Xəbər lenti

  

Pambıq yığımı davam edir. Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında görə, dünənə qədər ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3% çoxdur.

Məlumatda o da bildirilir ki, bu il Azərbaycanda 100 111 hektar ərazidə pambıq əkilib. Saatlı (13 741 hektar), Ağcabədi (10 452 hektar), Biləsuvar (10 257 hektar), Bərdə (10 140 hektar), Beyləqan (9 706 hektar), Sabirabad (8 630 hektar) və İmişli (7 492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır.

Ovqat.com-un məlumatına görə, Nazirliyin ən çox pambıq əkən rayonlar təsnifatında Salyanın adı çəkilməsə də, bu rayon da qabaqcıl “ağqızılçı”lardan sayılır.

Rayon fermerlərinin redaksiyamıza verdiyi məlumata görə, rayonun icra başçısı Sevindik Hətəmov inişil ölkə başçısının qarşısında pambıqçılıq sahələrini 7 min hektara qaldıracağına dair öhdəlik. Amma Salyanda bu vədi yerinə yetirmək o qədər də asan deyil: “Çünki rayonda faktiki olaraq bu qədər pambıqçılığa yararlı sahə yoxdur. İcra başçısın həmin vədi verməmişdən qabaq Salyanın cəmi-cümlətanı 3.5 hektar pambıqçılıq sahəsi vardı. İcra başçısının birdən-birə bu potensialı 2 dəfə artırmaqla bağlı verdiyi vədi həm fermerlərin başında çatlayıb, həm də rayondakı əlaqədar rəsmilər tərəfindən heyrətlə qarşılanıb”.

  

Bildirilir ki, Salyanda pambıq yığımı ilə əlaqədar yaradılmış rayon qərargahının 2017-ci ilin 5 sebtyabr tarixli iclasında Sevindik Hətəmov bu xəbəri fermerlərə çatdıranda “MKT-İK" Salyan filialının direktoru Bahəddin Leysanov buna etirazını bildirib istefa ərizəsini yazıb. Səbəb onun bu vədi yerinə yetirməyin mümkünsüzlüyünə inanması olub. Rayon rəhbərliyi isə bu vəzifəni onun müavini Akif Hüseynova həvalə edib.İcra başçısının bu öhdəliyinə etiraz edən həmin Leysanovdur ki, bu insident baş verməzdən bir il əvvəl Salyan və Neftçala rayon sakinləri onun əlindən şikayət etmədikləri dövlət və mətbuat orqanı, döymədikləri qapı qalmamışdı. Şikayətçilərin bildirdiyinə görə, özünün Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və digər rayonlardakı minlərlə hektar ərazisi olduğu halda, vətəndaşların halal torpaqlarını da ələ keçirən Leysanov bir çox kənd sakinlərini torpaq üzünə həsrət qoyub.

2 il əvvəl mətbu orqanlarda dərc olunan şikayət məktublarından birində bildirilirdi ki, Bahəddin Leysanov illər öncə Neftçala və Salyan rayonlarının torpaqlarını bələdiyyələrdən guya icarəyə götürmək adı altında 99 illiyinə alıb: “Həmin ərazilərin bir hissəsində biznes obyektləri qurub, bir hissəsindən isə istifadə olunmur. Hansı ki, həmin ərazilər qanunla yerli sakinlər arasında bölünməlidir. İddialar görə, sakinlər onlara çatacaq torpaq sahələrinin qanunsuz olaraq B.Leysanova verilməsi ilə bağlı Salyanın bundan əvvəlki icra başçılarına və indiki başçı Sevindik Hətəmova, eləcə də Neftçalanın icra başçısılarına və o cümlədən İsmayıl Vəliyevə dəfələrlə müraciət ediblər, amma çifayda, heç bir tədbir görülməyib.

Əksinə, bir neçə rayonun sakinlərinin şikayəti Leysanovun xeyrinə işləyib. Görünür, Salyan rayonunun İcra Hakimiyyəti insanlarla “yaxşı işləmək qabiliyyətini” nəzərə alıb onu istefa ərizəsi yazmasına baxmayaraq indiki vəzifəsində - “MKT-İK" Salyan filialının direktoru kürsüsündə saxlayıb. Leysanov da dərd-bəla leysanı olub Salyan və Neftçala kəndlərinin başına yağıb.

 

Doğrusu, faktiki olaraq, böyük pambıqçılıq müəssisələri olan bir adamı hansı məntiqlə gətirib həm də regional tədarük idarəsinin başına qoyublar, bunu anlamaqda çətinlik çəkirik. Çünki həm tədarük, həm də istehsal işini eyni anda yürütmək inhisarçılığa yol açır ki, Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsini bitirən Salyan rayonunun icra başçısı Sevindik Hətəmov bunu bilməsə də, Fransanın Strasburq və Sorbonna Universitetlərinin hüquq fakültəsinin məzunu KTN naziri İnam Kərimovun belə məsələlərdən bixəbər olması inandırıcı deyil. Bəs niyə indiyədək müvafiq qurumlar, o cümlədən Prezident qarşısında məsələ qaldırıb Salyanda pambıqçılığın inkişafında böyük maneəyə çevrilə biləcək problemin qarşısını vaxtında almayıb? Axı bu, Salyan pambıqçıları üçün kombayn sürməkdən daha yaxşı xidmət olardı.

 

Bu suala cavab axtarmaq zəhmətini dövlət böyüklərimizin öhdəsinə buraxıb keçirik əsas məsələyə.

Salyan fermerlərinin  iddialarına görə, Salyan İcra Hakimiyyəti verilən vədi əməli fəaliyyətlə deyil, bəzi taktiki üsullarla həyata keçirməyə çalışır:Bizim yığdığımız pambığı 15-20% aşağı göstərərək, yəqin ki, artıq qalan pambığı digər olmayan sahələrin adına yazırlar. Nəticədə bizim haqqımız yeyilməklə qalmır, rayonumuzun pambıq məhsuldarlığı da aşağı düşür”.

Qeyd edək ki, pambıq məhsuldarlığına görə, ötən il Salyan həqiqətən də ölkə ortalamasından xeyli geri qalıb. Hökumət keçirilən pambıq müşavirələrində 2018-ci ildə hər hektardan 40 sentner məhsul əldə olunacağını vəd etsə də, sonradan bu hədəfi iki dəfə aşağı salıb, yekunda isə heç 20 s/ha-lıq planı belə reallaşdıra bilməyib. Ötən il Azərbaycanda pambıq məhsuldarlığı cəmi 17.5 s/ha olub. Salyanda isə bu göstərici aşağı olub: 14,5 s/ha – ümumi məhsuldarlıqdan 16% az.

 

Bu fakt şikayətçilərin irəli sürdüyü ittihamların əsassız olmadığı qənaəti formalaşdırdığından, biz də iddiaları dəqiqləşdirmək qərarına gəldik.

Əlaqə saxladığımız fermerlərdən biri -Salyan rayonunun ən böyük pambıqçılıq təsərrüfatlarından birinə rəhbərlik edən İbadət Cəfərov aldığımız məlumatların bəzilərini təsdiqlədi. Onun sözlərinə görə, bu il 60 hektar ərazidə pambıq əkib. Ötən il bu vaxta qədər bütün məhsulunu yığıb təhvil veribmiş. Bu il isə hələ də sahələrinin yarısı kombayn gözləyir.

O ki qaldı MKT-nın 15-20% aşağı dərəcəylə pambığı qəbul etməsinə, İbadət müəllim də bu məsələdən xeyli gileyləndi: “Hazırda Salyan və Neftçalada 4 pambıq qəbulu məntəqəsi var. Onlar içərisində ən çox faiz qoyan MKT-dır. Şəxsən məndən bu il 16% çıxıblar. Digər məntəqələrdə isə faiz göstəriciləri xeyli aşağıdır. Ən aşağı faizlə işləyən isə KTN-nin pambıq tədarükü məntəqəsidir. Orada pambığın yalnız 12%-ni itkiyə çıxırlar. MKT-da isə ən yaxşı halda məhsulu 16% itkiylə qəbul edirlər. Belə davam etsə, mən də gələn ildən MKT ilə əməkdaşlığa son qoyacağam”.

Uzun illər pambıqçılıqla məşğul olan İbadət Cəfərovun dediyinə görə, yığılan pambığın tərkibində müəyyən tullantılar olur və bu çıxılmalıdır da. Amma 16-20% yox. Ən pis halda bu tullantılar 8% civarında ola bilər.

Qeyd edək ki, İbadət Cəfərov həm də Ərəb Qardaşbəyli kənd orta məktəbinin direktorudur. Rayonun bütün idarə strukturlarını sovet hakimiyyəti dövründə olduğu kimi pambıq yığımına cəlb edən icra hakimiyyəti onların alın tərini yuxarı faizlərlə mənimsəyən MKT-nın bu hərəkətinə niyə göz yumur, aydın deyil. Axı Marksın da dediyi kimi, “pambıq – qul əməyidir”. Qulun alın tərinin haqqı isə ədalətlə ödənməlidir. Üstəlik, həmin qul vəziyyətinə salınan insan ziyalıdırsa, heç olmasa onun üzünün ziyasından utanılmalıdır. Salyan rayonunda isə deyəsən, ziyaya, ziyalıya əhəmiyyət verən yoxdur. Onlara icra başçısının ölkə rəhbərliyi qarşısında götürdüyü öhdəliyi doldurmaq lazımdır, vəssəlam.

İddialar barədə fikrini öyrəndiyimiz MKT İK MMC-nin Salyan rayonu filialının pambıq qəbulu üzrə səlahiyyətlisi Maarif (təəssüf ki, soyadını öyrənə bilmədik) müəllim isə barələrində irəli sürülən bütün iddiaları rədd etdi. Onun dediyinə görə, Salyanda icra başçısının prezidentə nəinki söz verdiyi kimi 7 min hektar, hətta ondan daha çox ərazidə pambıq əkilib (?!). Bəzi fermer təsərrüfatlarının ötən illə müqayisədə daha az ərazilərində məhsul yığımını isə sahələrdəki məhsuldarlıqla əlaqələndirən Maarif müəllim, uzağı, 4-5 günə ilk yığımı bitirəcəklərini dedi.

Bu yerdə, yəqin ki, dəyərli oxucuların beynində belə bir sual meydana gəldi: Bəs Azərbaycanın hökumət dairələri  keçirilən müşavirələrdə hər il ölkəmizə xeyli miqdarda kənd təsərrüfat texnikası gətirildiyini etiraf edirdi. Həmin texnikaların böyük qismi isə pambıqyığan kombaynlardır Necə mümkündür ki, o qədər texnikadan Salyanın payına yetərli sayda kombayn düşməsin?

 

Hömsöhbətimiz bu suala aydınlıq gətirərək bildirdi ki, MKT-nin Salyan rayon filialında ötən il cəmi 8 kambayn vardı, bu il isə onların sayını 12-yə çatdırılıb. Maarif müəllimin fikrincə, gecikmələr texnika çatışmazlığından qaynaqlanmır: “Əksinə ötən ilkindən yarıbayarı artıq texnika ilə iş başındayıq. Bu il pambıq bol olduğundan müəyyən gecikmələr yaşansa da, yağışlar yağmadan yığımı bitirəcəyik”.

O ki qaldı MTK-nin digər məntəqələrdən daha böyük itki faizilə pambıq qəbuluna, bu məsələdə KTN-ni günahlandıran həmsöhbətimiz fikrini belə əsaslandırdı:

“Sahələrdən yığılan bütün pambıqlarda bu və ya digər dərəcədə tullantılar olur. Onun faizini isə biz yox, müəssisəmizdəki müasir texnikalar müəyyənləşdirir. KTN-nin rayondakı pambıq qəbulu məntəqəsində isə məhsulu necə gəldi təhvil alırlar. Tərəzidə çəkmədən, tullantı faizini yoxlamadan pambıq tədarük edirlər. Nəticədə də ortaya belə dedi-qodular çıxır. Hər şeyin zibilini çıxaran elə KTN-dir”.

Bu açıqlamanı eşidəndə nədənsə M.Ə.Sabirin məşhur misraları yadıma düşdü:

“Ax, necə keyf çəkməki əyyam idi,

Onda ki övladi-vətən xam idi”

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 329          Tarix: 17-10-2019, 20:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma