Xəbər lenti

 

“Naxçıvan Muxtar Respublikası həmişə İran İslam Respublikasının dostluğunun şahidi olmuşdur və bütün köməklərinə görə İrana minnətdarıq.”

Ovqat.com xəbər verir ki, Muxtar Respublika rəhbərliyi adından bu minnətdarlıq mesajını İranın Naxçıvan MR-dəki konsuluna Ordubadın icra başçısı Elşad Məhəmmədov çatdırıb.

İranın yarırəsmi saytı Aran.ir-in məlumatına görə, icra başçısı görüşdə həmçinin Ordubad rayonu, onun tarixi, məhsulları və müxtəlif fəaliyyətləri barədə də səfirə məlumat verib.

http://arannews.com/News/59047/Ordubad-İcra-Hakimiyyətinin-başçısı--İran-Naxçıvan-barədə-qonşuluq-haqqını-yerinə-yetirmişdir.html

İranın Naxçıvan MR-dakı baş konsulu da Ordubad əhalisinin və dövlət xadimlərinin qonaqpərvərliyinə görə təşəkkür etməklə yanaşı, bu əməkdaşlıq və dostluğun davam edəcəyinə, İran və Azərbaycan iki qonşu ölkənin bu əməkdaşlıq və dostluqdan faydalanacağına ümidvar olduğunu bildirib.

Konsul Seyid Əhməd Hüseyni görüşdən sonra Ordubad şəhərinin müxtəlif mərkəzlərini seyr edib, İran və Azərbaycan arasında müştərək razılaşma əsasında inşa edilməkdə olan Su Elektrik Stansiyasının işləri ilə yaxından tanış olub.

Farslar demişkən, xeyli xub. Bizim başa düşmədiyimiz başqa məsələdir. Məlumdur ki, İranın Muxtar Respublikadakı konsulluğu Naxçıvan şəhərində yerləşir. Ordubad isə Naxçıvan şəhərindən 75.5 km. aralıda yerləşir. Naxçıvan Muxtar Respublika rəhbərliyi öz minnətdarlığını İran konsuluna çatdırmaq üçün nə əcəb ona 75.5 km. məsafəni qət etmək əziyyəti verib? Cənab Vasif müəllim konsulla elə Naxçıvan şəhərində görüşüb bu minnətdarlıq borcunu şəxsən ifadə edə bilməzdimi? Görünür, ya İranın yarırəsmi saytı dünyanın bu əyri vaxtında düzgün olmayan məlumat verib, ya da Naxçıvan MR rəhbərliyinin bir bildiyi var. O da mümkündür ki, Ordubad icra başçısı karıxıb öz təşəkkürünü ümumiləşdirib.

Ümidvarıq ki, Muxtar Respublika rəhbərliyi bu suallara aydınlıq gətirəcək. Əks halda Muxtar Respublika rəhbərliyinin İrana təşəkkürünü Ordubadın icra başçısının çatdırması sağ qulağı sol əllə qaşımağa bənzəyir.




Ana səhifəyə qayıt        Baxış: 2 841          Tarix: 14-11-2019, 02:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma