Xəbər lenti

 

 Nazilə Nəriman

Heç kimə sirr deyil ki, sovet dövründən miras qalan saxtakarlıq, “pripiska” və digər mənfi ənənələr ölkənin inkişafını ləngidən əsas səbəblərdəndir. Ən acınacaqlısı isə  həm sovet dövründəki idarəedici qurumların , həm də dünya praktikasında mövcud olan icraedici orqanların bu gün ölkədə paralel fəaliyyət göstərməsidir. Belə ki, Nazirlər Kabinetinin öz funkisiyasını çevik şəkildə yerinə yetirə bilməməsi, bəzi Izafi qurumların fəaliyyətinə hələ də  xitam verilməməsi əhali üçün ağır bir yükə çevrilib. Sovet dövründə “JEK” kimi tanınan Mənzil Kommunal İstismar Sahələri də belə yüklərdəndir.

Səlahiyyətlərinin minimuma endirilən “JEK”-lər əsasən bina və məhəllədaxili yolların süpürülüb təmizlənməsi, zibil və daşınmaz əmlak vergisi yığmaqla  məşğul olur. Amma heç bir sələhiyyətli vəzifə sahibi bu günə qədər vətəndaşa  izah edə bilməyib ki, digər kommunal xidmətlər kimi zibil daşınmasına görə tələb olunan xidmət haqqı, o cümlədən lift pulu niyə görə kart ödənişinə keçirilmir? Əhaliyə göstərilən su təchizatına xidmət, kanalizasiya xətlərinin təmizlənməsi və dəyişdirilməsi məsələləri isə artıq neçə ildir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə verilib.

Amma ən maraqlı məsələ budur ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir, çünki Məcəllədə MİS-lərin fəaliyyətini leqallaşdıran heç bir müddəa yoxdur. Daha dəqiq desək, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzil-istismar sahələrinin adı ümumiyyətlə yoxdur. Buna baxmayaraq,  onların icra etdiyi bəzi funksiyalar hələ də qalır. MİS-lərin, əsasən qadın işçiləri qap-qapı gəzib pul yığırlar və insanlar  bu pulu hansı “xidmət” müqabilində verdiklərini belə bilmirlər. 

Dövlət başçısı MİS-in funksiyalarının böyük bir hissəsini artıq "ASAN xidmət"ə verib. Bununla da əhali arasında bu sahədəki kütləvi narazılıqılara demək olar ki, son qoyulub.   Əgər digər funksiyalar da bələdiyyələrə verilsə,  mənzil-istismar sahələri istər-istəməz sıradan çıxmış olacaq. Sadəcə, bunun üçün bələdiyyələrin daha fəal olmaları lazımdır. Lakin bu qurumların da görünən missiyası, sadəcə vətəndaşları müəyyən məbləği ödəməyə məcbur etməkdir. MİS və bələdiyyələrə ödənilən məbləğ isə az deyil, hər birinə ödənən pul ildə 35- 70 manat civarında təşkil edir.  Vətəndaş eyni vergi pulunu hər iki quruma ödəyir, amma əvəzində ehtiyac duyduğu xidmətlərlə təmin olunmur.

Məsələn, binaların dam örtüklərinin dəyişdirilməsi xərcini vətəndaş öz cibindən ödəyir. Halbuki, bu və digər xırda təmir işləri MİS-lərin öhdəsindədir. Artıq neçə ildir ki, Mənzil-İstismar Sahələrinin ləğv olunacağı deyilsə də, onların nə vaxt tam sıradan çıxacağı bəlli deyil.

Yəqin elə buna görədir ki, MİS rəislərinin göstərişinə əsasən, vətəndaşlardan illik “xidmət”haqqını    əvvəlcədən ödəmək tələb olunur. Hər gün evlərə zəng edilir, qapılar döyülür.

Mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin bir  sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS izafi bir qurumdur. Daha dəqiq desək, onsuz da bu qurumların demək olar ki, heç bir bülüşdürüləsi səlahiyyəti qalmayıb. Amma əhali hər iki qurumu saxlamağa faktiki məcbur edilir. Bu gün istər bələdiyyələr, istərsə də MİS-lər arabanın beçinci təkəri kimi lazımsız və faydasız qurumlara çevriliblər. “Beşinci təkərin” xərçini isə onsuz da problemlər içində boğulan əhali çəkir.




Ana səhifəyə qayıt        Baxış: 2 013          Tarix: 10-10-2019, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma