Xəbər lenti

  

"Ey iman edənlər! Yəhudiləri və xristianları özünüzə dost etməyin. Onların bəzisi bəzisinin dostlarıdırlar. İçinizdən kim onları dost tutarsa şübhə yox ki, o da onlardandır. Yəqin ki, Allah zalımları doğru yola gətirməz". (Maidə sürəsi, 51)

Ermənistan hökuməti sentyabrın 19-də keçirilən iclasında İsraildə səfirlik açmağı qərara alıb.

Ovqat.com xəbər verir ki, məlumatı erməni mətbuatı yayıb.

Bildirildiyinə görə, Ermənistanla İsrail arasında diplomatik əlaqələrin 1992-ci ildən bəri mövcud olmasına baxmayaraq, bu münasibətlər səfirlik səviyyəsində deyildi. Ermənistan Xarici İşlər naziri Zohrab Mnatsakanyan bu çatışmazlığı iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından qüsurlu hesab etdiyindən İsraildə səfirlik açmaq təklifi ilə çıxış edib. Ermənistan Nazirlər Kabineti isə təklifi bəyənib və qısa zaman ərzində sözügedən yüksək diplomatik nümayəndəliyin yaradılmasına qərar verib.

Məlumata görə, səfirlik İsrailin yeni paytaxtı elan olan Qüdsdə deyil, Təl-əvivdə açılacaq. Bununla da Ermənistan, güclü diaspora təşkilatlarının fəaliyyət göstərdiyi ərəb ölkələrdə yarana biləcək nifrətin qarşısını maksimum səviyyədə almağa çalışıb.

 

Qeyd edək ki, xüsusilə Livanda, İordaniyada və sair ərəb ölkələrində ciddi erməni diasporası var. Onların böyük əksəriyyəti 1915-ci ildə Osmanlı ərazisində baş verən erməni-türk münaqişəsi zamanı bu ərazilərə köçürülüblər. Osmanlının dağılması ərəfəsində ərəb ölkələrində hökm sürən və indiyədək öz təsir gücünü itirməyən anti-türk əhval ruhiyyəsi yerli xalqla erməni köçkünlərini eyni məxrəcdə birləşdirib. Ermənistanın indiyədək İsraildə səfirlik açmamasının başlıca səbəblərindən biri bu amillə əsaslandırılır.

Baxmayaraq ki, İsraildə böyük erməni kilsələrindən biri yerləşir və Ermənistan bu kilsə vasitəsilə sionist rejimlə hər cür əlaqələr qurmağa, öz maraqlarını rəsmi Təl-əvivə təlqin etməyə çalışırdı.

Erməniləri son 11 ildə dəli patriarx idarə edib: Dini lider böhranınin arxa üzü” sərlövhəli yazımızda da  qeyd etdiyimiz kimi, hazırda ermənilərin 3 böyük dini mərkəzi mövcuddur ki, dünyanın 4 tərəfinə səpələnmiş bu xalqın idarə olunmasında həmin məbədlərin mühüm rolu var. Bu məbədlərdən ən böyüyü Ermənistanda yerləşir. Eçmiyazin Katogikosluğu adlanan bu kilsə status baxımından erməni xristianlığının ən yüksək məqamı hesab olunur. Digər iki kilsə patriarxlıq statusundadır ki, bunlardan biri İstanbulda, digəri Qüdsdə fəaliyyət göstərir. İstanbul kilsəsinə bu statusu Osmanlı sultanı Fateh Sultan Mehmet verdiyindən ermənilər tarixən həmin kilsəyə şübhə ilə yanaşmış və türklərin onlar üzərindəki hegemoniyasının  təmsilçisi kimi görmüşlər. Osmanlı tarixdən silindikdən və türklər dünya gücü olmaq özəlliyini itirdikdən sonra İstanbul kilsəsinin də nüfuzu zəifləmiş, faktiki geriyə iki kilsə qalmışdır. Qüds patriarxlığı bu baxımdan erməni ruhaniliyinin və dolayısıyla idarə olunmasının iki böyük mərkəzlərindən biridir. Odur ki, Ermənistan və İsrail arasında indiyədək diplomatik əlaqələrin səfirlik səviyyəsində mövcud olmaması və ermənilərin Qüdsdə təmsil edilməməsi vizual görüntüdən başqa bir şey deyil. Ermənilər səfirlikdən daha geniş səlahiyyətlər və missiyalarla zatən İsraildə tarixən vardılar. Təl-əvivdə açılacağı gözlənilən səfirlik isə sadəcə bunun rəsmi etirafı olacaq və yeri gələndə Qüds kilsəsinin bir uzantısı, adı qoyulmamış konsolluğu kimi fəaliyyət göstərəcək.

 

Ermənistanın İsraildə Təl-əvivdə səfirlik açmasının zamanlaması da diqqətçəkicidir. Əvvəla, ona görə ki, bu qərar İranda 51. Erməni olimpiadasının keçirildiyi vaxtda verilib. Şiəliyin matəm ayında erməni atletlər Tehranda deyib-gülüb əyləndiyi halda, İrəvanda İranın baş düşməni ilə əlaqələrin genişləndirilməsi müzakirə edilir və səfirlik açmaq qərarına gəlinir. Bu həm də o ərəfəyə düşür ki, İran prezidenti və digər rəsmiləri İrəvana səfərə hazırlaşır, gələn ayın 2-də keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə qatılmaq həvəsinə düşürlər. Ermənistanın Baş naziri Nikol Paşinyan isə planlaşdırılan bu səfəri böyük qələbə kimi təqdim edərək deyir: “Səs-küylü bəyanatlar vermək istəmirəm, amma bizim diplomatlar bu məsələdə çox önəmli qələbəyə nail ola biliblər: görünür, amerikalı tərəfdaşlarımız bu məsələni yaxşı qəbul ediblər. Onlar anlamağa başlayıblar ki, İranın Vaşinqton üçün bir mənası, Ermənistan üçün başqa mənası var”.

Belə bir zamanda Ermənistanın həm də İsraildə səfirlik açmağı planlaşdırması regional hesablaşmalarda erməni kartından istifadə etməyə çalışan rəsmi Tehran üçün əsl soyuq duş effekti deməkdir və Quranın məşhur bir ayəsini yada salır: "Ey iman edənlər! Yəhudiləri və xristianları özünüzə dost etməyin. Onların bəzisi bəzisinin dostlarıdırlar. İçinizdən kim onları dost tutarsa şübhə yox ki, o da onlardandır. Yəqin ki, Allah zalımları doğru yola gətirməz". (Maidə sürəsi, 51)

 

Quranın bu qədər açıq mesaj içərən hökmündən sonra daha artıq şərhə ehtiyac duymadan sadəcə vurğulamaq istərdik ki, Maidə surəsinin 51-ci ayəsi həm Azərbaycanın dövlət maraqlarına zidd mövqe tutaraq Ermənistanla münasibətlərini genişləndirməyə çalışan rəsmi Tehran üçün, həm də İranın basqılarını zərərsizləşdirmək niyyəti və ya bəhanəsi ilə yəhudi lobbisinə pənah aparan rəsmi Bakı üçün əsl ibrət dərsi olmalıdır.

Ən qəribəsi isə budur ki, Ermənistan İsraillə münasibətlərini möhkəmləndirməsinin, daha doğrusu zatən mövcud olan əlaqələrini rəsmən bəyan etməsinin əsl səbəbini də gizlətmir, bu addımın İranın dövlət təhlükəsizliyinə qarşı yönələcəyinə eyham vurur. Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın bu barədə açıqlamalarına nəzər salanda sətir aralarından əsl həqiqət ortaya çıxır. Belə ki, erməni nazir İsraildə səfirlik açılmasının zərurətdən doğduğunu bəyan edərək vurğulayıb ki, “bu zərurət İsrailin Yaxın Şərqdə mühüm geosiyasi rol oynamasından qaynaqlanır”.

 

Sözsüz ki, Ermənistanın nə mədəni mənsubiyyət, nə iqtisadi potensial, nə coğrafi məkan, nə də siyasi status baxımından Yaxın Şərqə heç bir aidiyyatı yoxdur. Yaxın Şərqlə bu ölkə arasında İran və Türkiyə kimi 10-larla Ermənistan yerləşəcək qədər böyük dövlətlər var. Rusiyanın regionda hərbi bazası olmaqdan başqa heç bir geopolitik əhəmiyyət kəsb etməyən Ermənistan Yaxın Şərqdə nə axtara bilər, sizcə? Yaxın Şərqin təbii sərvətlərinin belə, sənayesi olmayan bu ölkə üçün zərrə qədər əhəmiyyəti yoxdur. Elədirsə, dünyanın böyük dövlətlərinin girib çıxa bilmədiyi bataqlığı halına gələn bu coğrafiyada kimin şələsinin fırlandığının Ermənistana nə dəxli?

 

Fikrimizcə, Yaxın Şərq məsələsində öz yerini müəyyənləşdirməyə çalışan Ermənistanın yalnız bir məqsədi ola bilər: yaxınlaşmaqda olan İran-İsrail-ABŞ müharibəsində kimin yanında yer aldığını nümayiş etdirmək və qalib gələcəyinə mütləq həqiqət kimi baxdığı tərəfin “sağol”unu qazanmaq. Maraqlıdır ki, bu həqiqət səfirliyin açılması ilə bağlı hazırlanmış təkliflər paketində də öz əksini tapıb: “İsraildə səfirliyin yaradılması və ikitərəfli əlaqələrinə təkan verilməsi - Ermənistanın regiondakı maraqlarının səmərəli şəkildə qorunması deməkdir".  

İranda isə hələ də erməni olimpiadası öz işindədir. Bu gün bir həftəsini tamamlayacaq olimpiadanın bitməsinə 3 gün qalır. Yəqin ki, 3 gündən sonra olimpiada çempionları Tehranda öz qələbələrini yaxşıca qeyd edib, babat əylənəcəklər də. Əlbəttə ki, özləriylə gətirdikləri “Cermux” çaxırı ilə...

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 919          Tarix: 21-09-2019, 10:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma