Xəbər lenti

"Oponentlər deyə bilər ki, Azərbaycan analoqu olmayan ölkədir, nəzəriyyəyə tabe olmur..."
Keçmiş maliyyə naziri, iqtisadçı alim Saleh Məmmədov Moderator.az -a iqtisadiyyatın inkişafına cavabdeh olan məmurların prezidentə, hökümət üzvlərinə yanlış informasiya verməsinin gətirib çıxardığı ağır fəsadlardan danışıb.
İqtisadçı alimin sözlərinə görə, Azərbaycanda statistika keçmiş Sovet dövründə olduğu kimi adəti üzrə çalışır:
"Hər hansı idarəetmə qərarının qəbul olunmasında informasiya olduqca mühüm rol oynayır. Düzgün və səmərəli qərar qəbul etmək üçün birinci növbədə düzgün statistika ilə alınmış düzgün informasiya lazımdır. Azərbaycanda statistika keçmiş Sovet dövründə olduğu kimi adəti üzrə çalışır. Məsələ burasındadır ki, Sovet dövründə hər şey dövlətin sərəncamında idi, yanlış informasiyaya əsasən çıxarılan qərarı da dövlət özü korrektə edirdi. Hazırda bazar iqtisadiyyatı şəraitində bunu belə formada etmək mümkün deyil, çünki, dövlət bir çox məlumatları artırıb-azalda bilmir və mütləq qaydada statistikanın verdiyi məlumatlara əsasən qərar qəbul edilir, strategiya müəyyən olunur.  Məsələn hökümətin iqtisadi siyasət üzrə hazırda qəbul etdiyi strategiya statistika orqanlarının verdiyi informasiyaya görə tam düzgün kimi görünür, amma real vəziyyət başqa cür olduğuna görə iqtisadiyyatın inkişafına zidd olaraq çıxış edir və ümumi gedişata böyük zərər vurur. 
Kənardan görünən vəziyyət: iqtisadiyyatın inkişafına cavabdeh olan prezident, hökümətin üzvlərinə yanlış informasiya verilir, bu yanlış informasiyaya uyğun hökümət düzgün qərarlar qəbul edir, amma gerçəkdə başqa rəqəmlər olduğuna görə faktiki olaraq, hökümət aldadılır, nəticədə qəbul olunan qərarlar tamamilə səmərəsiz və səhv olur. Bu yolla iqtisadiyyat dirçələ bilməz, adətən uçuruma aparıla bilər. Tutaq ki, 10 min ton yükgötürmə qabiliyyəti olan bir binanın təməli haqqında icraçılar yanlış məlumat göndərirlər ki, 20 min ton götürə bilər. Menecer isə buna uyğun 20 min ton yükləyirsə, bina başa çatanda, o qədər yükü daşıya bilməz, bina çökəcəkdir.
Eyni vəziyyət Azərbaycan iqtisadiyyatında baş verir. Bütün detallara varmadan bir yalnız işsizlik statistikasının timsalında bu fikirləri açaq, bu informasiyanın səhvliyi üzündən ölkənin iqtisadiyyatına vurduğu zərəri araşdıraq.
1. Statistika orqanlarının verdiyi məlumata görə ölkədə işsizlik səviyyəsi 5%-di. İşsizlik bir demoqrafik göstəricidi və işləməyənlərin işçi qüvvəsinə olan nisbətilə hesablanır. İqtisadi nəzəriyyəyə görə inkişaf etmiş ölkələr üçün 5-6% işsizlik səviyyəsi təbii işsizlik səviyyəsi kimi qəbul olunur. Yəni iş yerləri var, işləmək istəyənlər də var, amma tapana və yerləşənə qədər müvəqqəti işsizlik baş verir. 5%-lik işsizlik iqtisadiyyatın sürətinin pik vaxtına uyğun gələ bilər, yəni, məsələn, 2008-ci il istehsalın və təklifin sürətlə artması kimi vaxta, artıq tələb daralır və böhran başlayır. Belə vaxtda iqtisadi artım da çox yüksək olmalıdır. Üçüncü ildir ki, Azərbaycanda ciddi böhran başlayıb, iqtisadi potensial iki dəfə azalıb, iqtisadi artım yoxdu, yalnız azalma gedir. Belə bir vəziyyətdə işsizlik bu qədər böyük təlatümlərə baxmayaraq 5% həcmində dalğalanır, bu necə təbii həcmdə ola bilər?
2. İqtisadi nəzəriyyədə məhşur Okun qanununa görə işsizliyin azalmasının hər bir faizi 2,5% iqtisadi artımla nəticələnməlidi və ya 2.5% iqtisadi artım varsa deməli işsizlik 1% azalmışdır. 2016-cı ildə ÜDM-da 4%-ə yaxın azalma müşahidə olunmuşdu, deməli işsizlik ən azı 1%-2% artmalı idi. Bu ildə azalma davam edir, deməli işsizlikdə müsbət dinamika ola bilməz. Tam əksinə işsizlik  statistikaya görə eyni səviyyədə qalmaqda davam edir. Oponentlər deyə bilər ki, Azərbaycan analoqu olmayan ölkədir, nəzəriyyəyə tabe olmur. Keçək praktiki təhlilə...
3. Rəsmi statistikanın verdiyi məlumata görə, məşğulluq ən çox kənd və meşə təsərrüfatında və balıqçılıqda olmuşdur - 2016-cı ildə 1730 min nəfər, bu rəqəm təbii ki, fantastik bir rəqəmdir. Eyni zamanda kənd təssərrüfatının ümumi illik məhsulunu 3,37 milyard manat və orta aylıq  əmək haqqını bu sahələrdə 254 manat olaraq olaraq vermişdir. ÜDM-da əmək haqqının maksimum 30% təşkil erdiyini nəzərə alsaq, ümumi kənd təsərüfatında əmək haqqının cəmi məbləği 1,011 milyard manat, orta aylıq əmək haqqı isə 254 manat deyil, cəmi 49 manat çıxır. 254 manat orta aylıq əmək haqqına isə 4,39 milyard manatlıq ümumi əmək haqqı məbləği uyğun gəlir ki, bu da statistikanın tamamilə yalan olmasını üzə çıxarır. Bu məbləğ kənd təssərüfatında ÜDM-dan da 1 milyarda yaxın çox olduğunu göstərir ki, bu da mümkün deyil. Statistika tamamilə dövlətin əlində olmadığına görə (Sovet sistemində olduğu kimi) yalan rəqəmləri bir birinə uyğulaşdırıla bilmirlər. 254 manat orta əmək haqqına uyğun gələn real işçi sayı isə təqribən 330-350 min nəfərdi, statistikanın təqdim etdiyi 1730 min nəfərin isə yerdə qalan hissəsi işsizlər ordusuna aiddir. Bir yalnız bu sahə hesabına məşğul əhalinin sayı 1.3-1.4 milyon nəfər şişirdilmişdir, yalnız bu “perepiska” işsizlik ssəviyyəsinin 25-30% olduğunu göstərir.
4. Daha fantastik rəqəmlər tikinti sahəsi üzrə düzülmüşdür. Hamıya bəllidir ki, 2016-cı ildə tikinti sahəsi böyük böhrana məruz qaldı, 30%-dən çox azaldı. Bundan da daha çox işçi azad olundu və bunlar işsizlər ordusunun sayının artmasına gətirib çıxarmaya bilməzdi. Amma Azərbaycanın statistika orqanları məlumat verir ki, tikintidə işləyənlərin sayı azalmamış, əksinə xeyli artmış 336 min nəfərdən 344 min nəfərə, yəni nə az nə çox 8 min artmışdır. Yaxşı bunu da deyək ki, qəbul etmək olardı, bu şərtlə ki, orta  əmək haqqını xeyli azaldıb, məşğulluq xatirinə hər kəsi işlə təmin etmək, yox belə də deyil, tikintidə orta əmək haqqını da 678 manatdan 813 manata qaldırmışdır. Kənd təssərrüfatında olduğu kimi statistikanın müncüq kimi yan-yanı düzdüyü rəqəmlərdən bəlli olur ki, tikintidə real olaraq cəmi 164 min işçi çalışmışdır, bu uydurma 344 minin içərisində 180 min nəfəri işsizlər ordusunun tərkibində ili başa vurmuşdur. Eyni vəziyyət  ticarət, xidmət və digər sahələrdə nəzərə çarpır. Açıq aşkar sovet “perepiskası” gedir. Oponentlərimiz etiraz edə bilər ki, bir yalnız 2016-cı ildə belə olmuşdur, xeyr bu meyl mənim tədqiqat tariximin bütün dövrlərində (1979-cu ildən bəri) belə olmuşdur və statistika orqanları ilə eyni tipli mübahisəmiz 1980-ci ildən bəri davam edir. Sovet vaxtı da Azərbaycanda işsizlik səviyyəsi 40-45%-ə çatanda statistika-2-5% göstərilirdi, eyni indi olduğu kimi 10-15 sot məhləsi olan ailələrin bütün ailə üzvlərini, evdar qadınları və s. məşğulların  siyahasına salırdılar. 2017-ci ilin son üç rübü ərzində də işsizlik 5% olaraq qalır.
5. Yaxşı Sovet qapalı bir cəmiyyət idi, hər şeyi dövlət özü tənzimləyirdi və kommunismin təbliğatı üçün göstərmək istəyirdi ki, bu cəmiyyətdə ümumən işsizlik yoxdu. Bəs,bizim statistikanın prezidenti, parlamenti, xalqı aldatmaqda məqsədi nədir?  Axı belə yalan məlumat hər kəsi çaşdırır, doğru yoldan döndərir, proqnazlaşdırma və planlaşdırmanı əks isqiamətə yönəldir və iqtisadi inkişafa böyük zərbə vurur. Nəticəyə diqqət yetirək: 5%-lik inflyasiya iqtisadi artımın pik vaxtını, imkişafın yüksək həddini əks etdirən bir qiymətləndirici göstəricidi. Belə halda məhdudlaçdırıcı maliyyə siyasəti yeritmək, dövriyyədə olan pulun həcmini, büdcənin kəsirini məhdudlaşdırmaq lazımdı, bunun üçün faizləri, rezerv normalarını və uçot dərəcəsini artırmaq, investisiya xərclərini, kreditləri azaltmaq lazımdır ki, gözlənilən böhranın qarşısıni almaq mümkün olsun. Faktiki olaraq hökümət və mərkəzi bank da yalan məlumata əsasən bu qərarları da qəbul etmişdi. 5% işsizliyə qarşı başqa qərar qəbul etmək olmaz. Amma real vəziyyət tam bunun əksinədi, işsizlik səviyyəsi 30-35%-dir və hökümət dərhal qəbul olunan qərarlara əks qərarlar qəbul etməliydi. Təsəvvür edək ki, xəstənin təzyiqi düşüb, statstik də həkimə xəbər verir ki, xəstənin təzyiqi qalxıb, bir neçə dəfə normadan yüksəkdir. Həkim dərhal təzyiqi salmaq üçün operativ tədbirlər görür, dərman verir. Belə bir vəziyyət ya xəstənin ölümü və ya  şoka düşməsi ilə nəticələnəcək. Eyni qaydada yalan bilgiyə görə “düzgün” qəbul olunan qərarlar iqtisadiyyatı son iki ildə şok vəziyyətinə salmışdır.  Rəqəmlərin düzülüşü, bir-birinə zidd olması, böhran dövrünə qətiyyən uyğun olmaması bir tərəfdən rəqəmlərin təbii hesablama nəticəsi olmadığını göstərir, digər tərəfdən mütəxəssislərin makroiqtisadi bilgilərinin olduqca zəif olmasını sübut edir. Təbii ki, oponentlər Məşğulluq haqqında qanunun tələblərini, Beynəlxalq əmək təşkilatının tələblərinə əməl etmədiklərini və s. arqument gətirəcəklər, amma bir reallıq var ki, bunlar hamısı bəhanə ola bilir və tarixdə hələ heç bir ölkədə böhran yaşayan dövrlrdə işsizlik səviyyəsini 5%-ə endirmə faktı olmamışdır. İllah da Azərbaycan kimi əmək ehtiyyatlarının yüksək təbii artımına malik olan ölkələrdə heç canlanma və inkişaf dövründə də belə göstəriciyə nail olmaq mümkün deyil. Hər ildə təbii artım və intensivləşmə hesabına işçi qüvvəsi bazarına 200-300 min əlavə iş yerlərinə ehtiyac yaranır. Ola bilməz ki, inkişafda olan və təbii artım çox az olan Gürcüstanda işsizlik 11% olsun, amma böhran şəraitində Azərbaycanda 5%, və ya eyni ilə Türkiyədə 11%-dən yuxarı olsun.
6. Dəqiq statistika və uçot siseminin, bu məlumatlar əsasında düzgün məlumat bazasının qurulmasına  ehtiyac və bu əsasda operativ planlaşdırma vi idarəetmə sistemi qurmaq lazımdır. Belə olduğu halda iqtisadiyyatın sağlamlaşdırılması üzrə düzgün və səmərəli qərarlar qəbul etmək mümkün olacaq."



Ana səhifəyə qayıt        Baxış: 683          Tarix: 10-11-2017, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma