Xəbər lenti

 

Yolboyu insanlar qonaqları böyük sevgi ilə qarşılayır, qurbanlar kəsirdilər

 

Türkiyənin İğdır şəhərinə getməyi qərara aldım. Naxçıvanda sərhəd- keçid məntəqəsindən üzü "Ümid" körpüsünə yaxınlaşnda, keçmiş günlər yadıma düşdü. Körpünün, Araz çayına qədər olan yolun tikintiləri bir anlığa gözümün önünə gəldi.

 

"Ümid" körpüsü qardaş Türkiyə Respublikası ilə ölkəmizin qovuşduğu yeganə yeridir. Ona görə onun yaranma tarixini sizinlə bölüşmək, məncə, yerinə düşər.

 

Hələ 1989-cu ildə (o vaxtlar mən Şərurda (keçmiş İliç rayonu) Rayon Partiya Komitəsinin 1-ci katibi işləyirdim), yəni sovet hökuməti dövründə Şərur rayonuna Türkiyədən (Moskvadan keçməklə) layihəçi mütəxəssislər gəlmişdilər.

Onların gəlişinin məqsədi Türküyə ilə Azərbaycan arasında olan (11 km) sərhəddə tikiləcək körpünün yerinin müəyyən edilməsi idi. Bu lahiyə SSRİ və Türkiyə tərəfinin razılaşması ilə həyata keçiriləcəkdi. Sərhəd zonasında yerində baxış aparılaraq qərara alındı ki, körpü sərhədin ortasında (5,5 km) tikilsin. Layihədə, həmçinin nəzərdə tutulurdu ki, Araz çayı üzərindən avtomobil yolu ilə bərabər dəmir yolu da çəkilsin.

 

Sərhəddə axtarış işləri başa çatdıqdan sonra, qonaqların şərəfinə Şərur restoranında böyük ziyafət verildi. Ziyafətdə Türkiyə və Azərbaycan xalq mahnıları yerli sənətçilərin ifasında səsləndi. Məclis, sanki iki qardaş ölkənin bayramı təsirini bağışlayırdı.

 

Razılaşmaya əsasən, Araz çayına qədər salınacaq yol və kommunikasiya işlərini Azərbaycan tərəfi, körpünün quraşdırılması-tikintisini isə Türkiyə tərəfi həyata keçirməli idi.

 

Beləliklə, yolun tikintisinə başlanıldı. İşlərin mütəşəkkil həyata keçirilməsi məqsədi ilə rayon Partiya Komitəsinin qərarı ilə bilavasitə tikinti aparılan yerdə qərərgah yaradıldı. Rayonun tikinti təşkilatlarının kolxoz və sovxozların bütün müəssisələrinin yük nəqliyyat vasitələri işə səfərbər edildi. Qısa müddət ərzində yolun torpaq və çınqıl işləri başa çatdı. Paralel olaraq Türkiyə mütəxəssisləri körpünün quraşdırılması işlərini aparırdılar.

 

Bütün bu işlər o dövrdə gərgin içtimai-siyasi vəziyyətin hökm sürdüyü, Sovet dövlətinin dağılması proseslərinin, digər tərəfdən xain qonşu tərəfdən sərhəddə təxribatlar törədildiyi zamanda aparılırdı.

 

1991-ci ilin avqustunda SSRİ-də elan olunan fövqəladə vəziyyət iflasa uğradıqdan sonra yeni dönəm başladı. Muxtar Respublikada partiya sovet orqanlarının fəaliyyətinə xitam verildi.

Strateji əhəmiyyət kəsb edən körpünün tikintisi davam etdirildi. İşlər 1992-ci ilin mayında başa çatdı. Körpünün rəsmi istifadəyə verilməsi 28 maya (ADR-yaranması gününə) təyin edildi.

 

Ankaradan Naxçıvana iki təyyarə ilə, Türkiyənin Baş Naziri Süleyman Dəmirəl başda olmaqla, böyük nümayəndə heyyəti gəldi. Sərhədə qədər yolboyu insanlar qonaqları böyük məhəbbət və sevgi ilə qarşılayırdılar, qurbanlar kəsilirdi, maşınlara çiçəklər atılırdı.

 

Açılış mərasimində Süleyman Dəmirəl, Heydər Əliyev və İsa Qəmbər (o vaxt Milli Məclisin sədri idi) nitq söylədilər. Açılışdan sonra insan axını İğdır tərəfə yollandı. Sərhəd hələ rus əsgərləri tərıfindən mühafizə olunurdu. Sərhədçilər mane olmağa səy göstərsələr də, insan axını qarşısında aciz qaldılar.

Onu da etiraf etmək lazımdır ki, İğdırdan qayıdan adamlar pərişan olmuşdular. Şəhərdə hisli binalar, at və ulaq arabaları, kərmə qalaqları ilə rastlasmışdılar.

 

O vaxtdan 27 il keçib. İğdır hal-hazırda inkişaf etmiş bir vilayət mərkəzini xatırladır. Yeni müasir binalar tikilib, yollar salınıb, tikinti və sənaye müəssisələri yaradılıb. Bunların hamısı bizim ölkə ilə - Naxçıvanla olan ticari-iqtisadi əlaqələrin nəticəsidir.

 

Dostlar, mən sizi yorsam da, bunları bilmək maraqlıdır. Ona görə ki, düşmənlə üz-üzə qalmış Naxçıvanın taleyi bu qovuşmadan çox asılı idi. Sonraki illərdə biz bunun şahidi olduq. Naxçıvana erməni iddiası hələ də davam edir. Bizim qardaş ölkə ilə əlaqəmizin yaranması onlara layiqli zərbədir.

 

Tarixi əhəmiyyət kəsb edən bu strateji əhəmiyyətli yolun, körpünün tikintisində iştirak etmiş insanlara minnətdar olmalıyıq. Dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara can sağlığı diləyirəm!

 

Məmməd Abbasov

Naxçıvan MR Baş Nazirinin keçmiş birinci müavini

Müəllif: Ayna.az 



Ana səhifəyə qayıt        Baxış: 2 430          Tarix: 21-11-2019, 11:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma