Xəbər lenti

                                                                                                                          

 “Mənim həqiqətlərim” silsiləsindən

Zabil Həsənov

 

   Hər dəfə klaviatura arxasında oturanda belə fikirləşirəm ki, bu mənim axırıncı yazım olacaq. Amma belə olmur. Gündəlik rastlaşdığım informasiyalar məndə enerji yığını yaradır  ki, bu yükdən də  azad olmaq məsələsi meydana çıxır.

   Yazılarımda həmişə əsas hədəfim ziyalılar və ziyalılıq olub. Məncə, ziyalılığın əsas  atributu vətənpərvərlikdir.  Vətənpərvərliyin göstəricilərindən biri isə gənclərə münasibət məsələsidir.  Əgər hər hansı özünü vətənpərvər adlandıran şəxs gənclərə etinasız yanaşırsa, bu həmin adamın  vətənpərvərlik məsələsində qeyri-səmimi olduğuna dəlalət edir. Çünki vətənin gələcəyi gənclərə məxsusdur və vətənpərvər adam üçün gənclərə qayğı  zəruri borc  kimi qavranılmalıdır.  O başqa məsələdir ki, gənclərimiz bu qayğıları necə dəyərləndirirlər.

   Bəri başdan onu deyim ki, siyasət aləminə baş vuran gənclərimizin əksəriyyəti çox təkəbbürlü görünürlər. Siyasətdə təcürbənin rolunu qəbul etmək istəmirlər və yaşlı nəsilin hər hansı bir müdaxiləsinə  sərt reaksiya verirlər. Bir daha gənclərə demək istəyirəm ki,  kamillik  zirvəsinə yüksələn yol özünə  tənqidi yanaşmadan  keçir. Hər şeyə yeri gəldi gəlmədi dirəniş göstərmək onlara yaxşı heç nə vəd etmir.

   Deyəsən, blogerlik,  teleşou verlişləri açmaq dəbə düşüb. Necə ki, eyni müğənlilər hər gün müxtəlif telekanalları gəzməklə məşğuldurlar,  eləcə də eyni siyasətçilər mütamadi  müxtəlif blogerlərin qonaqları olurlar.  

Olsun, görünür, bizim üçün bu mərhələni də keçmək gərəkdir və digər tərəfdən öz nöqsanları ilə bərabər ölkəmizdə siyasi fəallığın artmasında da onların rolunu danmaq olmaz. Amma hələ siyasətdə tutarlı bir nəticəyə nail olmadan belə iddalı danışmaq haqqını onlara kim verib? Mən onlardan soruşmaq istəyirəm ki, siz siyasi məktəbi harada keçdiniz?  Bizdə son 26 ildə hansı demokratik institutlar mövcud olub, o cümlədən hansı siyasi partiya sərbəst fəaliyyət göstərə bilib ki, siz burada nəsə öyrənmiş olasınız? 

Az-çox müxalifətçilik edənlər isə ancaq öz mövcudluqlarını qorumağa çalışıblar. Bu yaxınlarda kanalların birində  ali tibb təhsilli, 38 yaşlı bir gənc özünün indiyə qədər “savadsız” olduğunu, hələ indi-indi siyasətin nə olduğunu anlamağa başladığını söylədi. Alicənabcasına etirafdır  və bu həqiqət mühitimizdə formalaşan gənclərimizin əksəriyyətinə şamil edilə bilər.

Bəziləri demokratik ölkələrə getməklə siyasətdə böyük irəlləyişlər əldə etdiklərini düşünürlər. Siyasət aləmində də heyvanlar aləmində olduğu kimi  şirlər, pələnglər, bozqurdlar, kopəklər, çaqqallar, tülkülər, goreşənlər, “çubraşka”lar, kirpilər, krisalar, buqələmunlar, əfi ilanlar və s. mövcudur. Amma bəziləri elə zənn edir ki, siyasi mühacirə çevrilməklə öz statuslarını qaldırmış olurlar. Məsələn, ABŞ-a mühacir edən “çubraşka” pələngə çevrilir. Amma təbiətin öz qanunlarına uyğun cəmiyyətdə də “çubraşkalar” yerini dəyişməklə pələngə çevrilə bilməzlər, elə çubraşka olaraq qalarlar.

   Kanalların birində İsa Qəmbərə, Pənah Hüseynə, Etibar Məmmədova və s. irad bildirən gənclərimizə demək istəyirəm ki, buna yaşlı nəsil kimi bizim mənəvi haqqımız  çatar. Ona görə ki, o dövrü onlarla bərabər yaşamışıq. Yaşından qabaq baş verənlər haqqında danışmaq və onlara  irad bildirmək məsuliyyət  tələb edən işdir və üstəlik, həmin dövürün şahidləri varsa.

Bilirsiniz gənclərin belə “uzaqgörən” olmasının əsasında nə durur? - nəticə məlumdur və istinad etdikləri  iradlar da bu nəticəyə söykənir.

Hər zamanın bir diktəsi var və həmin dövrün adamları da ona müvafiq davranırlar. Rasionalistlər də həmin zamana uyğun planlar cızır, yollar axtarırlar. İndi nəticə bəlli olandan sonra “onu belə etməliydilər” demək asandır. Buyurun, uzaqgörənlik edib bundan sonra hansı işləri görməli olduğumuzu  söyləyin. Düşdüyümüz vəziyyətdən çıxış  yolunu göstərin və nə qədər əmin ola bilərsiniz ki,  zaman sizin gəldiyiniz nəticələrin doğruluğunu  təsdiqləyəcək. Məsələn, müəyyənləşdirin görək bizdə aparılan demokratik mübarizə  Gürcüstan və ya Ukraynadakı kimi, yoxsa Suriyyadakı kimi sonuclanacaq?

   Gənclərə daha bir iradım siyasi əxlaqla bağlıdır. Sizin bəyənmədiyiniz bu qocalar siyasətə gələndə elə siz yaşda idilər, amma bir dəfə də olsun onların dilindən söyüş eşidən olmadı. Siz isə söyüşü siyasətdə bir normaya çevirdiniz, sanki nitqinizin bir bəzəyi kimi qəbul etdiniz. Meyara baxın; kim yuxarıları söymürsə deməli agentdir.

Siyasətdə söyüş arqumentsizliyin nəticəsidir. Arqumentsizlik isə savadsızlığın təzahürüdür. Dilimiz kifayət qədər zəngindir, 5-10 kəlmə söyüş əvəzinə bir kəsərli ifadə işlətməyi bacarsan, güllədən də betər effekt verə bilər, əgər savadın buna imkan verərsə.

   Sən demə “dost”, “qardaş” ifadələri tamamilə yeni mənalar kəsb edirmiş. Belə ki, əvvəl “mənim filankəsə hörmətim böyükdür” deyib, cümlənin sonunda  onu “tərbiyəsiz” adlandırmaq olarmış.  Xoş söz eşidəndə qardaş deyib, tənqidlə üzləşəndə söymək də mümkündür və s. Bu onu göstərir ki, siz siyasətlə yox, dedi-qodu, qeybətlə məşğulsunuz. Yaxşı ki, Tural Abbaslı kimi gənc siyasətçi nümunələrimiz də var, yoxsa indiki gənclərdən tamamilə əlimizi üzməli olardıq.

   Hamı eyni sözü deyir; “kanal müstəqildir”, “xalqım üçün çalışıram”, “burada ancaq həqiqət səsləndiriləcək” və s. Yeri gəlmişkən onu deyim ki, kanal müstəqil ola bilməz, çünki hər bir kanalın arxasında ən azından bir şəxs dayanır və istəsə də, istəməsə də həmin şəxsin iradəsi özünü büruzə verməlidir. Burada ən doğru ifadə “Mən müstəqil blogerəm” deyimidir. O ki qaldı “xalqım üçün çalışıram” deyiminə, bu həqiqətən belədir və onların vətənpərvər olduqlarına şübhəm yoxdur. Başqa məsələdir ki, buna nə qədər nail ola bilirlər. Ola bilsin ki, onlardan öz məqsədləri üçün istifadə edənlər olsun, ancaq onları vətənə xəyanətdə günahlandırmağın özü günahdır.

   Gənc siyasətçilərimiz üçün ən problemli iş həqiqətin aşkar edilməsi məsələsidir. Bu doğru deyil ki, sən dediklərini mütləq həqiqət kimi təqdim etməyə çalışasan.  Həqiqət hardadır; qonşudan eşitdiklərində, taksi sürücüsünün dediklərində, internetdə oxuduğunda, aldığın qəzetdə, yoxsa telekanallarda irəli sürülən iddialarda? Təssüf ki, bunların heç birini həqiqi  informasiya mənbəyi adlandırmaq olmaz.  Həqiqi informasiya - yalnız eyni hadisə haqqında müxtəlif mənbələrdən alınmış  məlumatlardan formalaşan informasiyadır ki, bunu da emal etmək üçün intellekt tələb olunur. Blogerlik fəaliyyətinə yeni başlamış gənclərimizin xəyal qırıqlığına uğramaları da bununla bağlıdır. Eşitdiklərini tam təhlil etmədən qərar çıxarmaq və kiməsə qara yaxmaq və ilk andan aradakı körpüləri yandırmaq kimi hallar onları bəzən çıxılmaz hala salır.

   Siyasətə can atan gənclərimiz həmişə mənim diqqət mərkəzimdə olub, onlarla bağlı saytlarda yazılarım da çıxıb; “Ovqat.com” gedən  “Nahid Cəfərova ağsaqqal məsləhəti: “Sizə ifrat demokrat lazımdırsa...””, “Gənclərə məsləhət: Ehtiyatlı olun!”, “Gənclərə növbəti ağsaqqal iradı: İkinci Sürət Hüseynov olmayın!” və s. bu qəbildən olan yazılardır. Gənclərimizdən fərqli olaraq yazdıqlarımı mütləq həqiqət olduğu iddiasından uzağam və ona görə də adətən yazılarımı “Mənim həqiqətlərim” kimi təqdim edirəm.

   Hörmətli oxucularımız elə zənn etməsinlər ki, ümidverən gənclərimiz yoxdur. Var və onlardan bir neçəsinin adını çəkə bilərəm; ölkəmiz daxilində Tural Abbaslı, xaricdə olanlardan isə Yaşar Bayramzadə, Rəşad Bakinski kimi gənclərimizi nümunə gətirə bilərəm. 

   Yazdıqlarım  “Mənim həqiqətlərim”dir.  Seçim hüququ oxucuya məxsusdur.

  




Ana səhifəyə qayıt        Baxış: 1 177          Tarix: 11-09-2019, 07:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma