Xəbər lenti

 

Husilər tərəfindən devrilmiş Yəmən hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənubi Keçid Şurası arasındakı böhrana son qoymaq üçün tərəflər bu gün ər-Riyadda saziş imzalanıblar.

Ovqat.com xəbər verir ki, ər-Riyadda keçirilən imzalanma mərasimində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Əbu-Dabi vəliəhdi Şeyx Məhəmməd bin Zayid əl-Nahyan və Yəmənin devrilmiş prezidenti Əbdurabbu Mənsur Hadi, həmçinin digər yəmənli, ərəb və xarici siyasətçilər iştirak ediblər.

Ötən ayın əvvələrində başlayan və indiyədək davam edən danışıqlarda əldə edilən razılaşmaya əsasən, Cənubi və Şimali Yəmən arasındakı səlahiyyət və mülkiyyət bölgüsünə Səudiyyə Ərəbistanı nəzarət edəcək.

Cənubi Keçid Şurası ilə rəhbərləri Səudiyyə Ərəbistanına sığınan devrilmiş hökumət arasında ixtilafın çox maraqlı tarixçəsi var. 2015-ci ildə İran tərəfindən dəstəklənən husilər Mənsur Hadi hökumətini devirib bir sıra əyalətlərini ələ keçirəndə körfəz ölkələri Yəməndəki özlərinə bağlı qüvvələri bir araya gətirmiş və birgə müqavimət gücü formalaşdırmışdılar. Birgə dirənişin ən həlledici anında Səudiyyə Ərəbistanının dəstəklədiyi Hadi hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinə bağlı cənublular arasında mülkiyyət bölgüsü və inzibati nəzarət məsələsində anlaşılmazlıqlar ortaya çıxmış və ittifaq münaqişəyə çevrilmişdi. Cənubi Yəmən qüvvələri husilərlə mübarizəni Hadi hökumətinin məsələsi elan edərək koalisiyadan ayrılmış və Cənub Keçid Şurası yaratmışdı. Bu şuranın məramı 1967-ci ildən 1990-cı ilə qədər mövcud olan Cənubi Yəmən Respublikasını bərpa etmək idi.

Xatırladaq ki, 1967-ci ildə müstəqilliyini elan edən Cənubi Yəmən Respublikası Qərbdən istədiyi dəstəyi almayınca SSRİ-yə və Çinə pənah aparmışdı. SSRİ dağıldıqdan sonra isə Şimali Yəmənlə yenidən birləşmək məcburiyyətində qalmışdı.

 

Cənublu yəmənlilərin Hadi hökuməti arasında anlaşmazlığın ortaya çıxmasının əsas səbəbi bölgənin strateji əhəmiyyətindən qaynaqlanır. Cənubi Yəmənin ən böyük strateji əhəmiyyəti isə dünya dəniz ticarətinin önəmli boğazlarından olan Bab ül-Məndəbə qədər uzanması və həmin su sahəsinə nəzarət etməsidir. İki Yəmən birləşəndən sonra, təbii ki, həmin boğaz da mərkəzi hakimiyyətin əlinə keçmişdi. Husi üsyanının qələbə çalması isə vəziyyəti xeyli mürəkkəbləşdirdi. Ölkənin şimalının böyük hissəsini husilərə buraxıb qaçan Hadi hökumətinin bu addımı Bab ül-Məndəbin də taleyini şübhə altına qoyur. 

Belə ki, vaxtilə Cənubi Yəmənə aid olan bir çox yerlər husilərin devirdiyi Hadi hökumətinə bağlı qüvvələrin nəzarəti altında qalıb. Əvvəl husilərə qarşı birgə mübarizə aparan körfəz dövlətlərinin bu təşəbbüsü istənilən nəticəni vermədiyindən hər kəs öz başının çarəsinə baxmağa çalışır. Ərazi baxımından Cənubi Yəmənə yaxın olan BƏƏ isə Səudiyyə Ərəbistanı ilə İran arasında qalmamaq üçün 1990-cı ildən əvvəlki status-kvoya qayıtmağı daha uyğun görür və bu gün ər-Riyad sazişilə sonlandırılan böhran məhz bu səbəbdən ortaya çıxıb.

Belə ki, husilərə qarşı 5 ildir aparılan birgə mübarizənin müsbət nəticəsini görə bilməyən Cənubi Keçid Şurası bir müddət əvvəl Yəməndən ayrıldığını bəyan etmiş və keçmiş respublikanı qurmaq qərarına gəlmişdi. Bunun üçün isə Hadi qüvvələri həmin ərazilərdən qovulmalı idilər. İki müttəfiq arasında başlayan münaqişə gah Hadiçilərin, gah da cənubluların üstünlüyü şəraitində keçirdi. Əsas dava isə Ədən şəhəri uğrunda idi. Devrilmiş Hadi hakimiyyəti Ədəni özünün müvəqqəti patyaxtı elan etmiş, bu da cənublulara xoş gəlməmişdi. Nəticədə, iki güc arasında inzibati bölüşüm mübahisələri başlamışdı.

 

 Nəhayət, bir neçə ay öncə Səudiyyə Ərəbistanı kralı Salman bin Ədbüləziz ABŞ-dan dəstək alaraq tərəfləri danışığa çağırdı. Bu gün imzalanan sazişin danışıqları da belə başladı. Bir müddətdən sonra isə tərəflər öz himayədarlarının nəzarəti altında bir masa ətrafında əyləşdilər.

Ər-Riyad sazişinin ən başlıca əhəmiyyəti həm Hadi hökumətinin, həm də cənubi yəmənlilərin Səudiyyə Ərəbistanının təsir dairəsinə girməsidir. Sazişə əsasən, hər iki tərəf Səudi kralının himayəsində olacaqlar. Görünən budur ki, problemlər içərisində çabalayan və Yəmən problemindən yaxa qurtarmaq istəyən BƏƏ husilərə qarşı mübarizəni ər-Riyadın öhdəsinə buraxacaq.

 Sazişin əsas qazananı ABŞ və İsrail, itirəni isə İran və husilər ola bilər. Zira İranı Yaxın Şərqdən uzaqlaşdırıb öz qınına çəkilməsini istəyən İsrail və onun strateji müttəfiqi ABŞ rəsmi Tehranın “Şiə hilalı” strategiyasını işləməz hala gətirməyə çalışırlar. Çünki Bab ül-Mənbəd boğazı dünya neft nəqliyyatının 15-20%-nin keçdiyi bölgədə yerləşir. Boğaza sahib olan qüvvə isə həm də qlobal neft bazarına diktə edə biləcək.

 

ABŞ-ın İrana qarşı sanksiyalarının təminatı da bu boğazdan keçir. Nədən ki, İran, sanksiyalara məruz qalacağı təqdirdə 3 keçid nöqtəsini hədəfə alacağını bildirmişdi. Bunlardan biri Hörmüz, digəri isə Bab ül-Mənbəd boğazıdır. 3-cü keçid nöqtəsi də Süveyş kanalıdır ki, İranın bura qədər uzanması az inandırıcı görünür. İran, Süveyşi yalnız raket hücumları ilə işləməz hala gətirə bilər ki, bu da bütün regiona dövlətlərinə qarşı müharibə elanı deməkdir.

Ər-Riyad sazişi ilə İranın Yəməndəki mövcudluğuna da ciddi zərbə vurmaq hədəflənib ki, bu isə, husiləri ya tamamilə sıradan çıxarmaqdan və ya onları hakimiyyətdən uzaqlaşdırmaqdan keçir.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 407          Tarix: 6-11-2019, 00:53      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent