Xəbər lenti

   

 

“İstər Suraxanı rayon İcra Hakimiyyəti, istərsə də adıçəkilən qurumlar (“Azərqaz” ASC, “Azərişıq” ASC və “Azərsu” ASC) bilərəkdən ölkədə sosial gərginlik yaradır, narazıların sayını artıraraq müxalifətin dəyirmanına su tökürlər”.

Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyevin son zamanlar aparmağa çalışdığı kadr və struktur islahatlarından narazı qalan bəzi məmurların təxribata əl atmaq ehtimalını qüvvətləndirən bu iddia Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin bəzi sakinlərinin redaksiyamıza göndərdiyi məktublarında irəli sürülür.

Məktubun müvafiq qurumlara təhlükə öncəsi xəbər xarakteri daşıdığını nəzərə alıb onu kiçik redaktə fərqiylə dərc edirik. Məlumatın səhihliyini yoxlamaq imkanımız olmadığından bu vəzifəni dövlət orqanlarının öhdəsinə buraxırıq:

        “Hörmətli cənab Prezident, bir müddət əvvəl Sizə, eləcə də “Azəriqaz” ASC-nin Dövlət Neft Şirkətinin və “Azərsu” ASC-nin rəhbərlərinə yaşadığımız binanın 150 ailəsi adından göndərdiyimiz müraciətdə göstərilən problemlərin həllinə köməklik edilməsini xahiş etmişdik.  

        Bu günlərimizə qədər heç bir orqandan səs-səmir çıxmır. Bu arada Suraxanı rayon İcra Hakimiyyətinin rəsmiləri “Azpolitika” saytına imzalanmış məktub göndərərək məsələnin ciddi nəzarətə götürüldüyünün və göstərilən problemlərin artıq həll edildiyini edildiyini qeyd edərək həmin saytda bu barədə məlumat dərc etdirərək geniş oxucu ictimaiyyətini aldadaraq ciddi çaşqınlıq yaratmışlar. Halbuki rayonun İcra Hakimiyyəti məsələdən xəbərdardır, bu istiqamətdə bu günə qədər heç bir əməli tədbirlər görmür, çoxsaylı ərizə, şikayət və təkliflərimizi nəzərə almır, bizlərə heç bir cavab vermir, köməklik etmir. Beləliklə də istər Suraxanı rayon İcra Hakimiyyəti, istərsə də adıçəkilən qurumlar bilərəkdən ölkədə sosial gərginlik yaradır, narazıların sayını artıraraq müxalifətin dəyirmanına su tökürlər. Sual olunur: görəsən, qeyd edilən orqanlar hansı səbəbə görə bizə cavab vermirlər, biz nə vaxta qədər heyvan kimi qazsız, susuz, işıqsız yaşamalıyıq, cəhənnəm əzabı çəkməliyik?

        Bilirsiniz, cənab Prezident, bu məmurlar o qədər varlanıblar ki, onlar artıq Sizin də tapşırıqlarınızı icra etmək istəmirlər, “mənəm”, “mənəm” deyirlər.

        Bütün bunlara baxmayaraq, yenə də ümidimizi itirməmişik, Sizə güvənirik, inanırıq ki, köməkliyinizi əsirgəməyəcəksiniz. Çox gözəl xatırlayırıq ki, 2003-cü ildən başlayaraq prezident seçkilərindən sonra andiçmə mərasimlərinin hər birində əlinizi Qurani-Kərimə qoyaraq hər bir Azərbaycan vətəndaşının prezidenti olacağınıza and içmisiniz.

        Xahiş edirik; 150 Azərbaycan ailəsinə kommunal şərait yaradılmasına göstəriş verin, cənab Prezident!

        Qoy, mərdi qova-qova namərd etməsinlər, biz intihar həddinə çatmışıq. 2005-ci ildən bu şəraitdə yaşayırıq. Əgər vəziyyət belə davam edərsə, həmin orqanlar qarşısında etiraz aksiyalarımız qaçılmaz olacaq. Yaşayış ünvanımızı bir daha xatırladırlq:

        Bakı şəhəri, Suraxanı rayonu, “Yeni Günəşli” qəsəbəsi, Samir Cəfərov küçəsi, bina 13 “M”.

        Möhtərəm Prezident, Allah Taala xalqımızın xoşbəxt gələcəyi və Respublikamızın daha da tərəqqisi naminə Sizə və doğmalarınıza əbədi cansağlığı, dağlar ömrü bəxş etsin – Amin!”

Qeyd edək ki, şikayətçilərin iddiasına görə, yaşadıqları binaya 2005-ci ildən bu yana nə qaz, nə su, nə də elektrik enerjisi verilir. Sakinlərin döymədiyi qapı, şikayət məktubu göndərmədiyi ünvan qalmasa da, hələ ki ibtidai icma quruluşundan fərqlənməyən həyatlarına çarə qılan tapılmır. Neft zəngini bir ölkənin düşmən məbədinə belə çox görmədiyi enerji resurslarını öz sakinlərindən əsirgəməsi həqiqətən də anlaşılan deyil.

Maraqlıdır ki, ötən il bu vəzifəyə təyin olunan İlqar Namaz oğlu Abbasov sinəsində II dərəcəli “Vətənə xidmətə görə” ordeni daşıyır. İcra başçısı heç olmasa, həmin mükafatın xətrinə, Mövlana demişkən, "göründüyü kimi olmağa çalışmalıdır". 

Hər halda vətənə xidmət idarə etdiyi rayonda sakinlərin illərlə susuz, işıqsız və qazsız yaşamasına laqeyd qalmaqla olmur.

Ovqat.com

P.S. İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.




Ana səhifəyə qayıt        Baxış: 2 380          Tarix: 9-11-2019, 09:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma