Xəbər lenti

  

“Daxili İşlər nazirinə inanmayıb, bəs, kimə inanacaqdım. Üzgünəm ki, mən Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədova güvəncimin zərərinə uğramışam”.

 

Ovqat.com xəbər verir ki, bu sözləri əməkdaşımızla söhbətində türkiyəli iş adamı Osman Gezeker deyib.

 

“Özkaya” paslanmaz polad sənayesi məhsulları şirkətinin sahibi olan həmsöhbətimizin bildirdiyinə görə, onunla Əhməd Əhmədov arasında çəkişmə bir neçə il əvvəl başlayıb. Bir gün Əhməd Əhmədovun qardaşı Əvəz ona müraciət edərək, Qaraçuxur qəsəbəsindəki 11 obyektindən birinin lazımi avadanlıqlarla təmin olunmasını istəyib. Osman Gezeker də bu sifarişi öz işçisi olan “əniştə”sinə (yeznə) tapşırıb. “Əniştə” həmin obyektə hansı avadanlıqların alınması təsbit etdikdən sonra tərəflər arasında ümumi razılıq əldə olunub. Razılığa əsasən, Əvəz Əhmədov pulunu ödədikdən sonra tələb olunan malları Türkiyənin Kayseri vilayətində təhvil alacaqmış. Tələb olunan malların 3 ədəd “TIR”-la Bakıya gətiriləcəyi nəzərdə tutulurmuş. Razılaşmadakı bu məqam daha sonra yaşanacaq mübahisələrin də əsas bəhanəsinə çevrilir.

  

Necə? Gəlin, Türkiyəli iş adamının bir nazir tərəfindən aldadılmasının detallarıyla daha yaxından tanış olaq.

 

Maraqlıdır ki, Əhməd Əhmədovun qardaşı Əvəz, iş adamının “əniştə”sini başdan çıxara bilir. Sifarişçi tərəfdən ödənişin sadəcə yarısını alan “əniştə” Türkiyədən, tələb olunan malların hamısını alır və öhdəlik borcu olmadığı halda, onları Bakıya gətirir. Malların Bakıya gətirilməsi üçün çəkilən xərcləri də “Özkaya” şirkəti öz cibindən ödəyir. Tranzit xərci hardasa 12-13 min dollar civarında olur:

 

“Avadanlıqlara ödənilməyən məbləğ isə 66 min dollar idi. Müştərim mötəbər şəxsin qardaşı olduğu üçün razı qalsın deyə, mən öz qazancımı – 10 min dolları belə, ona keçmişdim. Söz danışıqdan keçər, mən yenə də qazancımı istəmirəm. Onu çıxanda ümumilikdə, Əvəzin mənə hazırda 70 min dollar civarında borcu var”.

Mallar sifarişçiyə təhvil verildikdən sonra isə həmin pulu almaq müşkülə çevrilir. Dəfələrlə Əvəz Əhmədova müraciət edən iş adamı, nəhayət, gözləmədiyi ağır sözlərlə qarşılaşır: “Əvəz mənə əvvəl bildirdi ki, ağlınız olardı, pulunuzu almadan avadanlıqları gətirməzdiniz. Uzun mübahisədən sonra mənim onlara borclu olduğumu dedi. Guya, o, yuxarılarla 3 maşının ölkəyə keçirilməsinə razılıq alıbmış. Biz isə həmin malları 4 maşına yükləmişik. Əvəz həmin əlavə bir maşın üçün kimlərəsə, guya, 100 min dollar “haqq” ödəyib. Ən yaxşısı, pulumu tələb etməməyimi, əks halda, bizdən zorla əlavə 30 min dollar alacağı ilə məni təhdid etdi”.

   

İş adamı öz kanalları vasitəsilə sifarişçinin həmin maşın üçün heç bir “haqq” ödəmədiyini müəyyənləşdirib və Əvəzin qardaşına – Naxçıvan MR Daxili İşlər naziri Əhməd Əhmədova zəng vurub başına gələnləri nəql edib, gileyini çatdırıb. Nazir isə ona, darıxmamasını, yaxınlarda Bakıya gələcəyini və iş adamıyla görüşüb problemi yoluna qoyacağını vəd verib. Üzərindən qısa müddət keçəndən sonra həqiqətən də Bakıya – Azərbaycan Daxili İşlər Nazirliyində müşavirəyə gələn Əhməd Əhmədov, nədənsə, iş adamıyla görüşməyi “yaddan çıxarıb”. Bu unutqanlıq Osman bəydə ciddi şübhələr oyadıb və o, növbəti dəfə Əhmədə zəng edib. Naxçıvanın Daxili İşlər naziri isə (artıq sabiq) daha onun heç bir zənginə cavab verməyib.

 

İş adamı bundan sonra qarşılaşdığı problemi Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova çatdırmaq istəyib: “Onun köməkçisi Ramiz müəllimə zəng etdim, ona da baş verənləri bildirdim və Sayın Vasif Talıbov cənablarıyla görüşmək istədiyimi dedim. Ramiz müəllim də məni əmin etdi ki, bütün hər şeyi cənab sədrə olduğu kimi çatdıracaq. Düşünürəm ki, o, mənə verdiyi sözə əməl edib, ərzi-gileyimi ünvanına çatdırmadığı üçün telefon zənglərimi cavabsız qoyur”.

  

Osman Gezekerin bu fikri Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova inamından qaynaqlanır: “Mən Vasif müəllimi, Vasif müəllim də məni yaxşı tanıyır. Onun ədalətli, Azərbaycan dövlətçiliyinə, Sayın Heydər Əliyevə və onun dostlarına nə qədər sadiq adam olduğunu bilirəm. O da mənim keçdiyim həyat yolundan, Naxçıvana və onun rəhbərliyinə münasibətimdən xəbərdardır. İnanıram ki, başıma gələnləri eşitsəydi, mütləq haqqın bərqərar olmasına çalışardı”.

 

Qısası, Ramiz müəllimin “telefon qəbuluna” düşə bilməyən iş adamı Naxçıvan Ali Məclisinin sədrinə öz gileyini çatdırmaq imkanından məhrumdur və indi nə edəcəyini bilmir.

Qeyd edək ki, Osman Gezeker mərhum prezident Heydər Əliyevin ən yaxın ailə dostlarından olub. Heydər Əliyevlə onun münasibətləri 1991-ci ildən başlayıb. Mərhum prezident Naxçıvan MR-nın Ali Sovetinin sədri olduğu vaxtlar Qars vilayətinin əmniyyət müdiri və Təhlükəsizlik Dairə başqanı vəzifələrini icra edən Osman bəy Azərbaycanla təmas quran ilk Türkiyə rəsmilərindəndir. İkili arasında münasibət o qədər yaxın olub ki, hələ Qarsda işlədiyi vaxtlar Heydər Əliyevlə onun arasında birbaşa dövlət telefonu əlaqəsi var imiş. Osman bəy istədiyi zaman Heydər Əliyevə zəng edib Naxçıvanın problemləriylə maraqlana bilirmiş. Blokada şəraitində yaşayan Muxtar Respublikanın ağır vəziyyətlərdən çıxmasında bu əlaqələrin də müsbət rolları olub.

 

 

Osman Gezekeri Azərbaycana bağlayan tellərdən biri də Heydər Əliyevə duyduğu böyük məhəbbətdir. Hətta 1993-cü ildən 1998-ci ilə qədər Türkiyənin Bakı səfirliyində atteşe işləməsi belə, bu məhəbbətdən irəli gəlib. Bildirildiyinə görə, Osman Gezekerin həmin vəzifəyə təyin olunması H. Əliyevin, türkiyəli həmkarı Süleyman Dəmirələ xahiş əsasında baş verib. Atteşe olduğu 6 il ərzində istədiyi zaman Heydər Əliyevlə vasitəsiz görüşən Osman bəyin indiki işini qurması da mərhum prezidentin xeyir-duasıyla baş tutub: “1998-ci ildə məni yanına çağıran Heydər Əliyev artıq Azərbaycan dövlətinin qurulduğunu, öz ayaqları üzərində dayanmaq üçün isə bundan sonra ölkəyə iqtisadi investisiyaların qoyulması dövrünün başladığını bildirdi. Mən də onun çağırışına əməl edib, “Özqaya” şirkətini qurdum. Bir çox investorların Azərbaycana gəlişini təşviq etdim”.

 

İndi neft dövrünün arxada qaldığı, qeyri-neft sektorunun inkişafının dövlət proqramı elan edildiyi bir vaxtda hansısa məmur tərəfindən aldadılmasını, ilk növbədə, Azərbaycanın iqtisadiyyatına zərər vurduğunu bildirən Osman bəyə atan təkcə Naxçıvanın Daxili İşlər naziri də deyilmiş. Hazırda müxtəlif adamların ona 1.5 milyon borcu varmış: “Nə yazıq ki, mən borclarımı ala bilmədiyimdən, Heydər Əliyevin xeyir-duasıyla ərsəyə gələn şirkətin işçilərinin maaşını da verə bilmirəm”.

Qarşılaşdığı bu kimi problemlərlə bağlı dəfələrlə ən yüksək səviyyədə şikayət etmək istədiyini, lakin dövlət adamı ədəbindən gələn xarakterinin buna imkan vermədiyini deyən həmsöhbətimiz özünə qarşı laqeydlikdən incidiyini də gizlətmədi: “Mən canım qədər sevdiyim Azərbaycanın indiki iqtisadi böhran keçirdiyi bir zamanda şəxsi problemlərimlə dövlət adamlarını narahat etmək istəmirəm. Amma bəzən də fikirləşirəm ki, mənim və sahibi olduğum şirkətin başına gətirilənlər şəxsi problemlər də deyil. İstənilən dövlətin iqtisadi inkişafının təməlləri iş adamlarına göstərilən qayğı nəticəsində atılır. Azərbaycan prezidenti cənab İlham Əliyev də bu həqiqətin fərqindədir və keçirdiyi müşavirələrdə də bunu dönə-dönə etiraf edib. Digər dövlət məmurları da bunu anlamalıdırlar. Azərbaycan iqtisadiyyatını inkişaf etdirən və etdirəcək iş adamları narazı salınmamalıdır. Əslində sizə ərzi-gileyimi bildirməyimin də başlıca səbəbi canım Azərbaycanın iqtisadi inkişafını arzulamağımla bağlıdır. Söhbət təkcə mənim şəxsi problemimdən – hansısa məmurun özbaşınalığı nəticəsində iqtisadi çətinliklə üzləşməyimdən, zərərə uğramağımdan getmir”.

 




Ana səhifəyə qayıt                 Tarix: 12-10-2017, 19:18       Baxış: 794


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə