Xəbər lenti

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu gün maraqlı açıqlama yayıb.

Ovqat.com-un bildirdiyinə görə, “bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Gəncə şəhər sakini Əli Əliyevin guya 22 nəfər tərəfindən döyülərək qətlə yetirilməsi barədə yayılmış məlumatları təkzib edən” Baş Prokurorluq hadisənin əsl mahiyyətinə işıq tutub.

Bildirildiyinə görə, Əli Əliyevin qətli 2015-ci il aprel ayında baş verib, səbəbi isə namus davası imiş.

Belə ki, həmin ilin aprel ayının 15-də Gəncə şəhər sakini Əli Əliyev qonşusu Sona Qəhrəmanini gecə saatlarında bıçaqla hədələyərək həyətlərindən oğurlayıb. Qadını 3 gün ərzində əsarətdə saxlayaraq dəfələrlə zorlayıb və seksual xarakterli zorakılıq hərəkətlərini mobil telefonla video çəkilişini aparıb. 18 aprel 2015-ci il tarixdə isə Sona Qəhrəmaninin qardaşı Yaqub Qəhrəmani və əmisi Əli Qəhrəmani Gəncə şəhəri ərazisində Əli Əliyevi qisas almaq məqsədi ilə qətlə yetiriblər.

Nəticədə “Gəncə Ağır Cinayətlər məhkəməsinin 26 fevral 2016-ci il tarixli hökmünə əsasən, Y.Qəhramani 17 il 6 ay, Ə.Qəhrəmani isə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar”.

Başqa sözlə desək, bir qadının zorlanması, əsarətdə saxlanılması, aşağılanaraq seksual xarakterli videosunun çəkilməsinin qısasına 34.5 il iş verilib.

 

Maraqlıdır ki, dünən başqa bir məhkəmədə hakimin qətl hadisəsi ilə bağlı çıxartdığı başqa qərar isə “humanizmi” ilə seçilirdi. Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə bacısının faktiki ərini öldürən Ələkbər Ağakişiyevə cəmi-cümlətani 2 il iş kəsilib. Məlumata görə, Ələkbər Ağakişiyevə bu cəzanı Bakı Ağır Cinayətlər Məhkəməsi verib. Məhkəmənin hökmü ilə Ələkbər Ağakişiyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsif edilib və barəsində hər kəsi təəccübləndirən məlum qərar çıxarılıb.

Məhkənin bu hökmündən narazı qalan zərərçəkmişlərin və prokurorun şikayəti isə Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilib.

 Halbuki, Gəncədəki hadisə ilə Xırdalandakı hadisənin müqayisəsi birlikdə 35 il iş alan müttəhimlərin xeyrinədir. Zira Gəncədəki hadisədə qətlə yetirilmiş şəxsin “aktivində” adam oğurluğundan tutmuş, qəsdən namusa sataşmaya, insanı aşağılayaraq videosunun çəkilməsinə qədər çoxsaylı ağırlaşdırıcı motivlər var, bu da ondan qisas alanları qəzəbləndirməyə bilməzdi və cinayət hadisəsinin nəfsi-müdafiə çərçivəsində törədilməsi ehtimalını doğurur.

 Xırdalandakı hadisədə isə qeyri-rəsmi nigahları olmasa da, iki nəfərin ailə qurmaq niyyətinin cəzalandırılmasından söhbət gedir. Hər halda ictimaiyyətə açıqlanan məlumatlardan bu nəticə hasil olur.

Müttəhimlərə cəzalar verilərkən isə alınan qisasın adekvatlığı müəyyənləşdirilməli və buna görə qərar çıxarılmalıdır. Əks halda, daha ağır cinayətə xeyli yüngül, daha yüngül cinayətə isə ondan hardasa 18 dəfə artıq cəzanın verilməsi hüquqi ədaləti pozar, bu da öz növbəsində qanunlara ictimai sayğını zədələyər və dövlət yetksinin təsirini azaldar. Ən əsası isə əxlaqsızlıq baş alıb gedər.

Üstəlik, o da nəzərə alınmalıdır ki, insanların qanunlar qarşısında bərabərlik hüququ var və bütün əməllərin cəzası qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyənləşdirilir. Elədirsə, iki müxtəlif qətl hadisəsinə Azərbaycan femidasının tamamilə başqa aspektlərdən yanaşmasının səbəblərinə Ədliyə Nazirliyi aydınlıq gətirməlidir. Əks halda Azərbaycan prezidenti İlham Əliyevin hüquqi islahatlara start verdiyi bir zamanda məhkəmələrin çıxartdığı absurd hökmlər gələcəyimizə yönəlik ümidləri puç edir və bu suala yol açır: Budurmu hüquqi islahatlar və Ədalət?




Ana səhifəyə qayıt        Baxış: 399          Tarix: 11-09-2019, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma