Xəbər lenti

 

Redaksiyadan zəruri qeyd: Bir toplum o zaman xalqa, millətə çevrilir ki, içərilərindən ziyalı adlanan zümrələr ortaya çıxır, ümumi xoru pozaraq fərqli fikir söyləyirlər. Şərti olaraq “xaric səslər” adlandırdığımız bu mövqe nümayişi toplumlara alternativ fikirlər təlqin etdiyi kimi, ictimai şüurun inişafına da zəmin hazırlayır. Fikir alternativliyinin, plüralizmin getdikcə vüsət aldığı cəmiyyətlər isə iqtisadi və siyasi baxımdan da tərəqqi yolunu tutur, sözün həqiqi mənasında böyük xalqa, millətə və dövlətə çevrilir. Bu mənada bütün böyük dövlətlər öz varlıqlarını əzbərləri pozan ziyalılara borcludur.

Tanınmış qələm əhli Rəşad Aydının redaksiyamıza göndərdiyi bir məqalə də son zamanlar ərşə çəkilmiş xor yeknəsəqliyini pozan “xaric səslərdəndir”. İlk baxışdan ölkə başçısının Valday sammitində səsləndirdiyi fikirlərə qarşı yazılmış təəssüratı bağışlasa da, müəllif əslində prezidentin çıxışını yox, həmin çıxış üzərində mədhiyə ədəbiyyatı yaratmağa çalışan rəsmi informasiya siyasətini tənqid edir və haqlı olaraq bu qənaətlərə gəlir: “...İlham Əliyevin bu cür bəyanatla çıxış etməsinin az qala Ermənistan üzərində qələbə kimi təqdim olunması əslində vətəndaşlarımızın da, mediamızın da Qarabağın taleyi ilə bağlı ümidsizliyinin göstəricisidir”.

Maraqlı təsbitlərin yer aldığı məqaləni Ovqat.com oxucularına təqdim edirik:

***

 

Rəşad AYDIN

İki gün öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyada keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında Qarabağla bağlı “sərt” bəyanatla çıxış etdi: “Qarabağ Azərbaycanındır və nida”.

Eşq olsun. Halaldır. Tam əminəm ki, bu bəyanatın təsiri ilə Paşinyanın gözünə bir dəqiqə belə yuxu getməyib. Hələ üstəlik Qarabagda olan erməni əsgərləri də dünəndən etibarən hərbi hissələri tərk edib düz İrəvana qaçırlar. Ermənistan siyasiləri də təşviş içindədir. Deyirlər yaxşı ki, İlham Əliyev bəyanatının sonunda cəmi bir nida işarəsi qoyub, yox üç nida işarəsi qoysaydı onda nə günə düşərdik?

Əslində bu bəyanatla bağlı yazı yazmaq fikrim yox idi. Amma iki gündür bütün televiziya kanallarında, qəzet və elektron KİV-də, informasiya agentliklərində, hətta sosial şəbəkələrdə belə məlum bəyanatın az qala qəhrəmanlıq səlnaməsi kimi təqdim olunması məni məsələyə münasibət bildirməyə vadar etdi.

Qarabagla bağlı İlham Əliyevin bu cür bəyanatla çıxış etməsinin az qala Ermənistan üzərində qələbə kimi təqdim olunması əslində vətəndaşlarımızın da, mediamızın da Qarabağın taleyi ilə bağlı ümidsizliyinin göstəricisidir. Əks halda, onsuz da hər kəsə məlum olan həqiqətin prezidentin dilindən bir daha səsləndirilməsi bu qədər böyük ajiotaja səbəb olmazdı. Cəmi 3 il bundan əvvəl aprel döyüşlərində Lələtəpə yüksəkliyinin və atraf ərazilərin, 2018-ci ilin mayinda Naxçıvan istiqamətində 11.000 hektarlıq ərazilərin düşməndən təmizlənməsinə sevinən xalq indi Qarabağın taleyi ilə bağlı o qədər ümidsiz vəziyyətə düşüb ki, prezidentin “Qarabag Azərbaycanındır və nida” bəyanatına sevinməkdən başqa əlacı qalmayıb.

Millət vəkilləri və bir qism “politoloqlar” isə Paşinyanın Xankəndində “Artsax Ermənistanındır nöqtə” bəyanatına İlham Əliyevin Moskvada cavab verməsində də xüsusi əhəmiyyət axtarırlar. Sual olunur: axı İlham Əliyev niyə dığanın bəyanatına bütün dünyanın diqqət mərkəzində olan və “Valday” klubunun toplantısından cəmi bir neçə gün qabaq keçirilən BMT Baş Assambleyasının toplantısında deyil Moskvada cavab verir? Paşinyan isə BMT tribunasından istifadə edərək yenə də dünyanı barmağına dolayır və Qarabağın Azərbaycanla Ermənistan arasında ərazi mübahisəsi məsələsi deyil, insan haqlarının qorunması məsələsi olduğunu deməklə faktiki olaraq işğal olunmuş ərazilərimizin mübahisə predmeti belə olmadığını bəyan edir. Azərbaycanı həmin toplantıda təmsil edən Xarici İşlər Naziri Elmar Məmmədyarov isə nəinki Paşinyana tutarlı cavab vermir, hələ üstəgəl çıxışının böyük bir hissəsini də heç kimə lazım olmayan “Qoşulmayanlar hərəkatının” təbliğinə sərf edir.

Bəs deyilmi? Torpaqlarımızın işğal altında qalmasına artıq onilliklərdir ki, “Lazım gələrsə elə edəcəyik, lazım gələrsə belə edəcəyik” deməkdən yorulmadınızmı? Bu “lazım” niyə gəlmir axı? Torpaqlarımızın işğaldan azad olunmasının “lazım” olub olmadığını fikirləşəcək qədər aciz bir durumda olduğunuzun fərqindəsinizmi?

Azərbaycanın beynəlxalq mövqelərinin günbəgün zəiflədiyi, Ermənistanın danışıqlar prossesini faktiki olaraq tormozladığı və bunun müqabilində ATƏT həmsədri olan ölkələr tərəfindən qınaq obyektinə belə çevrilməməsi Azərbaycan Xarici İşlər nazirinin bərbad fəaliyyətinin nəticəsidir və bu hamıya gün kimi aydındır. Artıq o qədər aciz duruma düşmüşük ki, bizim Xarici İşlər naziri BMT tribunasından Azərbaycan iqtisadiyyatındakı “inkişaf” tempindən danışdığı gün ABŞ Konqresmenləri Frank Pallone, Jackie Spir-Kançelyan və Judi Çu hərbi helikopterlə Ermənistandan Qarabağa gedir, amma Elmar Məmmədyarov o tribunadan istifadə edib buna reaksiya belə verilmir. Azərbaycanın hava məkanını pozan istənilən obyektin vurulacağını dəfələrlə bəyan edən Müdafiə Nazirliyimiz isə İrəvandan Qarabağa olan və artıq adi hal almış uçuşlara seyrci mövqe nümayiş etdirir. Səbəb? Nəyi gözləyirsiz axı?

İstər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin, istər Minsk qrupu həmsədrlərinin, istərsə də Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin bəyanatları onu göstərir ki, artıq real danışıqlar üçün yer qalmayıb. Yeganə və düzgün yol antiterror əməliyyatlarının keçirilməsi və düşmənin məhv edilməsidir. Bunun üçün isə hakimiyyətin iradə nümayiş etdirməsi tələb olunur. Yalnız bu halda Qarabağ məsələsinə NİDA qoymaq mümkün olacaq. Əks halda biz hələ çoxlu sayda durğu işarələri olan bəyanatlar eşidəcəyik.

Gavur qılınc görməzsə, gəlməz amana,

Dörd kitab oxusa da, gəlməz imana”.

 

P.S. Qarabağla bağlı mövcud durumu ən yaxşı halda nöqtəli vergüllə tamamlamaq olar.  Nöqtəli vergül - nöqtə ilə vergül arasında orta mövqe tutan, nöqtədən az, vergüldən çox fasilə tələb edən bir durğu işarəsidir. Başqa sözlə, nə hərb, nə sülh!

 




Ana səhifəyə qayıt        Baxış: 4 686          Tarix: 5-10-2019, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma