Xəbər lenti

 

Ədalət partiyasının sədr müavini, Ovqat.com saytının rəhbəri Heydər Oğuzun Moderator.az-a müsahibəsini təqdim edirik:

 

-Son zamanlar İranın yarırəsmi mətbu orqanlarında saytınızın, demək olar ki, bütün yazılarına cavab verilir. Bunu necə qiymətləndirirsiniz?

-Məşhur bir atalar sözü var: “Bar verən ağaca daş atarlar”. Görünür, Ovqat.com-un yazdığı analitik yazılar, siyasi xadimlərdən aldığımız müsahibələr İranda cavab veriləsi “məhsul” hesab edildiyindən bu cür reaksiyalar ortaya çıxır. Biz bunu pis qəbul etmir, polemika mədəniyyətinin bir gərəyi, şərti olaraq görürük. Həqiqətən də regionumuzun indiki durumu qarşılıqlı polemikaların aparılmasını orta məxrəclərin tapılmasını tələb edir. Bizdə bir başqa söz də var: “Çəkişməsən, bərkişməzsən”. Hesab edirik ki, məhz bu polemikalar nəticəsində biz bir-birimizi yaxşı tanıyacaq və qarşılıqlı hörmət əsasında qurulan münasibətlərə imza atacağıq. Bu qarşılıqlı hörmətə dayalı münasibət xüsusilə indiki şəraətdə Azərbaycan qədər, bəlkə bizdən daha çox İranın milli maraqlarına uyğundur. Ən azı ona görə ki, biz fərqli insanlar da deyilik. Bir zamanlar rus imperializminin zorla Qacariyyə dövlətinin bağrından qoparılmış, ayrılmış iki dövlət, bir millət olaraq bir-birimizlə maraqlanmalı, ortaq milli maraqlara, hətta deyərdim ki, ümummilli maraqlara zərər verən siyasətlərə təpki göstərməliyik. Bizim İranın Ermənistanla qol-boyu olmasına, onların da bizim İsraillə yaxınlaşmağımıza reaksiyamız başadüşüləndir. Şəxsən mən hər iki mövqeyi, yeri gələndə, haqlı hesab edirəm. O başqa məsələdir ki, İranın bizi İsraillə yaxın münasibətlərdə suçlamasında böyük qərəz var. Azərbaycan müstəqil dövlət kimi dünyanın bütün dövlətləri ilə diplomatik və iqtisadi münasibətlər qurur və qurmalıdır da. Dünyadan təcrid olunaraq yaşaya bilməzsən. İsrail də dünyanın aparıcı dövlətlərindən biridir və onun bu mərtəbəyə yüksəlməsində bizim rolumuz sıfıra yaxındır. Üstəlik, biz İsrailə qazımızı, neftimizi satırıqsa, bunun İrana qarşı siyasətə nə dəxli var? İqtisadi maraqlar başqadır, siyasi maraqlar başqa. Ona qalsa, İranı da İslam dininin xoş qarşılamadığı, hətta kafir adlandırdığı xristian və ya dinsiz Rusiya ilə də yaxın münasibətləri var. Özünü dünyanın ağası sanan ABŞ-a qarşı birgə mübarizə aparırlar. Baxmayaraq ki, uzun əsrlər boyu həmin Rusiya bizi öz işğalı altında saxlayıb, biz buna etiraz etmir, hətta dövlət səviyyəsində olmasa da, qəlbimizdə dəstəkləyirik. Çünki hər hansı əməldə görüntünün yox, niyyətin əsas olduğunu anlayırıq. İran da bizim İsraillə ticari əlaqələrimizə vizual yanaşmamalı, iqtisadi gerçəkləri nəzərə alaraq qiymətləndirməlidir. Əks halda istənilməyən nəticələr ortaya çıxır.

-Amma gəlin, razılaşaq ki, İran bizi İsraillə ticari əlaqələrdə deyil, konkret olaraq İsrail hərbiçilərinə onların ərazilərində kəşfiyyat aparmaq üçün Xəzərdə şərait yaratmaqda ittiham edir. Rəsmi Tehranın İsrail dronlarının Azərbaycan ərazisindən istifadə edərək onların nüvə obyektləri üzərində kəşfiyyat uçuşu aparması ilə əlaqədar iddiaları barədə nə düşünürsünüz?

-Əvvəla, bu ittihamlara mən yox, Azərbaycan Müdafiə Nazirliyi cavab verə bilər və bildiyimə görə, verib də. Nazirliyin adından yayılan bəyanatda məlumatın əsassız olduğu bildirilir. Açığı, mən də bu məlumatın səhihliyinə şübhə edirəm. Əvvəla, ona görə ki, adı çəkilən Nətənz atom müəssisəsi bizdən 800 km uzaqda yerləşir. Bu qədər uzaq məsafəyə İsrailin kəşfiyyat dronu göndərməsi məntiqlə bir araya gəlmir. Həmin dronun Lənkərandan Nətənzə gedib çıxmasına heç yanacağı kifayət etməz. Üstəlik, dron bir də o məsafəni geri qayıtmalıdır. Digər tərəfdən, İsrailin kosmosda kifayət qədər peykləri var. İndiki texnika ilə peyklər yeri 10 metr yaxınlıqdakı kimi görə bilirlər. Bir atom müəssisəsini araşdırmaq üçün bu məsafə kifayətdir. Üçüncüsü, Lənkərandan İran ərazisinə təyyarə göndərənlər də, mütləq, bu təyyarənin yolda yaxalanması ehtimalını nəzərə almalıdırlar. Alsalar, o səhvi etməzlər. Ediblərsə, deməli, məqsəd elə yaxalanmaq imiş. Azərbaycanla İranın arasını vurmaq üçün bundan daha yaxşı təxribatı ağla gətirmək mümkün deyil. İran 3 min illik diplomatiya tarixi olan dövlətdir. Xarici dövlətlər arasında ixtilaf yaratmaq peşəsini də ondan yaxşı bacaran dövlət yoxdur. Dünya “Kəlilə və Dimnə” əsərini iranlıların Hindistandan oğurlaması nəticəsində tanıyıb, məkrli siyasətləri Makiavellidən əvvəl bu dövlətdən öyrənib. İran siyasiləri niyə başa düşmürlər ki, belə bir təşəbbüs olubsa belə, sırf təxribat xarakteri daşıyıb? Özü də iddialarına görə, bu hadisə 5 il əvvəl baş verib. Bəs nə əcəb onda yox, indi gündəmə gətirirlər?

Ən əsası isə, İran rəsmiləri təkcə İsraillə hərbi-siyasi əməkdaşlığımızı pisləmirlər. Onlar niyə İsrailə neft satmağımıza da qarışırlar. Üstəlik, deyirlər ki, neftinizi İsrailə satırsınız, niyə Təl-əviv Qarabağı alıb sizə vermir? Sanki İran Çinə neft satanda ABŞ-la münaqişəyə Pekinin qarışacağını, Pentaqonla döyüşəcəyini zənn edir. Ticarətlə siyasətin nə əlaqəsi var? Azərbaycanın Dağlıq Qarabağ problemi tamamilə ayrı şeydir, kiməsə neft satması ayrı şey. Biz neftimizi ona görə satmırıq ki, Təl-əviv Qarabağı alıb Azərbaycana qaytarsın. Ona görə satırıq ki, neftdən gələn gəlirlərlə iqtisadiyyatımızı, ordumuzu quraq. Sabah şərait yarananda torpağımızı azad edək. Neftlə Qarabağ məsələsinin bir-biriylə əlaqəsi bu qədərdir. Başqa hər hansı əlaqə yoxdur.

-Sizcə, Azərbaycanın mərhum Heydər Əliyev tərəfindən əsası qoyulan bu neft strategiyası öz hədəflərinə çata bilib? Azərbaycan orudusu Qarabağı almaq, iqtisadiyyatı bu yükü çəkmək qabiliyyətinə yüksəlibmi?

-Bəri başdan deyim ki, Azərbaycanın neft strategiyasının əsasının qoyulmasını mərhum Heydər Əliyevlə bağlamaq kökündən yanlışdır. Zaman-zaman YAP “Əsrin müqaviləsi” deyib öz adına çıxdığı bu layihənin əsası AXC-Müsavat hakimiyyəti dövründə atılmışdı. Yəni fikir, ideya olaraq. Sadəcə Elçibəy hakimiyyətinin qısaömürlülüyü və dövrün geopolitik ziddiyyətləri bu strategiyanın reallaşmasına imkan vermədi. Məhrum Heydər Əliyev hakimiyyətə gəldikdən sonra beynəlxalq şirkətlərlə danışıqlar qaldığı yerdən davam etdirildi və 1994-cü ilin sentyabrında müqavilə bağlandı. Həmin dövrdə hakimiyyətdə bir başqası olsaydı da, bir müddət tez, bir müddət gec bu müqavilə bağlanacaqdı. Yəni bu, həmin vaxt Azərbaycanın taleyi, üz-üzə qaldığı iqtisadi, siyasi böhrandan çıxış yolu idi. Bəzən insanlar kimi, dövlətlər də onun alınlarına yazılmış talelərini dəyişə bilmirlər. Hakimiyyət sadəcə həmin tale maşınının sürücüsüdür. Yol isə bir istiqamətədir. Kabinədə kim oturursa otursun, maşını eyni istiqamətə sürəcək. Burada söhbət yalnız ondan gedə bilər ki, sürücü hansı sürət və bacarıqla maşını idarə edir.

Neft strategiyasının plananan hədəfə çatıb-çatmadığı barədə sualınıza gəlincə, etiraf etmək lazımdır ki, addımlar düz istiqamətdə atıldı. Neftdən gələn gəlirlər infrastruktur layihələrinə, ordu quruculuğuna, qeyri-neft sektorunun inkişafına yönəldildi. Zatən başqa çıxış yolu da yox idi. Biz neftimizi satıb təsərrüfatımız və özünümüdafiə sistemlərimizi qurmalı idik. Bayaq dediyim kimi, tale maşını alternativi olmayan yolla sürülüb. Amma məharətləmi? – buna müsbət cavab vermək çətindir. Hər halda Azərbaycan hakimiyyəti də ölkədə korrupsiyanın baş alıb getdiyini, iqtisadi inkişafa, sosial tərəqqiyə və digər sahələrə ayrılan vəsaitlərin mənimsənildiyini etiraf edir. Təsadüfi deyil ki, neft qiymətləri ucuzlaşandan sonra hakimiyyətin yadına qeyri-neft sektorunu inkişafına yetərli diqqət ayırmağı unutduğu düşdü. Məhz bundan sonra hakimiyyətdə təşviş yarandı və Strateji yol xəritələri gündəmə gəldi.

Bununla belə, bu qatarı qaçırdığımızı düşənmək də yanlışdır. Azərbaycan hakimiyyəti başlatdığı islahatları dərinləşdirsə, “beyni kiflənmiş” məmurlarla vidalaşa bilsə, tale maşınını daha yaxşı idarə edə biləcək. Hələ ki, bu istiqamətdə İlham Əliyevin qoca daşlara ilişdiyini müşahidə edirik. Yolda əngəllər nə qədər çoxdursa, insanın yürüyüşü də bir o qədər ləngiyir. Amma niyyət yürüməkdirsə, o daşlar da, əngəllər də aşılacaq.

O ki qaldı ordumuzun Dağlıq Qarabağı işğaldan azad etmək qabiliyyətinin formalaşmasına, mən şəxsən Azərbaycan əsgərinin gücünə əminəm. Azərbaycan xalqının tarixi yaddaşı, təhtəl-şüuru istənilən hərbi problemi çözmək gücündədir. Yetər ki, bu təhtəl-şüurla hərbi texniki imkanlar birləşsin. Məncə, birləşir də. Qarabağ probleminin həllinin düyünləşməsində sadəcə bir problem qalır-beynəlxalq münasibətlərdə yaranacağına ümid etdiyimiz tarixi fürsət. Bu fürsət yaranmadan atılacaq addımlar daha çox itkiylə nəticələnə bilər. Hərb sənəti isə daha az itkini sevir. Bəzən millətləri qəhrəmanlıq dastanları yox, real siyasətlər vəziyyətdən çıxarır.

-Bizə bir şey maraqlıdır. Yəqin, razılaşarsınız ki, saytınızın yaşı və təcrübəsi o qədər də böyük deyil. O boyda İran dünən ortaya çıxan bir sayta niyə bu qədər ciddi reaksiya verir?

-İran əslində ikinci Azərbaycan dövlətidir. Bu dövlətin ərsəyə gəlməsində Azərbaycan xalqının müstəsna rolu var. Bu gün nə qədər fars şovinizminin təsiri dairəsində qalsa da, İranı idarə edən dərin dövlətin düşüncəsinin formalaşmasında Azərbaycan türklərinin dünyaya baxışları, düşüncə sistemləri əvəzsiz rol oynayıb. Odur ki, İranın siyasətini daha dərindən analiz etmək üçün Azərbaycan düşüncə sisteminin inikası olan atalar sözlərinə baxacaqsınız. Məsələn, bizdə belə atalar sözü var: “Ağıl yaşda deyil, başdadır”. İran siyasiləri də məsələyə bu cür yanaşırlar. Onlar bilirlər ki, Ovqat.com nə qədər körpə yaşda olsa da, başı - körpə başı deyil. Haqlıdırlarmı, hazsızdırlarmı, mən bu barədə hər hansı fikir söyləmək istəmirəm. Yaşayarıq, görərik. Hər şeyin qərarını Əlahəzrət Zaman verəcək. Amma mən bir şeyi İrandakı məsləkdaşlarımıza çatdırmaq istəyirəm. ABŞ və sionizm bizim ikinci vətənimiz bildiyimiz İranı parçalamaq istəyirlər. Bu istəyin bizə dəxli yoxdur. Biz İranı ortaq dövlətimiz bilirik və onun parçalanmasını qətiyyən istəmirik. Vahid Azərbaycan deyəndə də əsla və əsla ordakı param-parça edilmiş ostanlıqların İrandan ayrılıb bizə birləşməsini nəzərdə tutmuruq. Bizim düşüncəmizdəki Vahid Azərbaycan İranın demokratikləşməsi və ordakı soydaşlarımızın milli azadlığa qovuşmasıdır. Bu baş verərsə, İran bütünlüklə Azərbaycan olacaq. Hansı ağılsız özündən bir parçanın ayrılmasını istəyər? İnansınlar səmimiyyətimizə, gün gələcək, Azərbaycan türkləri İranda separatçı farsları belə cəzalandıracaq. Necə ki, İran Tarixi və Mədəniyyəti Mərkəzinin rəhbəri Məhəmmədəli Pərğunun bizə xatırlatdığı Şimali Suriya separatçılarının cəzalandırıldığı kimi.

P.S. Qeyd edək ki, bu gün İranın yarırəsmi Qafqaz.ir saytı Ovqat.com-u hədəfə alan bir yazı dərc etmişdi. Saytımızın rəhbərinin Moderator.az-a müsahibəsi həmin yazıya cavab xarakterlidir.

http://ovqat.com/manset/33387-randan-qudrt-hsnquliyev-cavab-srail-v-amerikaya-guvnmyin-sonu-suriya-kurdlrinin-taleyi-kimi-olar.html




Ana səhifəyə qayıt        Baxış: 3 253          Tarix: 1-11-2019, 12:55      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent