Xəbər lenti

  

25 oktyabrda Azərbaycan Respublikası Milli İstiqlal Partiyasının sədr müavini Arzuxan Əlizadə bu ölkəyə aid “ovqat.com” saytında dərc olunan məqaləsində təhqiramiz başlıqla İran İslam Respublikasının hörmətli prezidentinə müraciət edərək yazıb: “Şeyxülislam sənin əlini öpdüyün adamdan daha böyük şəxsiyyətdir.”

Ovqat.com xəbər verir ki, İranın yarırəsmi informasiya portalı Qafqaz.ir bugünkü baş məqaləsində belə yazıb.

http://qafqaz.ir/az/bakida-anlasilmaz-gorus-v%c9%99-onun-t%c9%99hqiramiz-n%c9%99tic%c9%99l%c9%99ri/

Portal AMİP-in sədr əvəzinin ötən ayın 25-də saytımızda dərc olunan açıqlamasına cavab verərkən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni də unutmayıb. Sayt iddia edib ki, şeyxülislamın “hətta öz ölkəsinin dindarları arasında da elə bir diqqəti çəkən yeri və bazası yoxdur”. Elədirsə, sual olunur: İran prezidenti niyə bu nüfuzsuz din xadimi ilə görüşməyi özünə rəva bilib?

 

Bu suala aydınıq gətirilməyən məqalədə həmçinin Allahşükür Paşazadənin İran qarşısında hesabat verməli olduğu açıq mətnlə ifadə edilib və həmin fikir belə əsaslandırılıb.

“Azərbaycan Respublikasının bir dini idarə sədrinin eyni dindən olan, özü də şeyx və ruhani olan digər bir ölkənin başçısına hesabat verməsinin heç bir iradı yoxdur və bu adi bir məsələ sayılır”.

Qeyd edək ki, QMİ rəhbərinin belə bir yükümlülüyünün olduğu ilk dəfə İran prezidenti Həsən Ruhaninin ən son Bakı səfərində gündəmə gətirilmişdir. Özü də İran prezidentinin rəsmi saytında. President.ir Ruhani ilə Paşazadənin görüşündən bəhs edən xəbərində İran prezidentinin Azərbaycan şeyxülislamına dini təməllərin möhkəmləndirilməsi ilə bağlı məruzə etdiyini, şeyxülislamın isə ona görülən işlər barəsində hesabat verdiyi vurğulanırdı. Üstəlik, bu ağa-nökər münasibətlərini andıran xəbər təqdimatının dəlili kimi paylaşılan şəkil də diplomatik etikadan kənar idi. Şəkildə Ruhaninin mərkəzdə, şeyxülislamın isə ümumi konfrans iştirakçıları üçün nəzərdə tutulmuş sıravi cərgədə oturduğu təsvir olunurdu. Üstəlik, bütün bunlar İranın Bakı səfirliyində baş verirdi.

 

AMİP sədri də məhz bu diplomatik nəzakətsizliyə etiraz edərək saytımıza açıqlamasında demişdi: “Azərbaycana gələsən, ölkənin dini liderini öz səfirliyində qəbul edəsən və görüşdə masa arxasında yalnız öz bayrağını qoyasan, sonra da rəsmi saytında ağzına gələni yazasan; qüsura baxmasınlar, bunun bir adı var - yumşaq desək, siyasi etikasızlıq”.

Maraqlıdır ki, AMİP sədr əvəzinin bu haqlı iradı İran tərəfindən süngü ilə qarşılanıb. Qafqaz.ir-in iddialarla bağlı qələmə aldığı cavab yazısında Arzuxan Əlizadə ilə yanaşı, hətta ondan daha çox Allah Şükür Paşazadə həzrətləri də qamçılanır və o, öz dini vəzifəsini yerinə yetirə bilməyən şəxs kimi təqdim olunur.

Sitat:

“Diqqəti çəkən digər mühüm məsələ budur ki, məqalənin müəllifi öz yazılarında Şeyxülislam Paşazadənin məqamını bir dini ali məqam və şəxsiyyət səviyyəsində yuxarı qaldırmağa səy edir, hətta xəyalpərəstlik edərək onun məqamını dünya səviyyəli, müsəlmanların qəlblərinin sevimlisi olan bir Rəhbərdən yuxarı hesab edir. Aydındır ki, Şeyxülislam Paşazadənin məqam və dərəcəsi heç vaxt hökumətə bağlı bir dini idarənin sədrliyi vəzifəsindən artıq olmayıb... Azərbaycan Respublikasında hicab qadağası, məscidlərin dağıdılması, islami müqəddəslərə hörmətsizlik, islamçılara qarşı repressiyalar kimi məsələlər barədə şeyxin zəif və təsirsiz mövqeyi onun məqamının hansı səviyyədə olduğunu aydın göstərir”.

Çox uzatmadan məqaləni bəzi zəruri hesab etdiyimiz ixtisarlarla təqdim edirik. İxtisarlarımız isə əsasən İranın bu xudpəsəndliyinə layıqli cavab verməyi bacaran AMİP sədr əvəzi barədə işlədilən ədəbsiz sözlərdir. Şeyxə gəlincə, ona özlərinin hesabat verən şəxsi kimi baxan zehniyyətə cavab vermək ehtiyacı hiss edərsə, bizim qapılar hər kəs kimi onun da üzünə açıqdır.

  

Qafqaz.ir-in məqaləsinin davamı:

 

O (Arzuxan Əlizadə), məqaləsinin davamında İran İslam Respublikasının Bakıdakı səfirliyində Şeyxülislam Paşazadənin İran prezidenti ilə baş tutan görüşü barədə aid olmayan və böhtan xarakterli iradlar edib.

Bu dırnaqarası siyasətçi belə görünür ki, Qafqaz Müsəlmanları İdarəsinin “sədri” (Niyə dırnaqda? – Ovqat) Şeyxülislam Paşazadənin İran prezidenti ilə görüşündə Azərbaycan Respublikası bayrağından istifadə edilməməsi, İranın rəsmi saytında dərc olmuş foto növü və xəbərlərin onu əks etdirməsi tərzi (Paşazadənin İran prezidentinə hesabat verməsi) xoşuna gəlmədiyindən bunu bir növ siyasi nəzakətsizlik hesab edib və bu siyasi nəzakətsizliyi 3 min illik dövlətçilik tarixinə malik bir ölkənin rəhbərinə uyğun bilməyib.

Arzuxan Əlizadə habelə, İran İslam Respublikasında dini rəhbərliyin yeri və əhəmiyyətinə toxunaraq onu siyasi rəhbərlikdən daha mühüm bilib, siyasi ərsədə İslam İnqilabının Böyük Rəhbərinin hörmət, iqtidar və səlahiyyətinə, ölkədə əsas söz sahibinin rəhbərlik olmasına (İİR Konstitusiyasına əsasən, digər dövlət strukturları onun tabeliyindədir) işarə edib, sonra iki ölkəni bu sahədə yersiz müqayisə edərək Paşazadəyə hörmətsizliyi digər ölkənin dini rəhbərinə hörmətsizlik sayaraq bu hərəkəti tənqid etmişdir. Məqalənin ardında qeyd edir ki, (Rəhbərliyin ən ali məqama sahib olmasına diqqət etməklə heç bir səlahiyyətə malik olmayan) İran prezidenti öz qisasını digər bir ölkənin dini lideri və onun fikrincə təkcə, Azərbaycan Respublikasının deyil, bütün Qafqazın şeyxi olan Paşazadədən almaq istəyir. Bu arada müəllif Paşazadənin vəzifəsini o qədər şişirtmişdir ki, hətta onun məqamını İnqilabın Böyük Rəhbərinin məqamından da üstün bilmişdir.

Şeyxülislam Paşazadənin İran prezidentinə hesabat verməsi müəllifin mənfi münasibət bildirdiyi digər bir mövzudur.

AMİP sədr müavininin (əslində sədr əvəzi-Ovqat) qərəzli yazılarına diqqət etməklə məlum olur ki, o, xüsusi qərəzlər ardınca olmuşdur. Bu barədə bir neçə əsas məsələyə toxunmaq daha zəruri görünür.

İran prezidenti ilə görüşdə Azərbaycan Respublikası bayrağından istifadə olunmaması barədə demək lazımdır; Şeyxülislam Paşazadə siyasi rəsmi şəxs deyil, bir “dini” (dırnaq arasına almaqla QMİ-nin dini idarə olmadığı qəsd edilir – Ovqat) idarənin rəhbəri sayılır. Belə ki, hətta öz ölkəsinin dindarları arasında da elə bir diqqəti çəkən yeri və bazası yoxdur. O, siyasi məqam sayılmadığı üçün əsasən, görüşdə Azərbaycan Respublikası bayrağından istifadə etmək zərurəti yaranmayıb”.

  

Ovqat.com-un zəruri qeydi:

 

İran prezidenti o görüşdə sadəcə dini elmlər doktoru kimi iştirak edirdisə, məntiqlə, o görüşdə İran bayrağı da asılmamalı idi. Yox, əgər siyasi hakimiyyətin təmsilçi kimi görüşürdüsə, şeyxülislamın orda nə işi vardı? Axı Azərbaycan Konstitusiyasına görə, din siyasətə qarışmır. Şeyxülislam da başqa dövlətin siyasi etiketləri altında onun prezidentinə hesabat verə bilməz. Görüşdən çəkilən şəkil və xəbərin təqdim olunması forması isə tamamilə başqa mətləblərdən xəbər verir və bu, nə siyasi, nə də dini etikaya sığır.

 

Məqalənin davamı

 

“Habelə, görüşdən çəkilmiş mövcud fotolarda heç bir hörmətsizlik, diplomatiyadan qıraq bir hərəkət görünmür və şeyxi İranın prezidenti və diplomatik heyəti ilə üz-üzə müşahidə edirik.

Azərbaycan Respublikasının bir dini idarə sədrinin eyni dindən olan, özü də şeyx və ruhani olan digər bir ölkənin başçısına hesabat verməsinin heç bir iradı yoxdur və bu adi bir məsələ sayılır.

İran prezidentinin Qafqaz Müsəlmanları İdarəsinin sədrinin intiqam almaq iddiası isə məqalə müəllifinin çox qəribə və təəccüblü bir iddiasıdır. Bunu hansı dəlil-sübut əsasında deməsi məlum deyildir.

Bu üzdən görürük ki, müəllifin irad və tənqidləri heç vəchlə məqbul deyildir, onun həqiqətin ziddinə və təhqiramiz olan yazılarının heç bir məntiqi əsası yoxdur.

Diqqəti çəkən digər mühüm məsələ budur ki, məqalənin müəllifi öz yazılarında Şeyxülislam Paşazadənin məqamını bir dini ali məqam və şəxsiyyət səviyyəsində yuxarı qaldırmağa səy edir, hətta xəyalpərəstlik edərək onun məqamını dünya səviyyəli, müsəlmanların qəlblərinin sevimlisi olan bir Rəhbərdən yuxarı hesab edir. Aydındır ki, Şeyxülislam Paşazadənin məqam və dərəcəsi heç vaxt hökumətə bağlı bir dini idarənin sədrliyi vəzifəsindən artıq olmayıb. Belə ki, öz ölkəsinin və digər İslam ölkələrinin mühüm və həssas məsələlərində öz vəzifəsini dini bir idarənin sədrliyi səviyyəsindən yuxarı bilməyib, müsəlmanların düçar olduğu məsələlər barədə öz narahatlığını ifadə etməli bir idarənin rəhbəri kimi vəzifəsinə yetərincə əməl etməyib. Azərbaycan Respublikasında hicab qadağası, məscidlərin dağıdılması, islami müqəddəslərə hörmətsizlik, islamçılara qarşı repressiyalar kimi məsələlər barədə şeyxin zəif və təsirsiz mövqei onun məqamının hansı səviyyədə olduğunu aydın göstərir.

Şübhəsiz, AMİP-ın sədr müavininin belə sözləri deməkdə əsas məqsədi iranlı heyətin Bakıya səfəri vaxtı iki ölkənin inkişafda olan münasibətlərini təsir altına salmaq, İranın sionist rejim və Amerika kimi düşmənlərinə xidmət göstərmək, qulluqbazlıq etmək olmuşdur. Çünki hər vaxt iki müsəlman və qonşu ölkə münasibətlərinin şahidi oluruqsa, İran və Azərbaycan xalqlarının dostluğunu gözü götürməyən və vəziyyəti məlum ünsürlər əsassız və həqiqətdən uzaq iddialar ortaya ataraq iki ölkə münasibətləri yolunda maneə yaratmağa təlaş edirlər. Bu arada İran İslam Respublikasının Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyinin Azərbaycan Respublikasında bir siyasi partiya vəzifəlisinin kobud və həyasızcasına sözlərinə qarşı passiv hərəkəti təəssüf doğurur. Gözlənti bu idi ki, ən azından özünü və İran İslam Respublikasını müdafiə etmək üçün reaksiya versin”.

  

Ovqat.com-un növbəti qeydi:

 

İran yarırəsmi potalının Allahşükür Paşazadə həzrətləri ilə öz dini liderlərini müqayisə etməsi yada maraqlı bir əhvalatı salır:

Nəql edirlər ki, bir gün padşah öz vəzirinə deyir:

-Mən Rəssamlar İttifaqına sədr seçmək istəyirəm. Ən yaxşı rəssamın kim olduğunu necə müəyyənləşdirə bilərəm?

Vəzir:

-Şah sağ olsun, ölkənin bütün rəssamlarına tapşır ki, ən yaxşı sənətkar bildikləri 5 nəfərin adını yazıb sənə yollasınlar. Sən də o siyahıda ən çox ikinci yeri tutanı tap və onu sədr qoy.

Şah vəzirin dediyi kimi edir. Bütün siyahılarda ikinci yeri bir nəfər tutur. Bunun hikmətini vəzirdən xəbər alır. Vəzir cavab verir:

-Qibleyi-aləm, adətən insan vəzifə adı eşidəndə siyahıya ən başda özünü, ikinci yerə isə  həqiqətdə ən yaxşı olanı salar. Bütün siyahılarda ikinci şəxs bir nəfərdirsə, deməli rəssamların böyük əksəriyyəti onun ən kamil birisi olduğunu etiraf edirlər. Sən də onu Rəssamlar İttifaqının sədri seç.

Vəzirin sözü olmasın, İranın rəsmi media orqanları əgər bizim şeyxülislamla öz dini liderlərini müqayisə edirsə, deməli, ya şeyxin daha üstün olduğunu görür və özlərinə yalançı təsəlli verirlər, ya da onların hər ikisinin də eyni keyfiyyətdə olduğunu düşünürlər.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 251          Tarix: 9-11-2019, 16:14      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent