın, başqalarının şəxsi həyatına sonsuz marağın, çoxsaylı “vətənşüvənliyin” səbəblərini özüm üçün aydınlaşdırdım.

"Xalqlar və kütlə psixologiyası" əsərində kütlənin davranış qanunları ilk dəfə ətraflı və izahlı şəkildə ifadə olunub. Lebon yazır ki, izdiham zamanı adamlarda "indiyədək sahiblənə bilmədikləri yeni keyfiyyətlər” ortaya çıxır. Belə vəziyyətdə fərd qəribə süur əldə edir. Həmin düşüncələr onu qeyri-adi instinktlərə tabe olmağa vadar edir. Halbuki tək olduğu zamanlarda heç vaxt onlara azadlıq vermir. Psixoloqa görə, kütlə anonimdir və ona görə məsuliyyət daşımır. Ayrı-ayrılıqda fərdləri həmişə çəkindirən məsuliyyət hissi, izdiham zamanı tamamilə ortadan qalxır. Digər tərəfdən isə kütlədə hər bir hiss, hər cür fəaliyyət sirayətedicidir, özü də o dərəcədə ki, fərd öz şəxsi maraqlarını çox asanlıqla kollektiv maraqlara qurban verir.

Müəllifin müşahidələrinə görə, izdihamda fərdin üçüncü əsas xüsusiyyəti, təlqinə həssas olmasıdır, bu zaman o, öz iradəsinə malik olmur. Kütləni psixoloji baxımdan dəqiqlikdə ifadə edən bu fikirlərdə həqiqət yükü çox böyükdür. Elə əksər hallarda izdihamı normal davranmağa qoymayan da məhz ononimlikdən irəli gələn məsuliyyətsizlik hissidir. Kütləni isə asanlıqla idarə etmək, onu istənilən istiqamətə yönəltmək mümkündür.

Tarixi təcrübələr və yaxın dovrlərin müşahidələri göstərir ki, müəyyən qüvvələr kütlənin milli, dini hisslərini, zövq və düşüncələrini bacarıqla yönləndirib istədikləri məqsədə asanlıqla nail olurlar. Bunun üçün onlara ilk növbədə, şüurların inkişaf edərək millətdən xalqa çevrilmə prosesinin qarşısını almaq lazımdır. Bu məqsədə çatmaq üçün vasitələr də az deyil. Ölkə təhsilini məhv etmək, ( bu gün gənclər arasında adını yaza bilməyənlər var və onların sayı sürətlə artmaqdadır) gənclərin istək və arzularını bəsit və bayağı qəlibə salmaq, insanlarda yüngül musiqiyə, kriminal, qorxu, sevgi, xəyanətdən bəhs edən filmlərə, qeyri-ciddi əsərlərə, əyləncə və soulara kütləvi marağı təmin etməklə zövqləri korlamaq və digər addımlar məhz bu məqsədə yönəlib. Bu niyyətin reallaşması üçün sosial şəbəkələrdən geniş istifadə, “reytinq” deyilən bəla və təbliğat əvəzsiz rola malikdir.

 Bəzi  gənc ifaçılar Rusiyada yaşayan azərbaycanlılar, Türkiyə və Orta Asiya türkləri arasında populyarlıq və fanat kütləsi qazana bilər. Amma bu, onun yaxşı oxuduğuna, mahnılarının “sedevr”olmasına dələlət eləmir. Çünki Azərbaycan musiqisi bütün türk dünyasından öz zəngin irsi ilə fərqlənir. Mən hələ muğamları və xalq mahılarını demirəm. Üzeyir bəylə başlayan və Səfiqə xanım, Tofiq Quliyev, Emin Sabitoğlu və adlarını qeyd etmədiyim onlarla korifeylərimiz tərəfindən davam etdirilən, klassiklərdən üzü bəri Müsfiq, Rəsul Rza, Əli Kərim, Nüsrət Kəsəmənli və şeirlərinə musiqi yazılmış onlarla digər söz ustadlarımız bizə gözəl mahnılar bəxş edib gediblər.

Bu ənənə indi də davam edir. Türkiyənin və dünyanın çox ölkələrinin məşhur muğənniləri belə, Azərbaycanın zəngin musiqi irsi olduğunu etiraf edirlər. Bədnam qonşularımız nahaq yerə bu misilsiz inciləri bizdən oğurlamırlar ki? (Necə deyərlər, yeməyənin payını yeyərlər. Bizim öz sərvətimizə sahib çıxmamağımız və yalnız basqalarının dəyərini qazandıqdan sonra qiymətə minməsi isə basqa söhbətin mövzusudur.) Amma bütün bunlara rəğmən, kütlə mənasız söz yığını  və plagiat musiqidən ibarət bayağı mahnılara bayılır.

Xarici fanatları təqlid edərək özlərini rüsvay edən qızlarımıza gəlincə isə onlar çox təəssüf ki, sabahın analarıdır. Bu qızların doğub tərbiyə edəcəyi gələcək nəsil ölkənin əsil fəlakətinə çevriləcək. Çünki bu günün meşşanlarını və antimilli ünsürlərini onların valideynləri də vaxtilə məhz düzgün tərbiyələndirmədikləri üçün bu gün Azərbaycan deyiləndə xalq deyil, “millət”, “kütlə” məfhumu yada düşür.

Mənə gəldikdə isə ümimiyyətlə ilk gəncliyimdən“fanat ” sözünü “həzm” edə bilmirəm. Bu ifadə fanatizmdən qaynaqlanır və insanların kütləvi şəkildə cahilləşməyə doğru getdiyindən xəbər verir. Cahil kütlə ilə ağalarının əmrini dinmədən yerinə yetirən zombilər arasında ciddi fərq yoxdur.




Ana səhifəyə qayıt        Baxış: 803          Tarix: 11-09-2019, 07:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma