Xəbər lenti

 

MM deputatı Araz Əlizadəni seçicilərindən başqa hər kəs tanıyır. Ünü hətta gedib Türkiyəyə çıxıb.

Ovqat.com xəbər verir ki, Araz Əlizadənin bir neçə gün öncə İTV-nin 3D proqramında dediyi bəzi sözlər Türkiyədə ciddi qıcıq yaradıb.

Deputat həmin müsahibəsində bir neçə il əvvəl Türkiyə və Osmanlı ordusu barədə dilə gətirdiyi fikirlərini təkrarlayaraq deyib: “Osmanlı ordusu muzdlu ordu idi. Muzdlu ordu pul olmasa, heç vaxt müharibəyə getməz və girişməz. Burda qəbahət birşey yoxdur".

Müsahibəsinin davamında daha da irəli gedən Araz Əlizadə Türkiyə ilə Azərbaycan xalqı arasında hər hansı qan bağlılığının olmadığını iddia edib: “Türkiyə ilə Azərbaycan arasında olan qan qruplarındakı elementlerə nəzər salsaq görərik ki, bir birilərinə heç uyğun gəlmirlər. Türklər Asiyadan gəlmədirlər, onlar sarı irqə məxsusdur. Azərbaycanlılar isə, Hind-Avropa irqinə aiddir”.

Deputatın faşizm nəzəriyyəsinin əsas arqumentlərindən olan və millətin kimliyi barədə klassik təriflərə cavab verməyən bu mülahizələrinin tibbi cəhətdən nə dərəcədə əsaslı olub-olmadığı barədə mövqe bildirməyi tibb mütəxəssislərinə buraxırıq. Biz sadəcə onu vurğulamaq istəyirik ki, Araz Əlizadənin Hind-Avropa irqçiliyi strateji müttəfiq saydığımız Türkiyədə ciddi etiraza səbəb olub və bu narazılıqlar əsassız da deyil. Zira Azərbaycanda xalqın heysiyyatı ilə oynayan Araz Əlizadə kimi deputatların öz imkanları ilə deputat seçilmək şansı yoxdur. Belə insanlar dövlətdəki bəzi məmurlar tərəfindən mandatlandırılırlar. Məhz bu səbəbdən, onların fikirləri də özlərinin və guya təmsilçisi olduqları xalqın deyil, dövlət arapatında əsl söz sahibi olanların mövqeyi kimi dərk edilir.

Görünür, məsələyə haqlı olaraq bu aspektdən yanaşan Türkiyənin ünlü xəbər portallarından Ensonhaber.com bu gün dərc edilən bir məqaləsində yazıb:

 

“Türkiyə Suriyanın şimalındakı terror təşkilatlarına qarşı Barış Pınarı Hərəkatı başlatdığında sanki bütün dünyadan Türkiyəyə qarşı reaksiyalar ard-arda gəldi. Türk xalqının hər fürsətdə kömək üçün tələsdiyi Fələstin və ərəb ölkələrinin rəsmiləri də bu prosesə daxil oldu. Türkiyəyə dəstək verənlər isə soy bağımızın olduğu Türk dünyası ölkələriydi.

Ancaq “Bir millət, iki dövlət” şüarını birlikdə istifadə etdiyimiz Azərbaycanda bir millət vəkili sanki HDP-nin sözçüsü kimi danışdı.

Azərbaycan millət vəkillərindən Araz Əlizadə "Osmanlı Ordusu pul üçün Bakıya gəldi və bizi xilas etdi. Azərbaycanlılarla türklər arasında qan bağı yoxdur",- dedi”.

Xatırladaq ki, Araz Əlizadə bu fikirlərini ilk dəfə dilə gətirmir. O, hələ 2017-ci ilin əvvəllərində də eyni fikirləri ilə “gündəm yaratmağa” çalışmış, Modern.az-a müsahibəsində demişdi:

“Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən Bakıya doğru hərəkət etdi”.

O, öz fikirlərini deputat həmkarı Fazil Mustafanın guya hansısa elmi məqaləsinə istinadən dediyini iddia etsə də, sonradan belə bir məqalənin olmadığı ortaya çıxmışdı. Faktı birbaşa Fazil Mustafa öz facebook səhifəsində yazdığı statusunda yalanlayaraq bildirmişdi ki, deputatın iddiaları tamamilə yalandır və belə bir təhrifə yol verdiyi üçün Araz Əlizadə ondan üzr istəyib: “İllərdir Nuru Paşanın haqqının tanınması üçün hərtərəfli mübarizə aparan insanlardan biri kimi, belə bir məqalə yazmam mümkündürmü? Çünki harada yazılmağından asılı olmayaraq bu, bir böhtandır və əgər məndən soruşsalar ki, XX əsrdə Azərbaycanın gerçək qəhrəmanlarından bir neçəsinin adını çək, heç şübhəsiz birincilər sırasında Nuru Paşanın adını çəkərdim. Təmənnasız, həyatını ortaya qoyaraq Azərbaycan xalqını rus-erməni qətliamından xilas edən qəhrəman haqqında ancaq qürurla danışmaq mümkündür. Maraqlıdır ki, bir neçə dəqiqə öncə Araz Əlizadə zəng edərək mənim adımı yanlış olaraq müsahibədə çəkdiyinə görə üzr istədi”.

https://apps.facebook.com/fazil.mustafa.31/posts/1123241581135636

 

Belə görünür ki, ya nə dediyinin fərqində olmayan, ya da “ağaların” sifarişini yerinə yetirən Araz Əlizadə kimi təyinolunmuşlar Azərbaycanla Türkiyə arasında münasibətləri korlamaqda israrlıdırlar. Bir çox müşahidəçilər bunu təsadüfi saymır və Araz Əlizadəni “rus projesi” olduğuna inanırlar. Türkiyənin ən həssas anında “rusqafalı”ların aktivləşməsi, moralpozucu və heç bir əsasa söykənməyən yalanlarını dönə-dönə dilə gətirmələri həqiqətən də bəzi suallar doğurur: Əcəba, Rusiyanın Azərbaycandakı “5-ci kolonu” bununla nəyə nail olmağa çalışır?

Nəzərə alsaq ki, Araz Əlizadə həmin fikirləri BSU-nun əli 20 yanvar şəhidlərinin qanına bulaşmış Primakova inşa müsabiqəsi keçirdiyi eyni gündə səsləndirib, şübhələrin miqyası daha da böyüyür. Bəlkə doğrudan da kimlərsə “start” düyməsini basıb və “rusqafalılar” eyni anda hərəkətə keçiblər?

Ümidvarıq ki, ölkənin əlaqədar qurumları bu ehtimala barmaqarası baxmayacaq və dövlətimizə qarşı planlaşdırılan təxribat versiyasını araşdıracaqlar.  




Ana səhifəyə qayıt        Baxış: 4 107          Tarix: 2-11-2019, 20:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma