Xəbər lenti

 

“Dünən Cahangir Hacıyevlə görüşə getmişdik. Bizi onun yanına buraxmadılar. 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev ilk dəfə açıq etiraf etdi ki, qardaşımı “kars”a salıblar və bu cür cəzalılarla görüşə qanunən icazə verilmir”.

Məlumatı Ovqat.com-a Cahangir Hacıyevin bacısı Əminə xanım verib.

Əminə xanımın bildirdiyinə görə, qardaşına apardığı yemək və isti geyim də qəbul olunmayıb: “Cahangir hələ də yay paltarındadır. Belə çıxır ki, 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi havaların soyuduğu bu mövsümdə onu digər məhbuslardan təcrid edib soyuqdan öldürmək istəyir”.

Bu cür cəza metoduna heç alman faşistlərinin ölüm düşərgələrində də yol verilmədiyini bildirən Əminə xanım qardaşının aclıq etməsindən də narahatdır: “Cahangirin aclıq aksiyasını davam etdirməsi onun səhhətinə daha çox mənfi təsir göstərə bilər. Hətta sağlam insanın qidalanmadan imtina etməsi istər-istəməz həm xəstəliklərə qarşı immunitetini, həm də soyuğa davamlılığını azaldır. Cahangir Hacıyev isə onsuz da ciddi xəstəliklərdən əziyyət çəkir. Əslində qardaşımla görüşməkdə əsas məqsədim onu aclığı dayandırmağa razı salmaq idi. Təəssüf ki, mənə bu imkan verilmədi”.

Bir müsahibəyə görə məhbusa bu qədər işgəncə verilməsini anlaya bilməyən Əminə xanım Ədliyyə Nazirliyi Penitensiar Xidmətini soyuq ağılla düşünməyə dəvət etdi: “Axı, o nə etmişdi? Haqqında qeyri-obyektiv, məhkəmə hökmünə əsaslanmayan “sarı mətbuat” yazılarına cavab vermək nə vaxtdan cinayət sayılıb? Mən əlaqədar qurumlara üzümü tutub soruşmaq istəyirəm: Cahangir Hacıyevin başına bir iş gələrsə, məsuliyyəti kim daşıyacaq – 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Azər Hacıyev, Penitensiar Xidməti, yoxsa Ədliyyə Nazirliyi?”

Qeyd edək ki, Cahangir Hacıyev saytımıza verdiyi qalmaqallı müsahibədən sonra “kars”a salınmışdı.




Ana səhifəyə qayıt        Baxış: 1 851          Tarix: 3-10-2017, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma