Xəbər lenti

  

İranda benzin bahalaşması ilə bağlı başlayan aksiyalar tədricən milli azadlıq hərəkatına çevrilməkdədir.

Ovqat.com xəbər verir ki, əsasən türklərin, kürdlərin və ərəblərin əksəriyyət təşkil etdiyi bölgələrdə bu tendensiya daha qabarıq görünür.

Milli oyanışın ən aktiv qeydə alındığı bölgə bir zamanlar Ərəbistan ostanlığı adlanan, daha sonra "etnik ayrılığa səbəb ola bilər" bəhanəsilə dəyişdirilən əl-Əhvaz vilayətidir. Təxminlərə görə, 3-4 milyon ərəbin yaşadığı bu bölgənin aktivliyi isə təsadüfi deyil. Bildirilir ki, İran neft ehtiyatının 80%-dən çoxuna sahib olan bu bölgənin insanları özlərinin daha çox istismara məruz qaldıqlarına inanırlar.

 

Üstəlik, bu ayın 10-da İran prezidenti Həsən Ruhani Əhvazda yeni neft yatağı kəşf etdiklərini rəsmən bəyanladı. 55 milyard barel ehtiyata sahib olan bu yataq bölgənin neft potensialını daha da artırdı. İndiyədək Əhvaz bölgəsinin neft resurslarının ümumi həcmi 65 milyard barel olaraq bilinir və İran neft ehtiyatının 80%-ə yaxınını təşkil edirdi. Yeni kəşf edilən və Xuzistan əyalətinin Bostan nahiyəsindən Ümidiyyə şəhərinə qədər uzanan 2.400 kvadrat km-lik sahəni əhatə edən yeni yataq əl-Əhvazın iqtisadi potensialını daha da artırır və bölgə insanını müstəqilliyə həvəsləndirir.

  

Digər tərəfdən, məskunlaşdıqları torpaqların təbii sərvətləri İran ərəblərinə dərd-bəladan başqa heç nə gətirmir. Bölgədəki neft quyularında və müəssisələrində əsasən farslar işləyirlər. Dolayısıyla təbii sərvətlərinin qaymağını mərkəzi hakimiyyət yediyi kimi, işçilərə çatan qəpik-quruşu da farslar qazanır.

 

Ən pisi isə odur ki, neft quyularının istismarı nəticəsində bölgənin minbit torpaq sahələri də tamamilə sıradan çıxıb. Məlumata görə, əl-Əhvaz bölgəsində ən azı 1 milyon hektar ərazi səhralaşıb. Artıq neçə ildir ki, Şəttül-ərəb kimi İranın su ehtiyatının 40%-nə sahib bölgədə qum fırtınaları qopur və insanların nəfəs almasını belə çətinləşdirir. Halbuki, bu ərazilər bir zamanlar İranın şəkər qamışı, xurma və s. kənd təsərrüfatının əsas vətəni sayılırdı. İndisə torpağın altındakı sərvətlərdən heç nə qazana bilməyən İran ərəbləri torpağın üstünü də becərmək imkanlarını itirirlər.

Şəttül-ərəbin su ehtiyatları açılmış kanallarla farsların yaşadığı bölgələrə daşınır. Bu da azmış kimi, Türkiyə və İraqda inşa olunan böyük su anbarları da Şəttül-ərəbin su səviyyəsinin xeyli aşağı düşməsinə səbəb olub. Başqa sözlə desək, neft hasilatı nəticəsində torpağından, bunun nəticəsi olaraq qopan qum fırtınaları səbəbindən təmiz havadan məhrum olan əhzablılar getdikcə sularını da itirirlər. Bu da bölgədə ciddi narahatlıqlar yaradır.

 

Benzin böhranı çıxmamışdan bir neçə gün əvvəl İran ərəblərinin milli hayqırışlarının səsi olan 29 yaşlı şair Həsən Heydərinin müəmmalı ölümü də əl-Əhzabda molla rejiminə qarşı ciddi nifrətə səbəb olub. Ötən il yazdığı inqilabi şeirlərdən sonra həbs edilən Həsən Heydəri ölümündən az əvvəl azadlığa buraxılsa da, həbsxanadan sağlamlığını itirərək çıxmışdı. Noyabrın 10-da səhhəti kəskin pisləşən şair xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmamışdı. Ayın 11-də öz milli şairlərini torpağa tapşıran İran ərəbləri zatən etiraz aksiyalarına benzin böhranından əvvəl başlamışdılar. Benizinin böhranı, sadəcə bu etiraz atəşinin üzərinə elə adına uyğun şəkildə benzin tökmək effekti verdi.

Əhvazlıların fəallığının digər səbəbi körfəzdə yerləşən ərəb ölkələrinin təsiri altında qalmalarıdır. Bölgə gənclərinin hələ 2017-ci ildə Səudiyyə Ərəbistanı ilə İran komandaları arasında keçirilən futbol matçında açıq şəkildə qarşı tərəfi dəstəkləyən nümayişləri polis və təhlükəsizlik qüvvələri tərəfindən amansz şəkildə dağıdılmışdı. Bu isə bölgənin ərəb təsiri altında qalmasının ən bariz sübutudur.

 

İranda öz müstəqilliyini tələb edən etnik qruplardan biri də kürdlərdir. II Dünya müharibəsindən sonra ölkənin Mahabad vilayətində qurulan eyniadlı dövlət kürdlərin ilk siyasi-inzibati təşkilatlanması idi ki, bu da İranı kürdçülük siyasi düşüncəsinin mərkəzinə çevrilməsinin ən başlıca dəlillərindən biridir. Hazırda Şimali İraqda hakimiyyətdə olan Barzani əşirətinin ana vətəni sayılan Mahabad və digər kürd bölgələri bu tarixi şüurlarını indiyədək qoruyur.

Üstəlik, fars şovinizminin əsirinə çevrilən rəsmi Tehran Azərbaycan türklərini zəiflətmək üçün Urmu kimi bəzi bölgələrimizin kürdlərin əlinə keçməsinə şərait yaratmışdır. Bu da istər-istəməz kürdlərin siyasi aktivliyini artırmışdır. Nəticədə farsların Azərbaycan türklərinin taleyi üzərində oynadığı bu oyunlar indi öz başlarında çatlayır. Bir çox bölgələrdə keçirilən aksiyalarda səsləndirilən “Türk-kürd əl-ələ, qarşıdır zülmlərə” şüarlar da rəsmi Tehranın “parçala, hökm sür” siyasətinə açıq etirazların ifadəsidir.

 

Məzhəbcə əksəriyyəti sünni olan kürdlərin şiəliyi özünün qalxanına çevirmiş fars şovinizmindən daha çox zərər gördüyü də şəksizdir. Fars şovinizminin öz siyasi hegomoniyasını qorumaq üçün iki qardaş xalq arasında etnik qarşıdurmalar yaratdığını dərk edən Qərbi Azərbaycan insanlarının rejimə qarşı birgə mübarizə şüurunu mənimsəməsi milli azadlıq hərəkatına inamı artırır. Bu gün Qərbi Azərbaycanla yanaşı, İranın bir çox əyalətlərində - Kirmanşahda, İlamda, Kürdüstanda da kürdlərin benzin üsyanına aktiv şəkildə qoşulması müşahidə olunur.

 

Benzin üsyanına fəal şəkildə qoşulan millətlərdən  biri də Azərbaycan türkləridir. İran rejiminin bir çox siyasi və mədəni haqlardan məhrum buraxdığı soydaşlarımızın aksiyalarda səsləndirkləri şüarlar onların arzu və hədəfləri barədə kifayət qədər məlumat verir. Youtube və digər video kanallarında seyr etdiyimiz görüntülərdə aksiyalarda səsləndirilən bu şuarlar əsasən belədir:

 

* Azərbaycan işləsin, Livan, İraq dişləsin!

 

* Azərbaycan işləsin, fars, erməni dişləsin!

 

* Azərbaycan milləti, çəkəmməz bu zilləti.

 

* Azərbaycan oyaqdı, millətinə dayaqdı.

 

* Azərbaycan oyaqdı, kimliyinə dayaqdı.

 

* Azərbaycan talandı, Millət, oyan, amandı!

 

* Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq.

 

* Azərbaycan əyilməz, türkün beli bükülməz

 

* Azərbaycan müstəqil olmalıdır-olmalı.

 

* Bizim düşmən burdadır, yalandır Amerika.

 

* Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi.

 

* Təbriz, Zəncan, Ərdəbil, bu səs Urmudan gəlir.

 

* Urmu bu gün oyaqdı, Təbrizinə dayaqdır.

 




Ana səhifəyə qayıt        Baxış: 4 666          Tarix: 20-11-2019, 13:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma