Xəbər lenti

   

 Şair dostum Məmməd Tahirə.

Mənə deyirsən ki, ey Məmməd Tahir,
“Susan dil ağrımaz, dodaq ağrımaz.”
Ürəyə sancılan xəncərdir dərdim,
Nolsun, baş ağrımaz, ayaq ağrımaz?

Deyirsən- ölkəmiz gül içindədir.
Fəhlə iş başında, kənd biçindədir.
Nə iş dərdi vardır, nə biçin dərdi
Bizdə ürək nədir, dırnaq ağrımaz.

Bəlkə də haqlısan sən bu mövzuda,
Qalmayıb ölkənin dadı, duzu da.
Çoban alimlikdə, alim quzuda,
Tərsinə çevrilmiş çanaq ağrımaz.

O ala qarğalar dönüb darğaya,
Taleyim qalıbdır ala qarğaya.
Qarğa qarıltısı dönər ağrıya,
Hakimin kəsdiyi barmaq ağrımaz.

Zülmün qarşısında bir lal səfiləm,
Acı loxma üçün gərək əyiləm.
Mən torpaq deyiləm, mən daş deyiləm.
Daş qaya ağrımaz, torpaq ağrımaz.

Artıq ayaq tutub yürüyür yalan,
Elimin sərvəti olunur talan.
Duzum göz yaşıdır, çörəyim yavan,
Kim deyir, dağılmış tifaq ağrımaz?

Hər yerdə bədnamdır adı dövlətin,
Hər gün sındırılır ruhu millətin.
Tüpürcək altında yaşamaq çətin,
Nolsun, üzə dəysə yanaq ağrımaz?

Heydər deyər, səni sərab aldadır.
Yurdaşım didərgin, Yurd işğaldadır,
Millət dərd əlindən ölü haldadır,
Köksünə vursan da bıçaq ağrımaz

                       20.1X.2011




Ana səhifəyə qayıt        Baxış: 1 430          Tarix: 28-09-2017, 12:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma