Xəbər lenti

 

 

Açıram ekranı mən, yurdu gülüstan görürəm,

Baxıram yan-yörəmə, hər kəsi nalan görürəm.

 

Kim görər yolda məni, söylər: – “alıb qan gözünü”

Bəlkə bundandı ki, ətrafımı al qan görürəm?

 

Qaçıram tez evə, göz gəzdirirəm güzgülərə

Gözü qansız, özümü adicə insan görürəm.

 

Mənə derlər: “bu yolun son ucu zindan görünür.”

Mənsə onsuz da bütün hər yanı zindan görürəm.

 

Dini İslam bilinən ölkədə saqqal kəsilir-

Nə kəsən əldə, nə saqqalda bir iman, görürəm

 

Bilmirəm, mənmi koram, yoxsa ki, aləm dəlidir,

Hara baxsam, Yaradan Xaliqə üsyan görürəm.

 

Mənə, Heydər demə, – “ölkəmdə tərəqqi görünür.”

Harda şahlıq görürəm, sonluğu viran görürəm.

 

***

 

Gecələr sübhə qədər Ay mənə səndən danışır,

Ağlımı eyləyərək zay mənə səndən danışır.

 

Gətirir ayrılığın buz xəbərin qışda külək,

Quşlar ötdükcə bahar-yay, mənə səndən danışır.

 

Hər payız nalə çəkib göydəki şimşək bağırır,

Yas tutub eyləyərək vay mənə səndən danışır.

 

Ağlayıb halıma göz yaşları tökdükcə yağış

Kükrəyən, şır-şır axan çay mənə səndən danışır.

 

O tanış daş küçə körpəykən ölən eşqimizə

Çalaraq astaca lay-lay mənə səndən danışır.

 

Heydərin qəlbinə qəmlər yığışıb lay-lay olub

Qara qəlbimdəki hər lay mənə səndən danışır.

 

***

 

Yaradan kimsəyə çox gördüsə başdan çörəyi,

Çıxacaqdır özün öldürsə də daşdan çörəyi.

 

Rüşvətə kim bulaşar, gündə yeni zurna çalar,

Qazanır zurnaçılar çünki “şabaş”dan çörəyi.

 

Bir zamanlar yiyədən buğda oğurlardı nökər,

Yiyələr indi oğurlar qaravaşdan çörəyi.

 

Hər gözü yaşlıya məzlum deyib aldanma, könül,

Varlı vardır, qazanar gözdəki yaşdan çörəyi?

 

Kasıbın haqq savaşı yağdı Firon dürməyinə,

Oğuz, onlar çıxarır çünki savaşdan çörəyi.

 

***

 

Hər gedən gor evinə, sanma ki, tək bez aparar,

Kimi ad-san apararkən, kimi od-köz aparar.

 

İmtəhandır eşidib getməsin ağlın sınağa

Dəli nəfsim, demə dörd yalnışı bir düz aparar.

 

Elə düz var ki, onun beşcə quruş qiyməti yox,

Elə yalnışlar olur doğrunu yüz- yüz aparar.

 

Demə, saqqal tutaram, səhvi bağışlar Yaradan

Kölə, qul haqqı yesən boş yerə əl üz aparar.

 

Yaxşının qədrini göylərdə mələklər də bilər

Bu səbəbdən gözəl insanı əcəl tez aparar.

 

Bəndə qumsaldakı iz, fırtınadır sanki əcəl,

Döyərək sahili hər dalğa neçə iz aparar.

 

Gün gələr, yolçu olar son evinə Heydər Oğuz

İnci karvanı kimi mənzilə min söz aparar.

 

***

 

Yurdum, danışaq gəl, azacıq biz yenə səndən,

Bir xatirə qalsın sənə məndən, mənə səndən.

 

Aldanma, yalandır desə övladların: “əsla

Üstün ola bilməz bizə heç kimsənə səndən”.

 

Bizdik sənə “namus”, pula “əl çirki” deyənlər.

“Əl çirkini” hər an çəkərik biz önə səndən.

 

Boş sözdü, desək: – uğruna candan keçərik biz,

Bir axça kifayət eləyər üz dönə səndən.

 

Bir kimsə görüncə kəsərik söhbəti dərhal,

Yalnız deyərik yaxşı kəlam kölgənə səndən.

 

Heyrət ki, düşüb ayrı ürəklər çənələrdən –

Qəlb etmədədir söhbəti şahdan, çənə səndən.

 

Heydər deyər: – əfv eylə mənim cəhlimi, yurdum,

Arsız kimi söhbət açıram mən sənə səndən.




Ana səhifəyə qayıt        Baxış: 2 213          Tarix: 17-10-2017, 23:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma