Xəbər lenti

  

Rusiya Baş nazirinin müavini və Maliyyə naziri Anton Siluanov 2020-ci ildə ABŞ dolları üzərindən xarici borc almayacaqlarını açıqlayıb.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, rusiyalı nazir xarici iqtisadi münasibətlərdə hansı valyuta vahidinə daha çox önəm verəcəklərinə də aydınlıq gətirib: "Yəqin ki, avro və ya yuan üzərindən borclanacağıq”.

 Siluanov Moskvada jurnalistlərə verdiyi açıqlamada, 2019-cu ilin sonuna qədər xaricə borclanmayacağını da deyib.

Qeyd edək ki, Rusiya artıq iki ildir “dollarsızlaşdırma” siyasətinə start verib və bu istiqamətdə konkret addımlar atır. Rusiya Mərkəzi Bankının məlumatlarına görə, ölkənin beynəlxalq ehtiyatlarında dollar payı keçən il bir əvvəlki illə müqayisədə 22,7%  geriləyib. Avronun payı 10 31,7%-ə, yuanın payı isə 14,2-ə yüksəlib.

 Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkin də Maliyyə Nazirliyi və Mərkəzi Bankı ilə birlikdə ölkə iqtisadiyyatının "dolarsızlaşdırılması" üçün müxtəlif addımlar atılacağını bildirmişdi.

Bəs, bu yolla hazırda beynəlxalq iqtisadi münasibətlərdə əsas dəyər ölçüsünə çevrilən ABŞ dollarını sıradan çıxarmaq mümkündürmü? Zənnimizcə, bu sualın cavabı dolların indiki statusunu necə qazanması həqiqətində yatır.

Bu barədə Ovqat.com-un ötən il 9 sentyabr tarixində dərc edilən ABŞ dollarının aqibəti necə olacaq? – Belini 47 il əvvəl Vyetnamlılar qırmışdı, "fatihəsini" indi Donald Tramp oxuyur sərlövhəli yazımızda geniş bəhs olunub. Aktuallığını nəzərə alıb yazıdan bəzi hissələri təqdim edirik:

 

 İran, Türkiyə və Rusiya rəsmiləri Tehran sammitində ABŞ dollarından imtina etmək qərarına gəliblər. Bundan sonra hər 3 ölkə bir-biriylə yerli valyuta ilə ticarət əlaqələri quracaqlar. Bənzər proseslərin Avropa, Uzaq və Yaxın Şərq ölkələrində də getdiyini görürük. Avropa ölkələri bir-biriylə avro, Çin isə yuan üzərindən iqtisadi əlaqələr qurmaqda maraqlıdır. Bir müddət əvvəl İranla İraq arasında bağlanan müqaviləyə görə, hər iki dövlət də iqtisadi əməkdaşlıqda öz milli valyutalarına üstünlük verəcəklər. Prosesin yaxın zamanlarda BRİCS ölkələrinə də yayılma ehtimalı var. Zira inkişaf etməkdə olan bu “nəhənglər” artıq neçə ildir ki, “dollarsızlaşma” siyasətinə keçməyə çalışırlar.

Bütün bunlar yaxın gələcəkdə ABŞ dollarının ən etibarlı beynəlxalq valyuta kimi sıradan çıxması ehtimalını yaradır…

 

İqtisadçıların bildirdiyinə görə, kağız pul ilk dəfə 7-ci əsrdə Çində Tanq sülaləsinin hökmranlığı zamanında çek sənədi kimi ortaya çıxıb. Metal pullarını yanlarında daşımaq riskindən xilas olmaq istəyən Çin tacirləri onları etibarlı adamlara əmanət kimi verir və qarşılığında yazılı sənəd alırdılar. Zamanla bu sənədlər arxalarına möhürlər vurularaq dövriyyəyə buraxılırdı. Yəni malı alan şəxs bunun əvəzində satıcıya çek verir və lazım gələndə həmin “istiqraz vərəqəsi” mədəni pulla dəyişdirildi…

 

19-cu əsrin ilk rübündə kağız pulun getdikcə genişlənməsi ilə birlikdə İngiltərədə qızıl standartına keçildi. İngilis funt-sterlinqi qızıl qarşılıqlı pul olduğu üçün hər kəs tərəfindən qəbul edilir və getdikcə dünyada ən mühüm valyuta ehtiyatı halına gəlirdi…

19-cu əsrin sonlarında qızıl standartı beynəlxalq aləmdə genişləndi və 1914-cü ildə I Dünya müharibəsinədək problemsiz tətbiq olundu. Birinci Dünya müharibəsi ərəfəsində hər yerdə hökumətlər kağız pul basımını inhisara aldılar və bu səlahiyyətlər Mərkəzi banklara verildi. Müharibə ilə birlikdə insanların Mərkəzi banklardan qızıl tələbləri artınca hökumətlər valyutanın konvertasiyasını həyata keçirməkdə çətinlik çəkdilər və metal qarşılıqlı kağız pul anlayışından vaz keçdilər…

1944-ci ildə Bretton Vudsda toplanan və BVF ilə Dünya Bankının strukturuna rəhbərlik edən iclasda qəbul edilən yeni pul sistemi sonrasında ABŞ dolları qızılla konvertasiya edilən yeganə pul olaraq qalmışdı. Dolların qızıl qarşılığı - 35 dollar - 1 unsiya qızıl olaraq açıqlanmış və beləliklə, ABŞ dolları qızıl indeksli basılmağa davam etmişdi…

 

ABŞ dolları qızılla konvertasiya edilmə xüsusiyyətini ötən əsrin 70-ci illərinə qədər qorudu. Vyetnam müharibəsinin yaratdığı maliyyə sıxıntıları ABŞ-ın 1971-ci ildə konvertasiya prinsipini tərk etməsinə səbəb oldu. O da həmin dövrlərdə qarşılıqsız kağız pul kəsən iqtisadiyyatlar sırasında yer aldı.

  

Dollar beynəlxalq valyutaya necə çevrildi?

 

 Uzun müddət tək başına qızıl indeksli pul olaraq dövriyyə buraxılmasının yaratdığı etibarla dollar 1970-ci illərdən sonra da bu üstünlüyü qismən saxlaya bildi. Keçmişindən aldığı gücüylə hələ də Mərkəzi bankların valyuta ehtiyatlarında ən mühüm yer tutan puldur. Bununla belə, dollar 1971-ci ildəki qədər güclü deyil. Görünür, məhz bu səbəbdən də ABŞ öz milli valyutasına yenidən eyni xüsusyyəti qazandırmaq üçün ən  müxtəlif yollara əl atır. Bəzi mütəxəssislərin fikrincə, ABŞ-ın hətta Yaxın Şərq siyasətini şərtləndirən səbəblərdən biri də öz milli valyutasının etibarlılığını qorumaqdır. İddialara görə, ABŞ-ın bunu davam etdirə bilməsi üçün dünya neftinin əsas mənbələrindən biri olan Fars körfəzini əlində tutması tələb olunur. Vaşinqtonun regionda daim düşmənlər yaratması, onlarla qarşıdurmaya girməsi, müttəfiqləri yanında saxlamağa çalışması, Böyük Yaxın Şərq Layihəsi kimi doktrinalarla çıxış etməsi də məhz buna xidmət edir.

Neftin qiymətlərinin dollarla müəyyənləşdirilməsi ABŞ milli valyutasını beynəlxalq pul vahidinə çevirir. Regionun ABŞ-ın təsir dairəsindən çıxması baş verərsə, vəziyyət də büs-bütün dəyişilə bilər. Bu mənada ən böyük neft ölkələrindən İran və Rusiyanın ticari münasibətlərdə öz valyutalarından istifadə etmək qərarını ABŞ dolları hegemoniyasına qarşı dirənişin təzahürü adlandırmaq olar.

Getdikcə etibarlılığını itirən ABŞ dolları xüsusilə Çindən və Avropadan gələn iki ciddi rəqiblər qarşı-qarşıyadır. Bir tərəfdən, dollar qarşısında getdikcə güclənən avro, digər tərəfdən isə ABŞ-a meydan oxuyan Çin yuanı onu bir çox valyuta bazarlarında sıxışdırır. Keçmiş nüfuzunu itirsə belə, dolların öz yerini rahatlıqla təhvil vermək niyyəti yoxdur. O, hələ də dünyanın ən etibarlı valyutası sayılır və görünən budur ki, dolların bu üstün mövqeyinin perspektini Rusiya, İran, Türkiyə kimi başqa ölkələr yox, ABŞ administrasiyasının siyasətləri müəyyənləşdirəcək.

  

Xüsusilə Trampın hakimiyyətə gəlməsindən sonra həyata keçirilən bir çox siyasətlər bu ölkənin iqtisadiyyatı kimi milli pul vahidini də gözdən salır. Donald Trampın başlatdığı iqtisadi savaşlar sayəsində ABŞ liderliyində formalaşan beynəlxalq azad ticarət sistemini öz xoşluğu ilə tərk etməyə, iqtisadi qlobalizmdən üz döndərməyə, mühafizəkar siyasətlərə qayıtmağa can atır. Nəticədə qlobal kapitalizmin liderliyini də yavaş-yavaş itirir. ABŞ-ın iqtisadiyyatda, beynəlxalq münasibətlərdə və dünya liderliyində tənəzzülü dolların da bir o qədər sürətli çöküşünə zəmin hazırlayır”.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 045          Tarix: 13-09-2019, 10:18      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent