Xəbər lenti

 

“Əvvəl Qarabağı almaq, sonra məsələyə nida qoymaq lazımdır”.

Hüquq elmləri doktoru, Ədalət partiyasının sədri Ovqat.com-a açıqlamasında belə deyib.

Onun sözlərinə görə, diplomatik ənənələrdə iki fərqli ritorika olur: “Bunlardan biri aksion, digəri isə reaksion ritorika adlanır. Aksion ritorika təsir gücü deməkdir. Reaksion ritorika isə təsirlənmə əmsalından xəbər verir. Bu mənada aksion ritorikanı mənimsəyənlər diplomatik danışıqlarda daha uğurlu siyasət yürüdən tərəf kimi görsənirlər”.

Ölkə başçısının “Valday” forumunda səsləndirdiyi fikirləri Ermənistan Baş naziri Nikol Paşinyanın məşhur sözlərinə cavab kimi xarakterizə edən İlyas İsmayılov rəsmi Bakıdan bu cür reaksion vəziyyətə düşməyi gözləmirmiş: “Açığını desəm, “Qarabağ Azərbaycanındır. NİDA” bəyanatı siyasətdən başı çıxmayan hansısa saray şairinə yaraşardı. Çünki söz oynatmaları ədəbi sahədə ciddi uğur sayılar, diplomatik sahədə yox. Ölkə başçıları isə qatıldıqları beynəlxalq toplantılarda ciddi bəyanatlar səsləndirməli, qarşı tərəfi reaksiyaya vadar etməlidir. Onların bu bəyanatlarının arxasında isə ciddi reallıqlar dayanmalıdır. Prezidentlərlə yanaşı onların sözünün ağırlığı olan ordular da öz işini görməli, qazandıqları uğurlarla rəhbəri dəstəkləməlidirlər. Nə yazıq ki, Azərbaycan torpağının 20%-i düşmən tapdağı altında olduğu halda ordumuz hansısa “lazımi məqamın” gələcəyini gözləyir. Ölkə rəhbəri isə “nidalı” bəyanatlar verir. Bu bir-birinə zidd həqiqətlər isə xarici arenada Azərbaycanın ciddi dövlət imicinə kölgə salır”.

Nikol Paşinyanın hakimiyyətə gələndən sonra məhz aksion ritorika xəttini tutduğunu deyən İlyas İsmayılov fikrini belə əsaslandırdı: “Onun atdığı hər addım, verdiyi hər bəyanat rəsmi Bakı tərəfindən bu və ya digər formada azacıq təhrif olunaraq təkrarlanır. Halbuki, Paşinyana qədər rəsmi Bakı, pis-yaxşı, daha aktiv mövqedə dayanır, Ermənistan isə bizə cavab verirdi. İndisə biz cavab verən tərəfə çevrilmişik”.

Buna baxmayaraq, Azərbaycan mediasının “nida” bəyanatını şişirtdiyini və bununla da ölkə başçısını yanıltdığını düşünən İlyas İsmayılov tanınmış mətbuat xadimlərinə səslənərək dedi: “Siz bu ölkənin ictimai rəyini həm formalaşdıran, həm də əks etdirən qüvvəsiniz. Bəzən ölkə rəhbərliyi sizin mövqelərinizi nəzərə alıb öz siyasətlərinə çəki-düzən verirlər. Odur ki, mədhiyyə yarışında söylədiyiniz fikirlər onları yanılda bilir, cəmiyyət tərəfindən necə qəbul olunduqları barədə rəsmilərdə qənaət formalaşdırır. Qətiyyən təqdir olunmayan hərəkətlərə öz nüfuzunuzu xərcləyib haqq qazandırmayın”.

Bu barədə böyük mütəfəkkirlərin çox gözəl aforizmləri olduğunu xatırladan İlyas İsmayılov İmam Cəfər Sadıqın bir kəlamını səsləndirdi: “Dünyanın ən bədbəxt adamları kiçik maraqlarının xətrinə böyük idealları fəda edən qənaət öndərləridir. Onlar başqasının bu dünyası üçün özlərinin o dünyasını qurban verirlər”.

Azərbaycanda son zamanlar məddahlığın böyük vüsət almasına təəssüflənən partiya sədri hətta bəzi valideynlərin kiminsə gözünə girmək üçün öz övladlarından imtina etdiyini xatırlatdı: “Bunlar arasında ölkənin tanınmış şəxsləri, ziyalıları da var. Mən şəxsən övlad itirmiş bir valideyn kimi bu şəxslərin asanlıqla belə bəyanatlar səsləndirməsini anlaya bilmirəm. Çünki bir insan üçün övladdan şirin, əziz heç kim ola bilməz. Üstəlik, imtina olunan həmin övladlar əclaflıq da etmirlər. Əksinə nümunəvi qəhrəmanlıq nümayiş etdirərək Azərbaycanın tarixini yaradırlar. Bir neçə illik ömrü qalan atalar isə müvəqqəti keyfləri naminə təkcə öz övladlarından yox, həm də onların indidən təməllərini qoyduqları gələcəyimizdən də imtina edirlər”.

Bu məqamda böyük türk şairi Məhməd Akif Ərsoyun “Zülmü alqışılayam” şeirini xatlırlayan İlyas İsmayılov şeirdən bəzi parçaları səsləndirdi:

“Zulmü alqışlayamam, zalımı əsla sevəməm;

Gələnin keyfi üçün keçmişə qalxıb söyəməm.

Biri əcdadıma saldırdımı, hətta boğaram! ...

-Boğamazsan ki!

-Heç olmazsa yanımdan qovaram.

Yumuşaq başlı isəm, kim dedi uysal qoyunam?

Kəsilir bəlkə, fəqət çəkməyə gəlməz boyunum!”




Ana səhifəyə qayıt        Baxış: 4 880          Tarix: 7-10-2019, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma