Xəbər lenti

 

"Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır”.

Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyev Hacıbala Abutalıbovla görüşündə belə deyib:

O, Hacıbala müəllimi “könüllü” istefa ərizəsi yazmasını yüksək qiymətləndirərək, digər yaşlı məmurlar da ondan ibrət dərsi götürməlidirlər: “Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm".

Açığı, Hacıbala Abutalibovun və onun həmkarı Əli Həsənovun “könüllü” istefa ərizəsindən sonra onların ölkə başçısı tərəfindən qəbul olunduğu xəbəri yayılanda ilk ağlıma gələn bu fikir oldu: “Prezident qoca məmurları nəzakətlə yola salır”. Əslində bu fikir təkcə mənim də ağlıma gəlməmişdi. ADR Hərəkatının sədri Qubad İbadoğlu da istefa qərarından sonra məlum görüşü ölkə başçısının nəzakəti kimi dəyərləndirmiş, hətta baş nazirin o cür qəbul edilməməsini “urvatsız yola salınma” adlandırmışdı.

Ölkə başçısının “könüllü istefaçılar”la görüşündə səsləndirdiyi sözlər isə bu qəbulun təkcə siyasi nəzakətdən doğmadığını, həm də iqtidardakı “pendir iyi verən” yaşlılara “evinizə qayıdın” mesajı vermək məqsədi  daşıdığını göstərirdi. Bu yerdə xüsusilə vurğulamağı lazım bilirəm ki, bizin burada bəhs etdiyimiz “yaşlılar” sözü qətiyyən fiziki anlam daşımır. Ahıllarımız arasında elə ağsaqqallarımız var ki, fikri və əqli cəhətdən “yüz cavana dəyərlər”. Burada söhbət təfəkkürləri kiflənən Əli Həsənov, Hacıbala Abutalıbov və iqtidarda təmsil olunan onlarla  iri məmurdan gedir. Beşikdən məzara qədər özlərini kreslo sahibi hesab edən, korrupsiyadan, dövlət əmlakını talamaqdan, real iş görmək əvəzinə gözlərini büdcə pullarını çırpışdırmağa dikməkdən başqa heç bir təcrübəsi olmayan bu yaşlılar həqiqətən də artıq dövrün tələblərinə cavab vermirlər. Çünki indi neft erası da bitib. Qara qızılın qiyməti durmadan ucuzlaşır. Kif iyi verən bu qoca məmurlar sabah istəsələr də köhnə vərdişlərini davam etdirə bilməyəcəklər. Nədən ki, boşalan dövlət büdcəsində gözə təpiləcək quruş da qalmayacaq. Azərbaycan büdcəsi yeni təfəkkürlü, qeyri-neft sektorunun inkişafında maraqlı olan işgüzar gənclər vasitəsilə dola bilər. Bunun üçün isə ilk işə siyasi hakimiyyət orqanlarında kök salmış çürük kötükləri yerindən çıxarıb atmaqdan başlamaq lazımdır.

Prezident İlham Əliyevin bütün qoca məmurlara bu səslənişini təqdir etməmək mümkün deyil. Hətta deyərdim ki, çürük ağacları təmizləmək prosesində xeyli yubanmışıq. Necə ki, tam 6 il 6 ay bundan əvvəl bu yazının müəllifi qələmə aldığı bir şeirində dünən İlham Əliyevin dediklərini bir az bədii formada ifadə etmiş və qocaları gənclərə yol verməyə səsləmişdi. Şeirimin Prezidentin dünənki çıxışıyla həmahəng olduğunu nəzərə alıb onu oxucularımızla bölüşürəm. Qoy, bu da mənim Prezidentə poetik dəstəyim olsun.

 

Yol verin gənclərə, əziz qocalar!

 

Yol verin gənclərə, əziz qocalar!

Nə su kiçiyindir, nə yol böyüyün.

İmkan verin, gənclər ağız açalar

Deməyin, gəncsiniz, hələ böyüyün.

 

Susuzluqdan yanan qəlbin olsun su,

İmkan verin, suyu susayan içsin.

Yola sahib çıxsın yolun yolçusu

Çəkilin yollardan, keçənlər keçsin.

 

Yol verin gənclərə, əziz qocalar!

Cavanlar böyüklük öyrənsin sizdən.

Sizdən miras qalsın bu iz, qocalar!

Gənclər də yol salsın qoyulan izdən.

 

Çəkilin yollardan, yol verin gəncə,

Tıxaclar bu asta yürüşdən başlar.

Çəkdirməyin, lütfən, xalqa işgəncə

Siz hər tövşüyəndə ağrıyar başlar.

 

Dünya dar tuneldə dəmir yolusa,

Zaman üstümüzə gələn qatardı.

Onunla yarışmaq ömür yolusa,

Kim öndə qaçdısa özün qurtardı

 

Bu yolda ləngimək bir millət üçün

Sürətdə geridə qalmaq deməkdir.

Bu asta yürüşlər bu sürət üçün

Xalqı qatar altda salmaq deməkdir.

 

Lütfən, üzünüzə kimsə vurmadan

Bilin, sizlik deyil əsrin sürəti.

Anlayın, bu qatar bizi vurmadan

Siz ləng gedirsiniz, zamansa iti

 

Əprimiş sözləri gətirib dilə

Qıymayın, bu qatar hər kəsi əzsin.

Ya gənclər qılıncı alaraq ələ

Qordi düyünütək sizləri kəssin.

 

Çəkilib yollardan keçin, qocalar!

Nə su kiçiyindir, nə yol böyüyün.

O suyu özünüz için, qocalar!

Yolu gənclər keçsin, çözülsün düyün.

13 may 2013

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 867          Tarix: 22-10-2019, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma