Xəbər lenti

 

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi tam formalaşdıqdan sonra Azərbaycanla İran arasında ticarət dövriyyəsində kəskin artım müşahidə ediləcək.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İran İslam Respublikasının iqtisadi məsələlər və maliyyə naziri Məsud Kərbasian ilə görüşündə deyib.

Səfir həmsöhbətini Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri təyin olunması münasibəti ilə təbrik edib.

Diqqətə çatdırılıb ki, son dörd ildə Azərbaycan və İran prezidentləri 9 dəfə görüşüb. Ölkələrimiz arasında ticari-iqtisadi əlaqələr inkişaf edir, ötən il ticarət dövriyyəsində 70 faiz artım olub. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri intensiv xarakter daşıyır. Həyata keçirilən birgə iqtisadi layihələrdən konkret nəticələr əldə olunur. Qarşılıqlı olaraq biznes-forum və sərgilər təşkil olunur. Azərbaycan və İran şirkətləri Neftçala Sənaye Məhəlləsində avtomobil və Pirallahı Sənaye Parkında dərman istehsalı zavodunu müştərək inşa edirlər. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və Sərəncamları ilə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir. Bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilir. Səfir diqqətə çatdırıb ki, Azərbaycanın müxtəlif bölgələrində müasir logistik mərkəzlərin yaradılması istiqamətində işlər aparılır. Qazaxıstanın Aktau şəhərində Azərbaycan tərəfinin qurduğu müasir logistik mərkəz fəaliyyət göstərir və İran şirkətləri sözügedən mərkəzin imkanlarından yararlana bilərlər.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətinə toxunan səfir Bünyad Hüseynov qeyd edib ki, sözügedən nəqliyyat dəhlizi tam formalaşdıqdan sonra iki ölkə arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə ediləcək. Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin istismara verilməsi ilə Fars Körfəzi ilə Avropanın ucqar limanları arasında birbaşa əlaqə yaranacaq. İranı Azərbaycan vasitəsilə Rusiya və Avropa ilə birləşdirəcək Rəşt-Astara dəmir yolunun inşası hər iki dövlətin iqtisadi və ticarət əlaqələrini daha da möhkəmləndirəcək.

İki ölkənin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafını müsbət qiymətləndirən B.Hüseynov diqqətə çatdırıb ki, həyata keçirilən tədbirlər qarşılıqlı faydalı əməkdaşlığın bariz nümunəsidir. İki ölkə arasında turizm sahəsində əməkdaşlıq inkişaf edir, belə əlaqələr turizm sənayesinin inkişafına böyük təkan verir, həmçinin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Azərbaycana gələn turistlər üçün viza rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə “ASAN viza” sistemi yaradılıb. 2017-ci il yanvarın 10-dan başlayaraq İran vətəndaşları sözügedən sistem ilə 3 gün ərzində elektron vizalar ala bilirlər.

Həmçinin 2017-ci il avqustun 30-dan başlayaraq “ASAN viza” portalı vasitəsilə təcili elektron vizaların rəsmiləşdirilməsinə başlanılıb. İki ölkə Prezidenti arasında çox yaxşı qarşılıqlı etimadın yaranmasından məmnun olduğunu bildirən Məsud Kərbasian Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Ölkə prezidentlərinin görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb.

Qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etməsinə zəmin yaradacağını vurğulayan M.Kərbasian yaxın vaxtlarda Azərbaycan Respublikasına səfər edəcəyini məmnunluqla qeyd edib. Bunu ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasının və dinamik inkişaf etməsinin yaxşı göstəricisi kimi dəyərləndirib. İranlı nazir ölkələrimiz arasında münasibətlərin inkişafı kontekstində vətəndaşlarımızın gediş-gəlişinin nəzərəçarpacaq dərəcədə artığını vurğulayaraq Azərbaycan tərəfinin dövlət sərhədinin buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçməsi təklifinə müsbət baxılacağını söyləyib.

Görüş zamanı, həmçinin iki ölkə arasında energetika, gömrük, nəqliyyat, kənd təsərrüfatı və bank sektorunda əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran




Ana səhifəyə qayıt        Baxış: 1 390          Tarix: 12-10-2017, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma