Xəbər lenti

 

 


«Artıq xeyli vaxtdır ki, vergi orqanları tərəfindən dırnaqarası sahibkarlar aşkar edilərək aparılan bütün şübhəli əməliyyatlar izlənilir və onların ƏDV depozit hesabları (sub uçot hesabları) bloklaşdırılaraq fəaliyyətlərində məhdudiyyətlər yaradılır. Amma bu yaranmış problemin həlli yolu deyil».

İqtisadçı ekspert Elçin Qurbanov Ovqat.com-a açıqlamasında belə deyib.

Ekspertin fikrincə, cəmiyyətdə kifayət qədər vicdanını itirmiş insanlar var və onlara vergi məmurları dəstək verirlər: «Həmin vicdansız „iş adamları“ özgələrinin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq niyyətindədirlər. Həmin dırnaqarası sahibkarlara (işbazlar) vergi orqanlarının rüşvətə satılmış bəzi əməkdaşları, məsuliyyətini unutmuş mühasiblər də şəxsi maraqları çərçivəsində dəstək verirlər. Mən sözügedən şəxslər barəsində kifayət qədər məlumatlıyam, nə işlə necə məşğul olduqlarını da yaxşı bilirəm. Amma yazığım gəlir bu məzlumlara, ona görə ki, hansı nəticələrə rəvac verdiklərinin fərqində deyillər».

Dahi Konfutsinin «Qanun və gücün tətbiqi ifrata varmaqdır, insanlarda vicdan hissi oyatmaqla onları idarə etmək daha doğrudur» fikrinə əsaslanan Elçin Qurbanov da bu işbazları və məsuliyyət hissini unudan məmurları ancaq və ancaq tərbiyəvi yolla islah etməyin tərəfdarıdır:

«Çünki təcrübələr göstərir ki, qanunlar sərtləşdirildikcə daha böyük aşınma baş verir. Məmur özbaşnalığı və rüşvət marjası böyüyür. Burada Laotszunun da kalamını xatırlamaq yerinə düşər „Hiylə və savad çox olan yerdə böyük yalan əmələ gəlir“. Qəbul etmək lazımdır ki, mənəviyyat qanundan üstündür. Mənəviyyat təbliğ olunmayınca cəmiyyət inkişaf edə bilməz. Təəssüflər olsun ki, bu günün ən böyük problemi mənəviyyatın, vicdanın aradan qalxmasıdır. Bərpası isə çox ciddi problemdir».

Həmsöhbətimiz bir çox vergi məmurlarının əl atdığı bəzi fırıldaqlar üzərində də dayandı: «Tamah məqsədilə dələduzluq və fırıldaqçılıq yolu ilə maddi təminatı aşağı olan vətəndaşları simvolik pul təminatı ilə razı salmaqla adlarına hüquqi şəxs yaradaraq dırnaqarası sahibkarlıq fəaliyyəti ilə məşğul olan işbazlar, iqtisadi əməliyyatların nəticələrini mənfi saldo ilə yekunlaşdırır, yazıq insanları bir çox hallarda külli miqdarda vergi borcları ilə baş-başa buraxırlar. Nəticə isə bəzən külli miqdarda vergidən yayınmaqla cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Bundan sonra-qəpik quruşa aldanmış məzlum birisinin taleyi acınacaqlı vəziyyətə düşür. Sizcə, bu, vicdan problemi deyilmi?

Ekspertin fikrincə, sözügedən vergi məmurlarının insanların hüquqi savadsızlığından faydalandığını deyir: „Qanunu bilməmək, əlbəttə, şəxsi məsuliyyətdən azad etmir, amma şəxsin sosial iqtisadi vəziyyətindən sui istifadə edərək onu gələcəkdə yarana biləcək tale yüklü təhlükə ilə üz-üzə qoymaq vicdansızlıqdan başqa bir şey deyil. Bu özgələrinin bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq arzusudur, hansı ki, mümkün deyil. Əgər məqsəd yalnız vergidən yayınmadırsa, bunu dələduzluq adlandırmaq olar, amma bu əməl təkcə dələduzluq deyil, həm də əxlaqsızlıqdır. Şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, belə əməllərdən vicdanlı sahibkarlar da zərər çəkməli olurlar. Onların da hesabları bloklandığı üçün problemlərlə üzləşirlər.

Bütün bunları nəzərə alan iqtisadçı bu rəzalətlə mübarizə aparmaq üçün qətiyyətli  əməli işlər görməyin lazım olduğunu düşünür: ‚Nəzərə almalıyıq ki, azad sahibkarlıq hüququ hər bir şəxsin konstitusiya ilə müəyyən edilmiş hüququdur. Ona görə burada məhdudiyyətlər yaradıla bilməz. Lakin, risk ehtimallarının səviyyəsinin müəyyən edilməsi məqsədilə qabaqlayıcı tədbirlər görülməlidir. SUH bloklaşdırılması problemin həlli yolu deyil, bu yolla kölgə iqtisadiyyatı aradan qaldırıla bilməz. Şəffaflıq və hesabatlılıq bərpa oluna bilməz. Qanunvericiliyə tez-tez dəyişiklik isə investsiya mühitinin yaradılması şərtlərinə ziddir. Çünki xarici investisiyanı yalnız sabit qanunvericilik sistemi dəstəkləyə bilir‘.

Bəs bunun üçün nə edilməlidir?

Elçin Qurbanovun fikrincə, ilk növbədə qeydiyyata alınmış hüquqi və fiziki şəxslər tərəfindən aparılan iqtisadi əməliyyatların risklilik səviyyəsi çərçivəsində təsisçiyə və fiziki şəxsin özünə vaxtaşırı xəbərdarlıq edilməli, verifikasiya tədbirləri həyata keçirilməlidir: “Əgər əməliyyatlar iri həcmdədirsə, vergi hesabatlarında qeyri-müəyyənliklər varsa, ödənişlərdən yayınma ehtimalları mövcuddursa, o zaman şəxsin özü ilə əlaqə yaradılmalı və  yarana biləcək risklər və məsuliyyət barədə məlumat verilməlidir ki, gələcəkdə dələduzluq və fırıldaqçılıq üzündən həm dövlət, həm də vətəndaş zərər çəkməsin».

İqtisadçı təklif edir ki, riskli müəssisələrin rəhbərlərindən hər altı ayın yekunlarına əsasən fəaliyyət dövrünə dair mühasibat uçotu subyektinin maliyyə təsərrüfat vəziyyətinin müəyyən edilməsi məqsədilə auditor rəyi tələb olunsun: «Maliyyə təsərrüfat vəziyyətinin müəyyən edilməsi məqsədilə auditor yoxlaması aktivlərin vəziyyəti barədə məlumatların düzgün verilməsi, inventarizasiya hərəkətləri daxil olmaqla iltizamnamə üzrə məsuliyyət bəyan edilməli vergi orqanına ötürülməlidir. Şübhəsiz ki, auditor tərəfindən belə yoxlama aparılarkən  müəssisənin cari və uzunmüddətli aktivlərinin müəyyən edilməsi məqsədilə anbara, idarə və bölmələrə, habelə mühasibatlıq sənədlərinə baxış keçirməli, debitorları müəyyənləşdirilməli, uçot çatışmazlıqlarını qeydə almalı, bərpa etməli, sanasiya tədbirləri çərçivəsində xüsusi rəy verməlidir. Həmin Rəy (hesabat)  həm təsisçinin özünə, həm də vergi orqanına göndərilməlidir ki, bütün risklər barədə tərəflər məlumatlı olsunlar. Şübhəsiz ki, Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən bu işə cəlb ediləcək peşəkar auditorların siyahısı bir qayda olaraq verilir və Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında Az. Res. Qanununda nəzərdə tutulmuş müvafiq tələblər çərçivəsində auditorların və  auditor təşəkilatlarının fəaliyyətinə nəzarət tədbirləri həyata keçirilir».

Öz şəxsi təcrübəsində sahibkar (təsisçi) tərəfindən edilən müraciət əsasında hüquqi şəxsin vergi hesabatlarının və öhdəliklərinin sağlamlaşdırılması məqsədilə hesabatlar hazırladığını deyən Elçin Qurbanov 140.000,00 manatdan artıq vergi aktivlərinin müvafiq hesablardan silinərək dövlət büdcəsinə ödənilməsini təmin etdiyini bildirib: «Baxmayaq ki, bu hadisədən digər maraqlı şəxs razı qalmadı. Bununla belə, sahibkarın gələcəkdə yarana biləcək məsuliyyətinin tamamilə aradan qalxmasına nail olmuşuq. Bu məsələdə həm şəxs özü, həm də dövlət maraqlı olmalıdır ki, ədalət bərpa olunsun, təqsirsiz cəzalanmasın. Yalnız vergitutma məqsədləri üçün sub-uçot hesablarının bloklanması kimi oxşar tədbirlər işin birtərəfli görülməsi və daha dərin korrupsiya halları üçün şəraitin yaranmasıdır. Məhdudiyyət yalnız məmurun rüşvət alması üçün imkanları genişləndirir. Hesablar bloklanmaqdansa fəaliyyətin şəffaflığı təmin edilməlidir ki, vicdanlı vergi ödəyicilərinə də zərər dəyməsin.

 Dırnaqarası (işbaz) vergi ödəyicisi vergi orqanlarında vəzifəli şəxslərlə korrupsiya əlaqəsinə girərək bəzən ƏDV məbləğinin 40 və ya 50 faizi miqdarında rüşvət verməklə problemini müvəqqəti həll etməkdə maraqlı görünür. Yəni fəaliyyətini müvəqqəti məsuliyyətdən azad edərək tamah məqsədli niyyətini gerçəkləşdirdikdən sonra maddi məsul şəxsin taleyinə tüpürür . Çünki şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə yalnız məhdudiyyətlər deyil, risklərin minimallaşdırılması üçün zəruri tədbirlər görülməlidir».




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 20-11-2019, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma