Xəbər lenti

 

Türkiyənin “Sülh bulağı” hərəkatına başlaması ilə “İŞİD”-in yenidən xortladılması problemi gündəmə gətirilib.

Ovqat.com xəbər verir ki, bu məsələnin gündəmə gətirilməsində Suriyadakı YPG/PKK terror təşkilatının xüsusi səyləri açıq hiss olunsa da, bəzi rəsmi şəxslərin iddiaları ciddi qəbul etdikləri də gözdən yayınmır.

Belə ki, bu gün günorta saatlarında əksər döyüşçüləri YPG silahlılarından təşəkkül tapan Suriya Demokratik Gücləri (SDG) məlumat yayaraq, Türk ordusunun İŞİD əsirlərinin saxlanıldığı həbsxananı top atəşinə tutduğunu bildirmişdi. Reuters xəbər agentliyinə məlumat verən SDG yetkilisinin dediyinə görə, top atəşi ilə dağıdılan zindan Qamışlıda yerləşir. Mənbə 60 fərqli ölkədən İŞİD üzvlərinin saxlanıldığı həbsxananın vurulmasını isə terrorçuların qaçmasına kömək etmək kimi qiymətləndirib.

 

Maraqlıdır ki, xəbər Reuters agentliyində yayıldıqdan cəmi 10 dəqiqə sonra sosial şəbəkələrdə bu şübhələri ağla gətirən növbəti rəsmi məlumatlar paylaşılıb. Mənbə isə hansısa mətbuat xadimi yox, Almaniya Xarici İşlər Nazirliyi olub. Nazirliyin Twitter açıqlamasına görə, Almaniyanın Xarici İşlər naziri Heyko Maas Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı aparıb. Danışıqdan sonra paylaşıldığı anlaşılan açıqlamada vurğulanırdı ki, Maas tərəf-müqabilinə  hərbi əməliyyata dair qayğılarını çatdırıb. Alman naziri ən çox narahat edən isə hərbi əməliyyatın "İŞİD-ə yenidən güc qazandırması ehtimalının də daxil olduğu mənfi nəticələri” olub.

Almaniyanın bu iddiasına hələ də Türkiyə tərəfindən heç bir münasibət bildirilməyib. Amma görünən budur ki, Almaniya Xarici İşlər naziri Reuters  agentliyinin sözügedən xəbərindən əvvəl bu barədə hansısa məlumata malik imiş və bunu Türkiyəli həmkarının diqqətinə çatdırıb.

 

İŞİD əsirlərilə bağlı ən ilginc məlumatı isə Pentaqon yayıb. ABŞ Müdafiə Nazirliyinin adı açılanmayan bir səlahiyyətlisi "iki mühüm İŞİD üzvünün" YPG-nin nəzarətindəki düşərgədən çıxarılıb təhvil alındığını etiraf edib. Səlahiyyətli sözügedən İŞİD üzvlərinin Suriyadan çıxarıldığını və etibarlı bir yerə aparıldığını bildirib. Həmin İŞİD-çilərin aralarında Amerikalı jurnalist Ceyms Foleyin də olduğu əcnəbiləri qaçıraraq, işgəncə verən və öldürən dörd nəfərlik qrupa aid olduqları xəbər verilir.

“New York Times” qəzeti isə ABŞ-ın YPG-dən yalnız 2 İŞİD-çini təhvil alması xəbəri ilə razılaşmır. Qəzet iddia edir ki, ABŞ çoxsaylı “xilafətçi” alıb və onları İraqa aparıb.

 

Məlumata görə, YPG qoşunları İŞİD-ə qarşı mübarizə zamanı ən azı 10 min təşkilat üzvünü əsir götürüblər. Həmin terrorçuların zaman-zaman ABŞ-a təslim edildiyi də Qərb dövlətlərinin media orqanları tərəfindən sübuta yetirilib. Türkiyənin başlatdığı hərbi əməliyyatlar zamanı YPG qüvvələrinin əlindəki İŞİD üzvlərinin vəziyyəti barədə narahatlıq ABŞ prezidenti Trampın da üzərində dayandığı mövzulardan olub. Belə ki, Tramp bir media nümayəndəsinin sualına cavab verərək, Suriyadan çəkildiklərini, bundan sonra İŞİD-çilərin məsuliyyətini Türkiyənin daşıyacağını açıqlamışdı. Halbuki, Amerika mediasının iddiasına görə, İŞİD əsirləri Qamışlı alınmamışdan əvvəl ABŞ tərəfindən İraqa aparılıb. Belə görünür ki, Qamışlıdakı İŞİD zindanı Türkiyəyə boş təhvil veriləcək və böyük ehtimalla ABŞ tərəfindən xortladılan “xilafət” kabusunun altına Ankaranın imzası atılacaq. Kim bilir, bəlkə Almaniya və Türkiyə Xarici İşlər nazirləri də bugünkü telefon danışıqlarında bu ehtimalı müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 798          Tarix: 10-10-2019, 21:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma