Xəbər lenti

 “Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin həyatına sanki şüurlu şəkildə təhlükə yaradılır”.

Məhkumun vəkili Fəxrəddin Mehdiyev Ovqat.com-a verdiyi açıqlamada belə deyib.

Vəkilin bildirdiyinə görə, Cahangir Hacıyevin saxlanma şəraiti sağlamlığı ilə tərs mütənasibdir: “Bilindiyi kimi, müvəkkilim ürək çatışmazlığı və bir çox digər xəstəliklərdən əziyyət çəkir. Onun saxlanıldığı 13 saylı cəzaçəkmə müəssisəsi isə Azərbaycanın ən ağır şəraitə malik kolonlarındandır. Ətrafı daş karxanalarıyla əhatələnmiş bu müəssisədə hətta sağlam adam da xəstələnə bilər. Faşistlərin ölüm düşərgələrini xatırladan kolonda ətrafa yayılan toz-duman arasında nəfəs almaq belə çətindir. Cahangir Hacıyev kimi hər zaman həkim nəzarətinə ehtiyacı olan insanın bu şəraitdə saxlanılması ciddi sağlamlıq problemlərinə yol aça bilər”.

 

Son zamanlar Cahangir Hacıyevin qəsdən bu cür şəraitsiz yerdə saxlandığı barədə ciddi şübhələrinin yarandığını bildirən F. Mehdiyev müvəkklinə lazımi tibbi yardımın göstərilməməsindən də gileylidir: “C. Hacıyevi səhhətindəki problemlərə görə dəfələrlə həbsxananın tibb məntəqəsinə aparıblar. Başdansovdu “müayinə” və “müalicədən” sonra onu yenidən dərhal  saxlanıldığı baraka qaytarıblar. Halbuki, qanunvericiliyə görə, səhhəti tam normallaşana qədər məhkum, həkim nəzarətində saxlanılmalıdır. C. Hacıyevə isə bu elementar sağlamlıq hüququ belə çox görülür. Müvəkkilim həbsxana rəhbərliyindən niyə tibbi məntəqədə saxlanılmadığını soruşub. Aldığı cavab isə “Cahangir müəllim, sizi burda saxlaya bilmərik, bizi başa düşün” şəklində olub”.

Qeyd edək ki, Cahangir Hacıyevin səhhətində yaranan problemlərə əvvəllər də rast gəlinirdi. Hətta bu səbəbdən onun məhkəmə prosesinin dəfələrlə təxirə salındığı da mətbuat səhifələrinə yansımışdı.

Aldığımız məlumatı dəqiqləşdirmək üçün sabiq bankirin bacısı Əminə xanımla əlaqə saxladıq. Təlaş içərisində bizimlə danışan Əminə Hacıyeva faktı təsdiqlədi və bu barədə saytımıza ətraflı müsahibə verdi.

Müsahibə yayıma hazırlanır.




Ana səhifəyə qayıt        Baxış: 2 622          Tarix: 28-08-2017, 08:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma