Xəbər lenti

 

Bu gün 31-ci ildönümünü qeyd etdiyimiz Milli Dirçəliş Gününün əsas qəhrəmanı Nemət Pənahlı Azərbaycanın müasir tarixində silinməz iz buraxmış həmin hadisələri necə xatırlayır?

Nemət bəyin ötən il Meydan TV-yə verdiyi müsahibəsini Ovqat.com oxucularına təqdim edirik: 

– Nemət bəy, 17 noyabr 1988-ci il Meydan Hərəkatından 30 il ötür. Keçən 30 ildə Azərbaycan xalqının qazancları və itkiləri nədən ibarətdir?

– Meydan Hərəkatından Azərbaycan xalqı və Azərbaycan çox şey qazandı, ancaq onun qədrini bilmədi. Ən azı Azərbaycan xalqı bir nömrəli xalq elan edildi və bu boyda bəşəriyyətdə xalqımız meydandakı şücaətinin hesabına dünyanın ən mübariz xalqı sayıldı. Meydanda başlayan hərəkat Azərbaycanın müstəqilliyi ilə nəticələndi.

– Siz xalqı hərəkatın qədrini bilməməkdə suçlayırsınız?

– Elə xalq da, siyasət səhnəsində olanlar da. Bu gün də Meydan hərəkatının həsrətindəyik. Bilirsiniz, insan bəzən bir prosesin içərisində olanda onun mahiyyətini dərk etmir. Amma zaman keçəndən sonra prosesin möhtəşəmliyini görür. Meydandan aralaşan bütün millət o dövrə həsrətlə baxır ki, kaş, o zamankı fəallıq və mübarizə ruhu olardı. Biz Azərbaycanın 80 faizini işğaldan azad etsək də… Baxın, Azərbaycanın istiqlaliyyəti ilə yaşayan Bəxtiyar Vahabzadə meydanda mənim yaxamdan yapışıb dedi ki, sən təxribatçısan, Azərbaycanı məhvə aparırsan, rusa qarşı çıxmaqmı olar, bizi yer üzündən silərlər, amma müstəqillik verməzlər. Yəni o vaxt rus imperiyası haqda dəhşətli mif təsəvvürü hakim idi və bu mif rusa qarşı çıxmağı mümkünsüz edirdi. İndi hamı desə də ki, “onsuz da SSRİ dağılacaqdı, nəyə lazım idi o qədər etiraz” və s, bunlar cəfəngiyyatdır. Çünki heç kim rus imperiyasına qarşı mübarizənin müstəqilliklə nəticələnəciyini təsəvvür etmirdi. Ancaq SSRİ dağılandan sonra başladılar ki, onsuz da dağılacaqdı. O adamlar mübarizənin önündə getmədiklərindən və ona qarşı çıxdıqlarından belə danışırdı. Bax, mübarizədə haqları olmayanlar millətə hərəkatın mənasız olduğunu aşılayırlar. Bunlar hamısı milli xəyanətdir və millətin özünə olan inam hissini öldürmək məqsədi daşıyır.

– Gəlin, mənfi tərəfini də düşünək. Deyirlər ki, 20 faiz ərazimiz işğal olundu, Azərbaycanda monarxik rejim quruldu, millətin də inam hissi öldü… Bu mənada qazanc nə oldu?

– Düşmənin vəzifəsi milləti məhv etməkdir. Milyonlarla insan meydanda deyirdi ki, biz ölərik, Neməti tək qoymarıq. Sovet imperiyası da müxtəlif fəndlərə əl atıb xalqın inam hissini öldürmək üçün çalışırdı. Təbii ki, şayiə yayırdılar, məsələn, bir tərəfim Qərbi Azərbaycandan, digər tərəfim Naxçıvandandır və deyirdilər ki, Heydər Əliyevin adamıdır. Bununla da milləti primitiv şəkildə aldatdılar. Həmin meydanda mən də, millət də and içdi. Mən Nəsimi, Koroğlu, Səttarxan qeyrətinə and içdim ki, tikə-tikə doğransam da, yolumdan dönməyəcəm. Milyonlarla insan da and içdi ki, biz ölərik, Neməti tək qoymarıq. Amma yalquzaq kimi meydanda tək qaldım.

– Siz dekabrda meydanın dağıdılmasını deyirsiniz?

– Bəli, ondan sonra da istintaq orqanında tənha qaldım. Sovet qoşunları meydanı dağıdanda 1500-2000 adam vardı, milyonlarla insandan bu qədər qalmışdı. Ümumiyyətlə, ondan sonrakı dövrə baxın, həbs olunduq, işi də SSRİ DTK-sı apardı. Moskvadan 250 nəfərlik istintaq qrupu gəlmişdi.

– Siz 30 ildə meydan hadisələri haqda onlarla müsahibə və açıqlamalar vermisiniz. Bir dəfə dediniz ki, Meydan hadisələrini DTK yaratdı, amma biz onu dağıdıb yenidən yarada bilərdik, sadəcə, prosesi imperiyanın əleyhinə çevirə bildik. Yenə də həmin fikrinizdə qalırsınızmı?

– Xeyr, mən demişdim ki, 1988-ci ilin meydan mitinqləri yeganə hadisə idi, təşkilatçılığında iştirak etməmişəm. “Kommunist” qəzetində dərc olunan “Topxananın harayı” sıradan bir yazı deyildi. Çünki mitinqləri dövlət təşkil etmişdi, kifayət qədər bu fikrimi əsaslandırmışam, indi də sözümün üstündə dayanıram. Bəli, dövlət mitinqi öz marağı üçün təşkil etmişdi, biz onu dövlətin nəzarətindən çıxardıb Milli Azadlıq Hərəkatına çevirdik. Ermənistanın təcavüzünə qarşı qalxan xalq dalğasını hərəkata çevirdik, məsələ budur. Hadisələrin möhtəşəmliyi budur. Lenin meydanın da adını dəyişdirib Azadlıq Meydanı qoyuldu. Heç kim iddia edə bilməz ki, bunu hansısa təşkilat etdi, nə AXC, nə də başqası. Çünki AXC bir il sonra, 1989-cu ildə təsis olundu. Bütün təhriflərin bir məqsədi mənim tarixdəki rolumu silmək və danmaqdır.

– Meydanda bir sıra adamlar vardı ki, indi xatırlanmır, Məhəmməd Hatəmi, yaxud bayrağı gətirən Bəxtiyar Tuncay. Onlar barədə nə deyə bilərsiniz?

– Milli Azadlıq Hərəkatının təməli “Çənlibel”də qoyuldu, onun da lideri Məhəmməd Hatəmi Tantəkin idi. Liderlik baxımından özümdən öndə bir kişi görmüşəm, o da Tantəkin olub. O cümlədən, bayrağı Bəxtiyar Tuncay gətirib, anası tikmişdi. Müstəsna rolu olan şair İsfəndiyar Coşqun olub, Mirzə Ələkbər Sabirdən sonra yenagə şair idi ki, onun üslubunda yazırdı. Onu xalq tanımır, təəssüf ki. Mənsur Əlisoy, şair Xəlil Rza Ulutürk, vəkil Fuad Ağayev, Ənvər Börüsoy, yəni hərəkatın minlərlə fədailəri olub, yalnız Nemət və Tantəkinlə nə etmək olardı?!

– VHP sədri Sabir Rüstəmxanlı deyir ki, meydanın dağıdılması, 5 dekabr gecəsi ilə bağlı fikir ayrılığı olub. Narazılığın kökündə hansı səbəblər dayanırdı?

– Meydanda hakimiyyət bağı olan qüvvə milləti qorxudurdu ki, aksiyadan uzaqlaşsınlar. Mənim xəttim əksinəydi, bunu milli hərəkata xəyanət sayıb sona qədər davam etməyi tələb edirdim. Sabir Rüstəmxanlıyla da aramızdakı fikir ayrılığı o zaman da var idi və bu gün də davam edir. Əgər Sabir Rüstəmxanlı o zaman ehtiyat etməsəydi, hakimiyyət orqanlarının təsirinə düşməsəydi, hərəkatın taleyi başqa olacaqdı. Ondan sonra ortalığa süni adamlar çıxa bilməyəcəkdi. Sabir bəy fərqli düşünür, deyir ki, vaxtından əvvəl dağılışsaydıq, daha uğurlu olacaqdı, mən onu yanlış hesab edirəm. Məhz Sabir bəy o xətti tutduğu üçün millət ondan imtina etdi, çünki millət bizi bir yerdə görürdü, yumruq kimi. Çox təəssüflər ki, Sabir bəy səhvində inad edir.

– Sizə qarşı olan ittihamlardan biri o zaman Heydər Əliyevin adamları ilə əlaqə saxlamağınız idi, məsələn, Nərimanov Rayon Partiya Komitəsinin birinci katibi Rafael Allahverdiyev, yaxud akademik Cəlal Əliyevlə. Bu ittihamların əsası vardımı?

– Heç bir əsası yoxdur, şayiədir. Məqsəd Meydan Hərəkatını və məni nüfuzdan salmaq idi. Bilirsiniz, həyatımda xəcalət çəkəcəyim, ifşa olunacağım nöqtə yoxdur. Səhv etsəm də, inanaraq etmişəm. Bəli, meydanda Heydər Əliyevi müdafiə etmişəm, amma bu necə olub? Moskva daxildəki qüvvələr parçalamaq üçün kampaniya aparırdı, mən də dedim ki, Nərimanovu Lenin-Stalin, Bağırov Xruşov, Əliyev də Brejnev dövrünün qurbanıdır. Bununla da Moskvanın kampaniyasının qarşısını almağa çalışmışam. İkinci, mən Nərimanovdakı Səttarxan zavodunda işləmişəm, Rəfael Allahverdiyev də rayonun birinci katibi idi. Onunla dəfələrlə görüşmüşük və kəskin söhbətlərimiz olub. Allahverdiyev hərəkatı boğmaq və məni mövqeyimdən çəkindirmək üçün bütün variantlara əl atıb. O zaman Şirməmməd Hüseynov, Süleyman Əliyarov və Bəxtiyar Vahabzadə Səttarxan adına zavoda gəldi, görüşdə mənim çıxışımdan sonra bütün zavod ağladı, onda Allahverdiyev məndən üzr istədi. Açıq şəkildə dedi ki, səni tanımamışam, millətini bu qədər sevdiyini bilməmişəm. Ondan sonra ev və iş yerinin nömrəsini də verdi, biz görüşdük. Bir dəfə də dedi ki, Heydər Əliyev səninlə görüşmək istəyir, bu barədə kitabımda da yazmışam. Mən də bu haqda düşündüm, hətta Elçibəyə və Sabir bəyə demişəm. Onda Allahverdiyevə razılıq vermişəm ki, görüşərdim, bax, bu qədər. Bu söhbət olub 1988-ci ilin oktyabrında, meydan hadisələrindən əvvəl. Cəlal Əliyevi isə Heydər Əliyev prezident olandan sonra tanımışam. Bir daha deyirəm, hərəkata qədər mənim Əliyevlə heç bir əlaqəm olmayıb. Sadəcə, sonradan başa düşdüm ki, Əliyevin bu məsələdə marağı olub. Çünki mən aparatda müşavir olanda təklif etdi ki, əlaqəmiz olduğunu təsdiqləyim, məqsədi hərəkatı öz adına çıxmaq idi, amma onun təklifindən imtina etdim.




Ana səhifəyə qayıt        Baxış: 2 415          Tarix: 17-11-2019, 08:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma