Xəbər lenti

 

"Hökumətlərə, xüsusən də Fransız hökumətinə güvənməkdə yanılmışam".

Ovqat.com xəbər verir ki, bu sözləri iranlı müxalif jurnalist Ruhullah Zəm istintaq altında verdiyi tele-müsahibəsində deyib.

Jurnalisti bu etirafa vadar edən isə təkcə istintaqda üz-üzə qaldığı təzyiqlər deyil. Zəmin yaşadığı acınacaqlı təcrübə də belə düşünməyə kifayət qədər əsas verir. Belə ki, o, iddialara görə, İranla Fransanın əsir dəyişmə sazişinin qurbanı olub. Baxmayaraq ki, İranın əlindəki fransalı jurnalist Fariba Adelxadan fərqli olaraq, Zəm əsir yox, siyasi sığınmaçı idi. Və yatsaydı, yuxusuna da girməzdi ki, bir gün ədalətinə inandığı Fransa İranla sövdələşməyə gedib onu öz jurnalistini xilas etmək üçün qurban verəcək.

Dərd burasındadır ki, Azərbaycandan Qərb ölkələrinə sığınan söyüş müxalifləri də eynilə Ruhullah Zəm kimi düşünürlər. Xüsusilə, elə həmin Fransada bulunan Vidadi İsgəndərli... Bir müddət öncə hətta “söyüş inqilabı”nın lideri seçilən Vidadi İsgəndərli dəfələrlə hakimiyyətə Fransanın nə qədər etibarlı dövlət olduğu barədə uzun-uzadı mühazirə oxuyur və ağıllarının rəsmi Bakıya getməməsini tövsiyə edirdi. Qəribədir ki, Ruhullah Zəm də İran rejiminə qarşı təhqir kampaniyası aparmaqla qalmır, Vidadi İsgəndərli kimi xalqı silahlı üsyana çağırır, hətta bir az da irəli gedib izləyicilərinə Molotov kokteyllərinin necə hazırlanmasının sirlərini öyrədirdi. İndisə İran xüsusi xidmət orqanlarının nəzarəti altında yenə həmin milyonlarla izləyicisinə fərqli üslubla səslənərək deyir: "İran ilə yaxşı əlaqələri olmayan ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrə güvənməyin. İran rejimindən üzr diləyirəm”. 

Maraqlıdır ki, Ruhullah Zəmin həbsində Azərbaycanla bağlı başqa məqamlar da var. Fransanın "Le Figaro" qəzeti Ruhullah Zəmin FLYDubai şirkəti ilə Dubay-Bakı reysi ilə gələrkən saxlanıldığını yaymışdı. Sonradan həmin şirkət BBC-yə açıqlamasında xəbəri təkzib etsə də, hər halda od olmayan yerdə tüstü çıxmır və istər-istəməz bəzi sualları ağla gətirir: Görəsən, Vidadi İsgəndərlisi Bakıya nə əcəb gəlirmiş? İndi istintaq altında olan bu adama İran kəşfiyyat orqanları bizim əleyhimizə nəsə “etiraf” etdirəcəklərmi?

Bu suallar dövlət yetkililərini düşündürsün. Bir jurnalist kimi bizi əsl düşündürən isə başqa sualdır

Bəs son 4-5 il ərzində İranın söyüş müxalifətinə rəhbərlik edən Zəmi inqilab liderindən suçlarını bir-bir ötən bülbül vəziyyətınə salan proses necə baş verib?

Zənnimizcə, bu sual siyasi mübarizəni söyüş poliqonuna çevirən hər kəsi dərindən düşündürməlidir. Ona-buna çox arxayın olmamaq üçün.

Gəlin, çox uzatmadan Zəmin sərgüzəştlərini “Independent Arabia” araşdırmasından oxuyaq:

 

  

Fransada yaşayan iranlı müxalif jurnalist Ruhullah Zəmin əlləri qandallı və gözləri bağlı şəkildə ölkəyə gətirildiyinə dair 15 oktyabrda İran televiziyalarında yer alan xəbər tamaşaçıları olduqca təəccübləndirdi.

Xəbərə görə, İranlı jurnalist Ruhullah Zəm İnqilab Mühafizəçiləri Ordusu (Sepah) tərəfindən "fransız kəşfiyyatı üçün çalışdmaqda" günahlandırılaraq yaxalanıb. Zəmin etiraf videosu da yayılıb. Həmin görüntülərdə İran və Sepah bayraqları yanında oturan Zəm İslam İnqilabına müxalif olduğu və İrana qarşı xarici ölkələrlə əməkdaşlıq etdiyi üçün peşmançılıq hissi keçirdiyini söyləyib.

 

 Ruhullah Zəm kimdir?

Bəs, İran rejimini xaricdən adam qaçırma əməliyyatı keçirəcək dərəcədə narahat edən Ruhullah Zəm kimdir?

“Şarkul Avstat”ın “Independent Arabia”dan çevirdiyi xəbərə görə, 1979-ci ildə Tehranda anadan olan Ruhullah 1980 - 1990-ci illər arasında İran hökumətində vəzifədə olan islahatçı din xadimi Məhəmməd Əli Zəmin oğludur. Ruhullah Zəmin Tehran rejimi ilə münasibətində qırılma nöqtəsi İranda prezident seçkilərinə qarşı etirazların yüksəldiyi 2009-cu il oldu. Zəm bu dövrdə bir müddət həbsdə yatdı. Həbsdən azad olunduqdan sonra jurnalist siyasi sığınma tələbilə Fransaya qaçdı və Parisə yerləşdi. Orada "Amadnews" saytını yaradaraq media fəaliyyətlərinə davam etdi. İranlı rəsmiləri Teleqram tətbiqi ilə istifadə edilən və 1,4 milyondan çox izləyicisi olan "Amadnews"-i 2017-ci ilin dekabr ayında İranı silkələyən etiraz dalğasında kilid rol oynamaqda günahlandırır. Jurnalist Zəm sözügedən saytda etirazlarla bağlı xəbərlərlə yanaşı, İran rəsmilərinin qanunsuz əməllərini göstərən sənədlər də yayımlayırdı. Bu da İran rejimini narahat edirdi. İranın din xadimləri tərəfindən Zəm "mürtəd" və "inqilab əleyhdarı" elan olunmuşdu.

 İran hökumətinin molotov kokteyllərinin necə düzəldiləcəyinə dair video hazırlaması səbəbilə şikayət və təzyiqlərindən sonra Telegram "Amadnews"-i bağladı. Ancaq Zəm daha sonra fərqli bir ad altında media fəalliyyətini davam etdirdi.

Zəm milyonlarla auditoriyası səbəbindən Twitterda da olduqca təsirli bir hesaba da malik idi. Ancaq İran rəsmilərinin tələbilə Twitter hesabı da qapadıldı. İran dövlət televiziyası ötən mart ayında İran kəşfiyyat təşkilatlarının Zəmin fəaliyyətlərini necə yaxından izlədiyini göstərən sənədli film nümayiş etdirmişdi.

İran İnqilab Mühafizəçiləri jurnalist Zəmin yaxalanma yeri və tarixini bildirmirlər.

  

 Sistaninin ofisi yalanladı

 

 İraqda şiələrin ən böyük dini alim olan Əli əs-Sistaninin ofisi Fransanın “Le Figaro” qəzetində yer alan, Ruhullah Zəmin İran kəşfiyyat orqanları tərəfindən yaxalanmamışdan əvvəl Sistani ilə görüşmək üçün İraqın Nəcəf şəhərinə getdiyinə dair xəbərləri təkzib edir. Ofis rəsmisi jurnalistin Sistani ilə birbaşa və ya dolayı əlaqəsi olmadığını bildirərək, onun İraqa gəlişi haqqında heç bir məlumatlarının olmadığını bildirib.

“Le Figaro” qəzetində keçən çərşənbə axşamı yer alan Corc Malbrunot imzalı xəbərdə İran İnqilab Qvardiyasına bağlı xüsusi xidmət orqanlarının müxalif jurnalist Ruhullah Zəmin Sistaninin yerləşdiyi Nəcəfdə tutulduğu və buradan İrana aparıldığı iddia edilmişdi.

 Qəzetdə Parisdəki gənc bir qadının Zəmi Ayətullah Sistani ilə görüşməsi və İordaniya üzərindən İraqa səyahət üçün təşviq edildiyi barədə xəbər yer almışdı. Fransız hökumətinin Zəmin İranlılar tərəfindən yaxalanmasını asanlaşdırmaq üçün Parisdən ayrılmasına mane olmadığına da diqqət çəkilmişdi. Xəbərə görə, Fransa Daxili İşlər Nazirliyi də İranlı müxalif Ruhullah Zəmin son günlərdə İraqı ziyarət etdiyini təsdiqləmişdi.

Ruhullah Zəmin xanımı Mahsa Razani, "İranwire” saytına verdiyi müsahibədə həyat yoldaşı Ruhullahın 11 Oktyabr Cümə gecəsi İordaniya Hava Yolları ilə Parisdən Bağdada getdiyini söyləmişdi. Mahza Razani açıqlamasında bu ifadələri işlətmişdi:

 "Bağdada gedəndən sonra telefonuma cavab vermədi. İraqa gəldiyinin ertəsi günü mənə səhər saatlarında zəng etdi. Mənimlə həmişəkindən fərqli bir üslubla danışaraq yaxşı olduğunu dedi. Sonra İran mediasından yaxalandığını öyrəndim".

  

 Türk dostu aldatdı

 

Əhvaz Strateji Araşdırmalar Mərkəzinin Direktoru Həsən Razi Fransadakı yaxın dostundan eşitdiyinə görə, Ruhullah Zəmin Fransadan İraqa türk iş yoldaşı Şirin Nəcəfinin təklifi ilə getdiyini irəli sürdü. “Awadnews”de çalışan Şirin Nəcəfi eyni zamanda İran kəşfiyyatı ilə əməkdaşlıq edirmiş və etibarını qazanana qədər Ruhullah ilə yaxın təmasını sürdürübmüş. Razi bu arqumentlərə əsaslanaraq, Ruhullahı İraqda Sistani ilə görüşməyə razı salan adamın Şirin olduğuna inanır.

 

Fransa ilə İran arasındakı əsir mübadiləsi

 

İranlı müxalif jurnalistin yaxalanması ilə bağlı Razi tərəfindən ortaya atılan ikinci iddia da Ruhullah Zəmin İran rejimi ilə Fransız kəşfiyyatı arasında əldə edilən bir razılaşma nəticəsində tutulmasıdır. İddiaya görə, Fransa və İran arasında əldə edilən razılaşma İran tərəfindən həbs olunan Fariba Adelxa (Adelkhah) adlı İran əsilli Fransız jurnalistin azadlığa buraxılmasını ehtiva edir. Fransa, bir neçə dəfə Adelxanın azadlığa buraxılmasını tələb edib. İran isə bunun qarşılığında Fransadakı müxaliflərin təslim edilməsini şərt qoşub.

  

 Atası tələyə saldı

 

 Ruhullahın yaxalanma hekayəsinə dair üçüncü iddia isə Vaşinqtonda yaşayan iranlı müxalif jurnalist Əli Cəvanmərd tərəfindən ortaya atılıb. Cəvanmerdi Ruhullahın Nəcəfdə yaşayan atası Məhəmməd Əli Zəm tərəfindən çağırıldığını İraqda tutulduğunu irəli sürür. Əli Cəvanmərdinin iddiasına görə, Ruhullah Nəcəf şəhərinə ailəsini ziyarət etmək üçün gedibmiş. Ancaq atası Sepahla birlikdə çalışırmış və Ruhullahın yaxalanaraq İrana aparılmasına kömək edib.

 Ruhullah Zəm etiraflarının yer aldığı video materialda birbaşa kameraya baxaraq deyir:

 "İran ilə yaxşı əlaqələri olmayan ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrə güvənməyin. İran rejimindən üzr diləyirəm”.

Son üç və ya dörd ildə olanlardan dolayı peşmanlıq duyduğunu dilə gətirən Ruhullah həmçinin bunları deyib:

 "Hökumətlərə, xüsusən də fransız hökumətinə güvənməkdə yanılmışam".




Ana səhifəyə qayıt        Baxış: 2 597          Tarix: 18-10-2019, 01:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma