Xəbər lenti

  

“Xocalıda da soyqırım baş vermişdir və müsəlmanlar ermənilərin əli ilə qətliam edilmişdir. Bəs nə üçün Amerika Konqresi bu soyqırımı pisləmir?”

Ovqat.com xəbər verir ki, bu sözləri ötən cümə günü Ərdəbilin imam cüməsi ayətullah Seyid Həsən Amili öz xütbəsində deyib.

Digər müsəlman ölkələrində yaşanan qətliamlar barədə qısa məlumatlar verən imam cümə sual verib: “Xristinaların qətliamı pis, müsəlmanların qətliamı yaxşıdırmı?

Vəliyyi-fəqihin, yəni İran dini lideri ayətullah Seyid Əli Xameneinin Ərdəbil əyaləti üzrə nümayəndəsi olan Amili əlavə edib ki, hal-hazırda ən böyük soyqırım Yəməndə yaşanır: “Hər gün onlarla yəmənli uşaq qidasizlıqdan can verir. İndiyə kimi 50 mindən çox yəmənli Amerika koalisiyasının əli ilə qətlə yetirilib. Nə üçün Amerika və Avropa davamlı olaraq Ərəbistan quldur rejiminə silah satırlar?”

Təqdirəlayiq haldır ki, ayətullah Amilini bu qədər qeyzləndirən ABŞ Konqresinin Türkiyəyə qarşı qəbul etdiyi qondarma “erməni soyqırımı” qətnaməsidir.  Konqresin bu haqsızlığına qarşında Türkiyə ilə İran arasındakı məzhəb fərqini belə unudan ayətullah Nümayəndələr Palatasını ağ yuyub qara sərib:

“Bu həftə Amerika dövləti ermənilərin iddia etdiyi soyqırımın Konqres tərəfindən rəsmi olaraq tanınmasından sonra ona veto qoydu. Bu uydurulmuş soyqırımın doğruluğunu qəbul etsək belə, birincisi, bu hadisənin Osmanlı dövləti zamanı baş verdiyi halda onun bədəlini nə üçün Türkiyənin bugünkü əhalisi ödəməlidir? İkincisi, dünyanın ən böyük soyqırımını İngiltərə dövləti İranda törətmişdir. Bu hadisə İkinci dünya müharibəsi dövründə İngiltərə dövlətinin İranın taxılını toplaması ilə baş verdi, beləliklə, İranın cəmiyyətnin yarısı, yəni on milyon günahsız insan həlak oldu.”

Ayətullah Amili əlavə edib: “Digər bir böyük soyqırım Bosniyada baş verdi və Hollandiya dövlətinin xəyanəti nəticəsində səkkiz min günahsız insan qətliam edildi. Srebrensitsa qətliamında səkkiz min müsəlman kişi və oğlan öldürüldü. Bu qətliam İkinci dünya müharibəsindən sonra Avropa torpağında ən böyük soyqırımdır. Beynəlxalq Ədalət Məhkəməsi bu hadisəni soyqırım kimi tanımışdır.

Bosniya müharibəsində 1995-ci ildə Hollondiyanın bir neçə yüz nəfərdən ibarət sülhməramlısı BMT tərəfindən təhlükəsiz elan edilmiş bir bölgəni qorumağa məmur edilmişdi. Minlərlə bosniyalı müsəlman bu bölgəyə üz tutmuşdu və onlardan 350 nəfəri Hollandiya qüvvələrinin qərargahlarına sığınmışdı. Hollandiya Ədalət Məhkəməsi Srebrensitsa qətliamında bu ölkənin 10 faiz təqsirkar olduğunu elan etdi və Hollandiya Müdafiə Nazirliyi məhkəmənin bəyanatına cavab olaraq dövlətin bu hökmü qəbul etdiyini bildirdi.”

Ayətullah Amili müsəlmanlara qarşı bu ayrıseçkiliyi qınayaraq, fikrini belə tamamlayıb: “Dünyanın ikili siyasətlə, ikili standartlarla, xüsusi imtiyazla, insanları dərəcələrə bölməklə idarə olunduğu bir dünyada və belə bir zamanda bizə lazımdır ki, dişimizlə-dırnağımızla ölkənin bütün infrastrukturlarını təkmilləşdirək və iqtisadi müstəqilliyə nail olmaqla dünya imperializminin arzularını mümkünsüz edək.”




Ana səhifəyə qayıt        Baxış: 3 530          Tarix: 4-11-2019, 22:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma