Xəbər lenti

 

“Pul verməyən partiyalar heç bir seçkidə heç bir səs ala bilmir”

Xəbər verildiyi kimi, Gürcüstanda 2020-ci ildə proporsional seçki sisteminə keçidlə bağlı konstitusiya düzəlişi parlamentin səsverməsindən keçmədiyi üçün paytaxt Tbilisidə, Batumidə və digər şəhərlərdə etirazlar başlayıb. Bu gün də mərkəzi Rustaveli meydanında geniş miqyaslı mitinq olacaq. Yəni artıq Gürcüstanda siyasi böhrandır. Maraqlıdır ki, Gürücüstanda baş verən proseslərin hədəfi nədir?

 Ovqat.com-un bu və digər suallarına cavab almaq üçün Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbələşdik.

 -Bu siyasi böhran təzə başlamayıb, yay aylarında 3 aya yaxın miitinqlər davam elədi. Müxalifətin bir tələbi var idi, o dövrün daxili işlər naziri Qaxariyanın vəzifədən getməsini tələb elədi. Sonda Qaxariya baş nazir oldu. Bununla da siyasi böhran yeni bir forma almış oldu. Ondan sonra, konstitusiya dəyişikliyi, yəni mojaritar sistemin ləğv olunması və tam şəkildə ölkədə parlament seçkilərinin proporsional sistemə keçilməsi ilə bağlı həmin mitinqlər dövründə İvanişvili öz partiyasının qərarını elan eləmişdi ki, partiya parlamentə bu təkilflə çıxacaq. Partiya üzvü olan deputatların əksəriyəti də bu təklifi imzalamışdı ki, ölkədə tam şəkildə proporsional sistemə keçiririlir və baryer sıfırlanır. Ölkədə partiyalar üçün 5%-lik baryer var idi. Nəticədə isə baryer 3%-ə endi və proporsional sistemə keçirilməsinə mojaritar deputatlar qarşı çıxdılar. Buna görə ölkədə yeni siyasi böhran işə saldılar. Hədəf nədir? Əlbəttə ki, bütün siyasi partiyaların bir ana hədəfi var - iqtidar olmaq. İqtidar olmaq üçün mövcud iqtidarı yola salmaq lazımdır. Bu gün Gürcüstanda müxalifət "hamı -1" sloqanı ilə çıxış edir. Yəni ki, bütün siyasi partiyalar iqtidara, "Gürcü Arzusu" Partiyasına qarşı birləşdilər. Bu birliyə qatılmayan tək Rusiyayanlısı adlandırdığımız "Patriotlar Alyansı" var, o partiya qatılmadı. Bu gün saat 3-də Rustaveli meydanında kütləvi bir mitinq başlamalıdır. Müxalifət liderlərinin verdiyi məlumatlara görə, ölkənin bütün böyük şəhərlərində mərkəzi küçələrini, yolları bağlamaq planları var.

 Bu birləşmədə maraqlı, ağılagəlməz şəxslər bir masa arxasında oturub. Məlumdur ki, onlar əgər birlikdə qalib gələrsə, o yolu davam etməyə bir gün belə şansları yoxdur. Bir gün belə o şəxslər bir-birinə dözəsi deyillər. Burada bir devizlə çıxış edirlər ki, hamımız birləşib, İvanişvli hakimiyyətini devirməliyik.

 -Bu şəxslər bir-birinə dözəsi deyillərsə, bir araya gəlib, sonradan bir hökumətdə təmsil olunmaları mümkün olacaqmı?

-Mən şəxsən inanmıram. Məsələn, Nino Burcanadze və Vahid Milli Hərəkat Partiyasının bir arpa boyu yol almasına Gürcüstanda inanan yoxdur, o cümlədən də mən. Yəni bunlar o qədər kəskin fərqli şəxslərdir. Əlbəttə,  məlum məsələdir ki, siyasətdə daimi düşmən, dost yoxdur, daimi maraqlar var, amma burada məhz bu maraqlar eyni deyil. Əksəriyyəti Avropa, NATO yolunda olan partiyalardır və onlarla birləşən Putinin dostlarıdı. Yəni Putinin dostları və düşmənləri birləşibilər ki, gəl, bu indi bu kompotu iç.

-Bəziləri düşünür ki, ayın sonuna kimi müxalifətin tələbləri yerinə yetiriləcək. Sizcə, bu etiraz aksiyaları bir nəticə verəcək?

-Konstitusiyada dəyişiklik artıq həyata keçib, 3% baryer və qarışıq seçkilər nəzərdə tutulub. Bilirsiniz ki, konstitusiya təsdiqlənəndə adi qanunlar kimi təsdiqlənmir. İndi isə yenidən guya ki, qanun qəbul olunub, 101 nəfər lehinə səs verib. Bunun üçün isə 113 səs lazım imiş. İndi bəzi  siyasi partiyalar deyir ki, bu cür  qanunların təsdiqinə məhz 2/3 səs bəs eləyir. Bu da mübahisəli məsələdir. Yəni ki, bununla bağlı Konstitusiya Məhkəməsinə gedib nəsə çıxartmaq olarmı, bu, sual altındadır. Ölkənin aparıcı siyasətçiləri arasında bu mübahisələr də davam edir və siyasi partiyalar iqtidara gəlmək üçün vuruşurlar. Allah hamısının uğurunu xeyir eləsin, amma biz vətəndaşlar olaraq istəmərik ki, bu vəziyyət ölkədə bir qarşıdurmaya gətirib çıxartsın. Çünki  mitinqləri qarşılamaq üçün dövlət tərəfindən polisin çox böyük səfərbərliyi, ciddi hazırlıq müşahidə olunur. Ona görə də hər dəqiqə hər cürə təxribatlar ola bilər. Bilirsiniz ki, bu təxribatlardan da həmişə sadə insanlar çox əziyyət çəkir. Çünki mitinqə toplaşanlar sadə vətəndaşlardır. Arzu və tələb edərdim ki, orada təxribatlara yol verilməsin, bizim vətəndaşlarımız əziyyət çəkməsin. Siyasi partiyalar siyasi siyasi kluarlarda da mübarizələrini davam edə bilərlər. Onsuz da qanunlar necə olmağından asılı olmayaraq, xalqın səsi həlledicidir. Məsələn, 2012-ci ildə “Gürcü Arzusu” Partiyası  Vahid Milli Hərəkat Partiyasına qalib gələndə məhz proprosional seçkilərə əsasən uddu. Bir Tibilisi şəhərinin mojaritar səslərini “Gürcü Arzusu” uddu, bölgələri demək olar ki, Vahid Milli Hərəkat Partiyası udmuşdu, amma proporsionalda “Gürcü Arzusu” Partiyası çox ciddi faiz, 60% səs götürmüşdü. Yəni ki, “Gürcü Arzusu” Partiyasının gözü ilə baxanda da ona niyə getmirlər, o da təəccüblüdür. Mojaritarları ləğv edəndə, yaxud ləğv eləməyəndə nə dəyişir? Burada əsas odur; xalq kimi dəstəkləyəcək. Çox təəsüflər olsun ki, bu gün Gürcüstanda xalqın seçkilərə iki  yanaşım faktoru var: Mixal Saakaşvili və Bidzina İvanişvili faktoru.

 -Yeri gəlmişkən, bu proseslər Sakaşvilinin gəlişi üçün Gürcüstanın qapılarının açılmasına hesablanmayıb?

-Yox, bu, heç də o demək deyil.      

 -Çünki o, özü də proseslərə fəal qoşulacağını deyib və indiyə qədər belə ümidli olmadığnı bildirib.

 -Onlar hamısı deyimlərdir, sözlərdir. Onlar hələ qanuna uyğunlaşdırılmış hərəkətlər demək deyil. Yəni ki, Saakaşviliyə son məhkəmə instansiyasının təsqdiqlədiyi kəsilmiş cəzalar var. Bu cəzaların aradan qaldırılması üçün gərək prezident Saakaşvilini əfv eləsin. Yaxud ölkədə bir fövqalədə vəziyyət yarana bilərsə, siyasi hakimiyyət düşərsə, xalq hakimiyyəti yaranarsa, bu, ola bilər. Mən buna çağırış da eləmək istəmirəm, amma Konstitusiyadan üstün olan yalnız xalq iradəsidir. 10-20 yaxud 50-100 min hələ xalq iradəsi demək deyil.

- Deyirsiniz, seçkilərə iki yanaşım var. Sizcə, hazırda Gürcüstanda Saakaşvilinin, yoxsa İvanişvilinin tərəfdarları üstünlük təşkil edir?

-Saakaşvilini sevənlər ona səs verir, Saakaşviliyə nirfət edənlər İvanişvliyə səs verir. Burada bu faktorların ətrafında dolaşan başqa nüanslar da var. İvanişvilinin geniş imkanlarının, hakimiyyət rıçaqlarının olması, eyni zamanda Saakaşvilinin Gürcüstana gələ bilməməsi də bir faktordur. Məsələn, bugünlərdə Saakaşvili Boliviyanın paytaxtına mer təyin olunması ilə bağlı məsələ də ortaya atıldı. Bu şeylər artıq onun tərədarlarını da ruhdan salır. Yəni o, fəaliyyətini davam elətdirməyə Latın Amerikası ölkəsinə gedirsə, deməli, Gürcüstana marağı azalıb. Burada belə şeyləri vurğulamağa çalışanlar olur. Yəni ki, çox faktorlar var. Üstəlik iqtisadi faktorlar həmişə ön plandadır. iqtisadi cəhətdən ölkədə heç də güllük-çiçəklik demək deyil.

 -Ölkə güllü-çiçiəklik deyilsə, bu, o deməkdir ki, indiki iqtidarın atdığı iqtisadi-siyasi addımlar ölkə əhalisinin vəziyyətini yaxşılaşdırmayıb. Bu halda bu proseslər İvanişvli hakimiyyətinin sonunu yaxınlaşdırmır?

-Düzdür, Avropa İttifaqı ölkələri ilə vizasız rejimə keçmək çox böyük zəfər kimi vurğulandı, amma bunu üstün və zəif cəhətləri var. Üstün cəhəti yalnız ondan ibarətdir ki, Azərbaycan vətəndaşlarından fərqli olaraq viza almağa pul vermirik. Amma o, bizim vətəndaşlarımıza orada işləmək haqqı tanımır. Minlərlə Gürcüstan vətəndaşları gedib Avropada qaçaq şəkildə işləyir, sonra deport olunur. Siyasətdən kilometrlə uzaq olan adamlar gedib siyasi qaçqın kimi Avropanın ayrı-ayrı ölkələrində qeydiyyatdan keçirlər, familyalarını dəyişirlər. Bütün bu haqqabazlıqların hamısı ölkədə yarandı. Niyə? Çünki gənclər özünə burada iş tapa bilməyəndə sərhədləri aşmağa məcburdur. Əsasən də gürcü gəncləri sərhədləri aşır. Burada bir partiya bileti alırlar və gedirlər orada elan edirlər ki, ölkə daxilində “mənə qarşı çox ciddi təzyiqlər var və mən siyasi mühacirətə gəlmişəm”. Hamısı da bir ölkədə deyil, 28 ölkəyə dağılıb. Hər ölkədə 50-100 nəfər deyil ki. Bunlar minə çatandan sonra artıq o ölkələr narahat olmağa başladı.

Gürcüstanın iqtisadiyyatının ana dirəyinin təşkil edən iqtisadi layihələr həmişə vurğuladığım kimi Azərbaycana, Türkiyəyə bağlı olan layihələrdir. Geridə qalan qəpik-quruş layihərlərlə ölkə saxlanılmaz. Ona görə də biz həmişə Konqres olaraq deyirik ki, Gürücüstanın geoplolitik siyasətini təyin edəndə özünün coğrafiyasına uyğun olmalıdır. Yerləşdiyi coğrafi alanda öz rıçaqlarını qurmalıdır. Biz gedib Kanada ilə ortaq olanda, qonşumuz Rusiya ilə düşmən olanda başımıza fəlakətlər gələ bilər. Biz gedib Avropa İttifaqına üzv olmuşuq. Bundan sonra, Avropa İttifaqı qullar axtarır. Avropa İttifaqı qonşu ölkələrin içində heç də özünə krallar axtarmır. Əgər Avropaya qullar yox, krallar lazım olsaydı, 50 il ərzində Türkiyəni qapının ağzında saxlamazdılar, qəbul edərdilər. Çünki Türkiyə onlara qul olası dövlət deyil. Türkiyənin parlamentdə 600 deputatı var, ona uyğun Avropa parlamentində yer alacaqdı və o qədər yer alan dövlət də ora qul olmağa getmir.

Bilirsiniz ki, Şərqi Avropa ölkələri Avropa İttifaqına daxil oldu, o ölkələrlədən-Polşadan, Ruminiyadan, Bolqarıstandan Qərbi Avropa ölkələrinə axın başladı. Sonradan ikinci mərhələdə Pribaltika ölkələri üzv qəbul olundu, onlardan Şərqi Avropa ölkələrində axınlar başladı. İndi bizlərdən bu ölkələrə, hətta Pribaltika ölkələrinə axınlar başlayıb. Qərbi Avropadakılar özləri Amerikaya getməyə cəhd edirlər. Bizimkiləri də küçələri süprüməyə, kanalizasiyada işlətməyə cəlb edirlər. Necə ki, Orta Asiyadan gələnlər Rusiyada o işlərə cəlb olunur. Bizi bu şeylər gözləyir. Ona görə də ciddi yanaşmalı, ölkə bir seçki naminə bütün hər şeyi yıxıb, dağıtmamalıdır. Ölkədə ciddi ölçülüb-biçilməlidir ki, bizim nəinki seçki qanunlarımıza, qonşu və dünya dövlətləri ilə münasibətlərə yenidən baxılmalıdır ki, hara, niyə, nəyin naminə gedirik və o getdiyimiz yol gələcəkdə bizim gənclərimizə hansı sürprizləri gətirəcək? Yaxşı, yoxsa pis? Yoxsa bu gün mən iqtidara gəlməyim naminə bütün divarları vurub yıxım, yaxud iqtidarı əlimdə saxlamaq naminə bütün hər şeyi uçurum, dağıdım, gənclərin gözünü töküm, bunun heç biri yol deyil. Ölkənin siyasi rəhbərləri, milli liderləri ölçüb-biçməlidir. Hələ kilsənin özünün başına nə oyunlar gəlir.

-Kilsənin başına nə oyunlar gəlir ki?

-Kilsənin başına çox oyunlar gəlir. Kilsənin başına gəlməyən oyunlar yoxdur. Mən ciddi şəkildə müşahidə edirəm. 1979-cu ildən Sovet qoşunlarının Əfqanıstana girməyi ilə başlayan yəhudilərin və xristianların apardığı anti-İslam hərəkatları bu gün o dərəcəyə gəlib çatıb ki, sanki İslam deyəndə terrorizm yada düşür. Xristianlıq içərisində də Provaslav xristianlar azlıq təşkil edir. Gürcülər də Provaslav xristiandırlar. Artıq  Provaslav xristian kilsələrinə qarşı da hərəkatlar başlayıb. İstər Ukraynada, istər Yunanıstanda, istərsə də Gürücüstanda olsun, çox ciddi nələrsə baş verir və bu baş verənlər heç də yaxşı yollarda deyil. Mən bunun fərqindəyəm.

  -Hüseyn müəllim, bildiyimiz kimi, İvanişvlinin pulları seçkilərdə ciddi rol oynayıb, xalqın səsini 5 kq kartofa, 3 kq soğana, yaxud 5-10 dollara satın alıblar. Müxalifətin tələbi ilə növbədənkənar parlament seçkiləri keçirilərsə, bu zaman İvanişvilinin pulları rol oynaya biləcəkmi?

-Sizin dediyiniz o kartof, soğan olub-olmayıb, bilmirəm.

-Mətbuatdan oxuduqlarımızı deyirik.

-Mətbuat çox şeylər yazır. Burada real həyatımızda biz gördüyümüz ondan ibarətdir ki, pul verməyən partiyalar heç bir seçkidə heç bir səs ala bilmir. Yəni ki, azdan-çoxdan hamı pul verir. İkincisi də, xalqda nifrət formalaşanda istəyirsən milyardlarla pul ver, xalq öz iradəsini ortaya qoymağı bacarır. Bu gün Gürcüstan əhalisində, xüsusilə gürcü xalqında  dediyimiz iki faktordan hansına daha çox nifrət, hansına daha çox istək var, o da mübahisə məsələsidir, onun ölçüsü yalnız seçkilərdə bilinəcək.

 -Müxalifətin tələbi ilə növbədəkənar parlament seçkiləri keçirilərsə və bu zaman Gürcüstan parlamenti proporsional sistemə keçərsə, orada yaşayan soydaşlarımızın bundan faydalanmaq imkanları nə dərəcədədir?

 -Siyasi partiyaların partiya maraqları var. Amma biz də ölkədə sayca ikinci xalqıq. Bizim də öz maraqlarımız olmalıdır. Proporsional sistemdə seçilən deputatların hamısı namizədini irəli sürdüyü partiyanın təmsilçiləridir. Mən adlarını çəkmək istəmirəm,  proporsional sistemi ilə seçilmiş azərbaycanlılar olub, xalqdan kimsə onların üstünə gedəndə ki, “qardaş, bu problemim var, deputatımızsınız, mənə dəstək olun”, konkret şəkildə qapıdan qovublar ki, “siz mənə səs verməyibsiniz, partiyaya səs veribsiniz. Mənə heç kim minnət qoymasın, nə də qapıma gəlməsin”. Bu sözlər deyilib. Borçalıda hamı da bilir ki, bu sözləri kimlər deyib. Amma mojaritar sistemlə seçilən deputat yaxasından tutulacaq bir adamdır. Heç olmasa bunlar xalqın birbaşa seçdiyi təmsilçilərdir. Ondan başqa, bu şeylərə bir az uzaqgörənliklə yanaşılmalıdır. Azərbaycan da, Gürücstan da ərazi bütövlüyü pozulmuş ölkələrdir. Müharibə şəraitində olan ölkələrik, torpaqlarımızın 25%-ə qədəri işğal altındadır. Bu gün işğal altında olan Abxaziya, Çxinvali özlərini müstəqilliyini elan etmiş dövlətlər sayırlar və  biz də ölkəmizin ərazi bütövlüyünü yalnız danışıqlar yolu ilə qaytara bilərik. Çünki imzalarımız var ki, biz müharibə yolu ilə bunlara cəhd eləməyəcəyik. Mən hesab edirəm ki, bu, nə vaxtsa olacaq və nə vaxtsa olanda onlar Gürcüstanın tərkibinə yenidən rayonlar kimi daxil olmayacaq. Çünki dediyim kimi, bu gün özlərini müstəqil dövlət elan etmiş ölkələrdir. Onlar məhz təmsilçilik tələb edəcəklər, ya federal dövlət, ya da konfederasiya olmasını tələb edəcəklər. Bizim indidən qanunlarımız ona qarşı olsa, onlar o danışıqlar masasına belə oturmazlar. İşin bu tərəfləri də nəzərə alınmalıdır. Yəni ki, iki palatalı parlamentdə təmsilçiliklər ehtiyat variantları kimi nəzərdə tutulmalıdır. Yoxsa bu gün hansı siyasi partiyaya hansı xeyir eləyir, elektorotı nə dərəcədə zəifdir, güclüdür, qanunları ona uyğunlaşdırmağa cəhd eləmək heç də ölkənin gələcəyini düşünmək demək deyil.

Söhbətləşdi: Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 066          Tarix: 17-11-2019, 23:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma