Xəbər lenti

  

“Aramco hücumu ilə bağlı istintaq başa çatanda İranın bu işdə barmağı olduğu ortaya çıxarsa, Səudiyyə Ərəbistanı lazımi addımları atacaq”.

Ovqat.com xəbər verir ki, Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr mətbuata açılamasında belə deyib.

Onun sözlərinə görə, ilkin qənaət bu hücumların İran tərəfindən keçirildiyi yönündədir: “Çünki Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco”- nun müəssisələrinə təcavüz İran silahları ilə həyata keçirilib. Bu üzdən təcavüzdən Tehranı məsul tuturuq".

Bununla belə, hücumların arxasında İranın dayandığı qəti şəkildə təsdiqlənmədən, rəsmi Riyad konkret addımlar atmağa tələsmir. Baxmayaraq ki, hücumların Yəməndən düzənlənmədiyi, Səudiyyə Ərəbistanının şimalından gəldiyi artıq ortaya çıxıb və bu da əsl “təcavüzkar”ın İran olduğunu göstərən ikinci balıca dəlildir. Bunu heç Adil əl-Cübeyr də gizləmir. O, dünən Riyadda keçirdiyi mətbuat konfransında deyib:

 

"Aramco-nu hədəf alan raketlərin Yəmən deyil, şimaldan atıldığına əminik. Səudiyyə Ərəbistanı raketlərin atıldığı nöqtəni müəyyənləşdirməyə çalışır".

İran rəsmilərinin hücumla bağlı indiyədək verdikləri müxtəlif açıqlamalar da şübhələrin rəsmi Tehran üzərində yoğunlaşmasına yol açır. Baxmayaraq ki, əksər rəsmilər bu işdə İranın barmağının olmadığını, müəssisələrə edilən hücumların husilər tərəfindən həyata keçirildiyində israrlıdırlar. Bununla belə, istər İran prezidenti Həsən Ruhaninin Türkiyədə səfərdə olarkən səsləndirdiyini bəzi fikirlər, istərsə də İran dini lideri Əli Hüseyn Xamneyinin hərbi məsələlər üzrə müşaviri general-mayor Yəhya Səvəfinin dünənki açıqlamaları tamamilə başqa şübhələrə yol açır. Zira İran prezidenti məsələylə bağlı açıqlamasında hücumu dəstəkləyərək demişdi: “Sizə xəbərdarlıq etmək və dərs vermək üçün bir sənaye mərkəzini vurdular. Bölgədəki düşmənlər bu xəbərdarlıqdan dərs almalı və müharibəni sona çatdırmalıdır”.

 

Yəhya Səvəfi isə dünənki çıxışında İranın “möhkəm sülh və təhlükəsizliyi təmin etməyin tərəfində” olduğunu və müsəlmanların hüquqlarını müdafiə etmək istədiyini vurğulayaraq bildirmişdi: "İmam Xamneyi, yalnız İran Silahlı Qüvvələrinin Baş komandanı deyil, eyni zamanda Suriya, Yəmən, Fələstini müdafiə edən qüvvələrin komandiridir".

Xüsuslə Yəhya Səvəfinin bu sözləri hücumun husilər tərəfindən edildiyi təsdiqlənsə belə, hadisənin arxasında İran barmağı olduğu ehtimalını yaradır. Nədən ki, Yəməni müdafiə edən husilər Xamneyiyə bağlıdırlarsa, deməli, onların həyata keçirdiyi böyükmiqyaslı hərbi əməliyyatdan da dini liderin xəbəri olub. Elədirsə, Səudiyyə Ərəbistanı nəyi araşdırır? İran rəsmilərinin bu qədər açıq etirafları ortada varkən, istintaqın nəticəsini gözləməyə nə hacət?

 

Zənnimizcə, sualın ağla gələn tək cavabı var: Səudiyyə Ərəbistanı İran qarşısında nə edəcəyini bilmədiyindən vəziyyətdən çıxmaq üçün “tutarlı” bir səbəb (əslində bəhanə) axtarır. İran isə ona bu bəhanəni vermək niyyətində olmadığından az qala açıq şəkildə hücumun məsuliyyətini husilərlə bölüşdüyünü bəyan edir. Halbuki, dünyanın super gücü olan ABŞ da İranın bu işdə rolu təsdiqlənərsə və Səudiyyə Ərəbistanı müharibəyə başlamaq istəyərsə, ona dəstək verəcəyini açıqlamışdı. O zaman ortaya başqa bir sual çıxır: İran niyə ABŞ və körfəz ölkələrindən çəkinmədən bu ağır məsuliyyət yükünün altına girir? Səudiyyə Ərəbistanı bu qədər böyük avantajı olmasına rəğmən, niyə müharibəyə başlamağa qərar verə bilmir və ayağını sürütləyə-sürütləyə “lazımı gözləməyə” səy göstərir?

 

Müşahidəçilərin fikrincə, bu xaotik vəziyyətin bir neçə səbəbi var. Əsas səbəblərdən biri ABŞ-ın növbəti prezident seçkiləri ərəfəsində olmasıdır. Bu seçkilərə ciddi şəkildə hazırlaşan Tramp növbəti dəfə eyni posta oturmaq üçün sürprizlərlə qarşılaşmaq istəmir. İrana başladacağı hərbi əməliyyatların uzanması və böyük itkilər verməsi onun siyasi imicini alt-üstə edə, zərərinə işləyə bilər. Odur ki, İranı danışıqlar masasına oturdub, hansısa “müsbət irəliləyiş”lərə imza atmaq Tramp hökumətinə daha cazibədar görünür, nəinki Yaxın Şərqdə yeni bataqlığa saplanıb qalmaq.

ABŞ prezidenti sırf bu məqsədlə İrana dialoqa başlamaq barədə xeyli “him-cimlər”, mesajlar göndərməkdən belə geri qalmadı. Hətta özünün İran əleyhdarı olan milli təhlükəsizlik üzrə müşaviri Con Boltonu istefaya göndərərək, dialoqda səmimiyyətini ortaya qoydu. Bununla kifayətlənməyib dəfələrlə İranın müxtəlif kanallarla ona dialoq təklifləri göndərdiyini açıqladı və hər dəfəsində də rəsmi Tehran tərəfindən yalanlandı. ABŞ-ın İranla dialoq axtarışlarının sürətləndiyi bir dövrdə isə husilərin məlum hücumları baş verdi. Beləcə, çətin vəziyyətdə qalan Tramp öz ayağındakı topu Səudiyyə Ərəbistanına ataraq, məsuliyyəti də rəsmi Riyadın üzərinə qoydu.

 

Rəsmi Riyadın isə bu məsuliyyətin altına girmək həvəsi yoxdur. Çünki İranla savaşa başlayacağı təqdirdə ABŞ-ın onu nə qədər dəstəkləyib-dəstəkləməyəcəyini bilmir. Üstəlik, ən yaxın müttəfiqləri olan körfəz dövlətlərindən də beli bərk deyil. Xüsusilə son zamanlar BƏƏ-nin hətta husilərlə mübarizədə onu yalnız buraxması və öz hərbi qüvvələrini Yəmən əməliyyatından geri çəkməsi Səudiyyəliləri xeyli narahat edir. Zira bu vaxtadək Yəmən məsələsində rəsmi Riyada ən yaxın müttəfiq BƏƏ görünürdü. Əməliyyatlar genişləndikcə, müttəfiqlərin bütün güclərini ortaya qoymasına və müharibə 5-ci ilə uzanmasına baxmayaraq, önəmli uğurlar əldə edilmədikcə ərəb dövlətlərinin koalisiyası da laxlamağa başladı.

Ən əsası isə, Yəmənə qarşı ərəb ittifaqı üzvlərinin hədəflərinin eyni olmadığı ortaya çıxdı. Əksər körfəz dövlətləri İranla Səudiyyə Ərəbistanı arasında atəş altında qalmamaq üçün ümumiyyətlə bu savaşa qatılmaqda maraqlı deyildilər. Husilərlə savaşı ən azı Səudiyyə Ərəbistanı qədər arzulayan BƏƏ isə döyüşlərin bütün sərhəd boyu aparılmasını arzulayırdı. Səudiyyə Ərəbistanı isə yalnız  Yəmənin şimalına yüklənmək və husiləri öz sərhəddindən uzaqlaşdırmaq qayğısı içindəydi. Bu da ortaq düşmənin Yəmənin cənubuna sıxışdırılması anlamına gəlirdi və problemi tamamən həll etmirdi. Sözsüz ki, ağlı başında olan heç bir dövlət müttəfiqinin qısa vədəli maraqları naminə atəşi körükləyərək öz üzərinə çəkmək istəməz və rəsmi Əbu Dabi də məhz bunu etdi. O, ABŞ-ın İranla dialoq arayışına girmək istədiyini sezən kimi, dərhal hərbi qüvvələrini atəş xəttindən geri çəkdi. Beləliklə də Səudiyyə Ərəbistanı təkləndi.

 

Bu qədər çətin vəziyyətdə qalan Səudiyyə krallığı indi öz ölkəsində belə sözü keçməyən, vaxtaşırı qərarlarını dəyişmək adətkarlığı olan Trampa inanıb İranla savaşa necə girsin? Yəməndə qaş düzəltmək yerinə gözündən olan krallığı qorxudan başqa ehtimal da var: deyək ki, Tramp onu dəstəklədi, bəs bir ildən sonra keçiriləcək növbəti seçkidə ABŞ prezidentliyi postuna bir başqası əyləşərsə, nə olacaq?

Göründüyü kimi bu sualların cavabı aydın olmadığından Səudiyyə krallığı Aramco-nun iki zavoduna edilmiş hücumun başlanğıc nöqtəsini aydınlaşdırmaq üçün istintaqın nəticəsini gözləməyə üstünlük verir. Eynilə digər rəsmi və qeyri-rəsmi krallıqlar kimi, Səudiyyə Ərəbistanında da istintaqın nə zaman bitməsi məhkəmə hakimiyyəti qolundan yox, siyasi iradədən asılıdır. Yəni kral nə zaman istəsə, istintaq da o zaman tamamlanacaq və yenə araşdırmaqlardan kralın istədiyi nəticə hasil olacaq: müstəntiqlər raketlərin nəinki şimaldan, yaxud cənubdan, hətta qərbdən və ya şərqdən də edildiyini bəyan edə bilərlər. Hətta yeni UFO nağılları uydurmaq da, ümumiyyətlə bu hücumu bir daha yada salmamaq da mümkündür. Yetər ki, bunu kral istəsin.

 

İrana gəlincə, bu ölkə də ABŞ-ın həssas bir dövrə qədəm qoyduğunun fərqindədir və başı seçkilərə qarışan Trampın müharibəyə həvəsli olmadığını hiss edir. Körfəz ölkələri arasındakı vəziyyətdən də halidir. Üstəlik, Trampın ikinci dəfə prezident seçiləcəyi təqdirdə istənilən dəliliyə gedəcəyini də bilməmiş deyil. Axı, onun üçüncü dəfə seçilmək şansı, deməli həm də itirəcəyi heç nə yoxdur və bütün ABŞ prezidentləri ən riskli qərarları ikinci hakimiyyətləri dövründə verirlər. Belə bir vəziyyətdə İranın öz məsələsini həll edə bilməsi üçün qarşısında sadəcə 1 il yarım zamanı var. Bu müddət ərzində riskli hərəkət edib rəqibini daha uyğun zamanda yaxalamaq uğurun açarı ola bilər. İranla problemi həll edərək seçkilərə getmək Tramp üçün avantaja çevriləcəyindən ondan maksimum güzəşt qoparmağın zamanı da məhz indidir. Təbii ki, minillik diplomatiya gələnəyi olan İran belə bir fürsəti fövtə verməzdi və vermədi də.

 

Digər tərəfdən, hər tərəfdən iqtisadi sanksiyalara məruz qalan İranın savaşmaqdan başqa çarəsi də qalmayıb. O, ya riskə girib bütün cəbhə xətti boyunca dünya sənayesinin qəlbi hesab olunan Yaxın Şərqdə neft müharibəsi başlatmalı, beləcə, dünyanı öz təbii sərvətlərindən daha çox asılı vəziyyətə salmalı və bu yolla embarqoları yarmalı, ya da acından ölümlə razılaşmalı, iqtisadi tənəzzülə uğrayaraq, daxili çaxnaşmalar içərisində çabalamalıdır. İkinci yol zatən intihar demək olduğundan, İranın ilk variantı seçməsi gözlənilməz deyildi. Həm də yuxarıda qeyd etdiyimiz kimi, hazırkı vəziyyət risk üçün ən uğurlu zamandır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 908          Tarix: 22-09-2019, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma