Xəbər lenti

 AY VƏTƏN...

Ah necə şirindi , necə xoş gəlir,
Ətirdi bir kəlmə sözün , ay vətən.
Qədrini qürbətdə olanlar bilir,
Sönməsin ocağın , közün ay vətən.


Qan ilə yoğrulub daşın , torpağın,
Bizə qürur verir üçrəng bayrağın,
Əbədi arzumdu bütöv olmağın ,
Qalmayıb taqətim , dözüm , ay vətən.


Kərküküm , Dərbəndim, ulu Borçalım,
İrəvan-Göyçənin qadasın alım ,
Təbrizi görməkdi başkənd xəyalım,
Xankəndi , Şuşadı gözün , ay vətən.


Səni addım-addım gəzdım ,dolandım,
Mən sənin dərdini gördükcə yandım ,
Birlik , bütövlükdü mənim son andım,
Şəhidəm , qazyəm özüm , ay vətən.

 
Azərbaycan bayrağı

Sən mənim ruhumsan,
Mən sənə heyran.
Sən mənim arxamsan
Sən mənim qalam...
Gözümdə , könlümdə 
Daim dalğalan.
Mənim nəfəsimlə
Dövr et , havalan.
Eey mənim ürəyim,
Ey könül bağım,
Azərbaycan bayrağı.

    ...

Müstəqil çağın ,

Azad torpağın.

Göyə çəkilən

O al bayrağın.

Gözəl Bayramın,

mübarək olsun ,

Azərbaycanım !

MƏN BELƏ DÜNYANIN...

Daha yaşanacaq dadı qalmadı ,
İstisi qalmadı , odu qalmadı ,
Tutacaq əl yeri , adı qalmadı ,
Mən belə dünyanın...


Gücünü həmişə dilinə verdi ,
Çiynimə yüklədi dərd üstə dərdi ,
Şərə təslim olub , şeytanlı yerdi ,
Mən belə dünyanın.....


Dilçəyi zəhərdi , dilləri yağlı ,
Bacası tıxılı , qapısı bağlı ,
Başından bir anda çıxarır ağlı ,
Mən belə dünyanın....


Hörümçək torudu hiyləsi , fəndi,
Qarışıb bilinmir şəhəri , kəndi,
Əvvəli bələkdi , sonu kəfəndi,
Mən belə dünyanın....


Bəlaya salıbdı sadəni, xamı,
Ona məkr ilə bağlanıb hamı,
Hüznlü anları üzür adamı ,
Mən belə dünyanın....

TURAN QURULSUN

Bəlkə də son dəfə gördüm üzünü,
Bəlkə də son dəfə əlini sıxdım.
Şuşanın dağların , Cıdır düzünü
Son dəfə gözümlə oxşadım çıxdım.


Yadımdan çıxmadı qıvrılan yollar,
Birdə ki bulaqlar layla deyirdi....
Bizi yola salan gənclər , ahıllar
Hələ də uzaqdan əl eləyirdi.....


Nigaran qaldığım hadisələrdi...
Son dəfə olmuşdum səksən yeddidə.
Ruhumu incidir Qarabağ dərdi,
Kərkük də üstünə gəldi indi də.


Dərdimiz-sərimiz günbəgün artır,
Yalvardım, ey Tanrı, bu dərd son bulsun.
Millətin səsini göylərə çatdır,
Böyük Türk ulusu , Turan qurulsun.

Qayıt gülüm, qayıt geri...

Sənsiz tənha və təkmişəm ,
Həsrətini çox çəkmişəm ,
Bax , könlümə gül əkmişəm,
Kim dərəcək o gülləri ?
Qayıt gülüm , qayıt geri...


Yalqız qalıb tənha çinar,
Bu başıma bu dünya dar,
Dönüşünə ümidim var,
Qəribsəyib görüş yeri ,
Qayıt gülüm, qayıt geri...


Qəlbimizə qulaq asaq ,
Gəl , görüşə qoyma yasaq,
İnan gülüm biz olmasaq ,
Bu dünyanın yox dəyəri ,
Qayıt gülüm , qayıt geri.

YAŞAMIRAM...

Yaşamıram hamı kimi,
Vəli kimi, Əli kimi.
Mən soruram ürəyimdən
Öz qanımı zəli kimi.
Vətən deyib dolaşıram
Bir sahibsiz dəli kimi.
Vətən deyib dolanıram.
Od tuturam odlanıram.
Kösöv kimi körüklənib
Korun-korun hey yanıram.
Ya şahidəm , ya da qazi,
Bu vətənə, elə , yurda.
Türk elləri qalıb darda.
Ruhum orda , özüm burda
Ayrı düşüb elim eldən.
Ruhum, canım paralanıb,
Dağım dağdan aralanıb.
Hanı mənim Tanrıdağım,
Hanı mənim Turan elim?
Hanı mənim ruhum , canım,
Hanı mənim Tyan-Şanım?
Ağrıdağım , Savalanım,
Qarabağım gedib bada.
Kərkük ,Dərbənd düşür yada,
Az qalıram havalanım.

SOVURDUM...

Ömür bir heç imiş demə,
Hu dedim, göyə sovurdum.
Dərdlər əyildi qəddimə,
Ovub əllədim , yoğurdum.


Çox düşündüm dərin-dərin,
Namusu yox əməllərin,
Bir də sonsuz ümidlərin
Arxasınca baxıb durdum.


Çox uzağa qaçdım hərdən,
Rüzgarlardan, küləklərdən,
Günah yazan mələklərdən,
Bircə sual sorub durdum.


Qısılmışam öz dünyama, 
Kim basıbdı köz dünyama,
Bu qurduğum söz dünyama,
Sözlərimlə bəzək vurdum.




Ana səhifəyə qayıt        Baxış: 1 507          Tarix: 9-11-2017, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma