Xəbər lenti

 

Rufanə Qılmanqızı

Ovqat.com

İranda benzin qiymətlərininin bir gündə 300 faiz artırılması onsuzda iqtisadi çətinliklərlə mübarizə aparan xalqı küçələrə tökdü. Yanacaqdoldurma stansiyalarında benzinin qiymətinin min tüməndən birdən- birə üç min tümənə qaldırılması, başda Tehran olmaqla, Məşhəd, Təbriz, Əhvaz, İsfahan, Şiraz, Qum, Yəzd ,Kirmanşah, Kərəc kimi böyük şəhərlərdə xalqın etirazı ilə qarşılandı. Buna cavab olaraq hakimiyyət bildirdi ki, benzinin ucuz olmasından yalniz qaçaqçılar qazanır, əldə edilən gəlir xalqa dağıdılacaq. Bu bəyanatların  küçə hərəkatını sakitləşdirmədiyini görən İranın dini lideri S.Ə.Xameneinin təmsilçisi nümayşçilərə "polislər müdaxilə edə bilər" dedi.  Bu, eyni zamanda, nümayişçilərə sərt bir  xəbərdarlıq idi.

 

Onbeş noyabr hadisələri ilə bağlı iqtidardakı mühafizəkar qrup İran Prezidenti H. Ruhaninin məsuliyyət daşıdıgını bildirdi. Buna qarşılıq Məclisdəki islahatçı  "Ümid” qrupu bu qiymət artımının məclisdə qəbul olunmamasından narazı olduqlarını,  benzin qiymətlərinin qaldırılması təklifinin S.Ə.Xameneinin bəyəndiyini qeyd etdi.  Gündəmdə şok effekti yaradan bu açıqlamadan sonra mühafizəkarlar Ruhanini ittiham etməyi dayandırdılar. Halbuki həmin  siyasətçilərdən Mehrdad Bəzərbaş 7 noyabr tarixində Behişti universitetində  etdiyi çıxışında Ruhani hökumətinin benzinin qiyməyini qaldıracagını bildirmişdi. Buna cavab olaraq hökumət nümayəndələri bu fikri təkzib etmişdilər.  Bir həftə sonra isə benzinin qiymətinin qalxması xəbəri xalqa elan edildikdən sonra İran  Hökumətinin Mətbuat xidmətinin rəhbəri Əli Rəbii bildirdi ki, prezident H. Ruhani qiymətləri qaldırmaqla, İranın mənafeyini üstün tutaraq özünü fəda etdi. Rəbii eyni zamanda, benzinin qiymətlərinin qaldırılmasından dövlətin ən yüksək məqamlarının xəbərdar olduğunu da diqqətə çatdırdı.

    

Ruhaninin nümayəndəsi çıxış edərək, dörd ildir benzinin  qiymətinin artırılmadığını, burdan əldə ediləcək gəlirin xalqa paylanacağını bildirsə də, insanlar bu sözlərə inanmadı. Nəhayət, bütün bu müzakirələrə son qoyan S.Ə.Xamenei çıxış edərək bu qərardan qanunverici, icraedici və məhkəmə orqanlarının xəbərdar olduğunu açıqladı və  narazı kütləni "xaricdən müdafiə olunanlar”adlandırdı.  Bununla da  siyasi müzakirələrə son qoyaraq  təhlükəsizlik qüvvələrinə "bir az sərt olun" mesajını verdi. Ölkə vətəndaşlarının iqtidara  olan inamının tamamilə bitməsinin  nəticəsi olaraq xalq hakimiyyətin verdiyi heç bir sözə artıq  inanmır. Bu narazılıqlar və küçə yürüşləri bizə  İraq və Livandakı hərəkatı xatırladır.

 

Nümayişçilərin bəzi böyük şəhərlərdə bank şöbələrini, marketləri, yanacaqdoldurma stansiyalarını, bir çox avtomobilləri yandırması, istər təhlükəsizlik qüvvələri, istərsə də nümayişçilər arasında ölən və yaralananların olması xəbərini İranın rəsmi dövlət kanalları da təkzib etmədi.  “Fars” xəbər agentliyinin verdiyi məlumata görə, yüzdən çox bank binası yandırılıb, mindən çox nümayişçi həbs olunub. Diqqətə çatdıraq ki, Tehranın mərkəzi bazarının tacirləri də nümayişçilərlə həmrəyliklərini bildirərək tətilə başladılar, Tehran və Təbriz universitetlərinin tələbələri yüksək qiymətlərdən narazılıq ifadə etdilər.

   

Buna qarşılıq olaraq, nümayişçilərin əlaqələrini kəsmək və onların təşkilatlanmasına imkan verməmək üçün hakimiyyət  interneti kəsdi. Təbii ki, bu, böyük şəhərlərdə öz təsirini gösdərəcək, ancaq internetdən az istifadə olunan əyalətlərə ciddi təsir etməyəcək. 

İran hakimiyyətinin digər tədbirini Dövlət Plan Büdcə komitəsinin rəhbəri Muhəmməd Bakir Nubahit açıqladı. O, dövlət televiziyasında çıxış edərək, qiymət artımından əldə edilən vəsaitin 10 gün içində əhaliyə paylanacağını bildirdi. Ekspertlərə görə,  xalq keçən il birdən- birə dolların 3500 tüməndən 12000 tümənə qalxmasının təsirindən çıxmamış, bu dəfə də  benzin qiymətlərin 3000 tümənə qalxması inflyasiyanı gücləndirəcək, bahalaşmaya  güclü təsir etməklə bərabər, əhalinin iqtisadi və sosial vəziyyətini çətinləşdirəcək. Xüsusilə azgəlirli adamların iqtisadi vəziyyəti daha da ağırlaşacaq. Dövlət minimum əmək haqqının 120 dollar olduğunu bildirsə də, özəl sektorda 80 və ya 90 dollara da işləyən insanlar var. O cümlədən,  əyalətlərdən  iqtisadi çətinlik ucbatından Tehran, Məşhəd və digər iri şəhərlərə gələn yoxsul əhalinin vəziyyəti daha da pisləşəcək. Benzinin qiymətinin 3000 tümənə qalxmasından dövlət təqribən 350 milyon dollar gəlir əldə edəcək, ancaq xalq bu vəsaitin 18000000 ailəyə veriləcəyinə inanmır.

 

Burada bir seyi də qeyd etmək istəyirəm ki, bu mitinq və küçə yürüşləri zamanı bir çox marketlərin və sərraf dükanlarnın yağmalanmasını da xalq narazılıqla qarşıladı . Bu tip xaotik nümayişlərin hakimiyyətin xarakterindən qaynaqlandığını düşünənlər də var. İddialar görə, İranda çoxpartyalı sistem olsaydı, bu tip xaotik hərəkətlər baş verməzdi.

Bu arada onu da bildirək ki, verilən xəbərlərə görə,  Xamaneinin  yerlərdəki təmsilçiləri tez-tez nümyişçilərə, "fəaliyyətlərinizi dayandırın, əks təqdirdə Sepah və hərbçilər bu yürüşlərə və mitinqlərə müdaxilə edəcək" deyə müraciət ediblər. 

Fikrimizcə, İranda baş verən bu iqtisadi böhranın əsas səbəbi xarici faktordurUranın zənginləşdirilməsi ilə bağlı B.Obama zamanında ABŞ və  Avropa dövlətlərinin  bağladıqları müqavilənin ABŞ-ın yeni evangelist prezidenti D, Tramp tərəfindən pozulması, İrana iqtisadi sanksiyaların tətbiq edilməsi və bu sanksiyalara Almaniya, Fransa və digər avropa dövlətlərinin dəstək verməsinin mühüm rolu var. Sonradan ABŞ daha da irəli gedərək Hörmüz boğazını nəzarətə götürdü. Kütləvi informasiya mənbələrinin verdiyi xəbərə görə, ABŞ-ın təyyarə daşıyan A. Linkoln gəmisi Hörmüz boğazına daxil oldu. ABŞ-ın İranla bağlı siyasəti, əsasən, İsrailin mənafeyinə uyğundur. Daha dəqiq desək, məqsəd İranı Yəməndən, Livandan, Suriyadan və İraqdan  çıxardaraq ölkədə rejimin dəyişdirilməsinə nail olmaq və Boliviyada olduğu kimi, hakimiyyət  başına bir marionetkanı təyin etməkdir.

 

Əgər İranda çoxpartiyalı bir sistem olsaydı, təxminən üç ay sonra, yəni 20 fevral 2020-ci ildə İran Məclisinə keçiriləcək seçkilər zamanı iqtidarda olan partiyanın məğlub olması proqnozunu verə bilərdik. Lakin xalqın bu şansının olmadığını nəzərə alaraq belə bir  proqnoz  verə bilərik ki, seçkilərdə iştirak edən seçicilərin sayı azalacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 513          Tarix: 21-11-2019, 08:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma