Xəbər lenti

  

ABŞ-ın Şimali Suriyadan tamamilə çəkilməsi qərarından sonra 48 saat ərzində Suriya ordusu Menbiç və Kobaniyə daxil olacaq.

Ovqat.com xəbər verir ki, bu iddianı rəsmi Dəməşqə yaxın Əl-Məyadin telekanalı irəli sürüb.

İddiaya görə, Demokratik Suriya Qüvvələri (DSG) ilə Suriya ordusu arasında bu istiqamətdə razılıq əldə olunub.

Qeyd edək ki, Kobani Türkiyə ordusunun hələ ki, hərbi əməliyyatlara başlamadığı, amma Barış pınarı hərəkatının  hədəfləri arasındadır və Türkiyə sərhədlərinin tam yaxınlığında yer aldığından qardaş ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Menbiç isə Fərat çayının qərbində yerləşdiyindən ümumiyyətlə Barış pınarının hədəflərinə daxil deyil. Bu baxımdan Türkiyə Suriya ordusunun Menbiçə gəlməsinə göz yumsa da, Kobanidə iki dövlət arasında müəyyən anlaşılmazlıq yarana bilər.

Əsas komandanlığı PKK-dan təşəkkül tapan DSG-nin Suriya ordusu ilə Menbiç və Kobaniyə nəzarət etməyə çalışması təsadüfi deyil. Kürd separatçıları Barış pınarı əməliyyatından əvvəl Türkiyə bölgəyə hərbi müdaxilə edərsə, Suriyanı köməyə çağıracağını açıq şəkildə bildirmişdilər.

Digər tərəfdən, ABŞ Müdafiə naziri Mark Esper bu gün mətbuata verdiyi açıqlamada Türkiyənin əvvəl planlaşdırılan bölgələrin kənara çıxacağını, hərəkatı həm cənuba, həm də qərbə genişləndirəcəyini, DSG-nın isə Moskva və Dəməşqlə anlaşacağı ehtimalının olduğunu söyləmişdi. Esperın fikrincə, ABŞ Prezidenti Donald Tramp da məhz bu səbəbdən Suriyanın şimalında yerləşən təxminən 1000 Amerika əsgərini cənuba çəkmə əmri vermişdi.

Suriya ordusunun bölgəyə daxil olmasının isə hərbi əhəmiyyətindən çox, siyasi-hüquqi mənası var. Belə ki, Türkiyənin hərbi əməliyyatlarda əsaslandığı beynəlxalq hüquq hər hansı dövlət tərəfindən nəzarət olunmayan ərazilərinə qonşu dövlətin müdaxilə haqqından doğur. Həmin ərazilər isə beynəlxalq qurumlar və dövlətlər tərəfindən Suriya torpağı kimi tanınır.  Dolayısı ilə Suriyanın, özündən çox adı olan ordu birliklərinin həmin torpaqlarda görünməsi Türkiyənin hərbi əməliyyatlarının legitimliyinə kölgə salmaq, onu Dəməşqin dostları - Rusiya və İranla üz-üzə qoymaq  məqsədi daşıyır.

Türkiyənin isə qarşısında onsuz da hələ Tel Abyaddan İraq sərhədlərinə qədər ərazilərdə nəzarəti öz üzərinə götürmək kimi uzun zaman tələb edən missiyalar var. Üstəlik, Kobani və Menbiçin PKK-dan Suriya ordusunun nəzarəti altına keçməsi də Türkiyənin maraqlarına zidd deyil. Zatən Türkiyə prezidenti də məqsədlərinin Suriya torpaqlarını işğal olmadığını açıq şəkildə bəyan etmişdir.

Görünən budur ki, PKK/YPG qüvvələrində də Şimali Suriyada “kürd zolağı”nın yaradılmasının artıq mümkün olmadığı qənaəti formalaşıb və onlar bölgəni “daha yaxşı düşmən”ə təslim etmək niyyətindədirlər.

Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 3 445          Tarix: 13-10-2019, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma