Xəbər lenti

 (Rüstəm Behrudinin poeziyasına bir baxış)

 Rüstəm Behrudi Müstəqillik dövrü Azərbaycan poeziyasını türkçülük, turançılıq ruhu ilə dolduran əsərlərin müəllifi kimi çağdaş ədəbiyyatımızda özünəxas yerə malikdir. Şairin şeirləri onun bioqrafiyası haqqında çox söz desə də, onu tam anlamaq üçün şairi şəxsən tanımaq mühüm əhəmiyyət kəsb edir. Rüstəm Behrudini 18 yaşından tanıyıram, bir dost kimi həmişə görüşlərimiz olub və dəli-dolu şairin qəlbindəki enerjinin hələ çox az xərcləndiyinin qənaətindəyəm. Bununla belə çağdaş şeirimizdə Rüstəm Behrudinin bu günə qədər dedikləri poeziya gülüstanında öz əsrarəngiz rəngləri ilə seçilən çiçək çələngi kimidir.

 Şairin doğulduğu Behrud kəndi və atası rəhmətlik Hidayət müəllimin həyatı nağıllardakı kimi bütün möcüzəsi ilə gözlərimin qarşısındadır. Yəni bir qədər açıqlasaq, kənd həyatı palçıqlı küçələri, əyri-üyrü döngələri, qoyun-quzu mələşməsi, bəzən qapqara, bəzən ağ nura boyanmış gecələri ilə nağıllar aləmini xatırladan bir aləm və bu dünyada gənc, yazıb yaratmaq eşqi ilə alışıb yanan Rüstəmin əlindən tutub sehrli aləmin sehirli qapılarını onun üzünə açan və bu yolda hər bir zəhmətə qatlaşan Hidayət müəllim.

Şair kimi doğulan Rüstəm Behrudinin formalaşmasında bütün bu amillərin rolu xüsusilə qeyd edilməlidir. Bəlkə elə ona görə də Rüstəm Behrudinin poeziyasını oxuyanda nağıllarımızdakı əfsanələr, bayatılardakı şirinlik, analarımızın laylalarının ürək ovudan lətafətini xatırlayırıq. Bir də Rüstəm Behrudinin şeirlərində dəli həsrət, yurd sevgisi, ulularına ehtiram hiss edirsən. Araz sahilində doğulan şairin Araz qədər də dərdlərinin olduğu şeirlərində haray salıb qışqırır, hətta sevgi şeiri yazanda da Araz dərdini, Vətən həsrətini yadından çıxarda bilmir. “Sən hardan bilirdin, təkəm, yalqızam, Tanrımı göndərdi, özünmü gəldin?” – söyləyərkən həmdərdinə yenə də Arazı anlatmağa çalışır:

 

Bu eşqə, sevdaya çətin sığam mən,
Eşit, anam məni doğduğu gündən 
Araza deyilmiş qurbanlığam mən,
Tanrımı göndərdi, özünmü gəldin?

Qurbanlıq missiyası Həzrəti İbrahim peyğəmbər zamanına qədər Allaha deyilmiş insan qurbanlarının kəsilməsi ilə həyata keçirilən mərasimlərlə bağlı olubdur. İbrahim Peyğəmbərin oğlu İsmayılı Allaha qurban kəsmək istəməsi və bu istəyin böyük Yaradan tərəfindən qoçla əvəz edilməsindən sonra “insan qurbanı” düşüncəsi ləğv edilibdir. Lakin görünür, türk təfəkkür sistemində insanın vətənə qurban deyilməsi ənənəsi daha qədim zamanlara gedib çıxır və Rüstəm Behrudinin poeziyasında bu hal genetik olaraq davam etməkdədir. Türk təfəkküründə Vətənin müqəddəsliyinin qorunması naminə ər oğullara “xınalı quzu” deyilməsi, bu günün özündə oğulları hərbi xidmətə yola salan anaların övladlarının başına xına yaxması ənənəsinin davamı düşündürücüdür:

Mənim andım “Ya bütövlük, ya qandı”,

Zalım dostlar, qəbul edin bu andı.

Qara başım bu yol üstə qurbandı,

Vətən!

 

Rüstəm Behrudi yurd həsrəti ilə “canını qurban” deyən şairdi. Yuxularında gül-çiçək görmür, mələklərlə eşq yaşamır, yaşadıqları, duyduqları bəs nədir? Yuxularında şair nə görür? Gündüzlər həsrətilə yaşadığı, ürəyindən keçən bütövlük arzularının parça-parça dağıldığı vətənin sönmüş ocaqlarının tüstüsü gecələr yuxularında da şairi rahat buraxmır:

 

Hər gecə, hər gecə yuxularımda

Çadırı dağılmış, ocağı sönmüş,

Tanrı qarğışıyla taleyi dönmüş,

Taleyi dönəndən q əm sərhəddinin,

Bir ucu günbatan, biri gündoğan –

Dağından, çayından, adamlarından,

Hətta otundan da qəriblik yağan,

Qara torpağına nə toxum əksən,

Yenə də baharda ayrılıq bitən,

Bölünə-bölünə yox olub itən –

Sevgili bit yurd...

 

Şairi narahat edən, gecələr yuxularında belə yadından çıxmayan Altaydan, Yeniseydən Ağrı dağa qədər parçalanmış yurdumuzun azmış kimi üstünə bir Qarabağ dərdi də gəldi. Bu böyük millətin böyük dərdi yenilməzmi oldu?! Çarəsiz şair bu boyda dədin içində nə edə bilər ki? Şair düşünür. Şairin yuxularında gördüyü orduların önündən boz qurdlar keçir, qan yaddaşında qurdlar ulayır. Çarə özünə qayıtmaqdımı? Əslinə, kökünə qayıtmaqdımı? Bəli, şairin qənaəti belədir:

 

Eşidirsinizmi?!

Qara qazlıq atların

Kişnərtisi gəlir misralarımdan.

Nə olsun səsimə yox qulaq asan?

Dalınca getməyə hazır durmuşam,

Səni gözləyirəm, Boz qurd, hardasan?!

 

Boz qurdunu səsləyən şair nə vaxtsa haqqın səsinin eşidiləcəyi ümidindədir. Bir Şaman nəvəsi kimi yurd yerini tərk etməyən, üzü göylərə duaları ilə yatan qeyrəti oyatmağa çalışır. Səbrin də bir hüdudu vardır, səbr kasası dolanda gələcəkdə nələr ola bilcəyini Tanrı da bilir, Şaman nəvəsi də...

 

Mənim bu qurbanlıq canımdan keçən,

Şaman duası tək titrədib məni,

Ruhumda dolaşıb qanımdan keçən,

Titrəyən əlimdə, əsən dizimdə...

Gözümdə oynayan, dilimdən qopan,

İçimdə gömülən qeyərtsən, nəsən?!

 

Bir ümid işığının arxasınca gedərkən hərdən şair öz gücsüzlüyünə təəssüflənir. Tarixi keçmişini xatırlayıb məyus olur. Əvvəllər, hətta pıçıltılarının da Tanrıya çatdığını düşünərkən indi hayqırsa da, gücünün özünə, sözünə də çatmadığını da hiss edir, belə yaşadığına təəccüblə nəzər salır:

 

Min il pıçıltım da Tanrıya çatdı,

İndi hayqırıram, özümə çatmır.

Bu gün mən piyada, istəyim atlı,

Gör necə tükənib qüvvətim, gücüm,

Düşmənim bir yana, sözümə çatmır.

 

Ataların bir sözü var: “Çıxmayan cana ümid çoxdur”. Şairin də qənaətində ölməyən bir ruhun yenidən dirçələcəyinə inamı var:

 

Necə yaşamışam min il beləcə?!

Ancaq ölməmişəm – bu da ki bir sirr...

Bu necə qisasdır, necə imtahan?

Bəlkə neylədiyin Tanrı da bilmir

Div kimi min ildir bu yurdun ruhu,

Uyuyur şüşədə özgə bir bağın,

Sarı çiçəyinin ləçəyi üstə.

Şaman nəvəsiyəm mən yurd yerində,

Ruhum bu tilsimi sındırmaq istər.

 

Təbii ki, nağıllardan gələn “divin canı şüşədə olar” tilsimini sındırmaq istəyən şair ruhunu köməyə çağırır. Bu ruh ilə yaşayan şair çox gözəl bilir ki, şüşəni sındırmaq nağıl qəhrəmanlarının qazandığı uğurlar kimi o qədər də asan məsələ deyil, amma şairin bir inamı var. Bu inam ümumtürk gəncliyinə əxz edilməli və mübarizlik simvoluna çevrilməlidir. Hər ağac payızda donunu soyunub yazda yenidən çiçəklədiyi kimi, hər sönmüş ocağın külündə qor gizlənir. Türk gəncliyinin ruhunda ölməzlik, mübarizlik simvolları nəql edilir.

Sovet rejimi sistemində şaman duası ilə özünün qurban duasını oxuyan şair yolundan sapmadı, dönmədi, bu gün də həmin yol ilə davam etməkdədir:

 

Yurd yerində dayanıb

Sönən ocaqlarım mən

İçində qor saxlayan

Külünə inanıram.

 

Şair bu inamla, bu sevgiylə hər gecə göy üzünə – Göy tanrısına dualar oxuyur:

 

 

Şaman kimi gözlərdən

Mən tale toxuyuram.

Ürəyimdə səksəkə,

Ruhumda bir zəlzələ,

Hər gecə göy üzünə

Mən dua oxuyuram.

 

Şairin dualarında Vətənini bütöv və azad görmək arzusu, Turan yurdlarının sərhədlərinin toxunulmazlığı istəyi vardır. Kimsənin torpağında gözü olmayan, kimsənin bədbəxtliyi üzərində öz xoşbəxtliyini qurmaq istəməyən Qoca Türkün dünyaya ismarıcı xoş niyyətlidir və bu yolda özünü xınalı quzular kimi qurban deyən xınalı qurbanlıq şair dar ağacına salam verməyi də unutmur.

Yenə də türk təfəkkür qaynağından doğan, hətta dara çəkilmək məqamında “dar ağacını salamlamaq” mərifəti şairin əsas qayəsini ortaya qoyur:

 

Qırğızam, özbəyəm, qazax, türkmənəm,

Başqırdam, kərkükəm, elə görk mənəm.

Sənin gözlədiyin qərib türk mənəm,

Salam dar ağacı,

Əleyküm salam.

 

Rüstəm Behrudi üzü göylərə Böyük Turan sevdası ilə öz müqəddəs duasını oxumaqdadır. Bu dua, bəlkə bu gün çox məqamlarda eşidilmir, dünyanın yüksək kürsülərində oturanların, hətta bəzən türk adı daşıyanların da qulağına çatmır. Amma düşünürük ki, bir zaman gələcək Şaman şairin duaları uca türk millətinin ucalığını dünyaya göstərə biləcəkdir. Şair duasını oxumaqda israrlı və güvənclidir. Biz də bir dua oxuyaq: Tanrı səni hifz eləsin, xınalı Şaman şairim!

Nizami Muradoğlu

Filologiya üzrə fəlsəfə doktoru,
AMEA Folklor institutunda şöbə müdiri

 

 




Ana səhifəyə qayıt        Baxış: 1 423          Tarix: 19-11-2017, 22:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma