Xəbər lenti

 

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC işini-gücünü ötürüb turizmlə məşğul olur.

Ovqat.com xəbər verir ki, bunu səhmdar cəmiyyətin rəhbəri Leyla Məmmədova mətbuata verdiyi açıqlamada şəxsən etiraf edib.

Onun sözlərinə görə, həyata keçirdikləri “Şəhərdən kəndə” layihəsi çərçivəsində aqro-ekoturizmin inkişaf etdirilməsi məqsədilə sentyabrın 8-də Şamaxı rayonuna tur təşkil edilib. Turda yerli və xarici turistlərlə yanaşı, səhmdar cəmiyyətinin əməkdaşları da turist qismində yer alıblar. Layihə Dövlət Turizm Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə həyata keçirilir.

 

“Biz Şamaxıya tur təşkil edəcəyimizlə bağlı elan vermişik və bunu həm yerli, həm də xarici turistlər çox maraqla qarşıladı. Biz özümüz də bura turist olaraq gəlmişik. Həm maraqlı insanlarla tanış olur, əylənir, həm də təbii qidalardan əldə edirik”, -bunu da Leyla Məmmədova öz açıqlamasında etiraf edib.

[media=https://youtu.be/XxIkaPQa2FY]

Kənd təsərrüfatı məhsullarının tədarükü və təchizatının təşkili ilə məşğul olan idarənin rəhbərləri “maraqlı insanlarla tanış olmaqda, əylənməkdə, təbii qida qəbul etməkdə olsun, sizə kimdən və nədən xəbər verək? – rayonlarda yetişdirdikləri pomidoru xırıd etməyə bazar tapa bilməyən  fermerlərdən.

 

“Azadlıq” radiosunun apardığı araşdırmalardan bəlli olub ki, bu il pomidor istehsalçıları öz məhsullarını satmağa bazar tapmaqda çətinlik çəkirlər. Onlar da məcbur qalıb min bir əziyyətlə yetişdirdikləri məhsullarını ya əkin sahələrinə yaxın yollardan keçən maşın sürücülərinə, ya da dəyər-dəyməzinə alverçilərə satırlar. Halbuki, KTN bu istismarın qarşısını almaq üçün “Kənddən şəhərə” layihəsinə imza atmış, paytaxtın müxtəlif yerlərində yarmarkalar təşkil etmişdi. Ötən həftələrdə bu yarmarkaları gəzən Baş nazirin müavini Əli Əhmədov da qiymətlərdən xeyli narazı qalmış və nazir İnam Kərimov yanında ola-ola, nədənsə havaya öz iradını bildirmişdi. Xüsusilə yayın cırhacırında pomidorun qiymətinin 1 manata olması Əli Əhmədovun diqqətini daha çox cəlb etmişdi.

“Azadlıq” radiosunun araşdırmaları, iradını havaya bildirsə də, Əli Əhmədovun xeyli haqlı olduğunu təsdiqləyir. Zira radioya müsahibə verən fermerlər etiraf ediblər ki, il boyu əziyyət çəkib yetişdirdikləri pomidoru cəmi-cümlətanı 20 qəpiyə satırmışlar. Əli Əhmədovun şəxsən təsbitinə görə isə, aqro-dəllallar həmin məhsulu bizə 5 dəfə bahaya – 1 manata sırıyırmışlar.

 

Bu yerdə yada İmişli rayonu Məzrəli kənd uşaq bağçasının rəhbəri Mariya Mixaylovnanın yenə “Azadlıq” radiosuna verdiyi məşhur açıqlama düşür. Mariya Mixaylovna açıq şəkildə etiraf etmişdi ki, “Aqrar Tədarük və Təchizat” ASC onlara kənd təsərrüfatı məhsullarını bazardan 7 dəfə bahaya satırmış. Düzdür, sonradan Mariya Mixaylovaya Rusiyada deyil, Azərbaycanda yaşadığını elə məharətlə başa saldılar ki, binəva müdirə "Qafqazinfo"ya verdiyi açıqlamada daş atıb başını tutdu ki, bəs, o, 5 manatlıq soğanı 35 manata aldığını deyəndə heç də məhsulun 7 dəfə bahaya sırındığını nəzərdə tutmurmuş.

 

[media=http://qafqazinfo.az/news/detail/soganin-qiymetinden-danisan-bagca-rehberinden-yeni-aciqlama-263015]

Sadəcə bəzi bizim kimi şərbaz “mühasiblər” onun Azərbaycan dilinin yaxşı bilməməsindən istifadə edərək hesabı düzgün aparmayıblar.

Doğrusu, rus dilində “35/5=7” edib-etmədiyini barədə həqiqətən də etibarlı məlumata malik deyilik. Şəxsən bu yazının müəllifi bu zamana qədər elə hesab edirdi ki, hər hansı vurma, çıxma, bölmə, yaxud toplama əməliyyatları lingvistik yox, riyazi məsələdir və bütün dillərdə eyni nəticə hasil olur. Amma Mariya xanımın rus dilini bizdən yaxşı bildiyini düşünüb bu barədə fikirlərimizi dilə gətirməkdən çəkindik. İşdir, birdən “35 bölək 5” ruscada 0.2-yə bərabər olarsa, xarizmamız ləkələnərdi, axı.

Di gəl ki, Azərbaycan dilini yaxşı bildiyimizdən “Azadlıq” radiosuna gileylənən fermerlərin dilə gətirdiyi həqiqətləri də, bazardakı piştaxtalar üzərində qoyulan qiymətləri də babat dərk edirik və riyazi hesablamalar yolu ilə 1 manatı 20 qəpiyə böləndə 5 alırıq. Deməli, bazarla əkin sahələri arasındakı qiymət 5 dəfə fərqlidir.

 “Azadlıq” radiosunun üzə çıxardığı digər bir fakt isə bazarlarımızda cibimizi yandıran aqro-dəllalığının başqa tərəflərinə işıq tutur. Bazar alverçilərindən biri satdıqları pomidoru “Meyvəli bazar”dan 50 qəpiyə aldıqlarını və üzərinə 50 qəpik də özləri qoyduqlarını etiraf edib.

Xanım satıcının bu səmimi etirafını fermerlərin bəyanı ilə tutuşduranda ortaya belə bir nəticə çıxır: Pomidoru əkin becərən onu 20 qəpiyə tədarükçüyə, tədarükçü 50 qəpiyə bazara, bazar satıcıları isə 1 manata istehlakçıya satır. Bu hesabdan isə ortaya bir başqa nəticə çıxır: 1 kq pomidor üçün; il boyu əziyyət çəkən, qazandığının yarısından çoxunu gübrəyə, toxuma, suya, kimlərəsə rüşvətə verən fermer cəmi 20 qəpik, kənddən alıb “Meyvəli bazar”da satan tədarükçü 30 qəpik, satıcı isə 50 qəpil qazanır. Bazarları və yarmarkaları kənd təsərrüfatı malları ilə təchiz etməli olan KTN isə Turizm Agentliyinin bir şöbəsi kimi özünü aparır və “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “həm maraqlı insanlarla tanış olur, əylənir, həm də təbii qidalardan əldə edir”. Yəni adının əsl mahiyyətini unudub Kənd Təsərrüfatı Nazirliyindən Kef Təsərrüfatı Nazirliyinə çevrilib.

“Azadlıq” radiosunun bizim də anladığımız Azərbaycan dilində təqdim etdiyi hesablara nəzər salanda istər-istəməz adamın yadına türk şairi Nacib Fazil Qısakürəyin məşhur misraları düşür:

Allahın on pulunu bekleye dursun on kul;

Bir kişiye tam dokuz, dokuz kişiye bir pul.

Bu taksimi kurt yapmaz kuzulara şah olsa;

Yaşasın, kefenimin kefili karaborsa!

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 000          Tarix: 11-09-2019, 10:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma