Xəbər lenti

  

İki gün öncə işğal altındakı Şuşa şəhərində Azərbaycan memarlıq sənətinin incilərindən sayılan Gövhərağa məscidinin tarixinin saxtalaşdırılması işinə yekun vuruldu.

Strateq.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, məscidin “bərpa” işlərindən sonra açılışı olub.

Açılışa qondarma DQR-nın “prezidenti”  Bako Sahakyan və digər “rəsmi”lər qatılıblar. Erməni Apostolik kilsəsinin Qarabağ (Artsakh) Piskoposluğunun Baş keşişi Pargev Martirosyan da tədbir iştirakçıları arasında olub. “DQR” rəsmən tanımayan Ermənistanın İdman və Mədəniyyət  Nazirliyinin aparıcı rəsmiləri də həmçinin tədbirdə iştirak ediblər. Məlumata görə, açılışa digər ölkələrin rəsmiləri də gəliblər.

Açılışda çıxış edən B.Sahakyan məscidin bərpasını ermənilərin fars mədəniyyətinə verdiyi töhfə adlandırıb və bununla da erməni-fars mədəni inteqrasiyasının daha da möhkəmlənəcəyinə inandığını bildirib.

 

Qeyd edək ki, Qarabağ ermənilərinin fars məscidi adiyla bərpa edib mədəniyyət tariximizi saxtalaşdırmağa çalışdıqları Yuхarı Gövhərağa məscidi və ya başqa adiyla Şuşa cümə məscidi Qarabağ xanlığı dövründə inşa edilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarixi-mədəni abidəsi kimi qeydiyyata alınan məscidinin inşası bir neçə mərhələdə həyata keçirilib. Məscidin ilk varianti Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə təxminən 1750-ci illərdə qamışdan tikilmişdir. İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768-1769-cu illərdə qamış tikili sökülmüş, onun yerində daşdan məscid ucaldılmışdır. XIX əsrin I yarısında İbrahimxəlil xanın qızı Gövhər ağanın maddi dəstəyi ilə yararsız hala düşmüş məscid yenidən bərpa edilmiş və ona qoşa minarə əlavə olunmuşdur.

 

Göründüyü kimi, tamamilə Qarabağ xanlarına aid olan bu məscidin fars mədəniyyətilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə məscidin inşa olunduğu tarixdə hətta İranın özündə belə, fars hakimiyyəti mövcud deyildi. Məscidin istər qamışdan tikildiyi 1750-ci illərdə, istərsə də daşdan insa olunduğu 1768-69-cu illərdə  Azərbaycandan tutmuş Hindistana qədər geniş ərazilərdə Nadir şahın qurduğu türk soylu Əfşar imperiyası hökm sürürdü. Sözügedən memarlıq abidəsinin son şəkilini aldığı 19-cu əsrin I yarısında isə həmin ərazilər Qacariyyə dövlətindən qoparılıb Rusiyaya bağlanmışdı. Buna baxmayaraq, mədəniyyət sahəsinə görə Azərbaycan yenə Qacar dövlətinin ənənələrini davam etdirirdi. Deməli, yüzillərlə Şuşanın simvolu sayılan Gövhərağa məscidini nə siyasi, nə mədəniyyət tarixi baxımdan qətiyyən farslara aid etmək mümkün deyil.

Ermənilər isə bir tərəfdən Qarabağdan Azərbaycan xalqının izlərini silmək üçün onu farslaşdırmağa, digər tərəfdən isə guya müsəlman məscidini bərpa etməklə özlərini dünyaya multikulturalist millət kimi göstərməyə çalışırlar. Onların yürütdüyü bu siyasətin adı isə mədəni genosiddir.

 

“DQR”-nın mədəni genosid siyasətinin təzahürləri yalnız Gövhərağa məscidi ilə də tamamlanmır. İşğal olunmuş ərazilərdə, o cümlədən Ermənistanda Azərbaycan xalqına aid, demək olar ki, bütün mədəniyyət nümunələri məhv edilib, müsəlman qəbiristanlığına qədər hər şey dağıdılıb. Tarixə öz möhürünü vurmuş, inkarı mümkün olmayan Gövhərağa məscidi kimi əsərlərimiz isə fars mədəni irsi kimi dünyaya tanıdılır.

Nə yazıq ki, onlar bu genosid siyasətlərində yalnız da deyillər. Hər şeyə farsların milli mənfəətləri baxımından yanaşan İran İslam Respublikası da ermənilərin bu siyasətinə əlindən gələn köməyi edir. Təsadüfi deyil ki, “DQR” “prezidenti də Şuşadakı cümə məscidinin “açılışında” bunu dolayısıyla etiraf edərək “təşəbbüslərinin erməni-fars dostluğunu məhkəmləndirəcəyinə” inandığını dilə gətirir. Rəsmi Tehrandan isə bu cür təqdimata heç bir təpki göstərilmir.

Halbuki, İran ən azından adındakı İslam sözündən utanıb buna sərt reaksiya verməli, müsəlman Azərbaycan xalqının mədəni genosidinə “dur” deməlidir. Zira Şuşanın cümə məscidinin farslaşdırılması Dağlıq Qarabağın erməniləşdirilməsilə eyni anlama gəlir, bir-birini tamamlayır. Kifayət qədər mədəni irsi olan farsların isə kiminsə saqqalından çəkilmiş tüklə özünə saqqal düzəltməyə ehtiyacı yoxdur. Deməli, bu durumda Şuşa məscidinin farslaşdırılmasının yalnız bir tərəfə xeyri var – Azərbaycanın 20% torpağını özününküləşdirməyə çalışan ermənilərə.

 

İran bu mədəni genosidə seyrçi qalmaqla ermənilərin həm də Azərbaycan xalqını vəhşi millət kimi göstərmək siyasətinə qulluq edir. Belə ki, Şuşada müsəlman mədəniyyətinə “sahib çıxan” ermənilər Azərbaycan xalqını isə onların mədəniyyətini yox etməkdə günahlandırır. Əllərindəki bəhanələri isə Naxçıvanda, guya, erməni abidələrinin yox edilməsi “faktıdır”.

Erməni araşdırmaçı yazarlardan olan Harri Xaçaturyanın bu yaxınlarda ABŞ-da yayımlanan dailywire.com saytında dərc etdiyi “Azərbaycanın Ermənistana qarşı gizli mədəni təmizlik kampaniyasının təzahürləri” adlı məqaləsi də bu qəbildəndir. İŞİD-in Suriya və İraqdakı mədəni genosid siyasətlərinə qısa ekskurs edən müəllif daha sonra Naxçıvanda “törədilmiş” bənzər hadisələrdən danışır və azərbaycanlıları “xilafət” terrorçularından daha əvvəl eyni cinayətlə məşğul olduğunu iddia edir. Müəllif bildirir ki, bu ilin əvvəlində “Hyperallergic” qəzetində yayımlanan bir hesabatda Azərbaycan hökuməti tərəfindən 1997-2006-ci illər arasında erməni izlərinin silinməsi barədə danışılmış və 10 il ərzində ölkəmizdə orta əsrlərə aid 89 kilsənin, 5.840 daş abidənin, 22.000 qəbir daşının yıxıldığı qeyd olunmuşdur. Guya, bu abidələrin böyük əksəriyyətinin yox edildiyi yer isə Naxçıvan imiş və Muxtar Respublika 1921-ci ildə Türkiyə-Sovet İttifaqı arasında bağlanmış müqavilələrin (Qars və Moskva müqavilələrini nəzərdə tutur) sayəsində Azərbaycanlaşdırılmışdır. Xaçaturyanın iddialarına görə, 1914-cü ilə qədər Naxçıvanın əhalisinin guya 40%-ni ermənilər təşkil edirmiş. SSRİ qurulduqdan sonra isə Azərbaycanın yürütdüyü şovinist siyasətlər nəticəsində bu say 1.4%-ə düşmüşdür. Müəllif Dağlıq Qarabağ “xalqının” müstəqilliyə can atmasının səbəbini "Azərbaycanın erməni mədəniyyətinə və varlığına susamış bu vəhşiliyi"ndə görür:

 

“Naxçıvanın erməni sakinlərinin taleyindən qorxan Dağlıq Qarabağ 1988-ci ildə Sovet Ermənistanla konfederasiya qurmaq haqqında qərar qəbul etdi. Ancaq Sovet prezidenti Mixail Qorbaçovun mürtəce siyasətləri altında Ermənistan və Azərbaycan arasında baş verən müharibə regional xaosa çevrildi”.

Bu yerdə haşiyəyə çıxmamaq mümkün deyil:

Adama deyərlər ki, ay filanşudə, azərbaycanlılar elə əzazil idilərsə, niyə ermənilərin kökünü rus işğalına məruz qalmamışdan əvvəl kəsməmişdilər? Axı 1813-28-ci ilə qədər bütün Qafqaz regionu türk əsilli Qacarların əlində olub. Bir cüt, iki tək ermənini yer üzündən silmək nəmənə şey idi ki, min il boyu sözügedən coğrafiyanın hakimi olan türklər bunu bacarmadı da, işğal olunmağı gözlədi?

Məqalənin davamında Naxçıvanda “dağıdılan memarlıq əsərləri” barədə uzun-uzadı məlumat verən müəllif “mədəni soyqırımın” əsl səbəbini isə bu cür izah edir:

 

“1991-ci ildə Sovet İttifaqı, nəhayət, öz ağırlığı altında əzildi, Ermənistan və Azərbaycan yeni müstəqil dövlətlər olaraq ortaya çıxdılar, savaşçılar arasındakı gərginliklər artdı. Ermənistan dəstəkli Dağlıq Qarabağ (yerli erməni sakinlərinin Artsakh dediyi yer) döyüşçüləri müsəlman Əfqanıstan və Çeçenistandan gələn muzdlu əsgərlər və könüllülər, həmçinin 1993-cü ildə Ermənistana hücum planlaşdırdığı güman olunan Türkiyə tərəfindən böyük ölçüdə dəstəklənən Azərbaycana qarşı çıxdılar.

Hər iki tərəf onminlərlə can itkisindən sonra Rusiyanın vasitəçiliyi ilə 1994-cü ildə atəşkəs elan etdi. Ermənilər möcüzəvi bir şəkildə müharibəni qazandılar ki; bu da başlarının üzərində asılı olan bir başqa erməni soyqırımının kabusuna bağlıydı. Artsakh yalnız faktiki bir respublika kimi qalmadı, sovet dövründəki sərhədlərinin bir hissəsi olmayan böyük bir "tampon bölgə" bölgəsi də qazandı.

 Azərbaycanın alçaldıcı məğlubiyyəti liderlərinin Naxçıvandakı mədəni soyqırımı həyata keçirməyə qərar verməsinin səbəblərindən biri ola bilər”.

 

Göründüyü kimi, Ermənistan bir tərəfdən bizi başqa mədəniyyətlərə qənim kəsilmiş barbar xalq kimi göstərir, digər tərəfdən isə milli mədəniyyət nümunələrimizi farslaşdıraraq Qarabağdan türk kimliyini silməyə çalışır. İran isə bu mədəniyyət nümunəsinin farslarla əlaqəsi olmadığını etiraf etmir. Bəs Azərbaycan? Qarabağın erməniləşdirilməsinə hesablanmış bu yalanı nə dərəcədə faş edə bilir?

İnternet üzərində apardığımız araşdırmalar nəticəsində bu yalana yalnız XİN tərəfindən cavab verildiyi aydınlaşdırdıq. Özü də təkcə iki dildə - Azərbaycanca və rusca. Həm də kim səviyyəsində, bilirsinizmi - XİN Mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva səviyyəsində. Halbuki, ermənilər bu yalanı öz nazirliklərinin saytında deyil, dünya ictimaiyyətinə daha çox açıq olan ingilis dilli mətbuat orqanlarında işıqlandırırlar. Bizim XİN isə özü yazır, özü oxuyur. Həm də erməni himayədarlarının adını çəkmədən, kifayət qədər “diplomatik” bir tərzdə. Bəs Azərbaycanın Tarix İnstitutu, yüzlərlə tarix professoru, Mədəniyyət naziri hara baxır?

Üstəlik, ermənilərə verdiyimiz cavab da onların Naxçıvan barədə uydurduğu yalanları əks etdirmir, sadəcə Şuşa məscidi barəsindədir. Yəni erməni yalanının yalnız quyruğundan yapışıb sürünürük.

 

İddialarımızın nə dərəcədə haqlı olduğunu göstərmək üçün Leyla xanım Abdullayevanın məlum açıqlamasından bir hissəsini təqdim edirik:

“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrində ölkəmizin tarixi və mədəni irsinin işğalçı Ermənistan tərəfindən məhv edilməsi ilə bağlı konkret faktlara əsaslanan hesabatlar bu günədək UNESCO başda olmaqla, əsas beynəlxalq təşkilatlara, həmçinin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ISESCO-ya təqdim edilib. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə bir qətnamə 2019-cu ildə İƏT Xarici İşlər nazirlərinin Abu-Dabi şəhərində keçirilən 46-cı iclası nəticəsində qəbul olunub.

Azərbaycanın Şuşa şəhərində Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə 19-cu əsrdə tikilmiş Yuxarı Gövhərağa (Cümə) məscidinin Ermənistan tərəfindən "təmir olunması" bu işğalçı ölkənin Azərbaycan ərazilərindəki maddi-mədəniyyət və dini abidələrin mənimsənilməsi və onların mənşəyinin dəyişdirilməsi siyasətinin bir hissəsidir. Belə ki, Gövhərağa məscidini "bərpa" edərək, fars məscidi kimi qələmə verməyə çalışan işğalçı tərəfin əsas məqsədi Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətidir.

Azərbaycanın işğal olunmuş torpaqlarında tam etnik təmizləməni həyata keçirərək yerli müsəlman azərbaycanlıları öz doğma evlərindən, mülklərindən didərgin salan təcavüzkar Ermənistanın bu gün Şuşada məscid "təmir" edərək guya ki, dini dəyərlərə verdiyi hörməti nümayiş etdirmək cəhdi riyakarlıqdan başqa bir şey deyildir. Dini və dünyəvi dəyərlərə, hörmət edən tərəf özünün viran etdiyi dini yerləri sonradan bərpa edirmiş kimi tarixi saxtalaşdırmaqla məşğul olmaz”.

Heydər Oğuz

Strateq.az




Ana səhifəyə qayıt        Baxış: 2 832          Tarix: 16-10-2019, 22:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma